Lev Tolstoy : “Məni dini mərasimlə dəfn etməyin...“
Bizi izləyin

Yazarlar

Lev Tolstoy : “Məni dini mərasimlə dəfn etməyin...“

"Yaradıcı insanın taleyi" – II yazı

Anasına bənzəyən dahi

Lev Nikolayeviç Tolstoy 1828-ci il, avqustun 28-də Tula quberiniyasının Yasnaya Polyana malikanəsində zadəgan ailəsində anadan olub. O, ailədə dördüncü uşaq idi. Anası Knyaginya Volkonskaya məşhur zadəgan ailəsindən idi. Tolstoyun iki yaşı olanda anası vəfat edib. Anası öz dövrü üçün mükəmməl hesab edilən təhsilə yiyələnmişdi. İncəsənətin vurğunu olan bu qadın olduqca həssas və mehriban bir insan idi. Lev Tolstoy irsini tədqiq edənlər onun yüksək insani keyfiyyətlərini, bəşəri dəyərlərini irsi yolla anasından əxz etdiyi qənaətindədirlər. 1812-ci ildə baş verən Rusiya-Fransa müharibəsinin iştirakçısı olmuş və 1837-ci ildə vəfat etmiş atası rəhmli, eyni zamanda gülməli bir xarakterə malik insan idi və oxumağı çox sevirdi. Anası dünyasını dəyişəndən sonra ikiyaşlı Lev və ailənin digər üzvlərinin tərbiyəsi ilə Tolstoylar ailəsinin uzaq qohumu T.A.Yerqolskaya məşğul olub. Anadan yetim qalan Tolstoy iki yaşından bütün mehrini xanım Yerqolskayaya salmış və ona ruhən bağlanmışdı. Sonralar Lev Tolstoy Yerqolskaya haqqında belə yazmışdı: "O, mənə sevgi və məhəbbətin ruhi ləzzətini dadmağı öyrətdi".

Yarımçıq şərqşünas, dərsdən bezən hüquqşünas

Yazıçı uşaqlıqda keçirdiyi məhəbbət dolu həyatını, zadəgan uşaqlarına məxsus olan ailə ənənələrini "Uşaqlıq" adlı povestində xüsusi bir sevgi ilə tərənnüm edib. Lev Tolstoyun 13 yaşı olanda ailə Tatarıstanın Kazan şəhərinə, uşaqların rəsmi himayəsi ilə məşğul olan yaxın qohumları P.İ.Yuşkovanın yanına köçdü. Bundan 3 il sonra, 1844-cü ildə Tolstoy Kazan Universitetinin Şərq dilləri fakültəsinə qəbul olundu. Sonra isə hüquq təhsili almaq arzusuna düşərək fakültəsini dəyişdirdi. Amma o burada cəmi iki il oxuya bildi. Çünki hüquq fakültəsində dərslər cansıxıcı keçirdi və bu sonda Tolstoyu bezdirdi. Onu tərbiyə aldığı zadəgan ailəsi mühitinin təsiri altında daha çox elitaya xas olan əyləncələr maraqlandırırdı. Ona görə də o, 1847-ci ildə xəstə olduğunu bəhanə gətirərək Yasnaya Polyanadakı malikanələrinə qayıtdı. Amma Tolstoy özünə söz vermişdi ki, ekstern yolu ilə imtahan verərək hüquq təhsili alacaq. Eyni zamanda o, Yasnaya Polyanada tibbi, kənd təsərrüfatını, xarici dillərdən birini öyrənmək, dissertasiya yazmaq, təsviri incəsənətdə və musiqidə biliklərini təkmilləşdirmək niyyətində idi.

Çılğın gənclik

Tolstoyun Yasnaya Polyanada keçirdiyi ilk yay istirahəti ürəyincə olmadı. O, Yasnaya Polyanada darıxırdı və özünün dediyi kimi, təbiətin sirlərini, tibbi, kənd təsərrüfatını öyrənməyə həvəsi heç yox idi. O, bununla bağlı keçirdiyi cansıxıcı həyatı 1857-ci ildə yazdığı "Mülkədarın səhəri" povestində geniş təsvir edib. Bu cansıxıcı həyatdan yaxa qurtarmaq üçün 1847-ci ilin payızında, əvvəlcə, Moskvaya, sonra isə Peterburqa getdi.

Burada gah gecə-gündüz bilmədən imtahanlara hazırlaşır, gah da günlərini eyş-işrətdə keçirirdi. Tolstoy tez-tez fikrini dəyişirdi; atlı qvardiya məktəbində ali təhsil almaq, məmur olmaq, dini öyrənmək istəyirdi. Bəzən də onu qaraçı həyatı cəlb etdiyindən onların yanına gedərək məişətləri, yaşayış tərzləri ilə yaxından tanış olurdu. Ailədə isə onun bu hərəkətlərini keçici bir hiss kimi dəyərləndirirdilər. Həmin dövrdə Tolstoyu tay-tuşlarından fərqləndirən bir xüsusiyyət vardı. O, öz həyat tərzi, baş verən hadisələr barədə gündəliyində xüsusi qeydlər edirdi. Sonralar bu qeydlər onun yazdığı bədii əsərlərinin əsas süjet xətlərindən birini təşkil etdi.

Müharibə və ədəbiyyat

1851-ci ildə Tolstoyun həyatında onun gələcək taleyində önəmli rol oynayacaq bir hadisə baş verdi. Tolstoyun böyük qardaşı, orduda zabit rütbəsində xidmət edən Nikolay ona hərbçilərlə birgə Qafqaza getməyi təklif etdi. Lev Tolstoy qardaşının bu təklifini qəbul etdi və onunla birlikdə döyüşən ordu tərkibində könüllü əsgər kimi 3 il ərzində Terek çayının sahilindəki kazak stansiyasında xidmət etməyə başladı. Bir il sonra Tolstoy zabit kimi hərbi xidmətə qəbul edildi. O, Qafqaz uğrunda gedən döyüşlərdə iştirak etdi. Qafqaz həyatı Tolstoyun dünyagörüşünün formalaşmasında və onun həyata baxışlarının dəyişməsində böyük rol oynadı. Qafqaz həyatı Tolstoyun ədəbi yaradıcılığının daha da çiçəklənməsinə, yazıçı kimi məşhurlaşmasına yol açaraq, ona yeni bədii əsərlərin mövzusunu verdi. Bunun da nəticəsində Tolstoy bir-birinin ardınca "Kazaklar" (1852-1853) povestini, "Basqın" (1853) və "Meşənin qırılması" (1855) adlı hekayələr məcmuəsini yazdı. Amma Qafqaz həyatı sonralar da onun bədii yaradıcılığına müxtəlif formalarda təsir göstərdi. Buna misal kimi, Tolstoyun 1896-1904-cü ildə yazdığı və vəfatından sonra 1912-ci ildə nəşr olunan "Hacı Murad" povestini göstərə bilərik. Qafqazdan Rusiyaya qayıdandan sonra Tolstoy gündəliyində belə yazmışdı:

"Mən bu vəhşi ölkəni çox sevirəm. Çünki burada bir-birinə əks olan iki amil - müharibə və azadlıq poetik şəkildə bir-birini tamamlayır".

Tolstoy hələ Qafqazda ikən yazdığı "Uşaqlıq" povestini "Sovremennik" jurnalına göndərdi. Povest jurnalda L.N. imzası ilə dərc olundu. 1852-54-cü illərdə yazdığı "Otreçestvo"(üz döndərmə) və "Gənclik" (1855-57) povestləri də "Sovremennik"də dərc olundu və yazıçıya böyük uğur gətirdi. Adı çəkilən hər üç əsərdə müəllif özünün uşaqlıq illərini təsvir edib. 1854-cü ildə Tolstoyu xidmət etmək üçün Buxarestdəki Dunay ordusuna göndərdilər. Burda olduğu müddətdə döyüşlərdə xüsusi şücaət göstərdi və onu "Müqəddəs Anna" ordeni ilə təltif etdilər.

Rus maarifçisi

Krımda Tolstoy əsgərlər üçün jurnal nəşr etmək fikrinə düşmüşdü. Krım həyatı Tolstoy tərəfindən "Sevastopol hekayələri"nin qələmə alınmasına gətirib çıxardı. Onun yazdığı "Sevastopol dekabr ayında" oçerki hətta çar II Aleksandrın da diqqətini cəlb etmişdi. Tolstoyun ilk əsərlərini tanınmış tənqidçilər, o cümlədən N.Q.Çernışevski "ruhun dialektikası" adlandırmış və müəllifin cəsarətlə hadisələrin psixoloji analizini verməsini və onu ön planda təsvir etməsini alqışlamışdı.1856-cı ildə hərbi xidmətdən istefaya buraxılan

Tolstoy yenidən doğma malikanəsinə - Yasnaya Polyanaya qayıtdı. Amma o burada da çox qalmadı. 1857-ci ildə Tolstoy xaricə getdi - Fransa, İtaliya, İsveçrə və Almaniyada oldu. İsveçrə həyatı ona çox təsir etdi və bu ölkə haqqında "Lyutsern" adlı hekayə yazdı. Xarici ölkələrə səfərini başa vurduqdan sonra Tolstoy Moskvaya, oradan da yenidən Yasnaya Polyanaya döndü. 1859-cu ildə maarifpərvər yazıçı Yasnaya Polyana və onun ətrafında təhkimçi kəndli uşaqları üçün 20 məktəb açdı. Bu xeyirxah əməl onun Rusiyadakı şöhrətini daha da artırdı.

"Hərb və sülh", "Anna Karenina"

Tolstoyun iki böyük romanından söhbət açmaq yerinə düşər. hansı ki, bu romanlar onu bütün dünyada məhşurlaşdırıb. 1862-ci ilin sentyabr ayında Tolstoy Moskvada tanış oduğu 18 yaşlı Sofya Andreyevna Bers ilə ailə həyatı qurdu. Evləndikdən sonra bir il, demək olar ki, heç nə yazmadı. Amma 1863-cü ildə yeni həvəslə yaradıcılıqla məşğul olmağa başladı. O, sonralar "Hərb və sülh" adı ilə məşhur olan "1805-ci il" romanını məhz bu dövrdə yazmağa başlayıb. Arxivlərdə gərgin araşdırma aparan, eyni zamanda o dövrün müharibə iştirakçıları, şahidləri ilə tanış olan yazıçı, həmçinin Baradino çüölündə də olub. Roman çap olunan kimi oxucuların diqqətini cəlb elədi və jurnal əldən-ələ gəzdi. Çünki romanda o dövrün acı reallıqları, insanların psixoloji durumları, həyata baxışları olduqca canlı şəkildə təsvir edilmişdi. Romanın dili çox oxunaqlı idi. Müəllif həmin dövrdə rus ziyalılarının, hərbçilərinin, ali elitanın, həm də aşağı təbəqənin müharibə ilə bağlı suallarına cavab tapmaq istəyirdi. Bir sözlə "Hərb və sülh" romanı Tolstoya dünya şöhrəti gətirdi.

1870-ci ildə Tolstoy dogma malikanəsində kəndli uşaqlarını yeni metodla oxutmaqla məşğul idi. Bəziləri düşünürdü ki, o daha heç nə yazmayacaq. Amma yazıçı növbəti psixoloji romanını- "Anna Karenina"nı yazırdı. Tolstoy bu romanda rus ziyalısının XIX əsrin 70-80-ci illərində keçirdiyi ruhi-psixoloji böhranı ustalıqla verib. F.Dostoyevski "Anna Karenina" romanını rus reallığını əks etdirən bir ayna adlandırdı. Roman dünyanın 150-dən çox dilinə tərcümə edilib.

Stansiyada ölən zadəgan

Onun həyatındakı ən böyük dönüş, rus kilsəsinin onu dindən kənar etməsindən sonra başlayır. Həyatın reallıqları, ruhanilərin dindən öz məqsədləri üçün olduqca çirkin şəkildə istifadə etmələri, insanların kilsələrə gedərək tövbə etdiklərini, ancaq oradan çıxdıqdan sonra yenidən heyvani hisslərlə yaşamaları 80 yaşlı Tolstoya ağır təsir edirdi. Psixoloji olaraq çox böyük gərginlik keçirirdi. Dünya malının boş bir şey olduğunu bütün varlığı ilə anlayan Tolstoy şəxsi malikanələrindən əl çəkmək və onları yoxsullar arasında bölüşdürmək fikrinə düşmüşdü. Xeyli təpkilərlə rastlaşmasına baxmayaraq Tolstoy şəxsi mülkiyyətdən əl çəkmək barədə qərar qəbul etdi. Bu isə ailə daxilində böyük narazılıqlara səbəb oldu. Ailədə Tolstoyun artıq ağlını itirdiyi qənaətində idilər və onu həkimə göstərmək, müalicə etdirmək istəyirdilər. Lakin Tolstoy onların bu iradlarını rədd edərək, var-dövlətin insanlara mənəvi və ruhi rahatlıq gətirmədiyini, ətrafındakıların boğaza kimi çirkab içində olduğunu söyləyərək, çıxış yolunu Allaha bütün varlıqları ilə bağlanmalarında, Allahın insanları sevdiyi kimi, insanların da uca Yaradanı saf və təmənnasız sevməsində, pisliklərdən əl çəkməsində gördüyünü söylədi. Amma artıq dünya şöhrətli ədibi öz ailəsində belə, başa düşmək istəmir və onun hər addımını, dediyi hər sözü əsəbiliklə qarşılayırdılar. Bütün bunlar Tolstoyun ağır sarsıntılar keçirməsi ilə müşayiət olunurdu. Belə bir vəziyyət isə uzun müddət davam edə bilməzdi. Elə də oldu. Artıq ailə üzvləri ilə bir yerdə yaşamağın mümkün olmadığını görən Tolstoy 1910-cu il, oktyabr ayının 28-də (köhnə rus təqvimi ilə noyabrın 10-da) gecə gizlicə Yasnaya Polyananı tərk etdi. O, həyatının son dövrlərini təkbaşına və özü istədiyi kimi yaşamaq istəyirdi. Bəzi məlumatlara görə, Tolstoy Krıma, oradan isə Yunanıstan və ya Bolqarıstana getmək istəyirdi. Lakin Tolstoya bu səfəri başa vurmaq nəsib olmadı. Bu yolçuluq daha çox ölümünü axtaran adamın öz ölümünə doğru getməsini xatırladırdı. Tolstoy son illərdə ruhi sarsıntılar keçirdiyindən fiziki cəhətdən çox zəifləmişdi. Bu da onun tez-tez xəstələnməsinə səbəb olurdu. Nəticədə Tolstoy yolda xəstələndi və vəziyyəti get-gedə ağırlaşmağa başladı. Buna görə də həkimi Makovitskinin təklifi ilə səfərini yarımçıq saxlamağa məcbur oldu. Tolstoy və onu müşayiət edən şəxsi həkimi Astapovo stansiyasında (indiki Lev Tolstoy, Lipetsk vilayəti) qatardan düşdülər. Amma gedəcəkləri yerləri yox idi. Xəstə Tolstoy ilə geriyə Yasnaya Polyanaya qayıtmaq isə mümkün deyildi. Onları bu vəziyyətdən yerli stansiyanın rəisi İ.İ.Ozolin qurtardı. O, xəstə Tolstoyu öz evinə dəvət edərək, ona xüsusi xidmət göstərməyə başladı. Tolstoy ömrünün son 7 gününü stansiya rəisinin evində keçirdi. 1910-cu il, noyabr ayının 7-də ( köhnə təqvimlə 20-də) Rusiya həyatının aynası hesab edilən böyük yazıçı 82 yaşında həyata göz yumdu. Tolstoyu keşiş və dini mərasim olmadan dəfn etmişdilər. Çünki ölümündən 9-10 il əvvəl kilsə onu dinsiz elan etmişdi. Lev Tolstoy hələ 1895-ci ildə öz gündəliyində yazmışdı: "Mümkünsə, məni dini mərasimlə dəfn etməyin. Bu mümkün olmasa, onda məni istədiyiniz kimi olduqca sadə şəkildə dəfn edin".

İstifadə olunan mənbələr: 1. http://www.turkcebilgi.com/ansiklopedi/lev_nikolayevi%C3%A7_tolstoy

2. Azərbaycan Sovet Ensiklopediyası- B. 1986.

3. Aslan Məmmədli, "Tolstoy haqqında söz"

Hazırladı: Cəlil CAVANŞİR

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm