Yazıçılar böyük yalançılardır
Bizi izləyin

Yazarlar

Yazıçılar böyük yalançılardır

Hekayəni çox çətin janr adlandırırlar. Bu fikirlə tamamilə razıyam. Dünyada, eləcə də Azərbaycanda hekayə ustaları barmaqla sayılacaq qədərdi. Bizim hekayə ustalarımız deyiləndə ağıla ilk olaraq Cəlil Məmmədqulzadə gəlir.

Hekayə və povest janrının ən dəyərli nümunələrini isə rus nəsri yaradıb, bu şübhəsizdir. Platonov, Konstantin Paustovski, Yuri Kazakov, Anton Pavloviç Çexov, Vasili Şukşin, İvan Bunin, Lev Tolstoy, Yuri Trifonov, Astafyev və digər yazıçılar bunun bariz nümunəsi ola bilər. Onların sadə sujetli hekayələri və povestləri çox maraqlı bir təhkiyə ilə yazılıb və oxucular tərəfindən rəğbətlə qarşılanıb. Bəzən elə hesab edirik ki, onların yazdıqları kimi yazmaq çox asandır, ancaq təəssüf ki, belə deyil. Əslində heç təəssüflənməyə belə dəyməz. Çünki hər bir ölkənin öz mətbəxi olduğu kimi, ədəbiyyatı da müxtəlif çeşidli olmalıdır. Burda təkrarlamaq, bənzətmək lazım deyil və bu heç də yaxşı qarşılanmayacaq. Onsuz da rus nəsrini “dadanlar” bilirlər ki, onun tamı nədir. Yəni, başqa xalqın mətbəxini özəlləşdirmək və ya onların metodlarını öyrənib suyunun suyunun suyunu yaratmaq ancaq acı təbəssüm doğura bilər.

Dediyim odur ki, rus nəsri rus nəsridi, fransız nəsri fransız, türk nəsri türk, azərbaycan nəsri azərbaycan, ispan nəsri ispan. Eləcə də poeziyanı da eyni bölgüyə bölmək mümkündür.

Doğrusu, rus nəsri fransız nəsrinin təsiri altında yarandı, ancaq bu çox sürmədi. Ruslar öz yollarını tapdılar və bu fransız nəsrindən tamamilə fərqlənirdi. Ona görə Çexov yarandı.

Yuri Kazakovun hekayələrini oxuyanda hiss elədim ki, yazıçılıq həm də sadəliyin altında böyüklüyü, gerçəkliyi göstərməkdir. Məsələn, Dostoyevkinin sujeti bir az qəliz olduğundan oxucu onun mətninin içində itib batır. Yazıçı o qədər dərinə gedir ki, artıq ordan çıxmaq mümkün deyil. Frans Kafkanı da bura daxil etmək olar. “Çıxmazlıq” vəziyyəti hər iki yazıçının oxucuyla oyunudur. Bu isə onların güclü bir nasir potensialı olduğundan xəbər verir.

Ancaq Yuri Kazakov oxucuları bu yöndə aldatmır. O daha maraqlı bir aldatma ilə oxucuların qarşısına çıxıb. (Hərçənd bu rus nəsrinin görkəmli nümayəndələrindən olan Çexovda, Platonovda və amerikan yazıçısı Hemenqueydə öz əksini tapıb). Belə ki, Yuri Kazakov yazı mətnini sadə dillə qələmə alaraq hekayəsinin də sadə olmasını diqtə edir. Ancaq oxucu bu yalana inanıb hekayəni oxuyanda özü də bilmədən böyük bir kədərin içinə yuvarlandığını görür. Və sonra bu yalanın qurbanına çevrilir, ancaq bunun heç fərqinə varmır.

Amerikan yazıçısı Hemenquey hekayələrində çox vaxt oxucunu özü ilə dartıb aparmaq üçün sujeti maraqlı axarla davam etdirir və oxucu elə zənn edir ki, yəqin ki, hekayədə sonluq fövqəladə bir şey olacaq. Ancaq sona qədər oxuyandan sonra fikirində tutduğu gerçəkləşmir.

Hemenqueyin və Yuri Kazakovun ustalığı da bundandır ki, hər iki yazıçı öz hekayələrində oxucu ilə oyun oynaya bilir. Çox maraqlı cəhət də odur ki, oxucu sona qədər də aldandığının fərqində olmur.

Belə bir fikir var ki, yazıçılar böyük yalançılardır. Bu həqiqətən belədir. Əgər yazıçı da fantaziya, aldatma, uydurma olmasa onun əsəri sənədli bir yazıya bənzəyəcək ya da publisistik materiala çevriləcək.

Nəsrdə mənim fikrimcə, ən çətin məsələ sonluqla başlığı bir-birinə calaşdırmaqdır. Bəzi yazıçılar bu nöqtədə çaş-baş qalırlar. Onların başlıqları ilə sonluqları üst-üstə düşmür, nəticədə əsərdə çatışmamazlıq yaranır.

Belə hesab edirəm ki, Yuri Kazakov nəsrin bir çox qanunlarını yaxşı mənimsəyib. Onun “Payız meşələrində payız”, “Çörək ətri”, “Yolda”, “Adəm və həvva”, “Ovda”, “Uzaq şimal” hekayələrində mən bunun şahidi oldum. O sadəliklə böyük bir kədəri, sevgini və həyatla çarpışan insanların məğlubiyyətini, taleləri barışmasını göstərir.

Yuri Kazakovun personajları zəif, məğlubolmuş, ancaq həyatla sonuna qədər mübarizə aparan və qalibiyyəti dadmaq istəyən insanlardır. Onlar nə Allaha, nə taleyə üsyan etmir, sadəcə olaraq, özlərini pisliklərdən qorumağa çalışırlar.

Yuri Kazakov bu fikiləri təlqin edir və mənim zənnimcə, heç də yanılmır. Hər şeyi taleyin axarına buraxmaq düzgün deyil. Mütləq taleyə yön vermək lazımdır. Bir filmdə də deyildiyi kimi, insan taleyi dəyişə bilməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm