Xanəmir Telmanoğlu: “Onsuz ləyaqət hissimi itirmiş kimiyəm” - BEŞMƏRTƏBƏ
Bizi izləyin

Yazarlar

Xanəmir Telmanoğlu: “Onsuz ləyaqət hissimi itirmiş kimiyəm” - BEŞMƏRTƏBƏ

Hər dəfə layihə iştirakçısı 5 suala 5 versiyada cavab verir. Şərtə görə, cavabda "hə" və ya "yox" variantlarından biri seçilməli, üstəlik, ona bir cümələlik izah əlavə olunmalıdır.

Layihənin növbəti qonağı şair Xanəmir Telmanoğludur.

Dəyişmək istərdinizmi?

1. İllərin sürətini...

- Yox. Birdən qabağa keçib “qəza halı” yaradar, nə bilim Qarabağı-zadı yenidən şəlləyər məsuliyyətimizə...

2. Çevrənizi...

- Yox. Öz işimi qoyub da, Tanrının yerinə işləyəsi deyiləm.

3. Adınızı...

- Yox. Bir qaraltını sadəcə hərdən səsləməyə yarayan 3 hecanın, 7 səsin olub-olmaması, axıb gedən bu sonsuz zaman, bu fani dünyanın fonunda o qədər də önəm kəsb etmir.

4. Yaşınızı...

- Yox. 40 rəqəminin mifindən və metafizik işartısından həzz alıram.

5. Bədəninizi...

- Yox. Bu ölçümlə dünyanın ölçüsünü uyğun bilir, bu cahan mülkünü büründüyüm ətlə, sümüklə daha anlayışlı qarşılayıram...

Görüşməyi arzulardınızmı?

1. Yadplanetlilərlə...

- Yox... O yaramazların məni neft buruğu şəklində görüb qanımı sorub ingilisə sata biləcəklərindən qorxuram.

2. İlk sevginizlə (ilk sevdiyinizlə)...

- Yox. Sonuncu sevəcəyimlə daha maraqlı olardı.

3. Məhəmməd Füzuli ilə...

- Yox. Baş-beynini apararam, yazıqdı.

4. Vanqa nənə ilə...

- Yox. Nənəmin qısqanc ruhunun tənələrinə tab gətirə bilmərəm...

5. İlk insan olan Adəmlə...

- Yox. Onsuz da o kişi də bu sualları cavablamağımda “qədim-qayım” , “ilk” formasında iştrak edir də.

Darıxırsızmı?

1. Uşaqlığınız üçün...

- Yox. Gərək gedəm kəndimizdəki köhnə qəbirlərin koğuşuna, selabına, çala-çuxuruna girib ölmək istəyəm.

2. Uzaq bir yer üçün...

- Hə. Getdiyim kənar yerlərdə atamla anamın gənclik illərindəki surətləri gözümə təpilir nədənsə.

3. Dünyasını dəyişmiş kimsədən ötrü...

- Yox... Təzə-təzə isinişdikləri yerlərinə “soyuq” ötürmək düzgünlüyüm deyil.

4. Gələcəyi gözləməkdən...

- Yox. Bir an sonrakı vaxtın da ömrümə əlavə edilmə şansına sadəcə duam ola bilər.

5. Bəzən səbəbsiz...

- Yox. Kişi işi deyil...

Oxuya bilirsizmi?

1. Hər gün kitab...

- Hə. Onsuz ləyaqət hissimi itirmiş kimiyəm.

2. Hər səhər qəzet...

- Yox. Bəzən qəzetlər siqaret çəkməyimi, çay içməyimi, gəzintimi əvəz edir.

3. Elektron material...

- Hə. Bu gerçəkliyə düşmən kəsilməklə əlavə yükə çevrilərdi.

4. Mahnı...

- Hə. Daxili ritmlərimi tutub bəzən yazılarıma "oksigen" qazandırmağı sevirəm.

5. İnsanları üzündən...

- Hə. Allahın saysız-hesabsız ən canlı kitablarını oxuma səriştəsini itirmişləri sevə bilmirəm.

İnanırsızmı?

1. Sevdiyinizə yüz faiz...

- Yox. Sevginin faizi deyil, sayğı və hörmət halları daha çox kimliyimə özgürlük bəxç edir.

2. Bəşəriyyətin xoşbəxt gələcəyinə...

- Yox. Bəşəriyyətin gələcəyi olub-keçib.

3. Allaha...

- Yox. Çünki mən ondayam, o mənəm.

4. İlk dəfə rastlaşdığınız adamın vədlərinə...

- Yox. Vəd verənlərin ilk cümləsindən sonra öz qafamadakı və içimdəki Xanəmir məni "o vədlər məkanından“ uzaqlaşdırır.

5. “Siz hamıdan yaxşı adamsınız” sözünə...

- Yox. Yaxşı sözü istənilən cümlələrdə bitmişlik, dolğunluq, tamlıq ehtimalı mənəviyyat dışıdır.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm