Kosmosa səyahət başladı – FOTOLAR/VİDEO
Bizi izləyin

Bu kino ki, var...

Kosmosa səyahət başladı – FOTOLAR/VİDEO

Noyabrın 6-dan etibarən bu ilin ən ambisiyalı filimlərindən biri hesab olunan "İnterstellar" ekranlara buraxılır. Ən azından, filmə rejissor Kristofer Nolana görə baxmağa dəyər. Nolan "Qara cəngavər" (The Dark Knight), "Başlanğıc" (İnception), "Prestij" (The Prestige) kimi möhtəşəm filmlərin rejissorudur. Kinematoqrafiya haqda olan ən böyük internet saytında (IMDB) "Interstellar" filmi 10 baldan 9,2 balla qiymətləndirilib. Filmdə baş rollarda oynayan Mettyu Makkonahi və Enn Heteuey Yerdə məhv olan bəşəriyyət üçün yeni planet axtaran astronavtlardır. "Bu kino ki var" layihəsi son zamanlar çox müzakirə olunan film haqda britaniyalı rejissor 44 yaşlı Kristofer Nolanın müsahibəsini təqdim edir.

- Belə təəssürat yaranır ki, "Interstellar" sizin bütün həyatı boyu istədiyiniz opus magnum (böyük iş) filmdir. Belədirmi?

- Əslinə qalsa, mən lap uzun zamanlardan bəri möhtəşəm elmi-fantastik film çəkmək arzusunda olmuşam. Demək olar ki, bu, uşaqlıq arzumdur. Mən elə illərdə böyümüşəm ki, həmin dövrdə kosmik səyahət hamını maraqlandırıb. İlk dəfə ekranda "Ulduz müharibələri" filmini gördüyüm günü xatırlayıram. O zaman mənim 7 yaşım vardı və bu film mənə güclü təsir etmişdi. Bundan sonra atam məni "Kosmik Odissey" filminə baxmaq üçün kinoteatra apardı. Yəqin, o vaxtlar başa düşdüm ki, elmi-fantastik film kinematoqrafın yarada biləcəyi ən irimiqyaslı layihədir. Əlbəttə, mən də oxşar film çəkməyi arzu edirdim.

- "Interstellar" realistik filmdir, ya sadəcə astrofiziklərin təxəyyülüdür?

- Biz "Interstellar" filmini ilk növbədə astrofizika üzrə alim Stiven Hokinqə göstərdik və o çox bəyəndi. Elm nöqteyi-nəzərindən mən hər şeyi prodüser, fizik-nəzəriyyəçi Kip Torna etibar etmişəm. O, qabaqcıl alimdir və o da hər zaman belə bir film üzərində çalışmağı arzu edib: fantaziya yox, məhz elmi məlumatlar əsasında kino yaratmaq. İnanmaya da bilərsiniz, amma "Interstellar" fiziklərin yeni kəşfləri əsasında çəkilib. Biz abstrakt fəlsəfi görüşlərdən də istifadə edib, bəzi elmi tədqiqatlarda təhriflərə də yol vermişik.

- "Qara cəngavər" trilogiyasının super qəhrəmanlarından birbaşa "açıq kosmosa düşmək" nə kimi təəssürat yaradır?

- Hər filmdə əvvəlkində verə bilmədiklərini göstərməyə çalışırsan və "Interstellar" bu məsələnin öhdəsindən layiqincə gəldi. Bundan sonra köhnə filmlərində istifadə etdiyin hansı üsulları yenisində də istifadə etmək haqda düşünə bilərsiniz. Məsələn, çəkisizlik effektlərini yaratmağı "Başlanğıc" filmindən öyrənmişəm. İndi isə bu effekt yeni filmimdə mənə lazım oldu. "Interstellar"-da bir çox effektlər əvvəlki filmlərimdə yaratdıqlarımın cəmindən ibarətdir.

- Merfinin kitabxanasında etdiyi kəşf bunlardan yaranıb? O rəflərdə Tomas Eliotun "Bəhrəsiz torpaq" (The Waste Land), Stiven Kinqin "Qarşıdurma" (The Stand) və Konan Doylun bir sıra kitabları vardı...

- Bəli, rəflərdə mənim üçün əhəmiyyət daşıyan bir sıra məlumatlı kitablar var. Onlardan filmdə istifadə olunması mütləq deyil, əsas odur ki, adıçəkilən kitabların mənim həyatımda təsiri var. Kitablardan bəziləri fizikaya aiddir, digərlərinin isə buna heç bir aidiyyatı yoxdur. Edvin Ebbottun birvəznli, ikivəznli və üçvəznli fantastik "Flatlandiya" kitabı da əhəmiyyətli hesab olunur. Lakin biz səylə çalışırdıq ki, tamaşaçı kitabxana rəfindəki kitabları görüb filmdə hadisələrin hansı yolla gedəcəyini tapmasın və film mənbəyini haradan götürməsi haqda siyahı hazırlaya bilməsin. Sadəcə, bəzi kitablar ekrana düşə bildi.

- Kinematoqrafçı kimi işləməyinizə yardım edən kitablar olub?

- Uşaqlıqda çox oxuyardım, lakin qəribə də olsa, daha çox filmlərə baxmağa üstünlük vermişəm. "Kosmik Odissey" filmi mənə Artur Klarkın romanını "kəşf etməyə" imkan yaradıb. Mən ki bu kitabı gecə-gündüz oxuyardım. Sözün düzünü desək, nə qədər fantastika oxusam belə, Spilberqin "Yadplanetli" və "Üçüncü Növün Yaxın Əlaqələri" (Close Encounters of the Third Kind) filmləri mənə hər şeydən çox təsir edib.

- "Interstellar" ailəvi filmdir. Siz digər filmlərdə olduğu kimi, bu ssenarini də kiçik qardaşınız Conatanla birgə işləmisiniz. Qardaşınızla birlikdə işləmək necədir?

- Bu proses hər filmdə müxtəlif cür olur. Bu dəfə Conatan məndən irəli düşdü: Kip Torn qardaşıma müraciət etdi və Conatan filmin süjetini, personajlarını düşünməyə başladı. O zaman hələ filmin rejissoru Stiven Spilberq olacağı düşünülürdü. Bu layihə barədə qardaşımdan öyrənmişdim. Spilberq "Interstellar" filmini çəkməkdən imtina etdi, mən isə öz növbəmdə "Qara cəngavər" film çəkilişlərini bitirmişdim. Ona görə də "Interstellar" mənə həvalə olundu. Dərhal razılaşdım. Əlbəttə, qarşıda bir çox işlər vardı. Ssenarini oxuduqdan sonra birinci akta toxunmayacağıma söz verdim: hadisələr Yer kürəsində baş verir. Lakin mən "Interstellar"-da daha çox hərarət və insanlığa yer vermək istəyirdim. Bu istəklər, mənim bir sıra fikrilərimi layihələrdə canlandıra bilməməyimdən irəli gəlirdi və ona görə də "Interstellar"-da onları gerçəkləşdirmək istəyirdim. Filmə mənim rejissorluq edəcəyimə Conatan çox sevindi və ssenarini mənə təhvil verdi. Məsələ belədir ki, biz Conatanla bir yerdə çalışmırıq, lakin işi növbəli görürük. Conatan başlayırdı, mən yazırdım, üzərində dəyişikliklər edirdim, sonra mətni yenidən ona ötürürdüm və beləcə davam edirdi.

- Filmdə yer alan sevgi ideyası kimə məxsusdur?

- Mənə. Bu ideyanı filmin çəkilişlərinə başlamağa az qalmış, son anda əlavə etdim. Bunu film qəhrəmanları arasında olan hisslərin nəyə apardığını göstərmək üçün etdim. Məni bu paradoks maraqlandırdı: elm bilavasitə beyinlə əlaqədardır, hisslər isə beyində yox, məhz ürəkdə baş verir. Bu sahədə elm artıq zəifdir, gücsüzdür. Fikirləşdim ki, bu ideyanı əldən buraxmaq olmaz və bu, mütləq filmə əlavə edilməlidir.

- Filmdə ata-pilot Kuper rolunu Hollivudun ən məşhur aktyorlarından biri olan Mettyu Makkonahi canlandırır. Siz onun rolunu düzgün ifa edəcəyinə şübhə ilə yanaşırdınızmı?

-Heç ağlımın ucundan da keçməyib. Bu rol üçün mənim digər namizədlərim də olmayıb. Onu məşhur olduğu üçün yox, rola uyğun gəldiyi üçün dəvət etdik. Ssenari yazılarkən beynimdə heç bir namizəd yox idi, lakin bu personajın məhz Mettyuya uyğun gəldiyini dərhal anladım. Kuper-anadangəlmə pilot, kovboy və amerikansayağı ikonadır. Heç kim üçünü bir arada edə bilməzdi. Mettyu isə bunu bacarır və hesab edirəm ki, o, bunu bacaran yeganə aktyordur. Mənə bəşəriyyəti öz ardınca kosmosa apara biləcək bələdçi lazım idi. Və Mettyu bunu bacardı.

- Sizin filmə... (burada məşhur Hollivud aktyorun adı olmalıydı, amma rejissorun tələbi ilə jurnalist sonradan müsahibəni köçürərkən onu açıqlamaqdan vaz keçir - tərc.) necə gəlib çıxdı?

- Xahiş edirəm, onun haqqında bir kəlmə belə yazmayın! Onun filmdə peyda olması tamaşaçılar üçün kiçik bir sürprizdir və biz çalışırıq ki, bu haqda danışmayaq.

- Hans Zimmerə nə etmişiniz? Boynunuza alın. O, məşhur bəstəkardır, amma "Interstellar" üçün işlədiyi musiqilər bir qədər fərqlidir. Bununla belə, filmin soundtrekləri ən yaxşılardan hesab olunur.

- Mən ona nə etmişəm? Bir gün zəng edib dedim: "Mənə sənin vaxtından bir az lazımdır. Sənə məktub göndərəcəyəm və orada çəkdiyim film haqda xülasə yazılıb. Lakin nə başlanğıc, nə süjet, nə də janr olacaq. Sən məktubu səhər açıb orada yazdığım hekayəni mənə anladacaq musiqi üzərində çalışacaqsan ". O, dediyim kimi də etdi. Nəticədə, "Interstellar" –ın musiqisindən məmnun qaldım".

"Interstellar" elmi-fantastik filmdir və artıq Azərbaycan kinoteatrlarında da nümayiş olunur. Filmə baxmaq üçün 5 səbəb göstəririk:

İlk növbədə deyə bilərik ki, Kristofer Nolanın hər bir filmi kimi, "Interstellar" da tamaşaçını intizarda saxlayır. Film elmi-fantastika həvəskarları üçün əla dərslikdir. Bəstəkar Hans Zimmer "Interstellar" üçün yazdığı soundtrek ən yaxşılardan hesab olunur. Baş rollardan birini ifa edən aktyor Mettyu Makkonahi keçən ilin ən yaxşı aktyoru adına layiq görülüb. Nolan filmin bir qismini İslandiyada çəkib. İslandiya insan ayağının az dəydiyi, vəhşi təbiətli ölkədir. Bir sözlə, ora yad planeti canlandırmaq üçün əlverişli yerdir.

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm