Yazarlar
Haruki Murakamidən xoşbəxtlik resepti
Haruki Murakami ilə müsahibə
Haruki Murakaminin “1Q84” romanı üç
cild və 1000 səhifədən ibarətdir. Yazıçı bu əsərin yazılmasına üç
il sərf edib, amma Nyu Yorkdan Qonolulaya uçarkən - 11 saatlıq
yolda onu yarısınacan oxudum. Təəssüf, Murakami bu xəbərimin
müqabilində az qala üzünü turşudacaqdı – yazıçılar həmişə əsərin
yazılmasına sərf edilmiş zaman müddəti ilə oxumaq üçün lazım olan
vaxt arasındakı uyğunsuzluqdan çaş-baş qalırlar. Ancaq hər halda
əgər romanın dəyərini yoxlamağa qadir olan bir şey varsa, o da
təyyarənin ekonom-klasında arxa sırada oturub mütaliə etməkdir: bu
11 saat ərzində Murakaminin dünyasında qeyb olursan.
Haradasa oralarda
Dağlarla əhatə olunmuş əla çimərliyi olan “Hayat na Vaykiki” otelinin prezident lüksündəyik. 63 yaşında (müsahibə 2012-ci ildə aparılıb – tərc.) skeydbord sürən yeniyetmələr kimi gümrah olan Murakami öz vaxtını Havayya və Yaponiyadakı evləri, bir də “Haradasa oralarda” (Over There) adlandırdığı yer arasında bölür. Yazıçı romanlarını yazanda hər gün səhər oraya – Murakaminin özünə bənzəyən, qəribə, təmkinli, emosiyalarla dolu və eyni zamanda da dünyadan, maddi aləmdən bir qədər uzaqlaşmış personajların məskunlaşdığı ölkəyə yollanır. Əsərləri milyon tirajlarla çıxan və pərəstiş edilən bir yazıçı üçün çox qeyri-adi imicdir. Ancaq pərəstiş bir qədər incə məsələdir. Havayyaya səfərim ərəfəsində dostum etiraf etdi ki, onun Murakami yaradıcılığına olan hədsiz şövqü qismən Murakaminin bəyəndiyi, təqdir etdiyi insan kimi görünmək arzusuna əsaslanır.
Olmamışam, olmadım da
“Mən özüm haqqımda sənətkar kimi düşünmürəm”, - ədib müsahibə müddətində bir neçə dəfə təkrarladı. “Mən sadəcə yazmağı bacaran oğlanam. Bəli”. Murakaminin kozırları ondadır ki, gəncliyində “nəbatatçı” olmayıb - 20 yaşını yenicə keçmişdi ki, artıq özünün caz klubu var idi, yaşa dolanda isə əldən düşmüş təqaüdçüyə çevrilməyib. Bu yaxınlarda “Mən yürüş haqqında danışanda nə deyirəm” adlı memuarında yazdığı kimi, Murakami demək olar ki, həmişə səhər saat 4-də oyanır və günortayacan işləyir, günün qalan hissəsini isə həyat yoldaşı ilə birlikdə marafon məşqlərinə və mağazalarda köhnə musiqilər yazlmış disklərin axtarılmasına sərf edir, evə ancaq axşam saat doqquzda qayıdır. Bu rejim onun üçün, demək olar ki, romanları qədər dəyərlidir. Görünür, o gəncliyindəki nizamsızlığı kompensasiya etmək istəyir. Bundan başqa, belə bir intizam üç ildə 1000 mürəkkəb səhifə yazmağa imkan verir. Səhhəti və zahiri görkəmi kiçik bir “buğanı” xatırladan Murakami üçün rejim – formada qalmaq məsələsidir. “Bu, sırf fiziologiyadır. Əgər sən üç il ərzində hər gün yazmaq istəyirsənsə, tonusda (orqanizmin və yaxud onun ayrı-ayrı hissələrinin həyat fəaliyyəti dərəcəsi – tərc.) olmalısan. Əlbəttə, hökmən mental konsepsiyanı qorumaq lazımdır, ancaq ilk növbədə fiziki baxımdan güclü olmalısan. Bu, çox vacibdir. Həm ruhun, həm də cismin qalasını qoruyub saxlamaq zəruridir”.
Potensial imkanların müxtəlifliyi
Səhər tezdən duran adam, demək olar ki, bütöv bir həyatı sonacan yaşamağa macal tapır. Murakaminin sirri də bundadır: əsasən müxtəlif şəraitli iki hissəyə ayrılmış həyat, daxili və xarici aləm arasındakı təzad, yaradıcılıq enerjisinin qaynağı olan potensial imkanların müxtəlıifliyi. Yazıçının “Yaşıl noxud” (yapon dilindən tərcümədə) romanının qəhrəmanı - Tokio tıxaclarında yolun ikinci yarusunda taksidə yubanan Aomami tamamilə realist şəraitdə səhnəyə atılır.
Hadisələr 1984-cü ildə baş verir – salam, Oruell. Gecikəcəyindən qorxaraq maşından enir, nəzarətsiz qalmış bir nərdivanla yerə enir və paralel dünyaya düşür. O bu dünyanı 1Q84 – “Min bilmirəm neçə yüz səksən dörd” adlandırır. Murakaminin romanlarının əksəriyyəti kimi bu əsər də çox maraqlı realist təhkiyə və uçan saatlar, partlayan itlər, ölmüş keçinin ağzından çıxan “Kiçik adamlar” adlandırılan məxluqların təsvir edildiyi güclu sürrealizmin (XX əsr ədəbiyyatı və incəsənətində: yaradıcılıqda idrak və təcrübənin rolunu inkar edən və mənbəsini təhtəlşüur sahədə axtaran avanqard cərəyan – tərc.) kombinasiyasıdır. Hər şey elə qurulub ki, oxucu dərhal bu cərəyana daxil olur və bütün bunların həqiqətən də baş vermədiyinə yalnız ümid edə bilir; belə bir tərəddüd – romanın özünün mühüm və üzvü hissəsidir. “İnsanlar sual işarəsi hovuzuna düşürlər”, “1Q84”-ün redaktoru özünün ulduzlu müəllifinə deyir. – Oxucular fikrin daima sonacan deyilməməsini yazıçının mənasız ərincəkliyi kimi qiymətləndirə bilərlər”.
Bu irada Murakami belə cavab verir:
“Əgər müəllif oxucunu maraqlı bir
səyahətə cəlb etməyə və onu hadisələrin lap sonunadək aparmağa
qadir olan əhvalatların uydurulmasına müvəffəq olubsa, kim belə
yazıçını tənbəl, ərincək adlandıra bilər?” Deyəsən, o haqlıdır –
elə ilk aydaca Yaponiyada kitabın satış tirajı milyon nüsxəni ötüb
keçdi.
Keçmişin sirləri
Murakaminin keçmişinin bəzi anları müəmma ilə doludur, həm də hətta onun özü üçün də. Məsələn, o, nə üçün yazıçı olmaq qərarına gəldiyini izah edə bilmir. Sadəcə, bir dəfə beysbol yarışına baxarkən ağlına gəlib ki, yazıçı olsun. Həmin ana qədər yazmağa zərrə qədər də meyli olmayıb. 1978-ci il idi, çılğınlıq dövrü müəyyən dərəcədə ötüb keçmişdi, otuzu haqlamışdı və pişiyinin şərəfinə Peter Cat adlandırdığı caz-barı var idi. Onun gəncliyi 60-cı illərdə keçib, universitet professoru və evdar xanımın ailəsində böyüyüb və öz nəslinin bir çox nümayəndələri kimi onunçün əvvəlcədən təyin edilmiş gələcəyi qəbul etməyib. Tez evlənib və təhsilini davam etdirmək əvəzinə kredit götürüb caz-bar açıb. Haruki indi keçmişinə boylanarkən o zaman vəziyyətinin necə mütərəddid olduğunu görür: gün ərzində saatlarla arvadı ilə barda işləyirdi, borcları var idi, sabahkı günə heç bir inamları yox idi. “1968 və ya 1969-cu illərdə nə desən ola bilərdi. Bu, həddən artıq cəlbedici həyəcan yaradan, amma eyni dərəcədə də riskli bir iş idi. Çox böyük qazanc da əldə etmək olardı, iflasa uğramaq da”.
Deməli, bar onunçün qumar oyunu idi?
“Eh, - Murakami deyir. – Evlənmək – bax əsl oyun bu idi. 20, ya 21 yaşım olardı. Dünya, aləm haqqında heç nə bilmirdim. Məsum bir kütbeyin idim. Bu da bir növ həyatımla oynadığım ruletka oyunu idi. Ancaq hər necə olsa da yaşadım”.
Harukinin arvadı Yoko Takahaşi onun ilk
oxucusudur. Beysbol oyunu zamanı beynində aydınlaşmağa başlayan
süjet xətti “Küləyin nəğməsini dinlə” romanına çevrildi. Bu romana
görə Murakami vətənində, Yaponiyada gənc müəlliflər üçün mükafata
layiq görülür. O, roman yazdığı müddətdə barı da işlətməkdə davam
edir və özünün də dediyi kimi, bu fakt onun yazıçı kimi
yetişməsində əhəmiyyətli rol oynayıb.
“Mənim caz-klubum və müəyyən gəlirim var idi,
deməli, mən çörək pulu üçün yazmalı olmurdum. Bu, çox mühüm
məsələdir”.
Yaponiyada bestsellerə çevrilən “Norveç meşəsi”
romanı (3 000 000 nüsxə tirajla satılıb) çıxanda barla məşğul olmaq
zərurəti aradan qalxdı.
Bununla belə, hərdən Murakamini sanki qara basır, o özünü
alternativ gerçəklikdə görür. Orada əvvəlki kimidir və bəlkə də heç
də az xoşbəxt deyil.
“Haradasa paralel həyatın mövcud olduğunu hiss
edirəmmi? M-m-m.. Hə. Və bu, hələ də mənə çox təəccüblü görünür.
Hərdən heyrət edirəm ki, mən indi yazıçıyam. Nə üçün yazıçı
olduğumu izah edəcək heç bir müəyyən səbəb mövcud olmayıb. Sadəcə,
nəisə baş verdi və budur, mən – yazıçıyam, hələ üstəlik – məşhur
yazıçıyam. Mən Avropa və ABŞ-a səyahət edəndə görürəm ki, insanlar
məni tanıyırlar. Bu, çox təəccüblüdür. Bir neçə il əvvəl mən
Barselonada idim və avtoqraf-sessiya təşkil etmişdim. Minlərlə
insan gəlmişdi. Qızlar məni öpürdülər. Mən çox heyrətlənmişdim –
bu, necə ola bilərdi?”
Süniliyə qeyri-təbiiliklə bəraət qazandırır
Murakami intuisiya ilə, plansız yazır. Sözügedən romanın mövzusu Tokio tıxaclarında diklənib qalanda ağlına gəlmişdi: Şəbəkəli çərçivə ilə əhatələnmiş magistrala çıxsa və texniki nərdivanla aşağı düşsə nə olar görəsən? Bu onun həyatının gedişini dəyişə bilərmi?
“Həmişə hansısa bir başlanğıc
nöqtəsi olur. İnsana bir növ böyük kitabın yazılacağı hissi gəlir
və bu hiss böyüyür. Bildiklərim hamısı budur. Mən “Kafka
çimərlikdə” romanını yazandan sonra yeni kitabın həsrəti ilə
yaşayırdım. Və o gəldi. Mən bilirdim ki, bu, böyük bir layihənin
başlanğıcıdır. Bu yalnız bir hiss idi”.
“1Q84” kimi uzun bir roman Murakaminin şedevrlər
aləminə daxil ola və eyni zamanda da oxucuda qəribə bir
məmnuniyyətsizlik hissi oyada bilər. Müəllif təhkiyənin süniliyinə
təsvir obyektinin özünün qeyri-təbiiliyi ilə istənilən qədər bəraət
qazandıra bilər. Ancaq onun rədd edilməsi bəzən hiddət doğurur.
“Səmada eyni anda iki ay görəndən bəri və hava düz atasının
sanatoriyadakı çarpayısında burulub baramaya çevrilən dəqiqədən
Tenqonu heç nə təəccübləndirə bilmirdi”.
“Mən dəqiq bilirdim ki, sevirəm”
Ən incə səhnələrdən
bəziləri – məsələn, Aomamenin rəğbət bəslədiyi Tenqo ilə ölüm
ayağında olan atası (atasını sevmək onun üçün o qədər çətin idi
ki...) arasındakı səhnə - əsas süjet xəttini kəsib keçir.
Murakaminin personajlarının əksəriyyətinin uşaqlığı xoş keçməyib və
bu onun dediyi kimi, təsadüfi deyil – yazıçının özü isə, demək olar
ki, qayğısız böyüyüb. Daha sonra o, deyir: “Mənə elə gəlirdi ki,
bəzən mən öz xoşbəxliyimdən sui-istifadə edirəm. Valideynlərim ümid
edirdilər ki, uşaqları da eynilə onlar kimi olacaq; mən isə elə
olmadım”.
Yazıçı gülümsəyir. “Onlar gözləyirdilər ki, mən məktəbdən yaxşı
qiymətlər gətirəcəyəm, mən isə buna əhəmyyət vermirdim. Mən yalnız
ürəyim istəyən işi görmək istəyirdim. Mən çox ardıcıl adamam. Onlar
istəyirdilər ki, yaxşı məktəbə dasxil olum, sonra isə Mitsubishi və
ya digər bir nüfuzli şirkətdə işə düzəlim. Mən isə bunun üçün heç
tükümü də tərpətmirdim.Yalnız müstəqilliyə can atırdım. Odur ki,
caz-klub açdım və hələ tələbə ikən evləndim. Valideynlərim özlərini
çox bədbəxt hiss edirdilər”.
Bu özünü nədə büruzə verirdi?
“Onlar sadəcə, məndən ümidlərini kəsmişdilər. Valideynlərinin belə bir ruh düşkünlüyünə səbəb olmaq övlad üçün çox ağırdır. Fikrimcə, onlar çox mülayim insanlardır, ancaq hər halda... Bu, mənim üçün zərbə idi. İndiyədək bu hiss məni tərk etməyib. Mən onlar üçün yaxşı oğul olmaq istərdim, ancaq bacarmadım, sadəcə, bacarmadım”.
Bəs onda istədiyi kimi yaşamaq üçün gücü, inamı hardan alıb?
“Güc, inam? Yeniyetmə bir gəncdəmi? Sadəcə, nəyi sevdiyimi, nə istədiyimi bilirdim. Mütaliəni, musiqini, pişikləri sevirdim. Bax, bu üçünü. Və hətta nəzərə alsaq ki, mən hələ yalnız uşaq idim, təkcə sevdiyimi bildiyim üçün xoşbəxt ola bilərdim. Bu üç həvəsim uşaqlığımdan bugünədək dəyişməyib... Bu da sizə inam, güc. Əgər sevdiyinizi bilmirsinizsə, batdınız”.
Yazmaq kimi qaçmaq
Dediyi kimi,
prioritetləri çox sadədir. Məsələn, o, nə qədər pulu olduğunu
bilmir.
“Bilirsiniz, əgər az-çox imkanınız varsa, bunun ən yaxşı tərəfi
odur ki, pul haqqında fikirləşməyə bilərsiniz. Bunun müqabilində
azadlıq və vaxt da qazanırsınızsa, bu, lap əla olar. Mən heç
bilmirəm nə qədər pulum var. Ümumiyyətlə, heç bilmirəm nə qədər
vergi ödəyirəm. Heç vergilər barədə düşünmək də istəmirəm.
Mühasibim var və bütün bu işlərlə arvadım məşul olur. Onlar məni
belə işlərlə yükləmirlər. Mən sadəcə işləyirəm”.
Görünür, həyat yoldaşına etibarı sonsuzdur!
“Biz qırx il əvvəl evlənmişik. Və o, hələ də mənim dostumdur. Biz həmişə fikirlərimizi bölüşürük. O mənə çox kömək edir. Kitablar barədə məsləhətlər verir. Mən onun fikirlərinə həmişə hörmətlə yanaşıram. Biz hərdən küsüşürük də – bəzən onun mövqeyi o qədər də uzaqgörən olmur. Hə, hərdən belə də olur”.
Murakamini yalnız bir fikir narahat edir: inanmaq istəyir ki, valideynlərini uğurli romançı kimi sevindirə bilib. Ancaq bəzən buna şübhə də edir. Təskinlik tapacaq yeri də var. O, Havayya qaçışçılar klubunun üzvüdür, həm də öz qrupunda hamıdan yaşlıdır. Murakami hər gün yazdığı kimi də qaçır. Ardıcıllıq, məntiqiliq - hamısı bu qədər. “Mən kitab oxumağı sevirəm. Musiqi dinləmək xoşuma gəlir. Musiqi diskləri toplayıram. Və bir də pişikləri. İndi bir dənə də olsun pişiyim yoxdur, ancaq gəzməyə çıxıramsa və pişik görürəmsə, mən xoşbəxtəm”.
(Həftəlik elektron qəzet Wikers
Weekly, № 1)
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI