Nardaran qaytarılır - “orta əsrlərdən” çağdaş dünyaya
Bizi izləyin

Yazarlar

Nardaran qaytarılır - “orta əsrlərdən” çağdaş dünyaya

Dekabrın 1-də Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq Nardaranda xüsusi əməliyyat keçirib. Noyabrın 26-da qəsəbədə radikal dini qruplaşmanın hüquq-mühafizə orqanları ilə silahlı qarşıdurmasından sonra Nardaranda özlərinə baza yaradan terrorçu və radikal ekstremistlərin təmizləmə prosesi üçün bu mütləq baş verməli idi.

Bu həm də Yaxın Şərqi qana boyayan radikalizmin hazırkı dünyada sabitlik adası olan Azərbaycana yol açmasının qarşısını almaqdır.
Çünki faktlar göstərir ki, terror və dini ekstremizmlə silahlanan müəyyən qruplar indiyə qədər Azərbaycan dövlətinin tolerant siyasətindən sui-istifadə edərək, Nardaranı “İŞİD poliqonuna” çeviriblərmiş. Azərbaycan insanının Yaxın Şərq mənzərəsi ilə qarşılaşmaması, dövlətin toxunulmazlığının qorunması və daha yaxşı gələcək üçün Nardaranın təmizlənməsi bütün cəmiyyət üçün müsbət impulslar deməkdir.

Radikalizm: bu, bütün cəmiyyətlər və bütün dövlət quruluşları üçün təhlükə mənbəyidir.

Siyasi nəzəriyyədə radikalizm, müəyyən bir hədəfə çatmaq üçün başqalarının hüquq və azadlıqlarını pozmağa hazır olan birlik və təşkilatların fəaliyyətləri üçün işlədilən termindir. Eyni anlayışı dini birliklər üçün də işlədə bilərik. Özündən fərqli olan dini inanc və əqidələrə qarşı barışmaz mövqedə olan eksklüziv dini birliklər radikal adlandırılır. Amma radikallıq sadəcə inancla əlaqəli deyil, daha çox dözümsüz inancların fəaliyyət və davranışlarda nümayiş etdirilməsidir. Radikal dini təşkilatlar, digər din və məzhəbə sahib olan insanları və ya bütövlükdə cəmiyyəti özlərinin qatı fundamentalist dini inancları çərçivəsində yenidən təşkilatlandırmağa çalışır. Məqsədləri hakimiyyəti ələ keçirməkdir. Radikalların hakimiyyəti ələ keçirməsi nəticəsində fərqli dinə mənsub insanların vicdan və etiqad azadlıqları məhdudlaşdırılır. Ümumiyyətlə dini radikalizmin, din adına törədilən terror aktlarından başlayaraq azlıq dinlərə qarşı fiziki ya da mənəvi təzyiq göstərməyə qədər müxtəlif aspektləri əhatə edə bilər”.

Dini sosioloq Asəf Qənbərov radikalizmin tərifini belə açıqlayır və onu haqlı hesab etmək olar. Bu gün Yaxın Şərqi qana boyayan İŞİD-in zəbt etdiyi torpaqlarda yaratdığı üsul-idarə və həmin torpaqlarda yaşayan insanların düşdüyü vəziyyət bunu açıq şəkildə göstərir. Bəli, İŞİD Azərbaycandan çox uzaqda “mübarizə” aparır və bu gün hüquq-mühafizə orqanlarının ciddi fəaliyyəti nəticəsində ölkəmizə belə bir təhlükə yoxdur. Lakin biz ölkə daxilindəki radikalları unutmamalıyıq və radikal demək, təkcə İŞİD məzhəbini, yaxud ideologiyasını daşıyanlar demək deyil.

Terrorun dili, dini, milləti, irqi olmadığı kimi, radikalizmin də nə dini, nə milləti var. Müxtəlif dinlərdə, yaxud məzhəblərdə radikallar ola bilir və onların məqsədi din üzərindən dövlət quruluşuna qarşı hücuma keçməkdir. Nardaranda özlərinə yuva qurmuş dini ekstremistlərin timsalında biz bir daha bunun şahidi olduq.

Biz həm də Azərbaycan rəhbərliyinin və dövlətin təhlükəsizliyini qoruyan strukturların vətəndaşların təhlükəsiz yaşaması, dövlət müstəqilliyinin toxunulmazlığı istiqamətində ciddi addımlarının şahidi olduq.

Nardaranda keçirilən əməliyyatın məqsədi də bu idi: Qəsəbəni uzun illər ərzində burada yuva salmış terrorçulardan və radikal ekstremistlərdən təmizləmək, dövlət orqanlarının fəaliyyətini bərpa etmək, qəsəbədə mövcud olan mənfi abı-havanı aradan qaldırmaq, əmin-amanlığı və normal həyat ritmini bərpa etmək.

Hazırda Nardaran küçələri Azərbaycan reallığına uyğun gəlməyən dini şüarlar və bayraqlardan təmizlənib, ektremistlərin qurduğu “barrikadalar” dağıdılıb. İtaətsizlik göstərən şəxslərə qarşı qanun çərçivəsində addımlar atılır.

Atılan addımlar nəticəsində Nardaran ekstremist qüvvələrdən təmizlənəcək, qəsəbədə Azərbaycanın bütün kəndə və şəhərlərindəki normal həyat tərzi yaradılacaq, vətəndaşların təhlükəsizliyini daşıyan dövlət strukturlarının fəaliyyəti bərpa olunacaq. Həm də bir qrup ekstremistin əlində “girova” çevrilmiş qəsəbə sakinləri rahat nəfəs alacaq, uşaqlar normal təhsil ala biləcək, insanlar gələcəyə “qaranlıq pəncərədən” baxmayacaq. Azərbaycan dövlətinin qətiyyətli addımları bunu deməyə əsas verir. Bu addımlarla Azərbaycan dövləti sübut etdi ki, bu ölkədə terrorçulara, ekstremistlərə, təxribatçı qüvvələrə yer yoxdur. Və bütün bu proseslərdən ən çox qazanan elə Nardaran olacaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm