Yazarlar
Həyatın çəkilməyən fotosu
Əlimdə bir neçə şəkil tutmuşam. Burda təsvir edilənlər çoxdan, qədimdən insanın keçirdiyi hisslərlə bütövləşib. Uzaqlıq, yalqızlıq, kasıblıq, insanlıq... kədər, sevinc, həsrət, ümid – bütün bunlar gerçək və hər kəsin anlayacağı bir şəkildir.
Bu şəkildə insanlar var. Hansı ki, onlar bəzən sevincin timsalında, bəzən də kədərin qurbanı olaraq şəkillərdə gülümsəyirlər. Ancaq onların gülümsəməsi, təbəssümü yalnız şəkildədir, yəni, gerçəkdə o sevinc yoxdur.
Həyatın ani bir uzaqlığı şəkillərin əsas özəlliyidir. Mən bunu anladığım üçün həmişə boz, köhnədən qalmış, ucları saralmış şəkillərə baxanda burda hansısa bir hissin yarımçıq qaldığını, haradasa uzaqda ilişdiyini, çata bilmədiyini düşünür və başa düşürəm ki, insanlar şəkillərdə daha çox insan yox, xatirə olaraq qalırlar.
Həyatda çəkilməyən şəkillər çoxdur.
Məsələn, elə o gün mən bir şəkillə üz-üzə qaldım.
Bu şəkildə kasıblıqla kədərin, zənginliklə sevincin qarışıqlığı vardı. Təsvir olunan yer də sanki bu iki şeyi bərabərləşdirmək, həyatın iki xəttini bir nöqtəyə gətirmək üçün xüsusi olaraq seçilmişdi.
Lüks maşının sükanında qadın oturmuşdu və onun gözlərində mənə çoxdandan bəri yad olmuş, uzaqda qalmış bir sevincin tablosu asılmışdı. İşıqforda dayanmış maşın hansısa onu gözləyən bir insana tərəf getməyə hazırlaşırdı.
Yəqin ki, bu qadın onu sevən və həyatını gözəlləşdirən bir kişi üçün bu qədər xoşbəxt görünməyə borclu idi. Ancaq onun süni sevinci qarşılaşdığım bir fəhlənin üzündəki kədərdən bəlli olundu.
Bu qadın zənginliklə əhatə olunsa da, elə bil könlündəki kasıblığı daim üzünə yansıdır və bu gizlətməyə çalışdığı şeydən utanır, hətta ondan usanırdı. Qarşısında dayanmış fəhlə isə bir çörək umuduna belinə yüklənmiş yükü daşımağa çalışır, həm də qadına ötəri olaraq baxırdı.
Qadının üzündəki kədəri bu lüks maşın və geyindiyi bər-bəzəkli geyim də silib yox edə bilmirdi. Sanki qadın da bunu duyur və öz qüssəsini gizlətmək üçün əhatəsində olduğu zənginliyə qapılmaq istəyir, xoşbəxt olduğunu açıq-aşkar büruzə verməyə çalışırdı. Ancaq qadının hal-hazırki zənginliyi heç də onun xoşbəxtliyinə dəlalət etmirdi.
O, bəlkə də hər şeyə sahib olacaq gücdə idi, ancaq isti, doğma xoşbəxtliyə heç vaxt çata bilməyəcəyini bəlkə özü də güzgüdəki kədərli əksindən anlayırdı.
Bu, mənə elə gəlir ki, həyatın çəkilməyən bir fotosu, şəklidir. Bəzən biz şəkillərdən qaçmaq, onları yandırmaq haqqında düşünürük. Əlimizə aldığımız hər hansı bir şəklin doğuracağı xatirə yaşadığımız xoş günü tamamilə korlaya, zədələyə və özündən küsdürməyə vadar edə bilər.
Bu baxımdan şəkillər həmişə xatırlamağı qıt olan adamlar üçün nəzərdə tutulub. Unutmaq, yaddan çıxartmaq şəkillərdə heç vaxt reallaşa bilməyən hisslərdir. Əksinə xatırlamaq və heç vaxt unutdurmamaq şəkillərin əsas özəlliyidir. Hansı ki, bu özəllik çoxlarımız üçün arzuolunmaz, xoşagəlməz nəticələr yarada bilər.
Çəkilməyən şəkillə qarşılaşdığımda burda da hansısa bir hissin yarımçıq qaldığının bir daha şahid oldum. Burda həsrət, intizar hissi yarımıq qalmışdı və onun boşluğunu dolduracaq heç bir hiss yox idi.
Mən çəkilməyən şəkli yaddaşıma köçürüb ordan aralanıram.
İndi isə o şəklə hər gün baxıb bir daha düşünürəm. Düşünürəm ki, şəkillər həm də nəyisə tapmağa, kiminsə kədərini bölüşməyə də yarayır.
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü






















.jpg)















