Yazarlar
Varolmanın dayanılmaz xəfifliyi
Hər il avqust gələndə Milan Kunderanın
«Varolmanın dayanılmaz xəfifliyi» kitabını vərəqləmək keçir
içimdən. Romanı ilk dəfə 1988-də, «Praqa Baharı»nın 20-ci
ildönümündə oxumuşdum. Kitab yasaqlı olduğu üçün əlimə onun
«Samizdat» nüsxəsi keçmişdi. Moskvadakı aspirant yataqxanasının
otaqlarını tək-tək dolaşmışdı o kserokopiya kitab. Kunderanın
kommunizm utopiyasını, azadlığı, eşqi, xəyanəti, kədəri ustalıqla
bir araya gətirdiyi bu nəhəng əsəri oxuyub doya
bilmirdik.
Yataqxanadakı qızların bəziləri özlərini
Terezada, bəziləri də Sabinada görürdülər. Gənc idik, ancaq illər
sonra anlayacaqdıq ki, hər bir qadın bir az Tereza, bir az da
Sabina hiss edər özünü. Çox toy idik, Kunderanın insanı xəfif hiss
etdirəcəyini başa düşmürdük. Dar idi dünyaya baxışımız hələ, həyatı
o qədər sakit yaşamağa gücümüzün yetmədiyini görmürdük. Zamanın
axmadığı illər idi, ən çox diqqətimizi çəkən romandakı erotizm,
şəhvət idi. Halbuki əsərin dünya ədəbiyyat tarixində nə qədər böyük
yer tutduğunu ancaq irəliləyən yaşlarda anlayacaqdıq. Kənan Hacı
demişkən, romanı 35 yaşdan sonra oxumaq lazım idi…
1956-cı il Macarıstan hadisələrindən sonra
Varşava bloku ölkələri içərisində mənfur sovet rejiminə qarşı baş
qaldıran ikinci ölkə Çexoslavakiya oldu. İstədikləri çox şey
deyildi. Sistemi dəyişməyin mümkün olmadığını bildikləri üçün bəzi
kiçik siyasi islahatların aparılmasını tələb edirdilər. Dubçek və
silahdaşları rejimi «insan sifətində sosializm»ə gətirmək istəyir,
köklü reformları xəyal belə etmirdilər. Amma Moskva qorxmuşdu. Və
Brejnev 300 minlik əsgər və 7 minlik tank armadasını «qardaş»
dediyi çex və slovakların üstünə yürüdərək, ölkəni işğal etdi.
Dubçek siyasətdən uzaqlaşdırıldı, yerinə Qusakın oyuncaq rejimi
gətirildi.
İxtiyar balıqçı Santyaqo «İnsanı məhv edə
bilərsən, amma qalib gələ bilməzsən» demişdi. Ruslar kiçik bir
xalqı əzdi, qüruru və ləyaqəti ilə oynadı, amma ona qalib gələ
bilmədi.
Kundera 1984-də yazdığı və şah əsəri sayılan
«Varolmanın dayanılmaz xəfifliyi» romanında xalqının tarixindəki bu
faciəni «arxa fon» olaraq istifadə edib, sosializmin həqiqi
realizmini özünəxas bir üslubla ortaya çıxartdı. Qəhrəmanı Tomaş
yaşıdlarından seçilməyən həkimdir, qadınlara yaxın, siyasətə
uzaqdı, Praqa küçələrini ləkələyən rus tanklarının tırtılları onun
da gəncliyinin üstündən keçdi. «Yadellilərə qarşı nifrət spirtli
içki kimi bihuş edirdi» — belə təsvir edir «müzəffər rus ordusunu»
ustad. Bu lənət olası tanklar bizim də gəncliyimizin, bəzilərimizin
isə həyatının üstündən keçmədilərmi? Alma-Atını, Tiflisi, Vilnüsü,
Bakını əzib, tapdalamadılarmı? Nitşeyə görə, bu hadisələr
təkrarlanacaqdı və Kundera əsrarəngiz ədəbi fəndlərlə bu dahi
filosofun fikirlərini sorğu-suala tutur.
Nitşenin «Əbədi Dönüş» düşüncəsi bütün
yaşadıqlarımızın bir gün təkrarlanacağı və təkrarın özünün də
sonsuza qədər təkrarlanacağı üzərinə quruludur. Tomaş da romanda
«Ein mal ist Kein mal» alman atalar sözünü təkrarlayır — «Sadəcə
bir dəfə olan şey heç olmamış sayılır». Yəni yaşanacaq bir
həyatımız varsa əgər, biz bu həyatı heç yaşamamışıq demək ki.
Kundera insanın hər hərəkətinin onun gələcəyini təyin etmədiyini
deyir, yəni hər hərəkətimizi düşünsək, nəyə səbəb olacağından
ehtiyatlansaq, həyatımızın dayanılmaz, çəkilməz və dözülməz
dərəcədə xəfif olduğunu söyləyir…
21 avqust axşamı yazıram bu sətirləri, kədərin
dərinliyindəki Terezanın rus tankları ilə qarşılaşmasından, sehrli
və romantik «Praqa Baharı»nın süqutundan düz 45 il sonra. Türk
kanalları «Ərəb baharı»ndan bir-birinə bənzər reportajlar verirlər.
Düşünürəm ki, indi mən türk dostlarıma necə izah edim ki, «Praqa
Baharı»ndan sonra ərəblərin vətəndaş müharibəsinə «Bahar» demək
mümkün deyil. İndi mən onları necə inandırım ki, Vatslav və
Staromest meydanlarındakı Baharın qoxusunu gözüdönmüş insanlarla
dolu Tahrir və Rabiatül Adeviye meydanlarında hiss etmək
imkansızdır…
Həyatın xəfifliyi var olmaqla yox olmaq
arasındakı fərqi bilmənin verdiyi xoşbəxtlikdir…
Milan Kundera yazdıqları əsərləri ilə fəxr edir,
mən isə Kunderanı oxumağımla…
[email protected]
ayna.az
-
MDB06:16
Rusiya "Santa Klaus"u da vurdu - Müzakirələrə səbəb olan VİDEO
-
Qoroskop02:43
Proqnozu düz çıxan astroloqdan Azərbaycana yeni xəbərdarlıq - Bu tarixdə...
-
Dünya01:55
“Mən sənin xidmətçin deyiləm” - Fitsodan Zelenskiyə sərt cavab
-
Nəqliyyat01:35
Qəzaya uğrayan təyyarənin uçuş zamanı radarda görünməyən trayektoriyası - FOTO
-
Qoroskop01:15
Günün qoroskopu: yeni dostlar tapa bilərsiniz
-
Magazin100:55
Sevgilisindən bir milyona yaxın pul tələb edən tiktokerlə bağlı QƏRAR
-
Dünya00:18
İstanbuldan Moskvaya uçan təyyarə geri qayıtdı - Nə baş verir?
-
Hadisə27 Dekabr 23:37
Təcili: Dubay - Moskva reysi ilə uçan təyyarə Bakıya eniş etdi - FOTO