• USD 1,7000 0,00% EUR 1,9349 +0,49%
    • GBP 2,1620 +0,12% RUB 0,0253 -0,79%

Azərbaycanda minlərlə övladı olan fransız ANA: "Qazancımı onlara xərcləyəndə rahat oluram" - MÜSAHİBƏ

  • Xüsusi
  • 16 May 2018 16:09
  • 3 442 Baxış
Azərbaycanda minlərlə övladı olan fransız ANA: "Qazancımı onlara xərcləyəndə rahat oluram" - MÜSAHİBƏ

Bu gün dünya din, dil ayrı-seçkiliyi uğrunda qanlı savaşlar verir. Bir qarış artıq torpaq yolunda minlərlə insan yurd-yuvasız qalır. Ən pisi də odur ki, körpələrin mavi səması bozarır. Bu qaranlıq üzündən artıq Yerə mələklər də az-az enir. Onlar da olmasa, taleyin üz çevirdiyi uşaqları kim böyüdər?!

Publika.az bu gün sizi Fransuaza Daqano adlı xanımla tanış edəcək. Madam Daqano Fransa rəssamıdır. Bu gözəl simalı qadın artıq uzun müddətdir ki, ölkəmizin uşaq evlərindəki kimsəsiz körpələrə həm maddi, həm mənəvi yardım edir. Öz övladı olmasa da, Azərbaycanda həm uşaqları, həm də nəvələri var. Xanım Daqano kimsəsizlər evindəki balalarını boya-başa çatdırmaqla yetinməyib, onları evləndirib, cehizlə də təmin edir. Dəfələrlə balacaları özü ilə vətəninə də aparıb.

Hazırda Fransuza yeni sərgisinə hazırlaşır. Vaxtı məhduddur. Buna baxmayaraq, suallarımızı cavablamağa razılaşdı.

- Madam Daqano, "Enfants d'Azerbaïdjan"(Azərbaycanın uşaqları) Assosiasiyası haqda bizə məlumat verə bilərsinizmi?

- 2002-ci ildə bu assosiasiyanın əsasını qoymuşam, həm də prezidentiyəm. Həyat yoldaşım neft sahəsində çalışdığı üçün daim səyahətlərdə olmuşuq. 1996-cı ildə Afrikadan Azərbaycana köçdük. Qərar verdim ki, Konqo və bir sıra digər ölkələrdə olduğu kimi yenə uşaqların qayğısına qalım. İlk səfərim Mərdəkanda yerləşən 3 şaylı əlil uşaqlar internatına oldu. O səfərimi heç unutmuram. Balacalarla şəkil çəkirdik, mahnı oxuduq. Hətta onlarla ünsiyyətdən sonra Azərbaycan dilində anlamağa başladım. Yayda tez-tez birgə çimərliyə gedirdik. Qış aylarında sirkə, kukla teatrına aparırdım onları. Həmin uşaqlar içərisində fiziki və əqli məhdudiyyətli olmayan balacalar da vardı. Onları Bilgəh və Əhmədlidəki uşaq evlərinə yerləşdirdim. Mənim xeyriyyə fondum da var. Fondumun dəstəyilə gözündə ciddi qüsuru olan körpə bir qıza protez göz qoydurduq. Hazırda Nəzrin adlı o balaca 27 yaşındadır və özünün 7 aylıq uşağı var. Mən onu özümə nəvə hesab edirəm.

Sonra "Ümid yeri" adlı sığınacaqla tanış oldum. Orada da 40 kimsəsiz uşaq vardı. Buradakı uşaqları da sirkə, çimərliyə, teatra aparırdım. Orada kiçik rəqs dərnəyi də vardı. Yalnız xalq rəqsləri tədris olunurdu. Sonra Bakının müxtəlif ərazilərində kimsəsiz uşaqlar üçün 12 xoreoqrafiya məktəbi inşa etdik. Orada Türkiyədən gələn peşəkar rəqqaslar, eləcə də azərbaycanlı müəllimlər dərs verməyə başladılar. Kurslarda müəllim yeri dolduğuna görə digər iki müəllim iş tapmadı və biz onlara Fransada çalışmaq imkanı qazandırdıq.

Картинки по запросу Francoise Daganaud

- Əziz Fransuaza, siz həm də çox gözəl rəssamsınız, amma öz peşənizdən də bizim uşaqlarımızın təminatı üçün yararlanırsınız.

- Bəli. İldə iki dəfə Bakıya gəlirəm. Satılan bütün əsərləriminin pulunu da Bakıdakı balalarıma bəxş edirəm. Ancaq bu zaman ürəyim rahat olur. Mərdəkan, Bilgəh və Buzovnadakı bütün uşaqlar evinə baş çəkirəm.

- Uşaqlara bəxş etdiyiniz o rəngli dünya rəsmlərinizdə də duyulur.

- Afrika, Cənubi Amerikada və Yəməndə yaşamışam. O xalqların da folkloru rəngarəndir. Bəlkə də bu səbəbdən əsərlərimdə daha şən rənglərə rast gəlirsiniz. Daha çox uşaqları, qadınları çəkməyi sevirəm. Ümumiyyətlə, əsərlərim etnik xarakter daşıyır.

- Bildiyim qədərilə peşəkar rəsm təhsiliniz yoxdur.

- Konqoda olanda Mədəniyyət Mərkləzində cəmi 3 rəsm dərsi almışam. Ondan sonra qərar verdim ki, Parisə dönən kimi rəssamlıqla məşğul olmağa başlayacam. Həmçinin fotoqrafiyaya da marağım var.

- Uzun müddət Afrikanın ən çətin güzəranlı dövlətlərində yaşamısınız. Yəqin ki, incə qəlbimizdə o günlərin xüsusi yeri var.

- Mən yaşadığım bütün ölkələri sevmişəm. Oradakı insanların ağır həyatı hələ də gözümün önündədir. Hər dəfə onları xatırlayanda insan xəsisliyinə, acğözlüyünə, ən əsası nadanlığına görə xəcalət çəkirəm. Bu hisslərimi dəfələrlə rəsmlərimə həkk etmişəm.

- Və Azərbaycan… Ölkəmizdə də uzun müddət yaşamısınız. Təəssüratlarınız necə olub? Məsələn, mənim üçün Fransa ikinci vətəndir.

- Əgər körpələrinə belə məhəbbət bəsləyirəmsə, demək ölkəni də sevirəm. Həm də yaradıcı insan üçün yeni ölkə yeni əsər, sənət nümunəsi deməkdir. Bu həm də bizim faydamızadır.

- Zənnimcə, bu dünyanın ən böyük faciəsi sevgisiz böyüyən uşaqlardır. Sizsə onları bu sevgi, nəvazişlə əhatə edirsiniz...

- Azərbaycandakı övladlarım həyatımın ən böyük uğurudur. Onlar mənim üçün çox doğmadırlar. Bilmirəm özləri bunu hiss edirlərmi?.. Hər dəfə Gülşən qızım Aylin və Mələk adlı nəvələrimlə məni aeroportda gözləyəndə sevincimin həddi olmur. Sonra Füzuli, Gülnarə, Nurlan və Fatma öz uşaqları ilə görüşümə gəlirlər. Bayaq da sizə bəhs etdiyim Nəzrin 7 aylıq körpəsi və həyat yoldaşı Bakıda olduğum müddətdə məni tək qoymurlar. Buzovnadakı slavyan övladlarıma da qovuşuram. Saşa, Lena, Yuliya 1997-ci ildən mənimlədirlər. Mən xoşbəxt anayam.

- Siz çox gözəl anasınız, əzizim.

- Təşəkkür edirəm.

- Əziz Fransuaza, söhbətimizi hansı foto, yaxud təsvirlə yekunlaşdıraq?

- Mən bu söhbətimizə qızım Nəzrin və onun balaca qızının fotosu ilə yekun vurmaq istəyirəm. Mümkündürmü?

- Əlbəttə.

(Xatırladaq ki, Fransuaza Daqanonun maddi dəstəyi ilə Nəzrinin uzun illər öncə gözü əməliyyat olunub. Böyüdükdən sonra isə mənəvi anası toyunu edib, bugünədək maddi təminatını əsirgəmir. Həmçinin müsahibə boyu madam Daqanonun yardım etdiyi sadəcə bir neçə uşağın adını çəkdik. Əslində isə onlar yüzlərlə, minlərlədilər. Bəlkə də bütün kainat qədərdilər).

Leyla Sarabi

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>