Evlilikdən - ölümsüzlüyə doğru, tut əllərimdən!
Bizi izləyin

Yazarlar

Evlilikdən - ölümsüzlüyə doğru, tut əllərimdən!

Evlilikdən, ölümsüzlüyə doğru, tut əllərimdən!

İzn verin getsin, getmək istəyənlər. Çünki, bu yol çox uzun bir yoldur. Evlilkdən ölümsüzlüyə qədər uzanan bir yol. Bizi daha dünyada tərk edənlərlə çıxa bilmərik bu yola. Hər kəsin bir yolu və yol yoldaşı var bu həyatda.

Alah ( a.c) Adəmə Həvvanı yoldaş elədi bu yolda və bizim də öz yol yoldaşımız var. Bir gün o gələcək. Əllərində güllərlə və tutacaq əllərimizdən birlikdə ölümə doğru addımlayacağıq. Və ölümdən sonrası olacaq mütləq. Cənnət, cəhhənəm gedəcəyimiz məkanın adı, daha dünyada ikən o yolu özümüz seçəcəyik yol yoldaşımızla birlikdə.

Getsin, getmək istəyənlər. Nuhun gəmisini tərk edib gedən Kənan üçün çox üzülmüşdü atası, ancaq o, öz yolunu seçmişdi. Üzülsə də yola davam etməliydi, ona inananlarla birlikdə. Fırtınadan sonrakı həyatda yanında Kənan yox, onunla yola çıxanlar olacaqdı. Bizi sevməyə hər kəs məcbur deyil, onsuz da hər kəslə deyil, yalnız bir nəfərlə çıxacağıq sonsuzluq adlı yola. İnsan eyni ilə kainat kimidir. Qışı, yazı ilə, gecəsi gündüzü ilə. Ömrümüzə bəzən Mart günəşləri doğacaq, daha doğrusu doğmaq istəyəcək, ancaq buludlar izn verməyəcək buna. Biz baharın gəldiyini, baharı itirdiyimizi düşünüb üzüləcəyik, lakin bahar hələ öndədir. Və bir gün gəlib öpəcək tellərimizdən. Unudacağıq yalançı baharların acısını və gülərək addımlayacağıq həqiqi bahara doğru.

Evlilik ürəyin işi deyil, bunu təzə- təzə anlamağa başlamışam. Evlilik ağlın edə, görə biləcəyi bir işdir. İnsan sonsuzluğa çıxarkən yaxşı düşünməli, daşınmalıdır. İlk çətinlikdə yoldaşını qoyub qaçanlardan uzaq durmalı, yol yoldaşını qoyub qaçmayacaq qədər isə özünü, düşüncələrini olqunlaşdırmalıdır. Hər birimiz mükəmməl bir insan axtarırıq, özümüzü, öz səhvlərimizi isə heç düşünmürük. Biz necəyik? Bir insanın əlindən tutub sonsuzluğa aparacaq qədər gücümüz, iradəmiz varmı görəsən? Gedənlər bizim səhvimiz üçünmü, yoxsa bizdə olmayanlar üçünmü bizi tərk edib gedir. Əgər məsələ ikincisi isə, elə getsələr yaxşıdır. Maddiyyat üçün- gözəl evlər, maşınlar və s kimi şeyləri düşünən insanlarla uzun yola çıxılmaz, çıxılsa da o yolun sonuna varılmaz. Yox, əgər gedənlər bizim səhvimiz üçün gedirlərsə, bu zaman oturub düşünməliyik. Gedən onsuz da gedib. Gələcək olan üçün həyatımızı düzənləməli, böyüməliyik.

Böyümək isə çox çətin və uzun bir prosesdir. Bəlkə də biz dəyərli biriyik, lakin torpaq altındakı xəzinələr kimi. Hələ kəşf etməmişik özümüzü, öz dəyərimizi bilmirik. Seviriksə, sevməyi bacarırıqsa bir addım öndəyik. Allah(a.c) sevgi və gözəllikdir. Biz də o gözəlliyin, sevginin bir parçasıyıq, sadəcə özümüzü kəşf etməli, mənliyimizi idrak etməliyik. Oxumaq, düşünmək və həyatımıza bildiklərimizi tətbiq etməklə biz, biz ola bilərik. Ağlamaqla, sızlamaqla heç nə düzəlmir, gedənlər geri gəlmir.

Ömrünü günahlarla keçirən biri nə qədər sızlasa da cəhənnəmdən xilas ola bilməz, ilahi qanun budur. Gedənlər də geri gəlmir, göz yaşlarımız onları geri gətirməyəcək. Gözlərimizi təmizləməli, gözəl baxmalı və eyni zamanda gözələ baxmalıylıq. Mükəmməli axtarmalıyıq, eyni zamanda mükəmməl də olmalıyıq. Həyat çox qısadır. Bu gün sağlam ikən, sabah iflic ola bilərik. Bu gün zəngin ikən, sabah kasıb, bir tikə çörəyə möhtac qala bilərik. Yanımızdakı insanı bu halları ilə qəbul edə biləcəyikmi? Ya da əksinə, yanımızdakı bizi bu halımızla qəbul edə biləcəkmi? Evlilik ciddi bir şeydir və sevgi bizim düşündüyümüz qədər ucuz deyil.

Dağılan ailələr sevgi ilə qurulmuşdu bir çoxu. Oğlanın və ya qızın gözəlliyinə, puluna aldanmaqla ya da. Sabah sevdikləri şey bitincə, sevgi, evlilik də bitmiş olur. İzn verin getmək istəyənlər getsin ki, yerinə getməyəcək olanlar gəlsin. Onlar bizim olqunlaşmamız üçün tanrının bizə göndərdiyi bir dərsdi.

Dərsimizi yaxşı hazırlasaq, bir daha eyni dərsdən imtahan edilmərik. Necə ki, məktəblərdə bir imtahandan kəsilən tələbə o dərsi yenidən oxumalı və imtahanı verməlidir. Bir neçə şansı var bunun üçün. O şansların heç birini dəyərləndirə bilməsə məktəbdən qovulacaq. Allah bizi qovulmadan, cəhənnəmə yuvarlanmadan səhvini anlayanlardan eləsin. Allah bizi bütün sevdiklərini, bütün şanslarını itirmədən böyüyənlərdən, olqunlaşanlardan eləsin. Züleyxanı düşünək, onun kimi olaq. Sevəndə, ancaq Yusif sevək və elə bir həyat yaşayaq ki, sonunda Yusifə layiq ola bilək. Bu dünya bir imtahan yeri olduğu üçün, bir həqiqət olmadığı üçün, bu dünyanın sevgiləri də çox vaxt yalan olur, Yusiflər çox azdı, ancaq onu istəməsinə baxmayaraq, ona ulaşan Züleyxalar da azdır. Biz insanıq.

Bunu unutmayaq və qarşımızdakı insandan da mələklik gözləməyək. Və bizi insan olaraq, özümüz olaraq qəbul edən birinin əllərindən tutaq. Səni gözləyirəm, dünyadan birlikdə yol almaq, sonsuzluğa ulaşmaq üçün. Ürəyim də, əllərimdə səni gözləyir, sənin gələcəyin günə hazırlaşır. Gəl və tut əllərimdən, cənnət bizi gözləyir, ey sevgili.

Tural sahab

Oxumağa davam et
Reklam
Reklam

Gündəm