Yazarlar
Fərqliliyin öldürülməsi
Ən qəribəsi isə odur ki, emo və ya homoseksual kimi qələmə verilib öldürülmək üçün cinsinin bir az dar, geyim üslubunun bir az fərqli, saçlarının isə bir az uzun olması kifayət imiş. Yəni kütlədən bir az fərqlənirsənsə - ölüm hökmün hazırdır.
Bu İraq cəmiyyətinin xəstəliyinin göstəricisidir. Bəs biz
necəyik?
Təxminən 10-12 il bundan əvvəlin söhbətidir. Bakı ətrafı
qəsəbələrdən birində, indi məhv edilmiş mədəniyyət simvollarından
biri olan elektrik qatarları keçən stansiyada, perrondaydım. Uzun
saçlı bir türk tələbə də elektrik qatarı gözləyənlərin arasında
idi. O aralarda perrondan keçən bir qrup qəsəbə uşağı ona söz
atmağa başladı. Elə o ərəfələrdə qatar yaxınlaşdı, qapılar açıldı,
türk girdi vaqona. Türk girən kimi qəsəbə uşaqlarından biri tez
vaqonun içinə girdi, türkə bir şillə vurub, söyüş söyüb aşağı,
perrona düşdü. Qapılar bağlandı. Qatar getdi. (Bu arada, bizim
qaqaşların adamı vurma taktikasına da diqqət etdiniz yəqin.)
Doğrusu, elə bilirdim cəmiyyət olaraq bu problemi həll etmişik.
Amma elə bir neçə gün əvvəl gitaraçı dostumla metroya girirdik,
turniketlərdən sonra paltar-çanta satan dükancıqların qabağındakı
qızıldişli oğlanların atmacalarını eşitdik: “Barış Mançoya bax,
hahahaha..”
Hər iki əhvalatdan məlum olur ki, fərqliliyə nifrət elə
bizimkilərin də şüurunda var. Sadəcə, iraqlılar qədər mənfi rezuslu
cəsarətləri çatmır. Yoxsa harada özlərindən fərqli insan varsa
hamısını öldürüb, sonra rahatlaşarlar.
Sovetlər dağılan ərəfədə bir şüar yaman dəbdə idi: “Özünə qayıt,
türk oğlu! Sən özünə qayıdanda böyük olursan!” Deyirdilər, guya bu,
Orxon-Yenisey kitabələrində yazılıb. (Sonra o kitabələrdəki yazılar
cəmlənmiş kitabları dəfələrlə oxumağıma baxmayaraq, yuxardakı şüarı
orada tapmadım.) İndi məlum olur ki, bu şüarın həm də insanları
arxaikliyə, ibtidailiyə səsləmə gücü varmış. Bu şüarlarla böyüyən
Azərbaycan türklərinin bəziləri böyük olmaq üçün “özlərinə”
qayıtdılar və özləri kimi olmayanları elektrik qatarında
şillələməyə başladılar.
İnsanın kimisə döyməsi, öldürməsinin arxasında qorxu dayanır.
Kiminsə onu öldürəcəyindən qorxduğu üçün o kimsəni öldürür. Ya da
biri o birinə söyüş söyür, söyülən isə məhz “peysər”
adlandırılmaqdan qorxduğu üçün davaya girişir. Yoxsa təhlükə hiss
etməsə, heç kim heç kimi öldürməz, ya da döyməz.
Fərqliləri döyənlər, öldürənlər də o fərqlilikdən qorxanlardı.
Onlar başa düşürlər ki, bu fərqliliklə rəqabətə girə bilməyəcəklər.
Təmiz, müasir geyimli insanla çirkli, ibtidai paltar geyimli insan
necə rəqabətə girə bilər? Cins geyinmiş insan bu rəqabət zamanı
özünə arxayındır. Onun cinsinin, saç düzümünün arxasında bu gün
ekranlarda göstərilən yüzlərlə film, oxunulan yüzlərlə kitab
dayanıb. O birinin arxasında nə dayanıb axı? Rəvayətlər,
əhvalatlar, yol kənarındakı qədim karvansaranın xarabalıqları və
s.
O uzunsaç türkü şillələyən qəsəbə uşaqlarının beyninin arxasında
peyin, yaba, qoyun-quzu dayanıb. Onlar öz mədəniyyətlərinin,
sivilizasiyalarının gücsüzlüyün hiss edirlər. Məhvə getdiklərini
duyurlar, ona görə uzun saçla, top saqqalla, fərqli geyimlə
mübarizə aparırlar.
Bunların əsas səbəblərindən biri də dünya standartlarına uyğun
gəlməyən təhsildir. Gənclərin tolerant tərbiyə edilməsi üçün bizim
təhsil sistemimiz nə edib? Bax, bunu bilmirəm. Amma bir şeyi
bilirəm ki, əsgərlikdə olanda ölkədəki təhsillə bağlı reallığı
aydın dərk etdim. Neçə-neçə gənc yazı yazmağı, oxumağı bilmirdi.
Orduya getməmişdəm əvvəl mat qalırdım ki, niyə orada “piser”
(mirzə) olmaq avantajlı məsələ sayılır. Getdim, məsələni başa
düşdüm. Yazıb-pozmağı bilən adam qəhət imiş, sən demə...
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
Qarabağ 10:45
Şəxsi maşınla Laçına da getmək mümkün olacaq - RƏSMİ
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı