Dağınıq odanın istiliyi: Avropa bu azərbaycanlı gənclərə heyrandır - FOTOLAR
Bizi izləyin

Xüsusi

Dağınıq odanın istiliyi: Avropa bu azərbaycanlı gənclərə heyrandır - FOTOLAR

Siz ADO adlı bir teatr eşitmisiniz?

Eşitmisinizsə, heç tamaşalarını izləmisiniz?

O kiçik bir otaqda böyük incəsənət təqdim edən gəncləri deyirəm.

Bu gün ora "Toy" tamaşasını izləməyə getmişdim. Tamaşanı izləyərkən sadəcə bir şey düşünürdüm:
"Bu teatrın tamaşalarını bütün dünya izləməlidir! Heç olmasa, bütün Azərbaycan. Heç olmasa..."

Özünə “Azərbaycanın Dağınıq Odası” adını götürən bu teatr, elə dağınıq, kiçik bir otaqda da tamaşaçılar qarşısında böyük həvəslə çıxış edir. Bu gənc aktyorlar üçün tamaşaçı sayı heç də önəmli deyil. Onlar üçün əsas olan gələnlərə sənət təqdim etməkdir.

İzlədiyim tamaşa məşhur alman dramaturqu Bertolt Brextin “Meşşan toyu” pyesi əsasında hazırlanmışdı. Tamaşanın rejissoru, ADO-nun fransız aktrisası Elsa Furtadodur. Rəssam isə Leyla Quliyevadır. Əsəri Azərbaycan dilinə Aytən F.Əliyeva tərcümə edib. Rolları isə Elmin Bədəlov, Elgün Həmidov, İskra Tarrant, Kamal Aken, Aytən Əliyeva, Zərif Bəkirova və Zaur Hacızadə canlandırırdı.

Tamaşa izləyicilərin hələ otağa keçməyə hazırlaşdıqları anda qəfil başladı və biz tamaşaçılar artıq “Toy”un qonaqları idik, yəni tamaşada həm də iştirakçıya çevrildik.

Tamaşa bitdi, teatrın təsisçisi, “Toy”da Yakov obrazını canlandıran Emin Bədəlov Publika.az-a fəaliyyətlərindən danışdı və suallarımızı cavablandırdı.

- ADO teatrının yaradılma tarixçəsi haqqında qısaca məlumat verərdiniz.

- Teatr 2013-cü ilin 15 iyul tarixində yaradılıb, amma bundan əvvəl 2012-ci ildə biz bir qrup dostlarla bu teatrın yaranması üçün 9 ay hazırlıqlar görmüşdük. Elə o vaxt da mənim “Evlənmə” tamaşamı səhnələşdirmişdik. İlk rəsmi tamaşamız isə ruminiyalı dramaturq Matey Vişnekin “Səncə döyəcəklər?” pyesi əsasında hazırlanmışdı.

- Bu ideya sizdə necə yarandı? Aktyorluq təhsiliniz də yoxdur bildiyim qədəriylə.

- Mən Azərbaycan Dövlət Neft Akademiyasında oxuyurdum. 4-cü kursda oxuyarkən bəzi səbəblərdən qovuldum. Aktyor olmaq arzum həmişə var idi, amma evdən icazə vermirdilər, rayonda yaşayırdım. Universitetə qəbul olandan sonra isə şəhərə gəlib bu arzumu reallaşdırdım. Məqsədim Azərbaycan teatrına rəng qatmaq idi. İstəyirdim daha fərqli, yenilikçi bir teatr yaradım, digər teatrların toxunmadığı mövzuları səhnələşdirək. Dövlət teatrlarına alternativ bir teatr olsun. Bunu bacardıq da. O zamanlar adımız “Oda” idi. Sonra bu adı tam tərsinə çevirdik, ADO oldu.

- Aktyor seçimini necə edirsiniz?

- İlk vaxtlarda həvəsi olan dostlarla başlamışdıq. Daha sonra isə teatrımızda aktyorluq kursları təşkil etməyə başladıq. Bu kursları uğurla tamamlayanlardan bəzilərini teatrımıza aktyor kimi seçdik. Peşəkar aktyorlarımız da var. Məsələn, Elgün Həmidov həm “YUĞ” teatrının aktyorudur, həm də bizimlə əməkdaşlıq edir. Elza Furtado fransız aktrisamızdır, həm də rejissor kimi çalışır.

- Maliyyə məsələlərini necə həll edirsiniz? Xərcləri, aktyorların maaşını necə ödəyirsiniz?

- Bizə bəzən Britaniya konsulluğu, bəzən Fransa İnstitutu, Fransa səfirliyi dəstək olur. Bu tamaşamızın rəsmi dəstəkçisi isə Almaniyanın Höte İnstitutudur. Aktyorlarımız isə maaş yox, qonorarla işləyirlər, çünki məkanın kirayə pulu, kommunal xərclərini ödəməkdə çətinlik çəkirəm. Bundan əvvəlki məkanımızın kirayə pulunu da Teleqraf.com saytında işləyəndə aldığım maaşla ödəmişdim.

- Siz bir çox xarici ölkələrdə küçə performansları da göstərdiniz. Maraqla da qarşılandı. Azərbaycanda bu cür tamaşa hazırlamaq istəyirsinizmi?

- Buna çox çalışdıq. Ancaq bir problemlə qarşılaşmışıq. İcra hakimiyyətinə müraciət etdik, dedilər ki, bu işlərə Mədəniyyət və Turizm Nazirliyi baxır. Nazirliyə getdik, dedilər, icra hakimiyyətinin səlahiyyətindədir. Hələlik bunu dəqiqləşdiririk. Müraciətlərimizi yenə israrla davam etdirəcəyik.

- Bəs heç digər teatrlara onların səhnəsində çıxış etmək üçün müraciət etmisiniz?

- Yubileylərimiz zamanı müraciət etmişik. 4 və 5 illiyimizlə bağlı Azərbaycan Teatrlar İttifaqına da müraciət etdik, ancaq mən Azərpaşa Nemətovu bir neçə dəfə tənqid etmişəm deyə, müraciətimizə mənfi cavab gəlir. Azərbaycan Dövlət Dram Teatrının aktyorları da bizi çox vaxt təhqir edirlər. Onsuz da, bizə elə də böyük səhnə lazım olmur, çünki tamaşalarımızın çoxu kiçik səhnələr üçün nəzərdə tutulub. Məsələn, “Toy” tamaşası böyük səhnə üçün idi, amma elə tamaşalarımız var ki, böyük səhnədə onları oynamaq olmur. Yubileylə bağlı müraciətimizi isə “Yarat” qəbul etdi. Orada çox gözəl çıxışımız oldu. ADA Universitetinin səhnəsində də çıxışlar etmişik.

- Bu yaxınlarda cənub bölgəmizə qastrolunuz baş tutdu. Necə keçdi?

- Bəli, Lənkərana, Lerikə qastrola çıxdıq. Düzü, bu qastrol çoxdan planlaşdırılırdı, Lənkəran Gənclər Mərkəzi də təklifimizi qəbul etmişdi, amma qastrola bir gün qalmış Lənkəran İcra Hakimiyyəti tədbirlərin çoxluğunu bəhanə edərək, bizə qadağa qoydu. Biz də bunu feysbuk səhifəmizdə paylaşdıq. Bundan sonra Lənkəran sakinlərindən biri bizə zəng edərək çıxış etməyimiz üçün öz evini, həyətini verə biləcəyini dedi, orada çox gözəl çıxış etdik. İnsanların marağı da böyük idi. Sonra bu xəbər digər şəhərlərə də yayıldı. Lerik şəhərindən bir sakin də bizə belə bir təklif etdi, orda da ucqar bir kənddə çıxış etdik. Çox xoş təəssüratlar yarandı bizdə. İnsanlar tərəfindən çox gözəl qarşılandıq, maraq da böyük idi.

- Yekunda teatrınızın fəaliyyəti ilə bağlı planlarınızdan bir az danışmağınızı istəyirəm.

- Paris teatrı ilə birgə layihə həyata keçirəcəyik. Tanınmış rejissor və aktyor Dimitar Uzunov Bakıya gələcək və teatrımızda ustad dərsləri keçəcək. Dərslər zamanı iştirakçılara pyeslərin hazırlanması, müasir incəsənətdə səhnə quruluşu öyrədiləcək. Dərslər 5 gün olmaqla, gündə 4 saat davam edəcək. Sonda isə iştirakçılarla birgə hazırlanan performans nümayiş olunacaq, təqdimat tədbiri keçiriləcək.

Bir də İtaliyada keçiriləcək festivaldan bizə dəvət gəlib. Mart ayında həmin art festivalda iştirak edəcəyik.

- Təşəkkür edirik, Elmin bəy! Sizə və ADO teatrına uğurlar arzu edirik.

- Siz sağ olun! Təşəkkürlər!

Ulucay Akif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm