“O, mələk kimi göylərə uçdu” – İsa Muğanna torpağa tapşırıldı - Fotolar
Bizi izləyin

Yazarlar

“O, mələk kimi göylərə uçdu” – İsa Muğanna torpağa tapşırıldı - Fotolar

“O, mələk kimi göylərə uçdu” –İsa Muğanna torpağa tapşırıldı-Fotolar

Xalq yazıçısı İsa Hüseynov bu gün son mənzilə yola salındı.

Azərbaycan Milli Dram Teatrında baş tutan vida mərasiminə mərhumun qohumları, bir çox tanınmış yazıçılar, şairlər, aktyorlar, gənc yazarlar, eləcə də yazıçını sevənlər gəlmişdilər. Mərasim iştirakçılarını İsa Muğannanın səsi salamladı: “Belə bir ənənəvi sual var, həyata ikinci dəfə qayıtmaq istərdinizmi? Mən belə cavab verərdim: Uşaqlığıma qayıtmaq istəyirəm, ona görə ki, uşaqlıq illərim gözəl keçib. Gənclik illərimə isə qayıtmaq istəməzdim, çünki qanlı müharibə illərinə təsadüf edib”.

Mərhumun xanımı yazıçı ilə bağlı keçirdiyi bütöv bir ömrü xoşbəxt ömür kimi dəyərləndirdi:”Mən onu uşaq kimi bəsləmişəm, nazını çəkmişəm. İsa mələk kimi insan idi və ölümü ilə də mələk kimi göylərə ucaldı. Çox gözəl həyat yoldaşı idi, hələ indiyə qədər ondan bir dəfə də olsun, inciməmişəm. Mənə çoxlu şeirlər həsr etmişdi. İsa dahi yazıçı idi. Onun son yazıları masa üzərində yarımçıq qaldı. Deyirdi ki, bu əsər dünyada tanınacaq. O, Azərbaycan klassiklərinin vurğunu idi. Onları oxumaqdan zövq alırdı. Dünya yazıçıları içərisində isə Dostoyevski və Lev Tolstoyu çox bəyənirdi. Onu Azərbaycanın Dostoyevskisi hesab edirdilər. Mən onun yazılarının ilk oxucusu idim, həm də ilk tənqidçisi. Mən onu dünyasını dəyişənə qədər yazı masasından ayıra bilmədim. Heç cürə dincəlmək istəmirdi. Yalnız yazanda, yaradıcılıqla məşğul olanda rahatlıq tapırdı”.

Yazıçının yeganə övladı olan Sevinc xanım atasının quş kimi göylərə uçduğunu dedi: Biz onu yataqda uzanan vəziyyətdə itirmədik. Atam bizimlə danışa-danışa dünyadan köçdü.

Mərasimə qatılanlar da böyük yazıçı barəsində ürək sözlərini ifadə etdilər. Zəlimxan Yaqub İsa Muğannanı dahi yazıçı kimi qiymətləndirdi: “İsa müəllimin evi bir ziyarətgah idi, mən həmişə onun evinə gedəndə bir ziyarətgaha getdiyimi hiss edirdim. Onun əsərləri zaman-zaman yaşayacaq”.

Yazıçı Vidadi Babanlı İsa Hüseynovun hələ sovetlər dönəmində məşhur olduğunu və mərdliyi, cəsarəti ilə seçildiyini deyir:”İsa Muğanna ləyaqətli bir şəxsiyyət idi, o, əyilməz, məğrur adam idi. Onun Azərbaycan ədəbiyyatına qoyub getdiyi zəngin mirası dünya dürduqca yaşayacaq. Onun sözlərinə görə, İsa Hüseynovun timsalında Azərbaycan cəmiyyəti əsl yazıçısını itirdi: “Bu, çox böyük kədərdir".

Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qoca yazıçının daim qələmi ilə ədəbiyyat sahəsində vuruşduğunu, onun ədəbiyyatımızda xüsusi yerinin olduğunu vurğuladı.

İsa Muğanna haqqında hər kəs danışdı. Sabir Rüstəmxanlı, Nəriman Həsənzadə, Anar və başqaları… Hər kəs dahi yazıçının ölümünü əbədiyyətə qovuşan mələk ömrü kimi dəyərləndirdilər. İsa Muğannanın, dünyasını dəiyşsə də, yazıları ilə əbədiyyətə qovuşduğunu dedilər.

Qeyd edək ki, yazıçı Birinci Fəxri Xiyabanda torpağa tapşırıldı.

Allah rəhmət etsin.

Cəvahir Səlimqızı

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm