Uydurulmuş cinayətin amansız cəzası - Məmməd Cuvarlinski niyə öldürüldü?
Bizi izləyin

1937

Uydurulmuş cinayətin amansız cəzası - Məmməd Cuvarlinski niyə öldürüldü?

XX əsrin 50-ci illərinin ikinci yarısında sovet hökuməti vaxtilə, Stalin repressiyası dövründə saxta ittihamlar əsasında sürgünlərə göndərilmiş, işgəncələrə məruz qalmış, amansızcasına güllələnmiş yüzlərlə insana bəraət verdi. Bu addım tarix və yeni nəsillər qarşısında həmin adamların günahsızlığını, vicdanının paklığını, şəxsiyyətlərinin bütövlüyünü göstərdi. Amma nə yazıqlar ki, onların özlərini həyata qaytarmaq, həmin insanların şəxsində xalqın itirdiklərini bərpa etmək artıq mümkün deyildi. Söhbət ötən əsrin 30-cu illərində ittifaq rəhbərinin əlaltılarının (onların arasında mənfur qonşularımızın nümayəndələri ön sırada idi) cəllad qılıncı ilə həyatına son qoyulmuş layiqli, ləyaqətli Azərbaycan oğullarından gedir.

1950-ci illərdə verilən bəraət sənədlərindəki ifadələrlə desək, "haqqında qaldırılan iş uydurma", cəzası "tamamilə əsassız olmuş" görkəmli Azərbaycan ziyalılarından biri də Məmməd İsmayıl oğlu Cuvarlinski idi.

M.Cuvarlinski öz əməyi sayəsində ucalan, həyatın enişli-yoxuşlu yollarında öz gücü ilə irəliləyən, xalqına bacardığı qədər fayda verməyi xoşbəxtlik sayan işıqlı bir şəxsiyyət idi. Hələ cavan ikən bir sıra məsul vəzifələrə irəli çəkilmişdi. 35 yaşında "qırmızı terror"çuların gülləsinin qurbanı olana qədər raykom katibi, nazir müavini, nazir kürsülərində oturmuş, auditoriyalarda mühazirələr oxumuş, sayılmış, seçilmiş, nüfuz və söhrət qazanmışdı. Bu insan xarakterindəki bir xüsusiyyətlə daha çox fərqlənirdi: yalana, riyakarlığa qarşı barışmaz idi. "Düzü düz, əyrini əyri" dediyi üçün yaşadığı zamanın bəlalarına tuş gəlmişdi. Başqa sözlə, Cuvarlinskinin yeganə "səhv"i bu olmuşdu ki, Mircəfər Bağırovu tənqid etmişdi. O dövrdə belə bir hərəkət etmək üçün böyük cəsarət, risk, sarsılmaz iradə gərək idi!

Zaman keçib, illər ötəndən, sular durulandan sonra, yəni 1955-ci il iyunun 17-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasına Məmməd İsmayıl oğlu Cuvarlinskinin işi üzrə verilən hökmün dəyişdirilməsi barədə qərar təqdim edilmişdir. Qərarda deyilirdi ki, M.Cuvarlinskinin həbsi tamamilə əsassız olmuş, onun haqqında qaldırılan iş uydurma materiallardan düzəldilmişdir.

Həmil il avqustun 3-də kollegiya 1937-ci il oktyabrın 12-də verilmiş hökmü ləğv etmiş və cinayət tərkibi olmadığı üçün iş xətm olunmuşdu.

Əslində Cuvarlinski kim idi və hansı günahına görə təqsirləndirilirdi?

Məmməd İsmayıl oğlu Cuvarlinski 1902-ci ildə Qaryagin qəzasının (indiki Füzuli rayonunun) Cuvarlı kəndində kasıb bir ailədə doğulmuşdu. 1911-ci ildə ikisinifli kənd məktəbinə getmiş, lakin maddi çətinliklər onun tam təhsil almasına imkan verməmişdi. Atası kimi fərdi təsərrüfatda çalışmağa, ailənin dolanışığına kömək etməyə məcbur olmuşdu. Bununla belə, oxumağa, savadlı, elmli olmağa marağı onu bir an belə tərk etmirdi. Odur ki, 1916-cı ildə Gəncə əmək məktəbinə daxil olur. Lakin burada da peşə qazanmaq arzusu boşa çıxır. Bir müddət əvvəlcə şəhər idarəsində, sonra isə quberniya komissarlığında gözətçi işləyir. Həyat bu yeniyetməni hər addımbaşı sınağa çəkir, lakin onun təhsil almaq həvəsini öldürə bilmirdi.

Gəncədə yaşadığı illərdə Guvarlinski sosial-demokratların bolşevik fraksiyasına meyil edir. İnqilabi təbliğat və təşviqatla məşğul olmağa başlayır. Əhali arasında intibahnamələr yayır, partiyanın tapşırıqlarını böyük məsuliyyətlə yerinə yetirir. Getdikcə bolşeviklərin ideyalarına daha yaxından bələd olur, bu istiqamətdə dünyagörüşünü günbəgün genişləndirir.

Rusiyada oktyabr çevrilişinin baş verməsi, Bakıda cərəyan edən hadisələr Məmmədin ictimai şüuruna, onun siyasi cəhətdən formalaşmasına güclü təsir göstərir. O zaman Gəncənin yerli hökuməti Cuvarlinskinin bolşeviklərdən olması barədə xəbəri eşidən kimi onu işdən azad edir. Beləliklə, doqquz aya yaxın fəhləlik etdikdən sonra öz kəndinə qayıdır. Qəzanın kəndlərində təbliğat apararaq insanları sovetlərin qurulmaqda olan hökuməti uğrunda mübarizəyə səsləyir.

Azərbaycanda sovet hakimiyyətinin ilk dövrlərindən özünü fəal komsomol təşkilatçısı kimi göstərdiyinə görə tezliklə, 1920-ci ilin sentyabrında Cuvarlinskini bolşevik partiyasının sıralarına qəbul edirlər. Partiya bileti, bir növ, onun vəzifə pilləsi ilə irəliləməsində vəsiqə rolunu oynayır. M.Cuvarlinskini Qəza İnqilab Komitəsinin təlimatçısı təyin edirlər. Cəmi bir ildən sonra isə o, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin sovet partiya məktəbinə göndərilir. Oranı da bitirdikdən sonra Cuvarlinskiyə Azərbaycan K(b)P Qaryagin Qəza İnqilab Komitəsinin təbliğat-təşviqat şöbəsinə rəhbərlik etmək tapşırılır.

Bir müddətdən sonra o, Moskvada ÜİK(b)P MK yanındakı partiya işçiləri hazırlayan kursa oxumağa göndərilir, eyni zamanda pedaqoji texnikumu bitirir. Sonra həyat yolları onu yenidən Gəncəyə gətirir. Beləliklə, 1926-1929-cu illərdə əvvəlcə Gəncədə, sonra da Qubada dairə komitəsində təşkilat şöbəsinin müdiri olur. 1930-cu ildə isə Azərbaycan Maarif İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin məsul katibi vəzifəsində işləyir.

Bu zaman gənc partiya işçisinin vəzifələri tez-tez dəyişirdi. Heç nəyə baxmayaraq, o, hər vəzifədə etimadı doğrulda və işi irəliyə apara bilirdi. Ötən əsrin 30-cu illərinin əvvəllərindən ona tapşırılan vəzifələr yenə də bir-birinin ardınca yuxarıya doğru dəyişməyə başladı. Sabirabad Rayon Partiya Komitəsinin katibi, Dövlət Plan Komitəsinin bölmə rəisi, Azərbaycan K(b)P MK-nın sovet ticarəti şöbəsi müdirinin müavini kimi məsul vəzifələrdə çalışdı.

Həmin dövrdə Cuvarlinski ali məktəb müəllimi kimi də fəaliyyətə başlayır. 1932-1934-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Sosialist təsərrüfatı nəzəriyyəsi kafedrasına rəhbərlik edir, auditoriyalarda isə sosialist təsərrüfatı və partiya quruculuğu məsələlərindən dərs deyir. 1933-cü ildə artıq ona dosent elmi adı verilir.

M.Cuvarlinski Azərbaycanda maarifin inkişafı naminə çox işlər görüb. Hələ xalq maarifi komissarının müavini olanda Gəncədə Kənd Təsərrüfatı İnstitutunun yaradılmasına böyük dəstək verib.

1934-1935-ci illərdə Cuvarlinski Azərbaycan xalq maarifi komissarı vəzifəsində çalışır. Bu, respublikada təhsilin yeni inkişaf mərhələsinə qədəm qoyduğu, sahənin bir çox problemlərinin nisbətən öz həllini tapdığı illər idi. Cuvarlinski var qüvvəsi ilə çalışaraq bütün məsələlərə diqqət yetirməyə, heç nəyi yaddan çıxarmamağa, işə kompleks halında yanaşmağa nail olurdu. Ümumtəhsil məktəbləri şəbəkəsinin yaradılması, yüksək səviyyəli pedaqoji kadrların hazırlanması xüsusi önəm daşıyırdı. Xatırladaq ki, bu dövrdə o, həm də paralel olaraq pedaqoji institutda çalışırdı, kafedra müdiri idi.

Məhz 30-cu illərdə icbari ibtidai təhsilə keçid uğurla sona çatdı. Ümumi icbari yeddiillik təhsilə keçid başlandı, savadsızlığın kütləvi ləğvi sahəsində uğurlar qazanıldı. Lakin bununla belə, təhsilə siyasi nəzarət, onun məzmununun siyasi ideologiyaya tabe etdirilməsi hələ də hökm sürürdü.

Sərt və ciddi qanunların tətbiqi ilə səciyyəvi olan 30-cu illərdə məktəblə bağlı qəbul olunmuş qərarlar, sinfi mübarizənin gücləndirilməsi haqqında Stalin ideyası yeni, arzuolunmaz istiqamətin formalaşmasına səbəb olurdu. Bunlar "təkcə siyasi sənəd deyil, pedaqoji prosesə partiyalı rəhbərliyi təmin edən metodoloji proqram idi" (F.Rüstəmov, "Azərbaycanda pedaqogika elminin inkişaf yolları (1920-1991)" Bakı, 2003). Bu dövrdə işləmək də çətin idi. Repressiya dalğası, ifşaedici yığıncaqlar, pantürkist, panislamist, əksinqilabçı damğaları hər addımda hər kəsi izləyirdi. Millətinə bağlı nə qədər ziyalı - pedaqoq, işıqlı təfəkkür sahibləri ölüm maşınının qarşısına yuvarlanırdı.

Ruslaşdırma siyasəti davam edirdi. Proqram və dərsliklər Moskvada tərtib edilir, sonradan Azərbaycan dilinə tərcümə olunurdu. Yalnız ana dili və ədəbiyyatı üzrə proqram və dərsliklərin Azərbaycanda hazırlanmasına icazə vardı. Respublikada latın qrafikasından Kirillə keçilməsi də siyasi xarakter daşıyırdı.

1933-cü il mayın 20-də Azərbaycan KP MK "Proqram və dərs kitablarının ümumiləşdirilməsi haqqında" qərar verdi. Bütün fənlər üzrə (ana dilindən başqa) dərsliklər və proqramlar Rusiya Xalq Maarif Komissarlığının nəzarəti altında, onların tərtib etdikləri proqramlarla eyni olmalı idi. Bununla belə, Azərbaycan alimləri və pedaqoqları verilən icazələr daxilində əllərindən gələni edirdilər. Bu işdə Cuvarlinskinin xidmətləri xüsusi vurğulanmalıdır. Həmin dövrdə ibtidai məktəblər üçün orijinal dərsliklərin tərtibinə başlandı. Azərbaycanlı müəlliflər tərəfindən sabit dərs kitabları yaradıldı.

Yuxarı siniflər üçün dərsliklər rus dilindən olduğu kimi tərcümə edilirdi. Yalnız müəyyən fəsillərə Azərbaycan haqqında qısa məlumatlar əlavə olunurdu. Bu, qənaətedici deyildi. Həmin dövrdə yazıçı Mirzə İbrahimov böyük cəsarətlə yazırdı: "Balalarımız Yunanıstanın, İtaliyanın, İngiltərənin, Rusiyanın tarixini keçir, lakin üzərində doğulduğu torpağın və qucağında pərvəriş tapdığı xalqın tarixindən xəbərsiz qalaraq məktəbi bitirirlər".

Əlbəttə ki, belə ağır şəraitdə, qısa bir vaxtda bütün tələbləri ödəyən dərsliklər yaratmaq çətin idi. Bu işdə buraxılan səhvlər az sonra dövlət orqanlarının tənqid obyektinə çevrildi. SSRİ Xalq Maarif Komissarlığı və partiyanın Mərkəzi Komitəsi "İbtidai, natamam, orta məktəblər üçün dərs kitablarının nəşri və satışı haqqında" xüsusi qərar qəbul etdi. Azərbaycan dilində dərsliklərin nəşrinə respublika rəhbərliyi səviyyəsində nəzarət olunmağa başlandı.

Bir daha vurğulayaq ki, Cuvarlinskinin Xalq Maarif Komissarlığında rəhbər vəzifələrdə işlədiyi illər ən vacib qərarların qəbul edildiyi, mühüm addımların atıldığı, genişmiqyaslı işlərin görüldüyü dövr idi. Onlardan yalnız bəzilərini sadalamaqla bu tədbirlərin əhatə dairəsini aydın təsəvvür etmək mümkündür. Məsələn, 1931-ci il yanvarın 25-27-də Azərbaycan müəllimlərinin V (II) qurultayı keçirilir. Elə həmin il iyulun 1-də Azərbaycan SSR Xalq Komissarlığının əmri ilə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji İnstitutu yaradılır.

1932-ci ilin aprelində Xalq Maarif Muzeyi təşkil olunur. Avqustda isə ÜİK(b)P MK "İbtidai və orta məktəblərin rejim və tədris proqramları haqqında" qərar qəbul edir.

1932-1933-cü illərdə icbari təhsilə keçidlə bağlı respublikanın ibtidai məktəblərində təhsil müddəti beş ildən dörd il müddətinə müəyyənləşdirilir.

1933-cü il fevralın 12-də ibtidai və orta məktəb dərslikləri və dərs kitabları ilə bağlı bir gündə iki qərar qəbul edilir. 1934-cü ilin əvvəlində elmi-pedaqoji kadrların attestasiya sistemi yaradılır. Həmin ilin may ayında isə SSRİ-də, o cümlədən Azərbaycanda ümumtəhsil məktəblərinin tipləri müəyyənləşdirilir. 1934-cü ildə Azərbaycan Dövlət Universiteti bərpa olunur. "Kommunist maarifi" ("Azərbaycan müəllimi") qəzeti nəşrə başlayır.

1935-ci ildə məktəblərdə tədris işinin təşkili və məktəbdaxili qaydalar xüsusi qərarda öz əksini tapır. Ali təhsil müəssisələrinə və texnikumlara qəbul zamanı məhdudiyyətlər aradan qaldırılır. İcbari natamam orta təhsilə keçid başlanır.

Bütün bu qərarlar və başlanğıclar çərçivəsində görülən işlərə xalq maarif komissarı Cuvarlinski rəhbərlik edir, müvafiq qüvvələrin həmin işlərə səfərbər olunmasında səylə çalışır.

Bu zaman sədaqətlə xidmət etdiyi dövlət və partiya ona növbəti vəzifəni tapşıraraq başqa sahədə iş verir. Nuxa (Şəki) şəhər Partiya Komitəsinin birinci katibi olur.

Cuvarlinskinin çoxşaxəli fəaliyyətindən danışarkən onun mətbuatla əlaqələri və əməkdaşlığı da xüsusi vurğulanmalıdır. O, bir müddət hətta "Partiya işçisi" jurnalının redaktoru vəzifəsində çalışır.

Maarif, pedaqoji iş sahəsində qazandığı təcrübəni, nəzəri və praktiki bilikləri geniş yaymaq üçün Məmməd müəllim tez-tez dövri mətbuatda çıxış edirdi. O, eyni zamanda məktəb və maarif haqqında bir kitabça və 20-yə qədər məqalənin müəllifi idi. Mətbuat səhifələrindəki hər çıxışı məktəb həyatının, pedaqoji kadrların yetişdirilməsinin və s. ən aktual problemlərinə toxunurdu. Məsələn, "Bakinski raboçi" qəzeti 15 yanvar 1931-ci il tarixli nömrəsində Cuvarlinskinin böyük bir məqaləsini dərc etmişdi. Məqalə kənddə mədəni-maarif işlərinin təşkilində və inkişafında müəllimlərin roluna həsr olunmuşdu. Başqa sözlə, bu məqalə, bir növ, kənd müəlliminin rolunu müəyyənləşdirən proqram idi. Müəllif yazırdı ki, kənd müəllimi təbliğatçıdır, mühazirəçidir, maliyyə işçisidir, sözün geniş mənasında kənd ictimaiyyətçisidir. Zaman da dəyişir, quruluş da. Amma müəllim kənddə aparıcı bir sima olaraq qalır. O, indi də kənd ziyalılarının önündə gedərək öz sözü, nüfuzu ilə fərqlənir. Xalq üçün, vətən üçün layiqli övladlar, bilikli insanlar yetişdirir.

Cuvarlinskini dövrünün ziyalı, mütərəqqi şəxsiyyətləri ilə sıx dostluq telləri bağlayırdı. O, musiqi sənətinin inkişafı ilə maraqlanar, bu sahənin problemlərinə yardım edərdi. Bəstəkar Müslüm Maqomayev məktublarının birində ona bildirirdi ki, yeni opera üzərində işləyir. Cuvarlinski bunun cavabında sevindiyini və ona uğurlar arzuladığını yazırdı.

Məmməd Cuvarlinski Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəyli ilə yaxın qohum idi. O, Nəsib bəyin böyük qardaşı Həmid bəyə arxa olub onu həbsdən qoruyanda heç bilmirdi ki, bir gün onun özü də yalan iddialarla günahlandırılıb "xalq düşməni" elan ediləcək.

Həmid bəy Azərbaycan və rus ədəbiyyatının mahir bilicisi olub. Ötən əsrin 30-cu illərinin əvvəllərində o, "Türkan" adlı bir pyes yazır və əsər Gəncə Dram Teatrının səhnəsində tamaşaya qoyulur. Həmid bəy antisovet təbliğatı aparmaq bəhanəsi ilə həbs edilir. Lakin o, izahatında yazır ki, aparın məni edam edin, mənə qarşı irəli sürülən iddianı qəbul etmirəm. O, bir il DTK-da saxlandıqdan sonra heç bir dəlil-sübut tapılmadığı üçün azadlığa buraxılır.

Həmid bəyin bacısı nəvəsi Rafat Cuvarlinski yazır ki, "otuzuncu illərdə Kommunist Partiyasının sıralarında yüksək vəzifələrdə işləyən qohumu Məmməd Cuvarlinski o zaman Həmid bəyin dadına çatır. M.Cuvarlinskiyə görə bir müddət ona dəymirlər. 1932-ci ilin sentyabrında Kirovabad (Gəncə) İndustrial (Sənaye) Politexnikumuna işə düzəlir və bununla bərabər Gəncədə 15 nömrəli məktəbdə dərs deyir. Həmid bəyin dayısı oğlu Eyyub Xanbudaqov 1937-ci il oktyabr ayının 12-dən 13-nə keçən gecə dahi şairimiz Əhməd Cavadla bir gündə güllələnir. Həmin gün onlarla birlikdə atamın əmisi, keçmiş xalq maarif komissarı Məmməd Cuvarlinski şəxsən Mircəfər Bağırovun əli ilə qətlə yetirilir".

Başqalarını dövrün bəlalarından qoruyan Cuvarlinski özü bu fəlakətlə üz-üzə qalırE

1937-ci il aprelin 14-də Azərbaycan SSR XDİK DTİ-nin 4-cü şöbəsi Azərbaycan K(b)P Nuxa şəhər Komitəsinin təzəcə işdən çıxarılmış katibi Məmməd İsmayıl oğlu Cuvarlinski haqqında arayış tərtib edir. Məzmunu "xalq düşməni" elan olunanların hamısı haqqında yazılanlara bənzəyir: "12493 nömrəli istintaq işi üzrə ittiham olunan əksinqilabi-millətçi təşkilatın üzvü Tixomirov öz ifadəsində göstərmişdir ki, Məmməd Cuvarlinski Azərbaycan əksinqilabi-millətçi mərkəzlə əlaqə saxlamışdır. Bu təşkilatın üzvlərindən Əli Kərimov və Eminbəyli Məmməd Cuvarlinski ilə sıx əlaqədə olduqlarını boyunlarına almış, Azərbaycan SSR maarif komissarı və Azərbaycan K(b)P MK aparatında işləyərkən onun əksinqilabi fəaliyyətini etiraf etmişlər.

Yuxarıda göstərilən faktlara əsasən Məmməd Cuvarlinskinin həbs olunub Azərbaycan SSR CM-in 72, 73-cü maddələri üzrə cinayət məsuliyyətinə alınmasını zəruri hesab edirik".

M.Cuvarlinskinin həbsi haqqında akt Dövlət Təhlükəsizlik İdarəsinin 4-cü şöbəsinin rəisi Sinman tərəfindən təsdiq olunur. Aprelin 14-də isə Azərbaycan XDİK rəisi Sumbatov təqdim olunan ittiham haqqında qərarı imzalayır. Bu qərar müttəhimə yalnız iyulun 18-də çatdırılır. Çünki qərar verilən vaxt o, artıq Moskvaya şikayətə getmişdi.

Ziya Bünyadovun "Qırmızı terror" kitabında SSRİ XDİK DTİ-nin dördüncü şöbəsinin rəisi Volkovun SSRİ daxili işlər komissarının müavini M.P.Frinovskiyə (bu şəxs xidmət etdiyi rejimin qəzəbinə tuş gəlmiş və 1940-cı ildə güllələnmişdir) göndərdiyi məktubun məzmunu göstərilir. Məktubda deyilir: "Bu il iyunun 24-də Azərbaycan K(b)P MK-nın katibi yoldaş Bağırov SSRİ XDİK-ə xəbər vermişdir ki, Bakıda antisovet-trotskiçi təşkilatın fəal üzvü kimi ifşa olunmuş Cuvarlinski istintaq orqanları tərəfindən axtarılır. Əldə olunan məlumata görə, hazırda Cuvarlinski Moskvada bu ünvanda: Stoleşnikov döngəsi, ev 9, mənzil 20-də yaşayır. Cuvarlinskinin həbsinə icazə verilməsini xahiş edirik".

İyunun 25-də Frinovski məktuba "Həbs edilsin" dərkənarını qoyur.

M.Cuvarlinskini Moskvada iyunun 25-də həbs edirlər. Onun həbsinə 2569 nömrəli order isə iki gün sonra verilir. Axtarış zamanı ondan Baş Dövlət Təhlükəsizlik İdarəsinə verilmək üçün Q.M.Malenkovun (ÜİK(b)P MK-nın Siyasi Bürosunun üzvü və MK-nın rəhbər partiya orqanları ilə iş şöbəsinin müdiri) adına göndərilmiş məktubun, A.A.Andreyevə (ÜİK(b)P MK-nın katibi, MK-nın Siyasi Bürosunun üzvü), Bağırova və "Pravda" qəzeti redaksiyasına göndərilən ərizələrin - 28 səhifəlik beş ərizənin qəbzi götürülmüşdür. Ertəsi gün SSRİ XDİK Baş DTİ-nin 4-cü şöbəsinin bölmə rəisi İ.Norko tərəfindən M.Cuvarlinski dindirilir. O, ifadələrində açıq şəkildə bildirir ki, Azərbaycan K(b)P MK-nın rəhbərliyindən və birinci katib M.C.Bağırovdan şikayətə gəlib. Əsas səbəb isə respublikanın rəhbər orqanlarında azərbaycanlıların qatı düşmənlərinin (yəqin ermənilər nəzərdə tutulurdu) kök salması ilə əlaqədar idi. Bundan sonra güclü təqiblər başlandı.

İyulun 8-də Cuvarlinski xüsusi mühafizə ilə Bakıya gətirilir və təkadamlıq ayrıca kamerada yerləşdirilir. Məhbusun Bakıya gətirilməsi çoxlarını sevindirir. Çünki ilk növbədə M.C.Bağırovun əmri yerinə yetirilmiş olur. Sumbatov dərhal Bağırovun adından Baş İstintaq Qərargahına əmr verir ki, Cuvarlinski ilə hər cür rəftar etmək olar. Bütün müstəntiqlər "qatı cinayətkar"a qarşı cəzalara başlayırlar.

Və bir daha: Cuvarlinskinin "günah"ı nə idi? Məsələnin bütün mahiyyəti onun həbsxanadan Stalinə yazdığı məktubda açılıb göstərilir. Maraqlıdır ki, 1945-ci ildə arxiv sənədləri saxlanılan yerdə yanğın baş verir, bir çox sənədlər məhv olur. Cuvarlinskinin göy mürəkkəblə qələmə aldığı, qəlbinin fəryadını ifadə etdiyi və əsl həqiqəti gələcək nəsillərə çatdıracaq məktubunu təsadüf, yaxud hansısa bir gözəgörünməz qüvvə qoruyub saxlayır. Həmin məktubda oxuyuruq: "1936-cı ilin dekabrında Azərbaycan K(b)P MK-nın plenumunda respublika rəhbərliyinin yarıtmaz işini, nöqsanlarını tənqid etmişdim. Bu çıxışım Bağırovun qəti narazılığına və etirazına səbəb olmuşdu. Elə həmin vaxtdan mən açıqca təqibə məruz qaldım.

1937-ci il martın 14-də mən Sovetlər qurultayının partiya qrupunda çıxış edərək Azərbaycan SSR Konstitusiyası layihəsinə bəzi düzəlişlər etdim. O zaman Bağırov əleyhimə qalxaraq məni qatı millətçilikdə günahlandırdı. 1937-ci il martın 19-da Azərbaycan K(b)P MK-nın plenumu Bağırovun təklifi ilə məni MK-nın bürosundan, martın 20-də partiya işindən xaric etdi.

Bütün bu çirkinliyə dözməyib Moskvaya gəldim və Malenkovun qəbuluna düşəcəyim günü gözlədim. Onun qəbulunda 1937-ci il iyunun 27-si və ya 28-i olmalı idim. Lakin iyunun 25-də gecə SSRİ XDİK-in nümayəndələri mənzilimə gəlib məni həbs etdilər. Artıq altıncı gündür ki, Butırski həbsxanasındayam.

Budur, təmiz və namuslu bir bolşevik olduğum halda həbsxanaya düşmüşəm. Bu, təsadüfi deyil, Az.K(b)P MK rəhbərliyində yuva salmış çirkin əməllərin nəticəsidir və Bağırov isə bu yuvanın hörümçək toruna düşmüşdür. Mən Az.K(b)P MK rəhbərliyindəki çirkinliklərin qurbanıyam.

Yoldaş Stalin! Xahiş edirəm mənə kömək edəsiniz, əks-təqdirdə Bağırov məni məhv edəcək".

Bu məktubda həyəcanlı bir xəbərdarlıq harayı hiss olunurdu. M.Cuvarlinski artıq başı üstündə qatılaşan buludu, həyatı və taleyi üzərində zorakılıq aktı ilə nəticələnən irticanı görür və yenə də həqiqətə, ədalətə güvənib "birinci adam"dan yardım istəyirdi.

1937-ci il iyulun 15-də Cuvarlinski dindirilir. Təbii ki, əksinqilabi-millətçi təşkilatda iştirakını qəti surətdə rədd edir. O, sonradan DTİ-nin 4-cü şöbəsinin rəisi Sinman və bölmə rəisinin köməkçisi leytenant Şerin (azərbaycanlıların qatı düşməni) tərtib etdikləri akta qol çəkmir. Orada oxuyuruq: "Hazırkı akt tərtib olunur ondan ötrü ki, müttəhim Məmməd Cuvarlinski 1937-ci il iyulun 16-da keçirilən istintaqda hökumət rəhbərlərinin ünvanına böhtan ataraq bildirmişdir ki, Azərbaycan K(b)P MK-nın katibi M.C.Bağırov Cuvarlinskinin əleyhinə uydurulmuş materiallar hazırlamışdır. Azərbaycan XDİK-in rəisi Sumbatov və DTİ-nin 4-cü şöbəsinin rəisi Sinman bu işdə onun yaxın köməkçiləri olmuşlar.

Müttəhim Cuvarlinski hazırkı aktı imzalamaqdan imtina etmişdir".

Heç bir günahı olmayan Məmməd Cuvarlinski ona qarşı əvvəlcədən hazırlanmış uydurma faktlara inadla etirazını bildirir və "yoldaş Stalinə" yazdığı məktubdan xəbər gələcəyinə ümid edir. Cavabdan isə səs-soraq yox idiE

"Günah"ını boynuna alması üçün Məmməd Cuvarlinskiyə olmazın işgəncələr verilir. Bunları sözlə ifadə etmək, dilə gətirmək çox çətindir. Amma arxiv sənədləri dindirilmələrin hansı şərtlər altında keçdiyinə şahidlik edir.

DTİ-nin keçmiş əməkdaşı İ.M.Krotkov (1954-cü il noyabrın 30-da alınmış ifadə) bunu belə xatırlayırdı: "Bir dəfə Şerin göstərişi ilə Cuvarlinskini 5-6 müstəntiq əhatəyə alıb rezin dəyənək və burulmuş nəm döşəkağı ilə döyüb işgəncə verirdilər. Cuvarlinski küt ağrılara dözməyib yıxılır, yenidən təpik və yumruqla ayağa qaldırıb vururdular. Bütün bunlar təhqir xarakteri daşıyırdı. Sonra isə bunu əyləncə məqsədi ilə edirdilər. Verilən işgəncələrin nəticəsində Cuvarlinski tam taqətdən düşürdü, yarışüurlu vəziyyətdə özünə heç bir hesabat vermədən istənilən sənədə, ifadəyə qol çəkirdi. Şer, Kolya, Musatov, Mədət Həsənov, Mustafa Mustafayev və mən Cuvarlinskiyə olmazın işgəncələr vermişik.

1937-1938-ci illərdə kütləvi həbslər zamanı partiya sovet orqanlarının bütün rəhbər işçiləri, xalq komissarları və onların müavinləri tutulurdular. Məsələn, Maarif Komissarlığında beş xalq komissarı - Pənah Qasımov, Məmməd Cuvarlinski, Müseyib Şahbazov, Məmmədsadıq Əfəndiyev, Maqsud Məmmədov, habelə maarif komissarının iki müavini repressiyaya məruz qalmışdı".

Azərbaycan XDİK idarəsinin keçmiş əməkdaşı S.S.Zıkovun dedikləri də bunu təsdiqləyir: "Xoren Qriqoryanın köməkçisi Şerin keçmiş maarif komissarı Cuvarlinskini necə döydüyünün mən özüm şahidi olmuşam. Bu barədə Qriqoryana danışdım, lakin Cuvarlinskinin döyülməsi haqqında verdiyim xəbəri Qriqoryan gülümsəməklə qarşıladıE" Bir qayda olaraq əvvəlcə müttəhimlərdən etiraf ifadəsi almaq üçün onları döyür, sonra isə əksinqilabi təşkilatın digər iştirakçılarının adlarını çəkmək məqsədi ilə əziyyət verirdilər. Ən axırda isə müttəhim həqiqətən düşmən olduğu və bunu etiraf etdiyi üçün işgəncələrə düçar olurdu. Cuvarlinskiyə qarşı da məhz bu sınanmış üsul tətbiq edilmiş, insanlıq anlayışına sığmayan münasibət göstərilmişdi.

Nəhayət, Cuvarlinski Bağırov və Sumbatova "təslim məktubu" yazır. Ağrılardan və gücsüzlükdən az qala əli qələm tutmayan məhbus 1937-ci il iyulun 21-də müstəntiqlərin diktəsi ilə qələmə aldığı məktubda "etiraf edir" ki, burjua millətçiləri Ə.Qarayev, Y.Qasımov, D.Bünyadzadə, Ə.Əmiraslanov və başqalarının təsiri altına düşərək əksinqilabi təşkilata daxil olub.

Daha sonra Cuvarlinski əksinqilabi təşkilata 1936-cı ilin sentyabrında Mərkəzi Komitənin mədəniyyət şöbəsinin keçmiş müdiri Mikayıl Hüseynov tərəfindən cəlb edildiyini yazır. Hətta Nuxada əksinqilabi təşkilatın rəhbəri olduğunu qeyd edir.

Demə, Məmməd Cuvarlinskinin rəhbərliyi altında bu təşkilat rayonun kənd təsərrüfatı sahəsində və sənayesində ziyankarlıq işi aparmış, üsyançı kadrlar hazırlamışdır. Cuvarlinski şəxsən özü əksinqilabi təşkilata neçə-neçə şəxs cəlb etmişdir.

Lakin məlumatlar müstəntiqlərə azlıq etdiyi üçün Cuvarlinski əksinqilabi "təcrübə"sini bir az da əvvəldən - 1935-ci ildən topladığını, təşkilata həmin ilin sentyabrında Ruhulla Axundov tərəfindən cəlb olunduğunu deyir.

1937-ci il sentyabrın 7-də Şer M.Cuvarlinskinin işi üzrə istintaqın başa çatması haqqında protokol tərtib edir. Sentyabrın 13-də isə Sinman M.Cuvarlinskinin təqsirləndirilməsi ilə əlaqədar ittiham qərarını yazır. O, üç əsas cinayət üzrə günahlandırılırdı: əvvəla, guya Cuvarlinski silahlı üsyan yolu ilə Azərbaycanın SSRİ-dən ayrılmasını qarşısına məqsəd qoyan, ziyankarlıq, casusluq işi aparan, partiya və hökumət rəhbərlərinə qarşı terror tətbiq edən əksinqilabi-millətçi təşkilatın üzvü idi.

İkincisi, praktik inqilabi işdə fəallıq göstərərək rayondakı əksinqilabi üsyançı təşkilatın rəhbəri olmuşdur.

Nəhayət, kənd təsərrüfatında və sənayedə ziyankarlıq işi təşkil etmiş, üsyançı kadrlar hazırlamışdır.

Beləliklə, Cuvarlinski Azərbaycan SSR CM-in 64, 69, 70 və 73-cü maddələrində nəzərdə tutulan cinayətlərdə təqsirləndirilirdi. "Xalq düşməni" adı ilə damğalanan Azərbaycanın bir çox layiqli övladları kimi, onun da taleyi 15 dəqiqədə həll olundu. 1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar sessiyası bağlı məhkəmə iclası keçirdi və Məmməd Cuvarlinski ən ağır cəzaya - güllələnməyə məhkum olundu. Saat 21.30 dəqiqədə başlanan iclas 21.45-də sona çatdı.

Cuvarlinskini heç bir günahı olmadan, heç bir cinayət işlətmədən, yalnız haqq söz dediyinə görə məhv etdilər. 1937-ci il oktyabrın 13-də ölüm hökmü yerinə yetirildi.

O, tək deyildi, 12493 nömrəli istintaq işi üzrə güllələnmiş yüzlərlə Azərbaycan ziyalısı içərisində 33-cü idi.

Özü yana-yana ətrafına işıq saçan bir şam ömrü yaşadı Cuvarlinski. 35 yaşında qətlə yetirildi. Yaşasaydı, nələr etməzdi?! Bir ziyalı, müəllim, bacarıqlı təşkilatçı, rəhbər işçi kimi Azərbaycana çox fayda verə bilərdi. Onun işıqlı xatirəsi xalqın yaddaşındadır. İndi hamı belə oğullara "xalq düşməni" adı verənlərin özlərinin xalqın düşməni olduqlarını yaxşı bilir.

İradə ƏLİYEVA,

"Azərbaycan"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm