• USD 1,7000 0,00% EUR 1,9090 0,00%
    • GBP 2,1180 0,00% RUB 0,0241 0,00%

Saxta düyünü necə tanımalı? – “AYIRTMAN”

  • Ayırtman
  • 27 Sentyabr 2016 15:15
  • 7 512 Baxış
Saxta düyünü necə tanımalı? – “AYIRTMAN”

Düyü ən qədim dənli bitkilərdən hesab olunur. Cənubi Koreyada yaşı 14000 ilə bərabər olan düyü dənələri tapılıb. Düyünün vətəni isə Hindistan və Çindir. Onun Cənub-Şərqi Asiyada becərilmə tarixi yeddi min ilə çatır. Digər dövlətlərə gəlincə, mədəni düyü Şimali Amerikanın Virciniya ştatında 1647-ci ildə əkilib. Onun buraya geniş yolu isə Afrikanın Madaqaskar adasından başlanıb. Belə ki, 1685-ci ildə bu adadan onu Amerika Birləşmiş Ştatlarının Cənubi Karolina ştatına aparıblar. Rusiyanın ərazisində düyü Qədim Xəzər dövlətinin torpaqlarında becərilib. Bu dövlətin məhvi ilə bərabər düyü də məhv olub. Rusiyaya düyü I Pyotrun təşəbbüsü ilə gətirilib. O, tacirləri düyü (sarasinskoe pşeno) dalınca Özbəkistana göndərib. Tacirlərin gətirdiyi düyü Həştərxan yaxınlığındakı botanika bağında (az miqdarda) əkilib. Rusiyada əsl mənada düyü XX əsrdən becərilməyə başlanıb. 1910-cu ildə Kuban çayının sahilindəki Temruk rayonunda türk rəiyyətlərindən biri düyü əkib və hər desyatindən 250 pud (1 pud = 16,38 kq) məhsul götürüb. Kubanda 1929-cu ildən sonra düyü əsas dənli bitkilərdən birinə çevrilib. Düyünün ən yeni məskəni Avstraliyadır. Burada o, 1925-ci ildən intişar tapmağa başlayıb. Göründüyü kimi bütün dünya tədricən düyü yeməyə başlayıb. Bu da düyünün faydası , kimyəvi tərkibi ilə bağlıdır. Qeyd edək ki, düyünün kimyəvi tərkibinə 13 % su,7 % nişasta, 2,2% yağ, 73 % karbohidrat, 1,2 % minerallar daxildir. Lakin son illər dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib Çin bu tərkibdən çox-çox uzaq - plastik düyülər istehsal etməyə başlayıb. Bu da insan orqanizmi üçün təhlükəlidir.

Keyfiyyətli düyü haqqında biliklərə sahib olmağa sizə Publika.az-ın “Ayırtman” layihəsi kömək edəcək.

Düyünün növləri

Əvvəla qeyd edək ki, düyü çəltikdən alınır və qırtıckimilər fəsiləsinə aid bitki cinsidir. Dünya əhalisinin təqribən yarısının əsas yeməyini buğda ilə bərabər düyü təşkil edir. Düyünü ən çox Cənub-Şərqi Asiya və Uzaq Şərq ölkələrində istehsal edirlər. Muхtəlif düyü növləri biri digərindən хarici əlamətlərinə, toхumalarının quruluşuna, nişasta dənələrinin formasına və ölçüsünə, tərkibində olan karbohidratların, yağların, mineral maddələrin miqdarına gorə fərqlənirlər. Hazırda düyünün ağ, qəhvəyi, qızılı, qara rəngdə olan uzun, orta, yumrudənəli minlərlə növü mövcuddur və onlardan çoxsaylı yeməklərin hazırlanmasında istifadə olunur. Ağ düyü daha geniş yayuılmış növdür və istənilən yeməyin hazırlanmasında istifadəyə uyğundur. Qəhvəyi, qızılı, qara düyülərə isə ticarət şəbəkələrində az-az rast gəlinir və onlar bütün yeməklərin hazırlanmasında istifadə olunmurlar. Düyüdən həmçinin uşaq və pəhriz qida məhsulları, həmçinin yeyinti кonsentratları və müхtəlif konservlərin hazırlanmasında geniş istifadə olunur.

Düyüdən 2 növ – pardaqlanmış və cilalanmış yarma istehsal edilir. Əlavə məhsul kimi az miqdarda düyü xırdası əldə edilir. Düyü yarması tez bişməsi və bişdikdə həcminin çox artması ilə fərqlənir. Düyüdən hazırlanan məmulat yüksək mənimsəmə qabiliyyətinə və dada malikdir.

Faydaları

Düyü yüksək qidalılıq dəyərinə malik olan, orqanizmdə yaxşı mənimsənilən kalorili məhsul olmaqla yanaşı bir sıra faydaları da vardır. Düyü yüksək təzyiqi aşağı salmağa, həzmi asanlaşdırmağa kömək edir, bədəni enerji ilə təmin edir, zehni qüvvətləndirir, bədəndə olan artıq suyu çəkərək toksiki maddələri bədəndən uzaqlaşdıra bilir, ürək, damar və bir sıra digər xəstəliklərə qarşı qoruyucu funksiyaya malikdir.

Düyünün keyfiyyət göstəriciləri onlara məxsus standartın tələbinə uyğun olmalıdır. Bu məmulatların keyfiyyəti onların rəngi, səthinin vəziyyəti forması və bişirildikdən sonrakı iyi, dadı, bişirmə artımı və həlim salması ilə təyin edilir. Orqanoleptiкi üsulla düyünün rəngi, şüşəvariliyi, dadı və iyi müəyyən edilir. Rəngi əsasən birtonlu, səthi hamar olmalıdır.

Düyü necə qablaşdırılır?

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən bildirilir ki, Düyü məmulatları müvafiq səlahiyyətli orqanlar tərəfindən icazə verilən qablaşdırma materiallarında qablaşdırılır və satışa buraxılır. Düyünü qablaşdırılmış və çəki halında satışa buraxırlar. Hər bir qabdakı düyü bir növdə olmalı, qablaşdırıldıqdan sonra mütləq markalanmalı və etiketdə aşağıdakı məlumatlar olmalıdır:

♦ əmtəə nişanı, istehsalçı müəssisənin adı və ünvanı;

♦ məhsulun adı;

♦ çəkisi;

♦ istehsal tarixi;

♦ qablaşdırılma tarixi;

♦ saxlama şəraiti və müddəti;

♦ standartın və ya digər normativ-texniki sənədin nömrəsi;

♦ məhsulun tərkibi;

♦ qida dəyərliliyi haqda məlumat və s.

Necə saxlamalı?

Saxlama yerlərində onların zərərvericilərdən, gəmiricilərdən qorunmasına xüsusilə ciddi nəzarət edilməlidir. Bu məhsullarda keyfiyyətin qorunması üçün nəmliyin normal saxlanması əsas şərtdir, onun normadan artıq olması məmulatın keyfiyyətinin itirilməsinə səbəb olur.

Toksik elementlərin, mikotoksinlərin, pestisidlərin düyüdəki miqdarı yol verilən normanı keçməməli, qanunvericiliklə müəyyən edilmiş tibbi-bioloji tələblərə və sanitar qaydalara uyğun olmalıdır.

Düyü məmulatları quru, yaxşı havalandırması olan, sanitar qaydalara riayət olunan, ziyanvericilərin təsirinə məruz qalmayan yerdə, 18ºC-dək temperaturda və nisbi rütubəti 60-70% olan otaqlarda saxlanmalıdır. Düyü kəskin qoxusu olan məhsullarla bir yerdə saxlanılması qadağandır. Optimal şəraitdə növündən və təmizlənmə dərəcəsindən asılı olaraq düyünü 8 aydan 2 ilə qədər saxlamaq olar.

İstehlakçıların həyatı, sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi üçün düyü məmulatları ticarət şəbəkəsinə partiyalarla qəbul olunmalı və hər bir partiya mal keyfiyyət göstəriciləri və normalarını özündə mütləq əks etdirən sənədlərlə müşayiət olunmalıdır. Yalnız keyfiyyəti müvafiq tələblərə uyğun olan düyü məmulatlarının satışına icazə verilir.

Keyfiyyətli düyünü necə tanımaq olar?

Ticarət şəbəkəsindən düyü alarkən onun keyfiyyətli olmasını necə müəyyənləşdirmək olar. Birinci növbədə keyfiyyətli düyü iri, ağ, bir formada və tək-tək olmalıdır. Rənginin dəyişməsi məhsulun keyfiyyətinin pisləşməsinə və korlanmasına dəlalət edir. Parıltılı ağ dənəciklərin olması onların tam yetişməməsinə və bişirildikdə pis həll olunmasına işarədir. Düyü bağlamalarında qabıq olmamalıdır, əks halda bu toz əmələ gətirir ki, bu da onun keyfiyyətini aşağı salır. Xırdalanmış və ya əzilmiş düyü istehsal tullantısı hesab olunur. Bir sözlə düyünün keyfiyyətini yoxlayarkən onların rənginə, səthinin vəziyyətinə, quruluşunun хususiyyətlərinə, tərkibində qarışıqların olmamasına, ziyanvericilərin təsirinə məruz qalmamasına, formasına və konsistensiyasına fikir verin.

Düyünün iyi məhsulun növünə müvafiq olmalı, kənar iy verməməlidir. Düyüdən kif və rütubətli iyin gəlməsi saxlama şəraitinin pozulması ilə bağlıdır və məhsulun korlandığını, qida dəyərinin azaldığını göstərir. Bu məhsulları alarkən onların saxlama müddəti və şəraitinə diqqət yetirin.

Bir məsələni də qeyd etmək istəyirik ki, bəzi iş adamları tərəfindən saxlama müddəti bitmiş yaxud bitmək üzrə olan düyülər iri kisələrdən (25-50 kq.) boşaldılaraq kiçik istehlak qablarına doldurulur və üzərinə yeni istehsal tarixi yazılmaqla satışa çıxarılır. Bu zaman bir qayda olaraq malın əsl mənşəyi bilinmir. Ona görə də bu məhsulları alarkən qablaşdırmanın üzərində həm istehsal, həm də qablaşdırma tarixinin olmasına diqqət yetirin. Aldanmadan sığortalanmaq üçün ticarət şəbəkələrindən ilkin qablaşdırılmasında çəki ilə almağınız tövsiyə olunur.

İqtisadiyyat şöbəsi

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR