121 yaşlı 1 May bayramının keşməkeşli tarixi- ARAŞDIRMA
Bizi izləyin

Gizli tarix

121 yaşlı 1 May bayramının keşməkeşli tarixi- ARAŞDIRMA

Hər il manifestasiyalarla 1 May tarixinin Beynəlxalq Zəhmətkeşlər Bayramı kimi anılması qərarı ilk dəfə II İnternasionalın 1889-cu ilin iyulunda keçirilən Paris Konqresində verilib. Haymarket üsyanı, anarxistlərin edamı - qanla boyanmış may günləri və sinfi qarşıdurmaların sonrakı xronikası dünya əməkçilərinin şərəfli tarixinin ən yaddaqalan hissələridir. Bu tarixin simvolu isə 1 May bayramıdır.

1 May bayramının yaranma zərurəti harada və nədən meydana çıxdı?

Bu gün Azərbaycanın da Konstutsiyası və Əmək Məcəlləsində təsbit edilmiş əmək hüququ, sosial qarantiya, 8 saatlıq iş günü irticanın təzyiq və istismarına, cüzi maaş müqabilində bəzən 15-16 saata çatan gündəlik iş rejiminə, uşaq əməyinə qarşı aparılan sinfi mübarizənin nəticəsidir. Bəs bu tarixi proses və onun məntiqi nəticəsi olan 1 May bayramı necə meydana gəldi?

XX əsrin əvvəllərində Avropada ən fəal kommunist hərəkatı üzvlərindən biri olan Roza Luksemburq (Almaniya) 1894-cu ilin fevralında Parisdə dərc olunmuş "May bayramı necə yarandı?" adlı tarixi məqaləsində yazırdı: "Azad düşüncə- 8 saatlıq iş gününün nailiyyəti üçün vasitə kimi bir proletar bayram günü tətbiq etmək ilk dəfə Avstraliyada ortaya çıxdı.

Yerli işçilər 1856-ci ildə artıq toplantı və əyləncə ilə əlaqədar səkkiz saatlıq iş gününün lehinə nümayiş olaraq bir günlük özlərini tamamilə işdən azad etməyi qərara aldılar.

Bu bayram günü 21 aprelə təyin edildi. Öncə, 1856-cı ildə avstraliyalı işçilər yalnız bircə dəfə nümayiş keçirməyi düşünürdülər. Ancaq bu ilk bayram nümayişi avstraliyalı proletar kütlələrdə elə təsirli iz buraxdı, elə bir canlanma yaratdı ki, bayramın hər il təkrarlanmasına qərar verildi.

Bu qərar gerçəkdən, işçi kütlələrə kütləvi işə çıxmamaq kimi öz güclərinə inam və cəsarət verdi. Zavod, fabrik və emalatxanaların əbədi qullarına öz daxili birliklərinə baxış zəminində cəsarət, gücü bəxş etdi".

Beləcə, proletar bayramı düşüncəsi tez bir zamanda mənimsəndi, Avstraliyanı aşıb başqa ölkələrə yayıldı, ta ki o, bütün proletar dünyasını fəth etdi. Avstraliyalı əməkçilərin bu nümunəsini daha sonra amerikalılar təkrarladı.

"Lazım gələrsə, hər kücəni bir işçinin cəsədiylə bəzəyəcəyik"

1866-cı ildə Amerikan isçiləri Baltimorda toplandıqları konqresdə günlük iş vaxtının 8 saata endirilməsi tələblərini ciddi şəkildə irəli sürmək haqda qərar qəbul etdilər. Ancaq işçilərin bu haqlı tələbi rədd edildi. Bundan sonra "8 saatlıq iş günü" artıq bütün Amerikan əməkçilərinin ortaq tələbinə çevriləcək, onların təşkilati mübarizəsinin başlanğıcına damğasını vuracaq, işçi sinifi qanlı və ağır mübarizələrlə burjualardan bu haqqı zorla alacaqdı.

1884-cü ildə Çikaqoda toplanan Amerika İşçi Federasiyası və Beynəlxalq İşçilər Birliyi "8 saatlıq iş günü"nü burjuaziyaya zorla qəbul etdirmək haqda qərar qəbul etdi. Bu qərara görə 2 il sonra- 1 may 1886-cı ildə 8 saatlıq iş günü üçün boykotlar ediləcək və aksiyalar keçirəcəkdilər.

Amerikan burjuaziyası bu qərara qarşı hücuma keçdi. Burjuaziyanın idarəçiliyindəki kapitalist media monopolistləri, mitinqdən öncəki günlərdə küçələrin qan gölünə çevriləciyi kimi gülünc iddialar yayımlayırdı. Buna misal olaraq "Çikaqo Tribun" qəzeti "Şəhəri dağıdıb yandıracaqlar? Bunun qarşısını almaq üçün lazım gələrsə, Çikaqonun hər kücəsini bir işçinin cəsədiylə bəzəyəcəyik"- deyə alçaqcasına hədələyici yazılar verirdi...

1 may 1886-cı ildə demək olar ki, bütün sənaye mərkəzlərində- Nyu-York, Çikaqo, Filadelfiya, Baltimorda... 200 mindən cox işçi boykota başladı. Çikaqoda 80 min işçi haqları olan "8 saatlıq iş günü" tələbi altında sıx sıralarla möhtəşəm yürüş keçirdi.

"Səssizlyimizin, bu gun boğacağınız səslərdən daha güclü olacağı gün gələcək"

Ümummilli boykotun və bu aksiyaların yayılmasından qorxan burjuaziya silahlı əsgərlərlə yanaşı həm də, casus provakotorlar tutaraq hücuma keçdi. 3 may günü "McCormic" fabrikinin qarşısında onlara qatılmayan digər işçiləri boykota qoşulmağa çağıran silahsız işçilərə atəş açıldı və bir işçi öldürüldü. İşçilər bu qanlı hadisəni protest etmək üçün mitinq keçirmək qərarına gəldilər.

4 may günü işçilər daha güclü bir mitinq təşkil etdilər. Mitinqin qurtarmasına az qalmış yüzlərlə polis meydana girdi. Bir az sonra isə mənşəyi və haradan gəldiyi bəlli olmayan bir bomba polislərin olduğu yerə düşdü. Bomba atılandan sonra mitinq bölgəsi qanlı savaş meydanına çevrildi. İşçilər güllə yağışına tutuldular. 4 işçi və 7 polis öldü, onlarla işçi isə yaralandı. Həmkarlar ittifaqlarının sədrləri və 8 işçi hərəkatının lideri tutuldu.

Siyasi şou kimi keçən məhkəmə sonrasında işçi hərəkatının liderlərindən olan 4 işçi- Avgust Spies, Albert Parsons, Corc Engel ve Adolf Fişer edama məhkum edildilər.

11 noyabr 1887-ci ildə edama aparılan Avgust Spiesin son sözü belə oldu: "Səssizlyimizin, bu gun boğacağınız səslərdən daha güclü olacağı gün gələcək". Doğrudan da, bu repressiya və edam qərarları etirazlar, zəhmətkeşlərin beynəlxalq birliyinə və yeni, daha güclü mübarizələrə təkan verdi.

II İnternsionalın tarixi qərarı və ya 1 May bayramının beynəlmiləlləşməsi

Bu arada Avropada da işçi hərəkatı güclü inkişaf etdi və canlandı. 1889-cu ilin iyulunda Parisdə toplanan II İnternsionalın 1-ci Konqresində 1 May tarixi dünya zəhmətkeşlərinin birlik, mübarizə günü olaraq qəbul edildi. Hər ilin 1 may tarixini mitinqlər, aksiyalar və boykotlarla qeyd etmək qərarı verildi.

Beləliklə, bu hərəkat özünün güc ifadəsini İşçilərin Beynəlmiləl Konqresi ilə tapdı. Sözü gedən Konqresə 400 nümayəndə toplanmışdı. Əvvəlcə, 8 saatlıq iş günü tələbi haqda qərar verildi.

Fransız Həmkarlar İttifaqının üzvü, bordolu fəhlə Lavign təklif etdi ki, hər bir ölkənin zəhmətkeşləri Əmək Bayramı günü adı altında bu tələbi ortaya qoysunlar. Burada amerikalı işçilərin nümayəndəsi diqqəti 1890-ci ilin 1 Mayı ilə bağlı yoldaşlarının eyni qərarına yönəltdi, beləliklə Konqres həmin günü proletariatın bayram günü kimi müəyyən etdi.

Proletariat nümayəndələri əslində, bu halda da 30 il öncə Avstraliyada olduğu kimi yalnız bir günlük manifestasiya haqda düşünürdülər. Konqres qərarlaşdırmışdı ki, 1 mayda (1890-ci il) bütün ölkələrin proletariatları 8 saatlıq iş günü tələbi ilə birlikdə nümayiş keçirsinlər.

Növbəti illərdə aparılan müzakirələrdə bayramın təkrar keçirilməsi təklifləri səslənmədi. Heç kim qabaqcadan prosesin belə parlaq şəkildə reallaşacağını və qısa zamanda işçi sinifi arasında yayılacağını təxmin edə bilməmişdi.

SSRİ-nin dağılmasından sonra "qurunun oduna yaşı da yandırdıq"

Dünyanı bürüyən sinfi mübarizə Rusiyada bir qədər də kəskin xarakter almışdı. Rusiyada baş qaldıran fəhlə-kəndli çıxışları daha fundamental xarakter daşıyırdı. Rusiya proletar kütlələrinin daha güclü ittifaqlarda birləşməsi və kommunist-bolşevik partiyası sıralarında güclü siyasi fəaliyyəti sonradan Böyük Oktyabr İnqilabına və nəhayətdə Leninin başçılığı ilə tarixdə sosilialist sistemə dayanan ilk fəhlə-kəndli dövlətinin- SSRİ-nin yaradılmasına gətirib çıxardı.

Sovet İttifaqında bu bayram dünyada ən möhtəşəm səviyyədə keçirilirdi. 30 yaşdan yuxarı vətəndaşlarımız- keçmiş sovet adamları 1 May bayramını yaxşı xatırlayırlar. Bayramdan bir neçə gün öncə bütün ölkə boyu- idarə, müəssisə və təşkilatlarda, məktəblərdə böyük çoşğu ilə hazırlıq gedirdi.

Mayın 1-də şəhərlərdə böyük nümayişlər keçirilər, möhtəşəm bayram əhval-ruhiyyəsi hökm sürərdi. Peşəsində fərqlənən əməkçilərə mükafatlar, fəxri adlar verilər, Sovet İttifaqının paytaxtına- Moskvaya dünyanın bütün ölkələrindən dəvət olunan qonaqlara sosializmin nəyə qadir olduğu nümayiş etdirilərdi.

Lakin SSRİ-nin dağılmasından sonra "qurunun oduna yaşı da yandırdılar" və bütün yaxşı ənənələr kimi 1 May bayramını da ləğv etdilər. Lakin Rusiyada və bəzi digər respublikalarda 1 may hər il keçirilir - qarşısdurmaların yaranması ilə olsa belə.

Azərbaycanda 1 May bayramının tarixi necə və haradan başlanır?

1920-ci ildən başlayaraq 1 may Azərbaycanda da rəsmi bayram günü kimi qeyd olunub. Lakin hələ 1919-cu ildə əməkçilər 1 May bayramı qeyd ediləndə Rəsulzadənin rəhbərliyi ilə Müsavat hökuməti bu bayramda fəal iştirak edib. Onlar bu bayramın sinfi qarşıdurma yaradan amil kimi qiymətləndirilməsini rədd edirdilər.

SSRİ tərkibində olanda 1 May rəsmi bayramlar sırasında yüksək səviyyədə qeyd olunar və bununla bağlı keçirlən tədbirlərdə, televiziya və mətbuatda insanlara əməyin, zəhmətin nə qədər vacib olduğu aşılanardı.

1992-ci ildə isə bu bayramı totalitar quruluşun ideoloji atributu kimi ləğv etdilər. Həmin ilin oktyabrında müstəqil Azərbaycanın bayramları haqqında qanun qəbul edilərkən 1 May xeylı dərəcədə ideologiyalaşmış bayram kimi o sıraya daxil edilmədi.

Həmin bayramın sinfi ideologiyanı daşıyan şəxslərin təşəbbüsü ilə yaradıldığını əsas gətirdilər. 1992-ci ildə keçmiş prezident Əbülfəz Elçibəyin göstərişi ilə 1 mayın rəsmi səviyyədə qeyd edilməsinə son qoyuldu.

Ölkəmizdə bu tarixi sadəcə sol partiyaların üzvləri kiçik bir yürüşlə qeyd edirlər. Lakin demək olar ki, bütün sosioloqlar, psixoloqlar, müxalifət və iqtdar nümayəndələri də belə bir bayramın yüksək səviyyədə keçirilməsinin vacib olduğunu bildirirlər. Hesab edilir ki, Azərbaycan sosial yönümlü dövlətdir və ölkəmizdə sosial hüquqlar bərqərar olunub.

"İnsanlıq xoş günlərə çıxanda 1 Mayı bayram kimi keçirəcək"- Sosialist Bacı

"Sosialist Bacı" adı ilə tanınan kommunist Roza Luksemburq öz tarixi məqaləsində yazırdı: "1 May əsasən, 8 saatlıq iş günü çağırışları ilə başlasa da, bu məqsədə nail olduqdan sonra da bu proses bitmədi. Nə qədər ki işçilərin burjaziya və hakim sinfə qarşı mübarizəsi davam edir, nə qədər ki bütün tələblər yerinə yetirilməyib, 1 May bayramı da hər il bu tələblərin ifadəsi olacaq.

Xoş günlərə çıxanda və dünyanın dörd bir yanında işçi sinfi azadlığa qovuşanda belə, çox güman ki, mübarizə yolu və çəkilən əzabları anaraq insanlıq 1 Mayı bayram kimi keçirəcək".

1 May 121 ildir ki, dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik günü kimi qeyd edilir. Dünyanın 100-dən artıq ölkəsində ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü olaraq qeyd edilir.

Əksər 1 May nümayişləri dinc şəkildə və insidentsiz başa çatsa da, bəzən planlı qarşıdurmalar da yaradılır. Bəzi ölkələrdə bayram günü nümayişə çıxan işçilərin qanı tökülür. Bunu edənlər isə 100 il öncəki kimi yenə də burjuaziyanın, azğın kapitalzimin casus provakatorlarıdır.

İndiyə kimi 1 May nümayişlərində 1000-dən çox insan öldürülüb. Lakin bu qurbanlar 1 Mayı Beynəlxalq Zəhmətkeşlər Bayramı kimi qeyd edən milyonları qorxutmur. Çünki "Sosialist bacı"nın dediyi kimi, nə vaxtadək dünyada sosial ədalət, sinfi bərabərlik, insan hüquqları tam bərqərar olmayıb, o zamanadək 1 may tarixi ampluasında qeyd olunacaq...

Elçin Bayramlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm