Onları bağışlamaq olarmı?
Bizi izləyin

Qırmızı.az

Onları bağışlamaq olarmı?

Yuvenal ədliyyənin tətbiqi niyə yubanır?

17 yaşlı Məhəmməd (ad şərtidir) mobil telefon oğurluğuna görə 5 il azadlıqdan məhrum edilib və yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində saxlanılan 30 uşaqdan biridir. Azadlığa çıxmasına isə hələ 4 ilə yaxın vaxt var. Amma onun da digər məhkum həmyaşıdları kimi bir arzusu var - "Azadlıq istəyirəm. Azadlıqda buradan fərqli olaraq, ürəyim istəyini edə bilirəm", - Məhəmməd deyir.

O, ötən il həmyaşıdları Ramin və Coşquna qarşı soyğunçuluq edərək onlardan birinin mobil telefonunu ələ keçirdiyi üçün saxlanılıb və barəsində həbs qərarı çıxarılıb. O zaman 16 yaşı olan Məhəmməd Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi isə onun cəzasını 5 ilə endirib.

Uşaq Hüquqları Klinikası Məhəmmədi uşaq hüquqlarını yaxşı bilən vəkillə təmin edib və onun hüquqlarının məhkəmədə müdafiə olunması üçün vəkillə müqavilə bağlanıb.

Klinika məhkəməyə Məhəmməd Miriyevin alternativ tədbirlərə yönəldilməsi ilə bağlı məktub təqdim edib. Amma Məhəmmədin alternativ tədbirlərə yönəldilməsi barədə qərar çıxarılmasına nail ola bilməyib.

Məhəmmədin törətdiyi hüquq pozuntusu zamanı zərərçəkmiş uşaqların həyatına heç bir ziyan dəyməyib. Məhkəmə 50 manatlıq dəyəri olan telefona görə 16 yaşlı yeniyetməni 8 illik cəzaya məhkum edib. Bununla da uşaq hüquqları haqqında qanunvericiliyin və Azərbaycanın da qoşulduğu “Uşaq Hüquqları haqqında” Konvensiyasının tələblərini pozub.

Nə yazıq ki, Məhəmməd tək deyil. Kiçikli-böyüklü səhvləri ilə taleyinin səmtini dəyişən o qədər yeniyetmə var ki...

Ailə tərbiyəsi görməyənlər...

Təkcə uşaq tərbiyə müəssisəsində müxtəlif cinayətlərə görə məhkum olunmuş 30 yeniyetmə var. Onlar xuliqanlıq, oğurluq, adamöldürmə, nakotiklərin qanunsuz dövriyyəsi cinayətlərinə görə tutulublar. Uşaqlar arasında ağır cinayətlərə görə məhkum olunanlar daha çoxdur.

Onların arasında normal ailədən çıxanlar da var. Amma valideynlərindən biri olmayan, maddi sıxıntısı olan ailələrdən olanlar, ailə tərbiyəsi görməyənlər çoxdur. Uşaqlar törətdiyi cinayətlərin təhlükəlilik dərəcəsindən, məsuliyyətə cəlb ediləcəklərindən məlumatsızdırlar.

Qanun hansı halda uşaqların azadlıqdan məhrum edilməsini mümkün sayır?


Cinayət Məcəlləsinə görə, uşaqlar 16 yaşından cinayət məsuliyyətinə cəlb oluna bilər. Lakin ağır cinayətlərdə uşaqlar üçün cinayət məsuliyyəti 14 yaşdan başlayır.

14 yaşı tamam olmuş uşaqlar qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ağır dərəcəli zərər vurma, zorlama, soyğunçuluq, quldurluq, adam oğurluğu, seksual xarakterli zorakılıq hərəkətləri, hədə-qorxu ilə tələb etmə, talama məqsədilə qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə, terrorçuluq, adamları girov götürmə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etmə və ya zədələmə, ağırlaşdırıcı hallarda xuliqanlıq, odlu silah, döyüş sursatı, partlayıcı qurğuları talamaq və ya hədə-qorxu ilə tələb etmə, narkotik vasitələri və ya psixotrop maddələri talama və ya hədə-qorxu yolu ilə tələb etmə, nəqliyyat vasitələrini və ya yolları yararsız hala salmağa görə cinayət məsuliyyətinə cəlb edilə bilərlər.

Azərbaycanda qeydə alınan cinayətlərin 4 faizi uşaqlar tərəfindən törədilir

Rəsmi statistikaya görə, Azərbaycanda qeydə alınan cinayətlərin 4 faizini uşaqların törətdikləri cinayətlər təşkil edir.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov nazirliyin sonuncu kollegiya iclasında çıxışı zamanı bildirib ki, son 1 il 6 ay ərzində 117 cinayət törətmiş 124 yetkinlik yaşına çatmayandan ibarət 41 qrup zərərsizləşdirilib, 729 cinayət törətmiş 756 azyaşlı müəyyən edilib.

Onun sözlərinə görə, bu müddət ərzində müxtəlif qanun pozuntularına və nəzarətsizliyə görə polis orqanlarına, xususi qəbul, saxlama və təcridetmə mərkəzlərinə 7890, o cümlədən dilənçilik edən 985 azyaşlı, eləcə də uşaqları qanunazidd fəaliyyətə cəlb edən və cəmiyyətə zidd həyat tərzi keçirən 297 valideyn gətirilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Orta statistik məlumatlara görə. Azərbaycanda hər il qanun ilə ziddiyyətdə olan təxminən 400 azyaşlı qeydiyyata alınır. Rəsmilər qeyd edir ki, Azərbaycanda bu sahədəki vəziyyət postsovet ölkələri ilə müqayisədə daha nümunəvidir. Belə ki, Rusiyada hər 100 min əhaliyə düşən cinayətlərin sayı 10, Ukraynada 7.5, Belarusda 9, Tacikistanda 2 dəfə çoxdur.

Cinayət törədən uşaqların əksəriyyəti 16-17 yaş kateqoriyasındadır. Uşaqlar tərəfindən törədilən cinayətlərin 60-65 faizi, bəzən 70 faizi əmlak xarakterli cinayətlərdir.

Uşaq Hüquqları üzrə QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov isə qeydə alınan cinayətlərin 4 faizinin uşaqlar tərəfindən törədilən cinayətlər olması barədə göstəricinin reallığı əks etdirmədiyi qənaətindədir.

"Rəsmi statistika polis şöbələrinə daxil olan müraciətlər və qeydə alınan cinayətlər əsasında aparılır. Çox hallarda hüquq pozuntusuna yol verən uşaqların statistikası aparılmır. Bir çox hallarda uşaqlar tərəfindən işlənilən cinayətlər valideynlər və müəllimlər tərəfindən gizlədilir. Bu, həmin insanların maraqlarına cavab vermir. Çünki heç kəs istəmir ki, qapısına polis gəlsin", - Seyidov deyib.

Onun sözlərinə görə, uşaq müdafiə sisteminin düzgün təşkil edildiyi ölkələrdə bu sahədəki statistika daha düzgün hazırlanır. Azərbaycanda uşaq müdafiə sisteminin günün tələblərinə cavab vermədiyini deyən ekspertin sözlərinə görə, rayon, şəhər icra hakimiyyətlərində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyalar və qəyyumluq, himayəçilik orqanlarının fəaliyyətləri bu gün uşaqlarla keyfiyyətli iş aparmağa imkan vermir.

"Bu günün uşağının informasiyaya çıxış imkanı genişdir. Bunun qarşılığında həmin orqanların 2 nəfər işçisinin otaqda oturmaqla hansısa bir rayonda 20 min uşağa xidmət göstərməsi qeyri-mümkündür. Əgər biz müasirləşən uşağın qarşısına müasir metodlarla çıxa bilmiriksə, deməli, uşaq cinayətkarlığına, onların zorakılığa məruz qalmasına, internatlara düşməsinə, küçə həyatı yaşamasına uduzuruq. Qəyyumluq, himayəçilik orqanlarının və yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların fəaliyyətinin düzgün qurulması üçün islahatlara ehtiyac var. Onların fəaliyyəti müasir dövrün tələblərinə uyğun təşkil olunmalıdır", - o bildirib.

Uşaqlar arasında cinayətkarlığın səbəbləri: sosial problemlər, məişət zorakılığı...

Ekspertlər deyir ki, Azərbaycanda uşaqların cinayət törətməsinin başlıca səbəbi kimi ailə və təhsil müəssisələrinin uşaqlar üzərində nəzarətsizliyi və baxımsızlıq çıxış edir. Rəsmi məlumatlara görə, cinayət törədən uşaqların 60-70 faizini işləməyən, oxumayan uşaqlar təşkil edir.

Digər səbəb sosial problemlərdir. Nabil Seyidov hesab edir ki, ailələrin maddi durumu, ailədəki sosial çətinliklər valideynlərin övladlarına lazımi diqqət, qayğı göstərməsinə, onların düzgün tərbiyə olunmasına imkan vermir. Diqqətdən, qayğıdan məhrum olan uşaqlar kənar təsirlərə tez düşür, kriminal qruplaşmalara qoşulurlar.

Uşaq hüquqlarının təmin edilməsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyir ki, əsas problemlər küçə uşaqları, uşaq evlərindən çıxan uşaqların üzləşdikləri çətinliklərin, o cümlədən məşğulluq və yaşayış yeri ilə təmin olunma problemlərinin həlli, erkən nikahların nəticəsi kimi bəzi məktəbyaşlı qızların təhsildən kənarda qalması, ailə daxilində uşaqlara qarşı şiddət halları və s. ilə bağlıdır.

Komitə bu mövqedədir ki, problemdən əsas çıxış yolu olaraq 18 yaşına çatmış uşaq internatdan çıxarkən müvafiq peşəyə yiyələnməli və onun cəmiyyətə inteqrasiyası təmin edilməlidir.

Təhsil müəssisələrində uşaq psixoloqlarının zəif fəaliyyətinə diqqəti yönəldən N.Seyidov bildirib ki, onların əksəriyyətinin fəaliyyəti günün tələblərinə cavab vermir. Məktəb psixoloqu qismində təsadüfi adamlar işə götürülür. Həmçinin, Azərbaycan ailəsinin psixoloqa müraciət etməsi ilə bağlı problemlərin olduğunu deyən Seyidov bildirib ki, psixoloqa müraciət olunması yanlış qəbul olunur və bir çox ailələr hesab edir ki, yalnız dəlilər psixoloqa müraciət edirlər.

Ekspert valideyn-müəllim əməkdaşlığının çox zəif olduğunu və bunun nəticəsində də valideynlərin uşaqlarının təhsil həyatından kənarda qaldığını deyir. Uşaq cinayətkarlığını yaradan səbəblər sırasında uşaqların hüquqi məsuliyyətini dərk etməməsini də ekspert vacib amil kimi qeyd edir.

Uşaq cinayətkarlığını yaradan səbəblər sırasında məişət zorakılığının ön sıralarda yer aldığını deyən Seyidov qeyd edib ki, ailələrdə və cəmiyyətdə uşaqlara qarşı zorakılıq halları yayılıb.

"Valideynlər hesab edirlər ki, uşağa fiziki qüvvə tətbiq etmək, döymək zorakılıqdır. Onlar psixoloji, cinsi zorakılığı qəbul etmirlər. Bu zorakılıq nəticəsində qəddarlaşan uşaq aqressiv olur, cinayətə meyilli olur", - o deyib.

Uşaqların törətdikləri cinayətə görə qanunun verdiyi cəzanın müddəti bəllidir - 5-10 il. Lakin bu cəza sisteminin onların mənəviyyatına, düşüncəsinə vurduğu zərərdən isə bütün ömürləri boyu xilas ola bilmirlər. Bəs nə etməli, çıxış yolunu harada axtarmalı?

Yeniyetmələrin, uşaqların cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə alimlər və hüquqşünaslar arasında fərqli yanaşmalar var. Bir qismi hesab edir ki, qanunun qüvvəsi cinayət törətmiş uşaqlara qarşı yönələrsə, bu, müsbət nəticə verər. Bir qismi isə düşünür ki, əksinə, bu, yeniyetmələri cinayətə daha da sövq edə bilər, onların bir şəxsiyyət kimi formalaşmasına, psixologiyasına mənfi təsir edə bilər.

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının “Azərbaycanda Yuvenal Ədliyyənin icrasına dair” monitorinq hesabatında qeyd olunur ki, prokurorlar, vəkillər və hakimlər yetkinlik yaşına çatmayanların işlərinin araşdırılmasına çox az maraq göstərir, prokurorlar və vəkillər məhkəməyə vaxtında çıxmır.

Dövlət büdcəsi hesabına təyin olunmuş vəkillər yetkinlik yaşına çatmayanları öz iradəsi əleyhinə müdafiə edirlər. Eləcə də yetkinlik yaşına çatmayanlar bildirirlər ki, dövlət tərəfindən təyin olunmuş vəkillər, sadəcə, ərizələri gözdən keçirir və onların müdafiəsini lazımi səviyyədə təşkil etmirlər. Hakimlər tərəflərə az məlumat verərək və ya heç bir xəbərdarlıq etmədən məhkəmə dinləmələrini dayandırır, təxirə salır və ya davam etdirir.

Hüquq pozuntusuna yol verən uşaqlarla rəftar necə olmalıdır?

Uşaqların kiçik yaşlardan ağır cəzalara məruz qalması onların sonrakı həyatına təsirsiz ötüşmür. Məhz bu təsirlərin aradan qaldırılması üçün ötən əsrdən uşaqların işinə baxan ixtisaslaşmış hüquq sisteminin formalaşdırılmasına başlanıb.

Ekspertlərin əksəriyyəti hesab edir ki, cinayət işləmiş uşaqlarla davranış böyüklərdən fərqli olmalıdır. Uşaqlara verilən cəzalar daha yumşaq, daha liberal olmalıdır. Azərbaycanda isə bu məsələdə uşaqlarla böyüklər arasında elə də ciddi bir fərq yoxdur...

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev də hesab edir ki, yeniyetmələrin cinayət məsuliyyətinə cəlb edilməsində tələsmək olmaz. Onun sözlərinə görə, Azərbaycanda uşaqların cinayət məsuliyyətinə cəlb edilməsi məsələsində milli xüsusiyyətlər də nəzərə alınmalıdır.

"Yuvenal ədliyyə ilə bağlı qanun qəbul ediləndə bu məsələyə çox ehtiyatla yanaşılmalıdır. Uşaqlar arasında cinayətkarlığın vəziyyəti, statistika öyrənilməlidir", - Abdullayev deyib.

Ombudsman Elmira Süleymanova cinayət törədən uşaqların cəzalandırılması məsələsinə toxunarkən bildirib ki, uşaqlara mümkün qədər liberal cəzalar verilməlidir.

"Yalnız başqa çıxış yolu olmadığı halda, həbs verilə bilər. Oğurluğa görə nə qədər uşaq tutulub, azadlıqdan məhrum edilib. Məhkəmələr buna diqqət yetirməli, mümkün qədər liberal cəzalar verməlidirlər", - o bildirib.

Uşaqların işinə baxan ixtisaslaşdırılmış məhkəmələr, prokurorlar və vəkillər yoxdur

BMT-nin Uşaq hüquqları Konvensiyasının 37-ci maddəsində qeyd olunur ki, heç bir uşaq qanunsuz olaraq və ya özbaşınalıqla azadlıqdan məhrum edilməsin. Uşağın tutulması, həbs olunması və ya azadlıqdan məhrum edilməsi qanuna uyğun olaraq həyata keçirilir və bunlardan son tədbir kimi və mümkün olan daha qısa müddət ərzində və müvafiq qaydada istifadə edilir.

BMT-nin Uşaq Hüquqları Komitəsi hökumətə tövsiyə edib ki, cinayət törədən uşaqların hüquqlarının daha etibarlı müdafiəsi və onların cəmiyyətə adaptasiyası məqsədilə yuvenal ədliyyə ilə bağlı qanun qəbul edilməlidir və ixtisaslaşdırılmış məhkəmələr, polis, vəkil və prokurorluq orqanları yaradılmalıdır. Lakin indiyədək Azərbaycanda belə bir sistem yaradılmayıb.

Yuvenal ədliyyənin yaradılmasının tərəfdarı olan ekspertlər bu fikirdədir ki, ağır cinayətlərin istintaqını aparan, mühakiməsini həyata keçirən və bu cinayətləri törədən şəxsləri müdafiə edən prokuror, hakim və vəkillər uşaqlarla bağlı ədalətli mövqe nümayiş etdirməkdə çətinlik çəkirlər. Onların fikrincə, bu uşaqlara qeyri-peşəkar yanaşma sonda onların yenidən daha ağır cinayətlər törətməsinə səbəb olur.

Uşaq hüquqları üzrə ekspert Munir Məmmədzadə deyir ki, bu sahədə əsas problemlərdən biri uşaqların işinə baxan ixtisaslaşdırılmış məhkəmələrin, prokurorların, vəkillərin olmamasıdır.

"İxtisaslaşma yalnız polis sistemindədir. Orada da yalnız profilaktika yönümlüdür. İstintaqda olan müstəntiqlər isə ixtisaslaşmayıblar. Qanunvericiliyə görə, yetkinlik yaşına çatmayanların işlərinə məhkəmələrdə ən təcrübəli hakimlər baxmalıdır. Lakin qanunvericilikdə təcrübəli hakimin kriteriyaları müəyyənləşdirilməyib. Hakimlər, prokurorlar cinayətin xarakterinə baxır. Cinayəti törədənin yetkinlik yaşına çatmayan və ya böyük olmasına diqqət yetirilmir. Cinayətin törədilmə səbəblərinə, motivinə baxılmır. Hansı ki, böyüklə uşağın cinayət törətmə səbəbləri fərqlidir. Uşaqlarla bağlı işlərdə psixoloqların, sosial işçilərin iştirakı təmin olunmalıdır. Vəkillərin də ixtisaslaşması yoxdur. Yetkinlik yaşına çatmayan şəxs üçün dövlət vəkil ayırır və vəkilə ayrılan əməkhaqqı çox cüzi olduğundan vəkil müdafiəni keyfiyyətli həyata keçirmir. Çox zaman müşahidə edirik ki, proseslərdə uşaqlar öz vəkillərini tanımır", - o deyib.

Qeyd edək ki, UNİCEF-in dəstəyi ilə "Yuvenal ədliyyə haqqında" qanun layihəsi hazırlanıb və layihənin yaxın gələcəkdə parlamentdə müzakirəyə çıxarılacağı gözlənilir.

UNİCEF uşaqların cəmiyyətdən təcrid olunmadan cəmiyyətə yenidən inteqrasiyasının tərəfdarıdır

UNİCEF-in MDB və Şərqi Avropa ölkələri üzrə regional ofisinin uşaqların müdafiəsi üzrə məsləhətçisi Ann Grandjan deyir ki, bu regionda hələ də uşaqların azadlıqdan məhrum edilməsi halları kifayət qədər çoxdur. Əksər hallarda uşaqlar az əhəmiyyətli hüquq pozuntusu və cinayətlər törədirlər. Bu uşaqların əksəriyyəti isə ailədə müəyyən sosial problemlərlə rastlaşanlardır.

"Biz düşünürük ki, regionun bir çox ölkələrində mövcud ədliyyə sistemi daha çox cəzalandırma metodundan istifadə edir və sosial problemlərin cəzalandırma yolu ilə həllinə çalışırlar. Əksər hallarda bu uşaqlar törətdikləri cinayətə görə cəmiyyət üçün təhlükəli deyillər. Onların azadlıqdan məhrum edilməsinə də ehtiyac yoxdur. Həm də onlar uzun müddətə azadlıqdan məhrum edilirlər. Cəza çəkən dövrdə ailələrindən, yaşadıqları mühitdən kənarlaşdırılır, təhsildən geri qalırlar və hətta bu müəssisələrdə zorakılığa məruz qala bilirlər. Bu müəssisələri tərk etdikdən sonra onlar öz ailələrinə qayıtdıqda həmin sosial problemlərin həll olunmadığını gördükdə, cəzaçəkmə həyatı sürmüş şəxslər kimi özlərini ikiqat təcrid olunmuş hesab edirlər", - o deyir.

UNİCEF-in eksperti təmsil etdiyi təşkilatın uşaqların cəmiyyətdən təcrid olunmadan cəmiyyətə yenidən inteqrasiyasının tərəfdarıdır.

"Bu o demək deyil ki, biz hər hansı hüquq pozuntusuna reaksiya verməməliyik. Burada əsas məqsəd odur ki, uşaq törətdiyi cinayəti dərk etsin, onun məsuliyyətini anlasın, zərərçəkmişlərin vəziyyətini başa düşsün. Məqsəd uşağın bu hadisədən ibrət götürməsi, onu bu situasiyadan çıxarmaq, onun cəmiyyətə sağlam qaytarılmasını təmin etməkdir. Bu baxımdan bir çox təcrübələr - vasitəçilik, ictimai iş, zərərçəkmişlə cinayəti törətmiş uşaq arasında razılaşmanın əldə edilməsi və s. müsbət qiymətləndirilə bilər", uşaqların müdafiəsi üzrə məsləhətçi bildirir.

Onun sözlərinə görə, əksər ölkələrdə tətbiq olunan bu təcrübə dövlətə daha ucuz başa gəlir, nəinki uşağın cəzaçəkmə müəssisəsinə göndərilməsi.

“Bu təcrübə ictimai təhlükəsizlik baxımından daha səmərəli metoddur və artıq təsdiq olunub ki, bu kimi alternativ cəzalara cəlb olunan uşaqlar arasında təkrar cinayət törətmə halları aşağıdır", - o deyib.

Ekspert hesab edir ki, təmsil etdiyi regionda sosial xidmətlərin çox az sayda, yaxud da çox zəif olması səbəbindən bu kimi sosial məsələlər ədliyyə sisteminə gəlir, polis və digər hüquq mühafizə orqanları onlara müdaxilə etmiş olur.

Uşaqlara alternativ cəzalar verilməlidir

M. Məmmədzadə hesab edir ki, ölkədə geniş miqyasda alternativ tədbirlər üçün imkanlar yoxdur.

"Böyüklər tərəfindən törədilən cinayətləri araşdıran, həmin işlərə baxan hakim o prosesdən sonra uşağın məhkəmə işinə baxırsa, bir çox səbəblərdən uşaq haqqında ədalətli qərar çıxara bilməz. Bundan əlavə, bəzən hakimləri günahlandırsaq da, çox zaman hakimin cinayət törətmiş uşağı yönləndirməsi üçün imkan və şərait yoxdur. Bəzi alternativ cəzalar var ki, onların icrası mümkün deyil. Uşaqların ictimai işlərə cəlb edilməsi və yaxud da valideyn nəzarətinə verilməsi prosesini həyata keçirmək üçün resurslar yoxdur. Buna görə də ölkədə müəyyən mərkəzlərin, xidmətlərin sayının artırılması vacibdir. Statistika göstərir ki, tərbiyə müəssisəsində olan uşaqların sayı azalıb. Lakin bu hal onlar tərəfindən törədilən cinayətlərin sayının azalması anlamını verməməlidir. Problemi məhkum olunan uşaqların sayının süni şəkildə azalması ilə həll etmək düzgün deyil. Daha çox keyfiyyətə yönələn tədbirlər görülməlidir. Söhbət ondan gedir ki, bizim bu məsələləri ünvanlayacaq mütəxəssislərimiz yoxdur, çox vaxt uşaqların törətdiyi pozuntulara göz yumuruq, vaxtında müdaxilə etmirik, onları müəyyən xidmətlərə yönəltmirik. İxtisaslaşmaya, yeni xidmətlərə, bu problemə yanaşmanın dəyişməsinə ehtiyac var", - o vurğulayıb.

Ekspert Nazir Quliyev ağır cinayət törətmiş uşaqlarla ehtiyatsızlıqdan yüngül cinayət törətmiş uşaqların bir yerdə saxlanılmasını düzgün hesab etmir. Onun sözlərinə görə, yuvenal ədliyyənin inkişaf etdiyi ABŞ, Yeni Zellandiya, Avstraliya, Almaniya, İtaliya və başqa ölkələrdə aparılan araşdırmalar zamanı məlum olub ki, uşaqların ağır cəzalarla cəzalandırılması yaxşı nəticələnmir. Belə ki, cəzalarını bitirib uşaq müəssisələrini tərk edən uşaqlar təkrar daha ağır cinayətlər törədirlər.

Məktəb psixoloqlarının fəaliyyəti gücləndirilməlidir

M. Məmmədzadə uşaqlarla bağlı məsələdə psixoloqların iştirakını vacib sayır. Onun fikrincə, icra hakimiyyətlərində yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalarda psixoloqların, sosial işçilərin sayı artmalıdır.

Qəyyumluq-himayəçilik orqanlarının fəaliyyətinə toxunan müsahibim hesab edir ki, bu qurumların kifayət qədər potensialı yoxdur.

"Bu qurumlarda kadrların sayının artırılması, sosial işçilərin cəlb olunması, səlahiyyətlərinin artırılması, onlara lazımi maliyyə resurslarının ayrılması lazımdır. Bəlkə də gələcəkdə onların bələdiyyələr səviyyəsində təmsil olunması lazımdır. Bu komissiyalar, tutaq ki, hansısa problemlə bağlı çıxış yolu təklif etdilər. Amma yerlərdə o problemi həll edəcək xidmətlər yoxdur. Bu kompleks məsələdir. Qanunvericilik bazasının hazırlanması, standartların müəyyən edilməsi, işçi potensialının və xüsusi peşə bacarığı olan şəxslərin hazırlanması və yerlərdə müəyyən xidmətlərin olması lazımdır", - Məmmədzadə bildirib.

Könül Zərbalıyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm