Yazarlar
İsa Muğanna özü haqqında: "İsa Hüseynova nifrət edirəm"
"Azadlıq Radiosu"nun «Pen club» verilişi həmin
sualları cavablandırmaq üçün «Azərbaycan» jurnalının baş redaktor
müavini Əsəd Cahangiri, Nizami adına Ədəbiyyat İnstitutu
direktorunun müavini Şəmil Sadiqı, yazarlardan Əziz Rzazadə və
Əkrəm Əylislini studiyaya dəvət edib. Publika.az sözügedən debatı
təqdim edir.
Əziz Rzazadə
- İsa Hüseynov yenicə rəhmətə gedib, allah ona rəhmət eləsin. Hesab
edirəm ki, İsa Hüseynov Azərbaycan ədəbiyyatı üçün çox böyük bir
simaydı, biz onun yaradıcılığına diqqət versək, iki İsa var, biri
İsa Hüseynov biri İsa Muğannadır. İsa Hüseynov imzası ilə gedən
əsərlərə baxdıqda biz orda sovet ideologiyasından, sovet
klişelərindən, azad olunmuş bir ədəbiyyat görürük. Bu mənada onun
xidmətləri danılmazdır, bu imza ilə gedən əsərlərdə Azərbaycanın
gerçək mənzərəsini görürük, Azərbaycan kəndinin məşəqqətlərini
görürük, müharibədən əvvəlki və müharibədən sonrakı Azərbaycan
həyatının gerçək panoramasını görürük. Onun əsərlərində, mövcud
rejimə qarşı da sətiraltı eyhamlar, şikayətlər hiss olunur.
Səadət A.
- Belə fikirlər səslənir ki, Azərbaycan ədəbiyyatını iki hissəyə
bölmək olar, İsa Hüseynova qədərki və İsa Hüseynovdan sonrakı. Belə
bir fikir də var ki, İsa Hüseynov kolxoz ədəbiyyatına yeni bir
nəfəs gətirdi.
Əziz R.
- Şübhəsiz, ədəbiyyatda kənd və şəhər ədəbiyyatı anlayışı var. Bu
da doğrudur ki, İsa Hüseynovun ədəbiyyata gəlişi ilə yeni bir
mərhələ başladı, biz onun yazdığı əsərləri tutaq ki, “Böyük
dayaq”la müqayisə etsək, fərqlərin nə qədər böyük olduğunu görərik,
birinci ideologiya ilə çərçivəyə alınmış kənd həyatı, adamların
sovet tiplərinə oxşar danışıq tərzləridir, İsa Hüseynovda isə
kəndin real mənzərəsini görürük, çərçivələrdən, buxovlardan azad
olunmuş mənzərəsini görürük. Burda hər cür tiplərə rast gəlmək
mümkündür. Məsəlçün “Tütək səsi”ndəki obrazları “Böyük dayaq”da,
“Abşeron” romanında görə bilmərik. Bu mənada İsa Hüseynovun
realizmi xalis realizmdir.
Səadət A.
- Amma “İdeal”da tamam başqa bir xətt görürük. O, əvvəlcə “Yanar
ürək” sonra isə “İdeal” adı ilə çıxdı. Sonradan İsa Hüseynov
“İdeal”ın özünü də yenidən işlədi.
Əziz R.
- Bəli o zamanlar bir təftiş vaxtları vardı. Hətta sizin xatirinizə
bir şeyi salım, o vaxt Nərimanovun obrazı olan bir film vardı.
90-cı illərdə o filmin AzTV-də yenidən nümayişi olmuşdu, nümayiş
zamanı kadr dayandırılırdı, İsa Hüseynov səhnə arxasında mətn
oxuyurdu. Onun bir çox əsərlərində, ssenarilərində belə düzəlişlər
var. Yəni deməyim odur ki, biz iki İsa tanıyırıq, İsa Hüseynov
imzası olan əsərlərin məzmunu, ideyası tamam başqadır, İsa
Muğannada tamam başqa.
Səadət A.
- Nədir İsa Muğannanın dedikləri?
Əziz R.
- Şəxsən mənim üçün bir oxucu kimi İsa Muğanna anlaşılmaz bir
şeydir. Hesab edirəm ki, onun İsa Hüseynov imzası ilə çap olunan
əsərləri, “Tütək səsi”, “Kollu koxa” Azərbaycan ədəbiyyatında yeni
bir cığırdır. Hətta mən deyərdim ki, 60-cı illər ədəbiyyatının əsas
simaları Anar, Əkrəm Əylisli, Elçin olsa da, İsa Hüseynovu o nəslin
daşını qoyanlardan, mühəndislərindən biri hesab edirəm. Hətta Anar
özü dedi ki, onu öz ustadım sayıram, mən onun bu fikri ilə razıyam.
Çünki İsa Hüseynovun bir az romantik hekayələrini oxuyanlar, düşünə
bilərlər ki, bu hekayələr Anarın “Ağ limanı”nın, “Beşmərtəbəli evin
altıncı” mərtəbəsinin proloqudur.
Səadət A.
- İndi telefon xəttində Nizami adına Ədəbiyyat İnstitutunun
direktor müavini Şəmil Sadiqdir. Şəmil bəy, müzakirə edirik İsa
Hüseynov, yoxsa İsa Muğanna, sizin seçiminiz hansı olardı?
Şəmil Sadiq
- Əvvəla, deyirəm başımız sağ olsun, təşəkkür edirəm ki, belə bir
gündə İsa Muğannanı yad edirsiniz. Mənim fikrimcə, əlbəttə ki, İsa
Muğanna, çünki mən İsa Muğannanı “İdeal” əsərindən tanımışam, hətta
mən indi bir yazı hazırlayıram, İsa Muğannanın ölümündən bir az
əvvəl mart ayının 27-si onunla müsahibə etmişdim, üç saatlıq
söhbətimiz olmuşdu, orda İsa müəllimə sual vermişdim, “İsa Hüseynov
kimi nə yazardınız, ya da İsa Muğanna kimi nə yazardınız imkan
olsa. O cavab verdi ki, İsa Hüseynova nifrət edirəm, çünki İsa
Hüseynov çox bəsit idi”. Mənə görə yaradıcı adamın, həyatda
qalması, tarazlığı şəxsiyyəti ilə yaradıcılığının bütövlüyü,
vəhdəti baş tutanda mümkün olur. İsa Muğannanı bir şəxsiyyət kimi
tanıdım, iki il müddətində dostluğumuz oldu, daha çox o yöndən
sevdim. İsa Hüseynov da İsa Muğannanı sevirdi deyə, mənim üçün İsa
Muğanna daha önəmlidir.
Səadət A.
- Siz dediniz ki, “İdeal”ı oxumusunuz. Yəqin ki, “İdeal”ın
müəllifin “Safağ” fəlsəfəsinə dair etdiyi redaktələr olan son
variantını oxumusunuz.
Şəmil Sadiq
- “İdeal”ın son naşiri də mənəm, redaktoru da mənəm, köhnəni də
oxumuşam sözsüz ki, onu 1998-ci ildə oxumuşam. Bilirsiniz ki,
“İdeal” İsa müəllim tərəfindən yeddi dəfə dəyişikliyə məruz qalıb,
sonuncu da mənə nəsib oldu. Həm nəşrə hazırladım, həm əlavələri
etdim. Ondan sonra gələn kitablar: “Qəbiristan”, “Cəhənnəm”,
“Gurün”, “İsahəq, Musahəq” və ən son kitabı “İlan dərəsi” kitabı
idi ki, ora “İlan dərəsi” “Qırx kisə qızıl”, “Həyatımdan
səhifələr”, “Söz yarası” povestləri toplanmışdı. Bu bir silsilə
idi, konsepsiya idi, içində bir ideologiya var idi.
Səadət A.
- Şəmil bəy, Əziz bəy hesab edir ki, Azərbaycan ədəbiyyatında İsa
Hüseynovdan söhbət getməliydi, nəinki İsa Muğannadan. İsa
Muğannanın fəlsəfəsinin əsas ideyaları nə idi? Sizin fikrinizcə,
niyə İsa Hüseynov İsa Muğanna oldu?
Şəmil S.
- Mənim şəxsi fikrimcə, İsa Hüseynov və İsa Muğanna
müqayisəolunmazdır. İsa Muğannanın yazdıqları, İsa Hüseynovun
yazdıqlarından öz yeniliyi ilə, klassikanın içindəki modernizmi ilə
kəskin surətdə fərqlənir. Bəziləri İsa Muğannanın yaratdığı “Safağ”
elmi, “Odər” dili konsepsiyasını bəyənməyə bilir, onların içində
şərq fəlsəfəsi, yunan mifologiyası tamamilə açılır, son əsəri
“Cəhənnəm”in içərisində özünün yaratdığı cəhənnəm və cənnət modeli
var. Onun konseptində bir ilahilik vardı, çünki Muğanna göylər ilə
əlləşib, İsa Hüseynov yerlərlə. Mənim üçün İsa Muğanna öndədir. Son
vaxtlar səslənir ki, İsa müəllim İsa Hüseynovun əsərlərindən vaz
keçib, əslində vaz keçməyib, onların hamısını yenidən
təkmilləşdirib. Təkcə “Bizim qızlar” əsərindən imtina edib.
Səadət A.
- Əziz bəy, siz dediniz ki, İsa Muğanna anlaşılmazdır.
Əziz R.
- Təbii ki, mən heç kimin zövqünə müdaxilə edə bilmərəm. Mənim üçün
bir oxucu kimi anlaşılmazdır İsa Muğanna, kiminsə fikirlərini
dəyişmək niyyətində deyiləm. Mənim üçün İsa Hüseynov var, İsa
Muğanna yoxdur. Hesab edirəm ki, İsa Hüseynovun İsa Muğannaya
çevrilməsi “Məhşər” romanından başlayır. Hətta “Məhşər”in ilk
versiyasının çapından sonra Azərbaycan jurnalında böyük bir tənqidi
məqalə çap olunmuşdu, İsa Hüseynov o məqaləyə səhifə yarımlıq cavab
yazmışdı və bu, böyük mübahisələr doğurmuşdu. Kitabdakı faktların
bir çoxu şübhə yaratmışdı, indiki faktlara baxanda da görürürk ki,
Hürufi hərəkatı ilə bağlı bildiyimiz bir çox şey yanlış imiş. Deyək
ki, Nəiminin öldürülməsi faktı, bizim tarixi kitablarda olduğu kimi
İsa Hüseynovun kitabında da Miranşah və Teymur göstərilir, amma
türk araşdırmaçılarının müasir tədqiqatlarına baxanda görürük ki,
onun qatili Şirvanşah Şeyx İbrahimdir.
Səadət A.
- Əsəd bəy, buyurun, sizin fikirlərinizi bilək. İsa Hüseynov yoxsa
İsa Muğanna?
Əsəd Cahangir
- Hər ikisi. Amma baxır hansı tarixi dövr və rakursla yanaşırıq,
çünki İsa Hüseynov olmasaydı, İsa Muğanna da olmayacaqdı. Bu,
ikimərtəbəli ev kimidir, bunun birinci mərtəbəsi olmasaydı, ikinci
mərtəbəsi də olmayacaqdı.
Səadət A.
- Söhbət ondan gedir ki, İsa Hüseynov tərəfindən yazılan əsərlər
İsa Muğanna tərəfindən redaktə olunub, indi müasir Azərbaycan
oxucusu hansı variantda oxumalıdır onun əsərlərini? Bir yazıçını
bütün redaktələrdə oxumaq oxucu üçün bir az çətindir.
Əsəd Cahangir
- Mənə elə gəlir ki, onu oxumaq istəyən oxucu əgər birinci düşüncə
qatındadırsa, elə orda da qalacaq, onu məcbur etsən də, yeni
versiyaları oxuya bilməz. O kəslər ki, ikinci düşüncə qatına
keçiblər, yalnız onlar “İdeal”ı və “İdeal”dan sonrakıları oxuya
bilərlər. Ona görə də, burda təbii tənzimləmə prosesi gedəcək. O ki
qaldı İsa Hüseynov və İsa Muğannaya, burda təsadüfdənmi, ya
zərurətdənmi deyim bir qanunauyğunluq var. Bu qanunauyğunluq nədən
ibarətdir? İsa müəllimin adı peyğəmbər adıdır, soyadı imam adıdır,
bu da İslam dini ilə bağlı imamdır. Sonra İsa – yəni peyğəmbərlik
qalır, o başqa bir təxəllüslə, Muğanna ilə əvəz olunur. Bu həm daha
qədim bir təxəllüsdür, həm də daha müasirdir və gələcəyə aiddir.
Çünki İsa Muğannanın təliminə görə, onlar kosmosda yaşayırlar,
mövcuddurlar, yerdəkilərlə əlaqə saxlayırlar. Mən ümumiyyətlə İsa
Muğannanın yaradıcılığını üç dövrə bölürəm: birinci dövr 50-ci
illərdən başlayaraq 58-ci ilə qədər, sosrealizm dövrünü əhatə edir,
ikinci dövr 58-ci ildən təxminən 80-ci illərin ortalarına qədər,
“İdeal”ın yaranmasına qədər realist-psixoloji dövr, üçüncü dövr isə
“İdeal” və “İdeal”dan sonra postmodern dövr, modern dövrdür. İsa
Muğannanın yaradıcılığında ikinci dövrdən, üçüncü dövrə keçid üçün
tarixi geriçəkilmə məqamı var, elə bil biz hansısa maneənin
üzərindən aşmaq üçün geri çəkilirik, qüvvə toplayırıq və sıçrayıb
onun üstündən keçirik. Bu zaman İsa Muğanna Nizamiyə, Nəsimiyə üz
tutdu, bilirsiniz ki, Nəsimi haqda filmin ssenarisini yazdı, bunlar
heç də təsadüfü deyildi.
Səadət A.
- Amma, səhv etmirəmsə, “Məhşər”romanını yazmaq təsadüfən alınıb.
İsa Hüseynov müsahibələrinin birində demişdi ki, “Nəsimi”ni ssenari
sifarişi aldıqdan sonra yazıb, yazıçı Anar ona, Nəsimi haqda
materiallar gətirib, o da bu haqda yazmağa başlayıb. Məsələyə
mistik don geyindirə bilərik amma, bu fakt da var.
Əsəd C.
- Bu, məsələnin üst qatıdır. Amma İsa Muğanna seçilmiş adamdır.
Seçilmiş adamların həyatında isə təsadüfi heç nə olmur, onlar
zahirən təsadüfi görünə bilərlər, onlar müəyyən gözə görünən və
görünməyən qüvvələr tərəfindən idarə olunurlar. O “Məhşər”i
yazmalıydı ki, sonra “İdeal”ı yazsın, özünün başlıca missiyasını
yerinə yetirsin. Bütün yaradıcılığı onun axırda “İdeal”ı yazması
üçün hazırlanmışdı.
İsa Muğannanın Azərbaycan və dünya yazıçılarından bir sıra fərqləri
var. O, Azərbaycanın yeganə yazıçısıdır ki, ölümü yox, həyatı,
ölməzliyi təsdiq edir. Təsadüfi deyil ki, “İdeal”ın bir hissəsi elə
əbədiyyat adlanır. O, Azərbaycanın yeganə nasiri idi ki, guşənişin
həyatın mənəvi çətinliklərinə dözüb otuz ildən çox evdən bayıra
çıxmadı. O, Azərbaycanın yeganə yazıçısı idi ki, yazı masasını
vəzifə kürsüsündən üstün tuturdu, bəlkə Azərbaycanın yeganə
yazıçısı idi ki, deputat olmaq istəmirdi, deputat mandatı taxmaq
istəmirdi.
Səadət A.
- Ümumiyyətlə, İsa Hüseynov ictimai proseslərdə görünmürdü, bu onun
şəxsi xarakteri ilə də izah oluna bilər. Vaxtilə o qədər başı
çəkib, tənqidlərə məruz qalıb ki, artıq kənarlaşmağa üstünlük
vermişdi.
Əsəd C.
- Bəli başı çox çəkib, o vaxtkı təhlükəsizlik nazirliyinin işçiləri
onun gözlərini bağlayıb idarəyə aparıblar, “Yanar ürəyə” görə
həddindən artıq sorğu-suala çəkiblər onu, çünki orda raykom katibi
tənqid edilmişdi, raykom katibini tənqid etmək də partiyanı tənqid
etmək idi, partiyanı tənqid etmək isə mümkünsüz bir şey idi. Olsun
ki, o dövrdə İsa Muğanna hələ bütövlükdə kommunist ideologiyasını
qəbul edirdi. Amma altımışıncı illəri keçib, “Məhşər”ə çatanda o
artıq sadəcə raykomları tənqid etmirdi, bütövlükdə kommunist
ideologiyasını rədd edirdi, çünki özü tamamilə yeni bir ideologiya
yaratdı. Üstəlik o, dinləri də tənqid edirdi. Onun 92-ci ildə
“Ədəbi tənqid” dərgisində bir yazısı çıxmışdı, orda İsa Muğannanın
Mehdi Hüseynə, Səməd Vurğuna, Rəsul Rzaya həsr olunmuş bir məktubu
çıxmışdı, orda deyirdi ki, “Bütün dinlər Xəzərin kanalizasiya
tökülən və üstündə qağayılar uçuşan yerinə bənzəyir. Çünki, o bu
inkarla özünün yeni dini inancını ortaya qoyurdu. Bu “Odər”
inancıydı. Mahiyyətcə bu da din idi, bu dinin mahiyyəti ondan
ibarət idi ki, “Odağüz” planeti var, bu, Yupiterin odərcə adıdır.
Təmiz ruhlar işıq gəmilərində o planetə gedirlər, günahkar ruhlar o
planetə gedə bilmirlər, torpağa hopurlar, məhv olurlar. Cəhənnəm
deyilən şey də elə bundan ibarətdir, cənnət isə başqa bir planetdə,
başqa bir sivilizasiyada öz həyatını davam etdirmək deməkdir. Kim
bu dünyada əbədiyyat qazanmaq istəyirsə, ruhunu saf saxlamalıdır,
ona görə də bunun elmi “Saf ağ” elmi adlandırılırdı. Muğannaya görə
belə bir sivilizasiya tarixən olub, sonra yunan sivilizasiyasının,
müharibələrin, acgözlüyün, hərisliyin ortaya çıxması ilə həmin
sivilizasiya unudulub. Ümumiyyətcə, o bütün xəstəliklərin
mənbəyində yunan sivilizasiyasını görürdü. Onun təbirincə, dinlər
də təhrif olunub, bütün dini kitablar dəyişdirilib. Hətta onun
fikrinə görə, Məhəmməd peyğəmbər türkdür, əsl Quran bəşəriyyətdən
gizlədilibdir. Bunlar həddindən artıq cəsarətli fikirlərdir. Bu
artıq yazıçılıq deyil, peyğəmbərlikdir, vəhydir. Mən bu
peyğəmbərliyi təsdiq etmirəm, amma inkar edə də bilmirəm.
Səadət A.
- İndi telefon xəttində yazıçı Əkrəm Əylislidir. Əkrəm bəy, necə
hesab edirsiniz, İsa Hüseynov Azərbaycan ədəbiyyatında necə
qalmalıdır, İsa Hüseynov, yoxsa İsa Muğanna kimi?
Əkrəm Əylisli
- Kim necə istəsə, elə qəbul edə bilər, amma Muğannaya qədər olan
İsa Hüseynov mənim üçün daha maraqlıdır. İsa Hüseynovun öz həqiqəti
var, müşahidələri var, gördüyü dünya, onunla bir dövrdə yaşadığı
insanlara münasibəti var, o dövrün ab-havası var, o dövrdə dünyanın
ictimai vəziyyətinin necə olmağı haqda dəqiq məlumat var, ağrı var,
sağlam, güclü gənclik ehtirası var. Mən danışanlara bir az qulaq
asdım, çox qəribə şeylər deyirlər, adam heyrətə gəlir. İsa Hüseynov
deyirdi ki, mən gündə bir neçə dəfə İsa peyğəmbərlə danışıram.
Adını da Eysar qoyub. O deyir ki, mənim əmilərim, dayılarım başqa
planetdə yaşayır, Günəşin ortasında başqa bir planet var ki, orda
da insanlar yaşayır. İsa Hüseynov KQB-ni kefin istəyən kimi
tərifləyir, “Kollu Koxa”da stalinizmi ürəkdən mədh edir. Mən
dünəndən bəri fikirləşirəm ki, İsa Hüseynov özü ilə böyük bir
həqiqəti apardı, amma bilmirəm niyə apardı o həqiqəti. Son vaxtlar
onun düşündüyü İsanın Eysar olması, Quranın Məhəmməd tərəfindən
yazılmamağı, Bibliyanı kiminsə köçürüb qəsdən dəyişdirməsi faktları
güya hamısı bizim xalqın təfəkkürünü məhv eləmək üçün edilib,
Azərbaycan xalqının təfəkkürünü korlamaq üçün yer üzündə nələr
qalmayıb eləməsinlər. Bilirsiniz, bunlar hamısı həqiqətdən insanı
uzaqlaşdırmaq üçündür, yaxınlaşdırmaq üçündür. Bu şeyləri İsa
Hüseynova ona görə bağışlayırıq ki, istedadlı adamdır, başqası
olsaydı İsa peyğəmbərlə gündə üç dəfə danışmağını ona
bağışlamazdıq. Fikirləşirəm ki, İsa Hüseynov hansısa böyük
həqiqətləri özü ilə o dünyaya aparmaq üçün, bu dünyada deməmək üçün
belə priyomlara əl atmağa məcbur idi. O fikrə mən də şərikəm ki,
İsa Hüseynovu cavanlığında bərk vurmuşdular, onu həqiqətə görə
vurmuşdular, amma o həqiqəti bu dünyadan aparmağı mənim üçün acı
bir faciədir. İsa Hüseynovun Məhəmməd peyğəmbərlə, İsa peyğəmbərlə
gündə iki dəfə söhbət etməsi mənim üçün milli faciə idi, gəlin bəzi
həqiqətlərin üstünü açaq, Azərbaycanda niyə insanlar həqiqətin
üstünü açmaqdan qorxur, niyə həqiqəti o dünyaya aparmağa məcbur
olur. Azərbaycan xalqı qədər dünyada həqiqətdən qorxan ikinci xalq
yoxdur. Bu xalqın iki nəhəngi Mirzə Fətəlisi və Mirzə Cəlili hələ
də anlaşılmayıb. Şəxsən mən İsa Hüseynovun yazdığı o uydurma
şeylərə haqq qazandırmaq fikrində deyiləm, çünki ona hörmətim var.
İstəməzdim ki, İsa Hüseynov belə yanlış yozulsun, o, olduğu kimi
qalmalıdır Azərbaycan ədəbiyyatında, buna hüququ var, mən istərdim
ki, ədəbiyyatımız həqiqət üzərində yaşasın. O fikirləri ki, İsa
səsləndirirdi, rəhmətlik Asif Ata da səsləndirirdi. Gərək bu
minvalla, Mirzə Fətəlimizi, Mirzə Cəlilimizi ataq bir tərəfə, hərə
özünə bir din yaratsın, bir peyğəmbər yaratsın, biz də deyək ura,
nə yaxşı yeni peyğəmbər də gəldi.
Səadət A.
- Əkrəm bəy, İsa Muğanna əsərlərində “Safağ” elmindən danışır, odər
dilindən danışır. Müasir linqvistika bunu sübut edir ki, bütün
dillər bir kökdən yaranır, bütün xalqlar eyni kökə bağlıdır. Bəlkə
bu şəkildə onu təbliğ etmək olar.
Əkrəm Ə.
- Bu nədən irəli gəlib bilirsiniz, bu tənhalaşmış, tək qalmış
insanın fəlakətidir. Başlayıb sözlər uydurmağa, özündən sözlər
çıxartmağa. O sözlər hamısı yanlış, mənasız, bir kəsə lazım
olmayan, Azərbaycan xalqının beynini çürüdən, həqiqətdən
uzaqlaşdıran, mənasız şeylərdir. Bunu nəinki Mirzə Cəlil, Mirzə
Fətəli eşitsəydi tükləri biz-biz olardı ki, Mirzə Fətəlidən yüz
əlli, iki yüz il sonra Azərbaycan yazıçısı sözü təhrif eləyib, yeni
mənalar verir. Bu, gülünc şeydir, hər bir sözü, oynadıb, fırladıb
başqa məna vermək olar. İsa deyir: “Gecə İsa peyğəmbər qapımı
döyübdür, girib içəri, salam əleyküm, filan sözü səhv yazıbsan, poz
belə yaz”. Belə şeylərə getməyin ayıbdır bu, bu 21-ci əsr
Azərbaycan xalqının adına ləkədir belə şeylərdən qaçmaq
lazımdır.
Əsəd C.
- Mən bayaq dedim ki, İsa Muğannanın nəsri iki mərtəbəli
düşüncədir, Əkrəm Əylislinin danışığından belə başa düşdüm ki, o
ancaq birinci qatda düşünür, düşüncəsi ancaq birinci qata çatır,
ikinci qata keçə bilmir. Ona görə özünün çata bilmədiyi qat
haqqında, yaxşı olar danışmasın. Əkrəm bəy, o qatda ki siz
yoxsunuz, o haqda danışmağa mənəvi haqqınız yoxdur, intellektual
gücünüz də yoxdur. Əgər sizin fikrinizcə ən böyük həqiqət Eçmiədzin
kilsəsindədirsə, siz nə ixtiyarla İsa Muğannanın təliminə qarşı
çıxırsınız. Siz əgər onu yuxuda hesab edirsinizsə, bəs sizin
ayıqlığınız hanı. Sizin vur-tut yazdığınız “Daş yuxular” deyil,
sizin ən böyük həqiqətiniz Qriqoryan kilsəsi deyil? Siz bu
Azərbaycan xalqına mənəvi liderlik etmək haqqına sahib deyilsiniz.
Gərək adam öz adını başqasına qoymasın. Burda İsa Muğannanın
ruhunun müdafiəçisi deyiləm, əsərləri özü onu qoruyur, amma bir
şeyə heyrət edirəm ki, baş verən bu qədər olaylardan sonra Əkrəm
Əylisli İsa Muğannanın ölümündən bircə gün keçməmiş onu ittiham
edir, pafosla çıxış edir. Mənə elə gəlir ki, o kəsin ki, metafizik
təfəkkürü yoxdur, o kəs ki, allaha inanmır ölümdən sonrakı həyatın
varlığına inanmır, əbədiyyata inanmır, İsa peyğəmbərə inanmır,
müqəddəs kitabları cəfəngiyyat hesab edir, təbii ki, o, İsa
Muğannanın kitablarını anlamamalıdır. Yeni inqilabi fikirlərlə
ortaya çıxan adamlar həmişə belə münasibətlə qarşılaşıb.
Əkrəm Ə.
- Qısaca onu deyim ki, mən İsa Hüseynovu çox gözəl tanıyıram,
onunla dostluğum yoldaşlığım, qardaşlığım olub, onun əsərlərinin ən
böyük təbliğatçılarından biri mən olmuşam, Moskvada öz tərcüməçim
Kalyagina ilə tanış etmişəm. Amma İsa Hüseynovu İsa Hüseynov kimi
tanımaq lazımdır. Onun kitablarını gözdən salmaq fikrim yoxdur.
Dediyimin məğzi bundadır ki, durub millətə deyəsən ki, ay millət,
bu yazıçı hər gün üç dəfə İsa peyğəmbərlə söhbət edir. Axı,
əzizlərim belə şeylər eləmək olmaz, axı bizim “Ölülər” kimi
əsərimiz var, biri gəlib deyir ki, mən ölüləri dirildirəm. Axı bu
tərəfdən də baxmaq lazımdır bizim ədəbiyyata. Mən İsa Hüseynovun
qüdrətini görmürəm orda. Ona görə gəlin İsa Hüseynovu İsa Hüseynov
kimi təbliğ edək, yoxa belə şeylərlə, söz uydurmaqla böyük yazıçını
kiçiltmək olar. Ona görə İsa Hüseynova böyük hörmətimi saxlayaraq,
onu dürüst tərəfdən xalqa tanıtmağın tərəfindəyəm.
Səadət A.
- İndi yazıçının qızı Sevinc xanım telefon xəttindədir. Sevinc
xanım, biz bu gün müzakirə edirik, əgər İsa Hüseynov dünya
dillərinə tərcümə olunsa siz onun hansı əsərlərinin tərcümə
edilməyini istəyərdiniz, İsa Muğanna adı altında yazdıqlarının,
yoxsa İsa Hüseynov adı altında yazdıqlarının.
Sevinc Hüseynova
- Mən onun öz adından danışmaq istəyərdim. Özünün çatdıra
bilmədiklərini, dediklərini çatdırmaq istəyərdim sizə. O çox
istərdi ki, “İdeal” tərcümə olunsun, amma “İdeal”ı tərcümə etmək
istəyənlər gərək bunu onun sağlığında edəydilər. Bəzi şeylər var
ki, özü olmadan onları tərcümə etmək çox çətindir, gərək onu o
qədər dərindən biləsən ki, onu çatdıra biləsən dünyaya. Ancaq mən
elə düşünürəm ki, onun yaradıcılığı çox rəngarəngdir, hamısı
tərcüməyə layiqdir. Adi bir hekayəsini götürürsən, bir hekayəsi,
dünyadır, kainat boyda şeylər verir adama. Düşünürəm ki, “Məhşər”
Avropa dillərinə tərcümə olunsa daha yaxşı olardı. Özü də mən
istəyərdim əsərlərinin son variantını tərcümə etsinlər.
Səadət A.
- Siz
bir varis kimi, Muğanna imzası altında redaktə olunan versiyanınmı
düzgün variant kimi götürülməsini istərdiniz?
Sevinc H.
- Bəli. Əlbəttə ki, indiki variantda, Muğanna imzasında olanların.
Çünki, bu onun bilavasitə öz istəyi idi, özü istəyərdi belə olsun.
Sonuncu əsəri “İlan dərəsi” idi. Kitab şəklində çap olunmuşdu.
Sonuncu yazdığı əsər yarımçıq qaldı, bir vərəq yazmışdı, yenicə
başlamışdı, səhhəti imkan vermədi. Məndən olsa, onun bütün
külliyyatının tərcümə olunmasını istərdim.
-
Magazin118:48
Röya Ayxan bu tarixdə ƏRƏ GEDİR - VİDEO
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik