Yazarlar
“Bir az”dan “gələcəyəm”, Vaqif müəllim...
Bu yazı başdan-ayağa onun şeirlərindən sitatlarlardan ibarət ola bilərdi. Amma sitatlar o qədər çoxdur ki. Bilmirsən hansından başlayıb, hansında dayanasan...
Yadına öz xatirələrini salmaq istəyirsən. Yadına salırsan ki, heç vaxt ondan müsahibə almamısan. Amma...
Son dəfə özü mənə yazmışdı. Gecənin bir aləmində. “Facebook”da. İngilis şriftləri ilə. Ya sonuncu hərf sözünə baxmamışdı, ya da kompüter siçanı. “Rabiq” alınmışdı. Rəbiq – yəni dost. Adamın həmişə dosta ehtiyacı olur, xüsusən ağır anlarda. Xüsusən ağrılı anlarda...
“Necəsiz” soruşmuşdum. Bilirdim, ən axmaq, ən mənasız sual idi. Amma bilirdim ki, indi bunu soruşmamaq olmaz. Birdən... Axı birdən... Yaxşı cavab da verə bilərdi axı. Vəziyyəti yaxşı ola bilərdi, məsələn. Ya elə yumoru kömək olardı, söhbətin məcrası dəyişərdi, gülərdim, o da gülümsəyərdi.
Amma vəziyyət çox ciddi idi. Cavabı çox ağırdı: “Necə olacağam, görmürsən, yaza da bilmirəm...Bayaq gördüm, bir şeirimlə maraqlanmısan. Gələcəyəm rədifli...”
Hə, bayaq sitat deyirdim axı, şeir özü gəldi çıxdı. Özü yadıma saldı, indi – dünyamızı yenicə tərk etdiyi vaxtda... Onda da axtardığım şeiri dostlar tapıb göndərmişdilər şairdən əvvəl. Sevinmişdi: “Şükür, mənim də yazmağa heyim yoxdur... Necəsən? Yaxşı ol, buna haqqın da, vaxtın da var”.
Bilirdi ki, özünün vaxtı qalmayıb, daha doğrusu, bilmirdi nə qədər qalıb. Ən ağırı da bu idi...
O xəstələnəndən sonra əsasən “Facebook”da danışırdıq. "İnbox"da, şərhlərdə. Az-az şərh yazırdı, amma aydın məsələdir də, o yazandan sonra söhbət bağlanırdı, yalnız “bəyəndim” bildirişləri gəlirdi. Statusa yox, şərhə... Diqqət göstərirdi, qayğı göstərirdi...
Onun şeirləri ilə böyümüşəm, bu şeirlər o qədər doğma idi ki,
mütləq bu və ya digər şəkildə təsirini göstərirdi. Mətnlərimə də.
Bir dəfə çox qəribə bir şey oldu, səhv etmirəmsə, “Gündəlik
teleqraf” üçün bir silsilə şeir vermişdim, az sonra mənə “525-ci
qəzet”in redaktoru Yusif Rzayev yazdı: “Nənə, o şeirlərdən biri
Vaqif müəllimin şeirinə həddən artıq bənzəyir”. Baxdım. Bənzəyir
nədi? Eyni idi. Az qala eyni idi. Nə vaxtsa oxumuşam, beynimdə
qalıb və bir gün vərəqə köçüb – özümünkü kimi...
Məsələni özünə deyəndə gülüşmüşdük, alicənabcasına “bir şeir nədi ki, bütün yaradıcılığım sənə qurbandır” demişdi. Bilmirdi ki, qurban mənəm bu situasiyada - onun şeirlərinin qurbanı...
Hərdən düşünürəm ki, ədəbiyyat bütün həyatımı məhv edib, ədəbiyyat mənim üçün onun şeirləri idi. Mən həm də onun şeirlərinin əsəriyəm – qəlbimlə, ruhumla, xarakterimlə...
Hə, onun bütün şeirləri özümün idi, hətta “elə bil” sığortalanması qoymadan and içə bilərdim ki, hamısını mən yazmışam. Bircə... sonuncu şeirindən başqa...
O şeirdə ağrıdan yuxarı nəsə vardı, mən o ağrıdan aşağıdayam
axı...
O şeirdə deyirdi ki, bir az ağrısız yatmaq istəyirəm. Ağrısız
yatmağa getdi, “bir az” kəlməsi isə, görünür, bizə ünvanlanmışdı,
bir azdan biz də orada olacağıq. Allahın zaman ölçüsü ilə - bir
azdan...
Başqa bilmirəm nə yazım, bilmirəm və buna görə də qırıq-qırıq
fikirlərimi onun bütöv şeiri ilə bitirirəm...
İlahi,
Yatağın nə sağında
Nə solunda,
Nə bir gözəlin qolunda
Yatmaq istəmirəm.
İlahi,
Nə söyüd kölgəsində,
Nə dünyanın ən azad ölkəsində
Yatmaq istəmirəm.
İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm...
Rəbiqə
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi