Ayırtman
Xeyirli saydığımız meyvə qurusu bizi öldürə bilər - NECƏ SEÇMƏLİYİK?
Quru meyvə qış aylarında ən çox istifadə etdiyimiz qida məhsullarından hesab edilir. Lakin bu qidaları da alarkən bir neçə məqama diqqət yetirmək lazımdır.
Bu işdə oxuculara Publika.az-ın “Ayırtman” layihəsi köməkçi olacaq.
Quru meyvədə hansı vitaminlər var?
Meyvə quruları il boyu əhalini faydalı vitamin və minerallarla təmin edən məhsullardandır. İstehsal texnologiyasının tələblərinə düzgün riayət edildiyi təqdirdə onlar da sağlamlıq üçün təzə meyvələr qədər faydalı olur. Quru meyvələrin tərkibində B vitaminləri qrupu, dəmir, natrium, kalium, maqnezium, pektin, yod və sair zəruri maddələr saxlanılır və onların təbii balansı pozulmur. Hazırda ticarət şəbəkəsində ən müxtəlif çeşiddə, növdə və keyfiyyətdə quru meyvələr təklif olunur. İstehlakçı olaraq yalnız doğru seçim meyarlarını bildiyiniz təqdirdə, həm dadlı, həm də faydalı məhsul əldə etdiyinizə əmin ola bilərsiniz.
Meyvələr necə qurudulur?
Meyvələrin qurutma üsulu ilə konservləşdirilməsi onların tərkibindəki suyun miqdarının azaldılmasına əsaslanır. Meyvələr qurudulduqda onların tərkibində nəmlik 18-25%-ə qədər azalır. Məhsulun tərkibində su az olduqda mikroorqanizmlər zəif inkişaf edir və ya inkişafdan qalır ki, bu da onun uzun müddət saxlanılmasına şərait yaradır.
Meyvələr 3 üsulla: günəşdə, kölgədə, temperatur və kimyəvi emal yolu ilə qurudulur. Qeyd olunan üsulların hər birinin öz üstünlüyü və çatışmayan cəhəti vardır. Günəşdə meyvələr tez quruyur. Bu qurutma üsulu ekoloji cəhətdən təhlükəsizdir və meyvənin bütün faydalı xüsusiyyətlərinin qorunub saxlanılmasına imkan verir. Lakin bu üsulla qurudulmuş meyvələr bir qədər sərt olur. Kölgədə qurudulmuş meyvələr ekoloji cəhətdən təhlükəsiz, vitamin və mikroelementlərlə çox zəngin və şirəli olur. Lakin meyvələrin kölgədə qurudulması uzun zaman tələb edir. Kimyəvi üsullarla emal edilmiş meyvələr isə uzun müddət saxlanılır, zərərvericilər tərəfindən zədələnmir, cəlbedici əmtəə görünüşünə və parlaq rəngə malik olurlar. Lakin bu yolla qurudulmuş meyvələrdə toksik kimyəvi maddələr və konservantlar, eləcə də boya maddələri olur ki, bu da quru meyvələrdən gələn faydanı şübhə altına alır.
Məhsulun qablaşdırılması
Normativ-texniki sənədlərin tələblərinə əsasən quru meyvələrin qablaşdırması üzərində istehsalçı müəssisənin adı və ünvanı, məhsulun adı, növü, çəkisi, istehsal tarixi, yararlılıq müddəti, enerji dəyəri və texniki sənədləşdirmənin nömrəsi barədə məlumatlar qeyd edilməlidir. Eyni zamanda qablaşdırmada məhsulların emalının xüsusi üsulları, qablaşdırma tarixi, saxlanma şərtləri və sair məlumatlar olmalıdır.
Quru meyvələrin keyfiyyəti barədə öncə onların xarici görünüşü xəbər verir. Keyfiyyətli quru meyvələr bütöv olmalı, üzərində çatlar olmamalı, ziyanvericilərin təsirinə məruz qalmamalıdır. Keyfiyyətli quru meyvər bərk deyil, elastik olmalıdır. Quru meyvənin üzərinin çox büzüşmüş olması onun düzgün qurudulmadığına işarədir və bu hal məhsulun keyfiyyətini aşağı salır. Üzərində spirt qıcqırması və kif əlamətləri olan quru meyvələrin istifadə edilməsi sağlamlıq üçün təhlükəlidir. Quru meyvələr (qara gavalı, ərik, əncir) bir qədər yağlı görünürsə, bu məhsula bitki yağı və ya qliserin əlavə edildiyinin göstəricisidir. Bir çox hallarda istehsalçılar məhsulun saxlama müddətini artırmaq üçün onu qlükoza, yaxud şəkər siropuna salırlar. Bilin ki, ən keyfiyyətli quru meyvələrin üzəri mat, parıltısız və təbii olanlardır.
Quru meyvə alarkən nəyə diqqət edilməlidir?
Quru meyvə alarkən onun keyfiyyətini müəyyənləşdirmənin digər yolu meyvələri qoxusuna görə yoxlamaqdır. Düzgün texnologiya ilə hazırlanmış quru meyvələr yüngül və təbii, meyvəyə xas olan qoxuya malik olmalıdır. Əgər açıq aşkar benzin, qaz iyi, yaxud məhsul üçün spesifik olmayan qoxu hiss edirsinizsə, bu məhsulun keyfiyyətsiz və sağlamlıq üçün təhlükəli olduğunu göstərir.
Quru meyvə alarkən məhsulun xarici görünüşünün gözəlliyinə və parlaqlığına görə seçim etmək doğru deyil. Çünki meyvələr bir qayda olaraq qurudulduqdan sonra öz parlaqlığını və əvvəlki rəngini itirirlər. Bu səbəbdən satışda qeyri-təbii rəngə və parlaqlığa malik quru meyvələr gördükdə bu məhsulların kimyəvi maddələrlə emal edildiyini bilməlisiniz. Əksər hallarda bu məqsədlə sorbin turşusu, kükürd dioksid və sulfitlər istifadə edilir. Bu əlavələr quru meyvələrin xarici görünüşünü yaxşılaşdırır, rənglərini cəlbedici, parlaq edir və konservant funksiyasını daşıyırlar. Lakin qeyd olunan əlavələr böyük dozalarda istifadə edildikdə toksikdir. Emal edilmiş quru meyvələrdə sorbin turşusu və kükürd dioksidinin miqdarı qanunvericiliklə müəyyən edilmiş normadan çox olmamalıdır.
Quru meyvələrin uzun müddət saxlanılmasına təsir göstərən əsas amillər havanın rütubətliliyi, yüksək temperatur və məhsulun günəş şüaları ilə birbaşa təmasıdır. Quru meyvələr 5-20°C-də, nisbi rütubətliliyin 70%-dən az olduğu şəraitdə, kölgədə saxlanılmalıdırlar. Bu məhsulların saxlama müddəti əsasən 6-12 ay təşkil edir.
Yeməzdən əvvəl yuyun
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin məlumatına görə, bu məhsulların istifadəsi zamanı da ehtiyyatlı olmaq lazımdır. Belə ki, hətta ideal təmiz görünən quru meyvələr belə istehlak edilməmişdən əvvəl yaxşıca yuyulmalıdır. Bu zaman onlar nəinki toz və çirkdən, həmçinin kimyəvi reagentlərdən təmizlənmiş olacaqdır. Quru meyvələri 20 dəqiqəyədək ilıq suda saxlamaq onların kimyəvi maddələrdən qismən təmizlənməsinə kömək edəcəkdir.
Bu meyvələri alarkən diqqətli olun. Nəzərə alın ki, quru meyvə satışını həyata keçirən obyektlər texniki normalara uyğun lazımi mexaniki vasitələrlə və intentarlarla təmin edilmiş olmalıdır. Piştaxtada, şüşə rəflərdə və vitrində malın adı, növü, ədədlə və ya çəki ilə satış qiyməti göstərilməlidir.
İqtisadiyyat şöbəsi
-
Rəsmi xronika13:26İlham Əliyev sərəncam imzaladı
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"



































