Fransa prezidentinin azərbaycanlı tərcüməçisinin NÖVBƏTİ UĞURU
Bizi izləyin

Xüsusi

Fransa prezidentinin azərbaycanlı tərcüməçisinin NÖVBƏTİ UĞURU

Fransa prezidenti və hökumətinin akreditasiyalı tərcüməçisi, Sinxron Tərcüməçilərin Beynəlxalq Assosiasiyasının ilk azərbaycanlı üzvü Elvin Abbasbəyli Türkologiya (Tərcüməşünaslıq) üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülüb. Bu əlamətdar hadisə münasibətilə Publika.az soydaşımızı təbrik edib, təəssüratlarını öyrəndi.

- Elvin bəy, növbəti uğurunuza çox sevindik. Elmi işinizin mövzusu nə idi? Bu seçimə təsir edən amillər vardımı?

- Sinxron tərcümə üzrə Master diplom işi Türkiyədə sinxron tərcümə tarixinə həsr edilmişdi. O zaman yaranan, amma bu diplom işi üçün çox böyük olan sualları ancaq doktorluq işində araşdırmaq mümkün idi. Yazılı və şifahi tərcüməçi kimi Osmanlı tərcüməçilərinin necə işlədiklərilə maraqlanırdım.

- Bu mövzuya toxunan ilk mütəxəssissiniz?

- Bəli, bu mövzu məndən öncə heç vaxt araşdırma mövzusu olmayıb. Osmanlı və Rusiya imperiyaları arasında 1774-cü ildə imzalanmış Küçük Kaynarca (Kiçik Qaynarca) müqaviləsinin italyan, osmanlı türkcəsi və rus dilindəki orijinallarını, həmçinin fransız dilinə edilmiş tərcümələrdən birini etimoloji analiz etdim. Məqsəd o zamankı tərcüməçilərin hansı strategiyalardan istifadə etməsini araşdırmaq idi. Araşdırma əsnasında italyan, fransız, osmanlı, rus, yunan, rumın, fars, alman, ingilis və s. dillərdə yazılmış mənbələrdən istifadə etdim. Həmin dövrün tərcüməçilərilə aramızda 300 il fərq olmağına baxmayaraq, bənzər suallar verib, eyni mövzulara toxunuruq. Əslində tərcüməşünaslıq elə o zaman da mövcud olub, sadəcə adı yox idi.

- Bəs bu peşəni icra edən insanlara nə deyirdilər?

- Avropa dillərində droqman, Osmanlı imperiyasında isə tərcüman deyiblər. Əslində hər iki sözün kökü eynidir. Burdan belə nəticəyə gəlirik ki, o dövrdə tərcüməşünaslıq elmi olmasa da, tərcümanlar vardı.

- 7 il bu elmi iş üzərində çalışmısınız. Yəqin ki, zəhmətinizin bəhrəsini görüb, sevindiniz.

- Bu, gözəl hissdir. 5 professor sizi “elmlər doktoru” elan etmək üçün ayağa qalxır və alqışlayır. Yəni öz sıralarına qəbul edirlər. Üstəlik, münsiflər heyəti elmi işimi kitab şəkilində çıxarmağı da tövsiyə etdi.

- Artıq, sizə alim deyə bilərikmi?

- "Alim" ağır kəlimədir. Sadəcə doktor deyin, kifayətdir.

- Bəs hədəfdə indi nələr var?

- Yola davam.. Yeni dillər öyrənib, elmi məqalələr yazacağam.

- Bu məsuliyyətli və kifayət qədər uzun yolda dəstəkçiləriniz oldumu?

- Əlbəttə oldu. Fransanın Azərbaycandakı səlahiyyətli səfiri olmuş Jan-Pyer Ginüt həmin gün özünü başqa qitədən mənim yanıma yetirdi. O, Azərbaycanda çalışdığı dövrdə tərcüməçisi olmuşam. 20 yaşımdan bəri dəstəyini hiss etmişəm. Elmi adım rəsmən elan ediləndən sonra ilk işim Jan-Pyer Ginütə təşəkkür etmək oldu və hər kəs onu alqışladı. Bundan əlavə, məzunu olduğum Yazılı və şifahi tərcüməçilik, Beynəlxalq Əlaqələr İnstitutunun (ITI-RI) direktoru da məni dəstəkləməyə gəlmişdi. Təbii ki, bu yolda ailəmin, doğmalarımın da zəhmətini qeyd etməliyəm.

- Bir azərbaycanlı kimi növbəti uğurunuza görə çox şad olduq. Gələcək nailiyyətlərinizi gözləyirik.

- Təşəkkür edirəm!

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm