Mussoliniyə faşizm ideyasını yadplanetlilər verib – ŞOK İDDİA
Bizi izləyin

Gizli tarix

Mussoliniyə faşizm ideyasını yadplanetlilər verib – ŞOK İDDİA

Uzun illər diktatorların yadplanetlilərlə əlaqəsi barədə qalaq-qalaq kitablar yazılıb, filmlər çəkilib, iddialar və hipotezlər ortaya atılıb. Bu faktların nə dərəcədə doğru və ya yanlış olduğunu söyləmək çətindir. Tarixi araşdırmalar hər il yeni hipotezlər ortaya çıxarır. XX-XXI əsrlərdə ortaya çıxan sənədlərə əsasən, İtaliyada müharibədən öncə yadplanetlilərlə əlaqə saxlayanlar olub. Eyni zamanda, bu sənədlərdə Hitler Almaniyasının diskplanlar (disk şəkilli uçan obyektlər) istehsalı ilə bağlı etdiyi cəhdlər yer alıb. Uçan boşqabların tarixi İkinci Dünya müharibəsindən öncə başlayıb.

Sinyor İksın bağlaması

1996-cı ildə naməlum bir şəxs (onun adı bu günə qədər də açıqlanmayıb) İtaliyanın elmi mətbuat orqanlarına sənədlər toplusu göndərməyə başladı. O, bu sənədlərin gah surətini, gah da orijinallarını göndərirdi. Naməlum şəxsin göndərdiyi sənədlərdə İkinci Dünya müharibəsindən öncə İtaliya ərazisində UFO-ların peyda olması və tədqiqatları əksini tapmışdı.

Redaksiya heyəti əvvəlcə Sinyor X-in bağlamalarına ciddi yanaşmır və sənədləri zibil qabına atır. Amma günlərin bir günü Milli Ufologiya Mərkəzinin sədri, "UFO Xronikası" jurnalının rəhbəri, doktor Roberto Pinotti onun göndərdiyi bir bağlamanı alır. Roberto ona göndərilən sənədləri Komo şəhəri sakini, kimya üzrə alim professor Antonio Qaravaqlaya ünvanlayır.

Qaravaqla dəqiq analizdən sonra sənədlərin saxta olmadığını, 1936-cı ilə aid olduğunu bildirir. Kağızlardan biri zərfdə idi və üzərinə "Şəxsən Çianoya çatdırılsın" yazılmışdı. Qraf Qaleasso Çiano Mussolini hökümətində xarici işlər naziri idi və onun ən etibarlı adamı sayılırdı. O, eyni zamanda, Mussolinin qızı Eddanın əri idi. Amma bütün bunlar Çianoya Mussolini əleyhinə hazırlanan sui-qəsddə iştirak etməyə mane olmadı. Mussolini isə 1943-cü ildə kürəkənin ölüm fərmanını gözünü qırpmadan imzaladı.

Araşdırmaların başlanması, ilk təsdiqlər

Çianoya göndərilən sənəd gizli dövlət orqanı olan "RS/33 kabineti"nin ilk iclası haqqında məlumat idi. Hesabata görə, yeni qurumun fəaliyyət məqsədi İtaliya səmasında müəmmalı hadisələr və naməlum uçan obyektlərin peyda olması barədə çıxan xəbər və şayiələrin araşdırılması idi.

Bağlamada olan bir məktubun mətninə əsasən, 1936-cı il avqustun 17-də Venesiya və Mestre şəhərlərinin hava məkanında siqarabənzər uçan obyekt müşahidə edilib. Məktubda, eyni zamanda, onların rəsmi də olub. Rəsmdə torpedaya bənzəyən uçan obyekt, yanında şarabənzər iki UFO və onları təqib edən qırıcı təyyarə əks olunmuşdu. Məktubda, eyni zamanda, baş vermiş hadisənin canlı şahidlərindən 3 nəfərin ev ünvanı da qeyd edilmişdi. Milli Ufologiya Mərkəzinin üzvləri adı qeyd edilmiş şahidləri axtarmaq qərarına gəldilər. Şahidlərin adı saxta deyildi. Amma onlar artıq dünyalarını dəyişmişdilər. Çünki aradan uzun illər keçmişdi. Amma bununla belə, mərkəz üzvləri baş vermiş hadisənin canlı şahidini tapa bildilər. Bu, artıq kifayət qədər yaşlanmış venesiyalı Faustino idi. 1936-cı ildə o, uşaq idi və səmada uçan siqarabənzər obyekti və onu müşayət edən iki şəffaf şarı o da görmüşdü. Mərkəzin gəldiyi qənaətə görə, sənədlərdə göstərilən faktlar öz təsdiqini tapmağa başlayırdı.

Sübutlar artır

Sinyor X növbəti bağlamanı məhşur ufoloq Corcio Boncovanninin nəşr etdiyi "UFO, yadplanetlilərin səfəri" jurnalının redaksiyasına göndərir. Bu bağlamada üç ədəd rəngli fotokopiya var idi. Sənədlər aşağıdakılardan ibarət idi:

1. ANC adlı teleqraf agentliyinin Milan ofisinin vurduğu 3 teleqram. Bu teleqramlarda Mussolinin əmri yer alıb. Əmrə görə, 1933-cü il iyunun13-də ölkə ərazisinə enən UFO-nun axtarışları və xilasetmə işləri həyata keçirilməli idi. Teleqramlarda uçan obyektin eniş məkanı bildirilmirdi.

2. UFO aşkarlandıqdan və onun xüsusi yerə çatdırılmasından sonra təşkil edilən tədbir barədə rəsmi dövlət məktubu. Bu tədbirlərə qəzet nəşrlərində ciddi senzura, siyasi polis qüvvələrinin UFO ilə bağlı hadisənin digər şahidlərinin həbsi ilə bağlı məlumatlar və Milan rəsədxanasının baş verən hadisənin meteozond, meteorit və digər fəza hadisələri kimi rəsmi açıqlanması daxil idi.

3. "Kabinet RS/33" qurumunun dövlət təşkilatı, Romada yerləşən La Sapiensa universitetinin tərkibində yaranmış gizli elmi komissiya olduğunu təsdiq edən protokol məktub və rəsmi məlumatlar. Görünür, bu qurum iyunun 13-də uçan naməlum obyektin İtaliya ərazisinə enməsindən sonra yaradılıb. Komissiyanın sədri fizika alimi Qulyelmo Markoni idi.

Komissiya barədə məlumat barədə danışmazdan əvvəl Markoninin kimliyi və o dövrdə Avropada yadplanetlilərə olan maraq məsələsinə toxunmaq lazımdır.

Mars qızdırması

XX əsrin 20-30-cu illərində Avropada əsl Mars bumu yaşanırdı. Albert Eynşteyn başda olmaqla bütün cavan alimlər Marsda yaşayış olduğu barədə danışırdılar. Bütün dünyada dahi kimi qəbul edilmiş Tesla, icad etdiyi qurğu vasitəsilə Qırmızı Planetdən gələn radiosiqnalları tutduğunu, amma hələ də şifrələri çözə bilmədiyini bəyan edir. Əsas qəhrəmanlarının Mars sakinləri olduğu kitablar nəşr edilir, filmlər çəkilirdi. Deməli, Marsda yaşayış olduğu barədə məlumat bütün Avropada yayılmışdı. Markoni də bu fikirlərdən uzaqda deyildi. O, bir neçə dəfə Mars planetində yüksək sivilizasiyanın olduğu barədə nəzəriyyəni dəstəkləyir, səmadan gələn radiosiqnalları qəbul edə bilən qurğu üzərində işləyir. Markoni yadplanetlilər barədə söhbətləri cəfəngiyyat saymır və bu sahə üzərində çalışırdı.

Məhşur ixtiraçı Markoni siyasətdən də kənar qalmır. Birinci dünya müharibəsi başlayanda leytenant Markoni vətənə xidmət edir və İtaliya hərbi qüvvələrinin radiofikasiya üzrə proqramına rəhbərlik edir. Müharibə başa çatanda o, İtaliya hərbi-dəniz qüvvələrinin komandanı idi və faşistlərə rəğbət bəsləyirdi. Mussolinin hakimiyyətə gəlməsini dəstəkləyirdi. O, 1923-cü ildə faşist partiyasına üzv oldu. 1930-cu ildə isə Kral akademiyasının prezidenti və Böyük Şuranın üzvü seçildi. Böyük Şura faşist İtaliyasını idarə edən orqan idi.

Komissiya üzvləri

Bu komissiyanın tərkibnə İtaliya Kral akademiyasının bir neçə üzvü ilə yanaşı turinli astronom dokto Cino Sesçino, professor Rucerio Kostanti Kavassani və İtaila elm aləminin başqa nümayəndələri daxil edilmişdi. Kabinetin fəaliyyəti barədə İtaliyanın 3 yüksəkçinli məmuruna məruzə edilirdi. Bunlar Benito Mussolini, Qaleasso Çiano və Hərbi Hava Qüvvələrinin komandanı, general İtalo Balbo idi. Sənədlərdən bu qurumun 7 il fəaliyyət göstərdiyi məlum olur. Gizli fəaliyyət göstərən qurumun 34 səhifəlik hesabatı qalır. Bu hesabatda 1930-1940-cı illər arasında İtaliyanın müxtəlif regionlarında görülən UFO-lar, İtaliya Kral Hərbi Hava Qüvvələrində xidmət edən pilotların səmada qarşılaşdığı naməlum obyektlər haqqında raportları, fotolar və kinofilmlər yer alıb. Kabinet üzvləri tədqiq olunan fenomenin yerdənkənar - yəni digər planetlərə aid olduğu hipotezini irəli sürdülər.

Alimlərin fikrincə, onlar qərb dövlətlərindən birində ixtira edilmiş çox sirli yeni bir silahın nümunəsi ilə qarşılaşıblar. Onlar tədqiqatları üçün "velivolvi sconoscuti" (naməlum uçan aparat) terminindən istifadə etməyə başladılar. Bağlamada qəzetdən kəsilmiş bir məqalə xüsusi maraq oyadır. Bu məqalədə və bir neçə sənəddə İtaliyada yaşayan hansısa fransalı pilotdan bəhs edilir. Bu pilot UFO-nu görüb və onu lentə çəkməyi bacarıb. Sonra fransalı pilot bu barədə insanlara danışır və filmi göstərirdi. Amma pilot doğma vətəninə qayıda bilmir - tezliklə yoxa çıxır və onu tapmaq qeyri-mümkün olur.

Dövlət tədbirləri

İtaliya ərazisində UFO qəzası və ya enişi 1933-cü il iyunun 13-də baş verib. Bu, elə həmin ayda İtaliyanın şimali-qərbində yerləşən Lombardiya əyalətində baş verən bəzi qəribə hadisələrlə əlaqəli idi.

Qəflətən, qısa müddətə Milanda, Lombardiya əyalətində bir çox dövlət və partiya rəhbərləri istefaya göndərilərək, onların yerlərinə yeni işçilər təyin edildi. Bu siyahıya qubernator, polis rəisi, baş nazirin müavini (bu şəxs Mussolinin xəfiyyəsi idi ) də daxil idi. Eyni anda bu ərazilərə yüzlərlə "qara köynəklilər" gəldi. Onlar Mussolinin qeyri-rəsmi qvardiyasının üzvləri idi. Qeyd etmək lazımdır ki, İtaliya kralı da Milana öncədən planlaşdırılmamış səfər edirdi.

Qəzetlərdə eyni anda, elə bil hansısa gizli əmrdən sonra müxtəlif səpkili məqalələr dərc edilməyə başladı. Bu məqalələrdə digər planetlərdə həyatın olduğu müzakirə edilir, marslılarla telepatik əlaqə qurulduğu qeyd edilirdi. Çox güman ki, bu da dövlət sifarişi idi. Məqsəd, UFO barədə cəmiyyətə məlumat sızsa, insanları əvvəlcədən rəsmi açıqlamaya şüuraltı hazırlamaq idi. Amma heç bir sızma olmadı və rəsmi dövlət bəyanatı səslənmədi.

UFO barədə yeni məlumatlar

İtaliyalıların tapıb ələ keçirdiyi uçan obyekti, çox güman ki, Varese və ya Veriqate yaxınlığında yerləşən aviabazaların birində gizli anqara aparıblar. Bu ərazilərin qeydsiz-şərtsiz sahibi general İtalo Balbo idi.

Maraqlıdır ki, Varese şəhərində nəşr edilən "Cronaca Prealpina" qəzetinin 1933-cü il 20 iyun tarixli sayında İtaliya mətbuat tarixində ilk dəfə olaraq marslıların Yer sakinləri ilə əlaqəsindən bəhs edən məqalə dərc edir. Məqalə hardasa az qala rəsmi məlumat xüsusiyyəti daşıyırdı.

Eyni zamanda, müharibənin son günlərində İtaliya faşistlərinin ilk növbədə Veriqat anqarlarını məhv etmək barədə qərar qəbul etmələri haqqında faktlar da məlumdur.

Sinyor X tərəfindən göndərilən çoxsaylı sənədlərlə tanış olmaq şansı əldə edən İtaliyanın məhşur "Sirlər jurnalı" dərgisinin əməkdaşı, jurnalist və ufoloq Alfredo Lissoni 70 illik hadisəyə yenidən toxundu və yeni araşdırmaya start verdi. Onun çalışdığı dərgi paranormal hadisələrə həsr olunurdu. Milan əyalətinin arxivindən Alfredo 1933-1938-ci illər arasında alınmış iki bağlama teleqram əldə edir.

Onlarla teleqramda İtaliya səmasında işıqsaçan obyektlərin, naməlum uçan obyektlərin peyda olması barədə məlumatlar var. 9 teleqramda isə söhbət konkret olaraq UFO-lar barədədir. "Domenika del Korrere" qəzetinin 1937-ci il 4 iyul tarixli saylnda isə Lissoni maraqlı məlumata rast gəlir. Bu məqaləyə əsasən, bir neçə gün əvvəl (1937-ci il iyulun 4-dən əvvəl) qərbi Milanın təmiz səmasında qəflətən böyük və gözqamaşdıran parlaq ildırım çaxır. Bu ildırım nəticəsində Macenta və Novara şəhərləri arasındakı yolda 5 nəfər piyada zədələnir. Çox güman ki, bu başqa bir UFO-nun ya qəzası, ya da enişi barədə məlumatdır.

Sinyor X-in göndərdiyi sənədlərdən çıxan nəticəyə görə, 1936-cı ildə Berlin və Roma arasında imzalanan pakta əsasən, "Kabinet" tərəfindən UFO haqqında toplanan və araşdırılan bütün məlumatlar Üçüncü Reyxin rəhbərliyinə təqdim edilir. Bu məlumatın həqiqət olduğunu sübut edən faktlardan biri də 1936-cı ildən sonra baş verən hadisələrdir. Bu tarixdən sonra nasist Almaniyasında diskplanların icadına təşəbbüs göstərildi.

Yuxarıda sadalanan faktları təsdiqləyən başqa bir məlumat isə Mussolininin 1941-ci il fevralın 23-də faşist döyüşçüləri federasiyasının qurultayında etdiyi çıxışla əlaqədardır. Bu qurultayda Mussolini : "Yəqin ki, faşist ordusu Birləşmiş Ştatlara hücum etməyəcək. Hələlik, çox az insana məlum olan Mars planetinin döyüşkən əsgərləri Yer planetinə səfər edəcəklər. Bu səfər zamanı onlar böyük uçan aparatları ilə gələcəklər. ABŞ-a da onlar soxulacaqlar".

Bu günə qədər də bu fraza zarafat kimi qəbul edilirdi. Amma bəlkə də, Mussolini zarafat etməmişdi.

Qopmuş zəncir halqası

Sinyor X üçüncü bağlamanı göndərə bilmədi. Çünki o, yoxa çıxdı və bir də ondan heç bir məlumat eşidilmədi. Çox güman ki, onun göndərdiyi sənədlər kiminsə qəzəbinə səbəb oldu. Ya da özü artıq bu məsələni işıqlandırmamaq qərarına gəldi. Bəlkə də, onu aradan götürdülər? Bu barədə heç bir məlumat yoxdur. Yəqin ki, üçüncü bağlama da göndərilsəydi, Mussolini və İtaliya faşist dövlətinin yadplanetliləri ilə əlaqəsi açıq-aydın faktlarla sübut ediləcəkdi. Amma üçüncü bağlama yoxdur. Üçüncü bağlamada hansı sənədlərin ola biləcəyi barədə heç bir işıq ucu da yoxdur. Yəqin ki, alimlər hələ uzun müddət bu məsələ üzərində baş sındıracaqlar.

Hikmət Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm