Yazarlar
"Bütün sevgilər öləcək" – Aqşin Yeniseyin təzə şeiri
Günahın cazibəsi
Şüurun səhrasında azmış kor yolçu,
Bu ölümdür - əzabların gizlində qabıq dəyişməsi
Yeni mövsümdür – budur, yeni libasdadır köhnə əzablar
Yoxdur daha ağrının qəzəbli suallarına
Qorxunun verdiyi miskin cavablar.
Burda heç kim başqasının deyil, hamı,
Özünündür... özünündür.
Bu ölümdür!
Ay batan günəşin ahı kimi qalxdı qədim dağların köksündən
Və sən,
Şüurun səhrasında azmış kor yolçu,
Həyatda yapışacaq daha heç nə yox ikən
Nədən birdən-birə çoxaldı əllərin?
Yalvardı, ayaqlara yıxıldı, divarlara yaxıldı,
Barmaq-barmaq əzildi, dırnaq-dırnaq yox oldu əllərin.
İndi səni kim göməcək zamanın sazağında
buxarlanıb quma dönən daşlara
Son tikəni kim atacaq bir vaxtlar qaraltına hürən itlərə,
Başını qanadının altına soxub
tək ayaq üstə mürgüləyən quşlara?
Bütün sevgilər öləcək qoşulub ümidlərə.
Şüurun səhrasında azmış kor yolçu,
Xəstəlik xurafatdır, guya, ölüm hökmünü yüngülləşdirən cəzadır
Ya da Tanrıya gedən yolda insanın törətdiyi qəzadır.
Xəstəlik ölümə qarşı bədəndə baş qaldıran üsyandır.
Necə ki, ayrılıq ağrısı sevgi hissini ölməyə qoymur.
Xəstəlik yaşanmaqdan yorulmuş ömrün
Dincini aldığı ağrılı andır.
Necə ki, ayrılıqlar olmayanda sevgilər tez yorulur.
Xəstəlik ayaq izləri kimi
həmişə insandan geridə qalan zamandır.
Necə ki, unudulmuş qadınlar bir kişi sevgisinin
ot basmış ləpirləridir.
Şüurun səhrasında azmış kor yolçu,
Mənim də sənin sayaq
İllərdir yadımdan çıxıbmış yaşamaq
İllərdir üstümdə gəzdirirmişəm öz-özünə əl çalan bədənimi
İllərdir səni gözləyirmişəm
Divarda gələcək zamanı gözləyən yatmış, qədim saat kimi.
Əllərinin arxasınca düşüb gedən
Şüurun səhrasında azmış kor yolcu,
Axır ki, sən də vətəninə qayıtdın
heç kimin heç kimi görmədiyi,
Yəni heç kimin doğulmadığı, heç kimin ölmədiyi
küçələrində havadan tuta-tuta yeriyən korlar şəhərinə.
Məni atıb gedənlər də bir-bir geri döndülər.
Elə bil, ilanlar bir zamanlar sancdığı
bədənlərdəki zəhərinə qayıtdı.
Şüurun səhrasında azmış kor yolçu,
Mən indi günahın cazibəsinə həsr olunmuş
qüssə və tövbə dolu bir şerin son misrasıyam...
Tanrının insana əlvidasıyam.
-
Nida Xəbər 15:08Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR
-
İdman12:48Kanadanın tarixi qolunu vuran futbolçunun ilham pərisi - FOTOLAR
-
MDB12:12Ukrayna ordusu Brejnevin nəticəsini əsir götürüb - FOTO
-
Nida Xəbər 11:17Kərim Vəliyev təltif edildi
-
Nida Xəbər 10:44Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu
-
MDB09:12Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
-
Nəqliyyat08:49Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
























.webp)
.jpg)











