Yəhudilərin yerdəki cəhənnəmi - Məşhur fransız AĞLASIĞMAZ FAKTLARI AÇDI - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Yəhudilərin yerdəki cəhənnəmi - Məşhur fransız AĞLASIĞMAZ FAKTLARI AÇDI - MÜSAHİBƏ

Hərdən düşünürəm ki, bu dünya musiqinin əlindədir. Hətta musiqi bu dünyanın günahlarını yuyan əlləridir. O əllərin sayı artdıqca səma da maviyə boyanır.

Musiqini əllərimə bərk-bərk sıxan möcüzənin birinin adı Elios Azuledir (Helios Azoulay). Şeytanların içində həbs olunan mələkləri azad edən dünya şöhrətli bəstəkar, klarnet ifaçısı, yazıçı ilə söhbətləşmək mənə də qismət oldu.

Beləliklə Publika.az-ın özəl qonağı Fransanın tanınmış musiqiçisi, yazıçı Elios Azuledir.

L’image contient peut-être : 1 personne

- Əziz Elios, bu günlərdə sevdiyim bir ifaçı dedi ki, musiqi irsi yolla ötürülən ən dəyərli xəzinədir. Razısınız?

- Deyə bilərəm ki, razıyam. Babam musiqiçi idi. İfasının, musiqisinin mənim üzərimdə çox böyük təsiri olub. O, dünyasını dəyişəndə 13 yaşım var idi. Həyatımın olduqca xaotik dövrünü yaşayırdım. Sanki bir qüvvə məni musiqiyə çəkirdi. Bir gün babamın klarnetini əlimə aldım. İfa etməyi bacarmırdım. Musiqi təhsilim də yox idi. Klarnetin hissələrini söküb yığırdım. Müxtəlif bəlkə də gülməli üsullarla ifa edirdim. Babamla bağlı kədərli xatirələrim oyanırdı. Bəli, mən özümü, həyatımı musiqidə tapdım. Və illər sonra 1944-cü ildə babamın Tunisdə baş tutan toyunda geyindiyi smokinqdə dünyanın hər yerində konsertlər verirəm. Mən bununla musiqinin bütün zamanlardan, məsafələrdən üstün olduğunu, bir yandan da zamanın sürətlə axdığı göstərməyə çalışıram.

- Konservatoriya təhsilinizlə bağlı unudulmaz xatirələriniz olduğunu oxumuşam. Divarlara sığmayan musiqiçi ruhunuzu tələbə ikən kəşf etdiniz?

- Ali təhsil aldığım dövrdə çılğın idim. Ümumiyyətlə, bohem ruhun yoxdursa, yaradıcı ola bilməyəcəksən. Fantaziyalarım geniş idi. Mənim üçün musiqi ucsuz dünyadır. Onu qəlibə salmağa, xüsusi qanunlara əsasən ifa etməyə gərək varmı?! Mənim musiqi əlifbam qamma ilə məhdudlaşmırdı. İntizama riayət etmədiyim üçün konservatoriyadan uzaqlaşdırıldım. Məcburən musiqi təhsilimi yarıda saxladım. Müəllimlərimin azadlığımı əlimdən almasına göz yuma bilmədim. Amma musiqidən ayrılmadım, rəsm çəkməyə başladım. Rəsmlərimdə musiqini çəkirdim, musiqi ifa edirdim, öz musiqimin azadlığı ilə nəfəs alırdım. Sonra caza meyilləndim. Azad caz, eksperimentlərdən ibarət kompozisiyalar hazırladım, və yenidən musiqinin özünə döndüm.

L’image contient peut-être : 1 personne

- “Mengelenin fikirləri” əsəriniz olduqca acı, dərin və kədərlidir. Düşünürəm ki, bu kompozisiya ilə insanın içindəki şeytanı da, mələyi də çox aydın təsvir etmisiniz...

- Çox sağ ol. Mən tarixi yenidən yaşatmaqdan zövq alıram. Həm bəstəkar, həm də yazıçı kimi... Elə babamın kostyumu ilə konsertdə çıxış etməyim də buna bir sübutdur. İkinci Dünya Müharibəsi dövründə Osvensim ölüm düşərgəsindəki yəhudi əsirlərin başına gətirilən ağlasığmaz faciələrdən yəqin xəbərdarsınız. Osvensim şəhəri bu gün də yerdəki cəhənnəm adlanır. Yozef Mengelenin başçılığı altında alman faşistləri əsirlərin başına müsibətlər gətiriblər. Onun günahsız insanlar üzərində apardığı vəhşi təcrübələrdən qalaq-qalaq kitab yazmaq olar. Mengele özünü meloman, yəni musiqi sevdalısı sayırdı. Özü də ən çox Robert Şumanı sevirdi. Doğrudur, mən özüm də Şumanın bəstələrindən zövq alıram, amma körpə, qadın demədən insanlara qandonduran şiddət yaşadan, ən iyrənc tibbi təcrübələrini reallaşdıran bir insanın belə saf musiqini necə sevə biləcəyini anlamıram. Qarışıq hisslərimdən “Mengelenin fikirləri” adlı kompozisiyam doğuldu.

- Dünya şöhrətli Elois Azuleni mənə sevdirən əsas cəhət İkinci Dünya Müharibəsi dövründə əsir bəstəkarların Osvensim ölüm düşərgəsində yazdıqları bəstələri tapıb üzə çıxarmasıdır...

- Nasist düşərgələrində musiqi səslənə bilər fikri yəqin ki, sizə qəribə gəlir. Bu ağlasığmazdır, qeyri-mümkündür... Amma bir dəqiqə sakitləşin və dərindən düşünün. Axı musiqi hər yerdədir. Bəs düşərgədə niyə səslənməsin?! Musiqi əsirləri külək solğun yarpağı tərpədən kimi irəli çəkirdi. Düşərgədəki nasist əsgərləri mahnı ifa edib, əsirləri zorla kloun kimi oynamağa məcbur edirdilər. Bu, çox qəmgin dünyadır. Övladlarını qanlı laylalarla yatırtmağa yox, oyatmağa çalışan girov valideynlər təsəvvür edin. Yaxud ölü uşaqlar üçün laylaları xəyal edin. Ölülər üçün səslənən musiqinin ağırlığını duyun. İlze Veber adlı könüllü tibb bacısının qaz balonunda zəhərlənib ölən məsum uşaqlara oxuduğu yanıqlı musiqini eşidin. Özünüzü 700 vərəqə yazdığı bəstəsinin 300-nü soyuqdan donmamaq üçün ocağa atan Cozef Kropinskinin yerinə qoyun. Arvadı ilə birgə işgəncələrlə qətlə yetirilən Viktor Ulmanın yanıqlı musiqilərini dinləyin. Bu kompozisiyaları oxumaq yox, hayqırmaq lazımdır. Yerdəki cəhənnəmin qurbanlarını bir neçə dəqiqəlik də olsa, xatırlamaq üçün...

- Məndə olan məlumata görə, bir neçə il öncə Aytən Muradovanın Fransada təşkil etdiyi Xocalı soyqırımının anım gecəsinə Osvensim qurbanlarının nəvə-nəticələri də dəvət olunmuşdu. Siz də həmin gecənin fəxri qonağı idiniz.

- Bəli. Orda “Mengelenin fikirləri” əsərim səsləndirildi.

Aucune description de photo disponible.

- Əziz Elios, musiqinizdə sərhəd, çərçivə yoxdur. Bizim milli musiqimizi necə, özünüzə yaxın hiss edirsiniz?

- Qara Qarayevin əsərlərini sevirəm. Məşhur tarzən Ramiz Quliyevin ifasında etnik musiqilərinizi dinləmişəm. Çox fərqli və möhtəşəm musiqiniz var. Musiqinizdə temp və dinamikanı çox bəyəndim.

- Azərbaycana səfər edib, “Hər şey musiqidir” kitabınızı oxucularımızla bölüşdünüz. Həmçinin tanınmış dirijorumuz Əyyub Quliyevlə birgə möhtəşəm konsert proqramı ilə çıxış etdiniz. Odlar Yurdu haqda ilk təəssüratınız necə oldu?

- İlk səfərim idi. Ona görə də geniş təəssürata sahib deyiləm. Amma insanlarınız o qədər yeniliyə açıq, eyni zamanda adət-ənənələrə bağlıdırlar ki, bunu hiss etməmək mümkün deyil. Təyyarədən enib taksiyə mindim ki, şəhərə gəlim. Baxdım ki, sürücü təhlükəsizlik kəmərini taxmayıb. Xahiş edirəm ki, kəməri taxın. Bu, hər ikimizin sığortası üçün vacibdir. Əli ilə mənə işarə etdi ki, problem yoxdur. Mən heyrətlə ona baxırdım (gülürük).

- Həyat fəlsəfəmizi bəyəndiniz?

- İnanın ki, onun bu rahatlığı çox xoşuma gəldi. Bu anarxizm, azadlıq mənə çox xoş təsir bağışladı. Həyatın əmrlərinə qarşı çıxmağı bacarırsınız. Bu, fransızlar üçün yad cəhətdir. Vətənpərvərsiniz, bayrağınıza, torpağınıza çox dəyər verirsiniz. Bu da nəzərimdən yayınmadı. Bakının memarlığına vuruldum. Çox maraqlı binalar, tikililər var.

- Həyat, incəsənət və din...

- (Gülür) Günlərlə durmadan bu mövzuda danışa bilərəm. Vaxtımız məhduddur, ona görə bir neçə cümləyə sığdırmağa çalışacağam. Razılaşaq ki, hər şeyin mənbəyi həyatdır. Mənim üçün həyat dəyərli nemətdir və hər birimiz onu özümüzəxas şəkildə dərk edirik. Din mənim üçün dünyanın bütün insanları ilə ünsiyyət qura bilmək bacarığıdır. Müqəddəs cümlələrin dünyanı sülhə səslədiyi unikal dildir. İstənilən din bizə pis olan heç bir şey aşılamır. Qardaşlığa səsləyir. Bizim onu necə anladığımızdan isə çox şey asılıdır. Eyni şeyi incəsənətə də aid edə bilərik. Məsələn, mənim dini çağırışım musiqimdir.

L’image contient peut-être : 1 personne

- Son günlər Fransada baş verən xaos fransasevər olaraq məni də narahat edir. İndi ölkənizdə yaşamaq çox çətindir?

- Bilirsən, Fransa qanunlarla idarə olunan ölkədir. Təbii ki, qanunlardan narazı qalan insanlar da, qarşıdurma da hər zaman olub, olacaq. Amma mənim ölkəm çox qədim mədəniyyətə və tarixə malikdir. Ona görə fransız olmaqdan qürur duyuram.

- Yaradıcı insanın bu dünyada əsas vəzifəsi nədən ibarətdir?

- Biz bu dünyanı dəyişmək üçün gəlmişik. İnanıram ki, bizim sayəmizdə iki cəbhəyə bölünüb qan tökən nadanlar, bir gün əl sıxaraq barışacaqlar.

Aucune description de photo disponible.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm