Xüsusi
20 Yanvarda hər kəsin evinə girən "Cəbiş müəllimin 7 oğlu" - Biganəlik, yoxsa savadsızlıq?
Ötən gün Azərbaycan xalqı şanlı tarixinin hüznlü, eyni zamanda, qürurverici günlərindən birini – 20 Yanvarı qeyd etdi. Tarix səhifələrinə qanla yazılmış bu hadisələrin qurbanları yad olundu və qaysaq bağlamış yaralar qırmızı qərənfillərə büründü. 29 il keçməsinə baxmayaraq, hadisənin şahidləri həmin günü təsvirolunmaz dərəcədə real, detallı şəkildə xatırlayır. Həmin gün küçələrə axışıb bədənini tanklara, snayperlərə sipər edənlər, onların ölümünə şahid olanlar və kamera lentlərində qalan kəsik, yarımçıq, yarıqaranlıq reallıqlar insanı hər dəfə dəhşətə gətirir.
O gün Sovet İttifaqının qoşun hissələri Bakını blokadaya alarkən, ilk növbədə, şəhər sakinlərinin və dünyanın nələrin baş verdiyindən xəbər tutmaması üçün televiziya və radio kabellərini kəsməyi unutmamışdı. Ancaq bu gün sanki televiziya və radiolar hadisənin detallarını şövqlə unutmağa çalışır. Məsələn, SSRİ-nin süqutunun ən bariz nümunələrindən biri olan 20 Yanvar hadisələrinin anım günündə elə SSRİ zamanı çəkilmiş, bolşevik, kommunist ideyalarının təbliğinə xidmət edən filmlər nümayiş olunur. “Böyük dayaq”, “7 oğul istərəm”, “Bizim Cəbiş müəllim” və s... Televiziya tamaşaçılar isə sosial şəbəkələrdə öz narazılıqlarını dilə gətirərək bildirir ki, ekranın küncündə qoyulub şəhidləri simvolizə edən qərənfillə sovetin yetişdirdiyi pambıq tarlaları eyni gündə ekranlarda “bitə bilməz”.
Bəs nə etməli? Necə etməli? 20 Yanvar hansı tərzdə, hansı materiallarla təbliğat vasitələrinin diqqətində olmalıdır?
Publika.az-ın mövzu ilə bağlı suallarını teletənqidçi, filologiya elmləri doktoru, əməkdar jurnalist Qulu Məhərrəmli cavablandırıb.
- Televiziya kanalları 20 Yanvar Ümumxalq Hüzn Gününü necə qeyd etməlidir?
- Xüsusi günlər var ki, o zaman televiziya kanallarının proqramı olmalıdır. Bununla bağlı konkret resept vermək olmur. Amma mövcud təcrübə var. İndiyə qədər olan təcrübə onu tələb edir ki, həmin günlərdə proqram bir az həssas qurulmalıdır. Bu, nə deməkdir? Həmin günlərdə günün ovqatı, mahiyyəti nəzərə alınmalıdır. Tamaşaçının həssaslığına diqqət yetirilməlidir. Televiziya idrak effektinə əsaslandığına görə tamaşaçı ekranda göstərilənləri günün mahiyyəti ilə əlaqələndirə bilməlidir. Tamaşaçı gördüyü arxasında ikinci mənanı, ikinci fonu axtarır. Televiziya kanallarında verilən materialların mövzusu üzərində qurulan müzakirə və narazılıqlar da buradan qaynaqlanır. Kanalın veriliş cədvəlini tərtib edəndə bu amillər mütləq nəzərə alınmalıdır. Xüsusilə, 20 Yanvar kimi həssas günlərdə. Verilən filmlər, verilişlər, kimlərin çıxış etməsi – bunlar hamısı təcrübəyə əsaslanmalı və diqqətlə yanaşılmalıdır. Televiziyaların intellekti, proqram tərtibçilərinin daxili intuisiyası əsasında qurulan günün proqramı ilə normal yayım edib günü başa vurmaq olar. Bunlar olmayanda problemlər və narazılıqlar ortaya çıxır. 20 Yanvar, faktiki olaraq, hüzn günüdür. Yəni o deməkdir ki, televiziyalar həmin gün şou proqramları, bayağı verilişlər və çal-çağırdan imtina etməlidir. Televiziya kanallarının əksəriyyəti tamaşaçı ovqatını nəzərə almır. Əgər tamaşaçını qıcıqlandıran verilişlər veriləcəksə, bunun üzərində düşünmək lazımdır. Çünki proqram tərtibinin həm də psixoloji əsasları var.
- Belə günlərdə televiziya kanalları şou proqramlar, əyləncəli verilişlərdən imtina etsələr də, bu materialların yerini başqa bir aidiyyəti olmayan materialla doldurmağa çalışırlar. Məsələn, elə 20 Yanvar günü “7 oğul istərəm”, “Böyük dayaq”, “Bizim Cəbiş müəllim” kimi SSRİ dövrünün istehsalı olan və bolşevik siyasətinə, ideyasına xidmət edən filmlər nümayiş olunur. Sizcə, bu nə qədər düzgün seçimdir?
- Yenə deyirəm, bu təcrübəyə əsaslanan məsələdir. Sovet dövründə istehsal olunmuş filmlərin hamısı da ideoloji baxımdan zərərli deyil. Filmin əsas ideyası, qayəsinə diqqət yetirmək lazımdır. Tutaq ki, bir televiziya kanalı “7 oğul istərəm” filmini nümayiş etdirmək istəyir. Əvvəlcədən o filmin nəyə xidmət etdiyi haqda düşünməlidir. Çünki həmin film sovet quruluşunun təbliğatı, həmin sistemin vəsfidir. Bundan başqa, xarici filmlərə müraciət etmək təcrübəsi də var. Adətən “Cəsur ürək” kimi döyüş filmlərindən bəhs edən filmlər verilir. Qarabağ mövzusunda lentə alınan filmlər var ki, onlara da müraciət etmək olar. Düzdür, bu filmlərin sayı çox deyil, amma hər halda istifadə etmək olar. İstiqlaliyyət mövzusu ilə bağlı çəkilən filmləri də vermək olar. Çünki 20 Yanvar təkcə hüzn, qırğın günü deyil, həm də bir xalqın öz azadlığı, ləyaqəti, milli-mənəvi dəyərləri uğrunda mübarizə tarixidir. Ona görə də bu cür ictimai, milli idealları təbliğ edən filmlər nə qədər çox nümayiş olunsa, o qədər yaxşıdır. Bu da əlbəttə, televiziya proqramlarını tərtib edən insanların intellektindən, intuisiyasından asılıdır. Bəzən proqrama elə bir buraxılış salınır ki, böyük bir televiziya kollektivi zərbə altında qalır. Yəni bu, o deməkdir ki, televiziyada çalışan insanların dünyagörüşü geniş olmalıdır. Onlar məntiqi düşünməyi bacarmalıdır. Bunlar olmayanda da bax belə tamaşaçı narazılıqları, müxtəlif müzakirələr ortaya çıxır.
- Artıq 29 il keçməsinə baxmayaraq, 20 Yanvar hadisələri ilə bağlı geniş əhatəli, dünya miqyasında nümayiş edə biləcəyimiz nə bədii, nə də sənədli filmimiz var. Sizcə, niyə belə filmlər çəkilmir? Yəni televiziya tamaşaçısının belə filmlərə ehtiyacı yoxdur?
- Səbəb xalqın, cəmiyyətin həmin tarixə münasibətidir. Məsələn, kinostudiya çalışmalı idi ki, 29 il ərzində bir layihə versin və həmin layihə maliyyələşib həyata keçirilsin. Müxtəlif variantlar var. 20 Yanvara baxış bucağının 20 aspekti var. Onu bir ailənin taleyindən də çıxış etməklə təsvir etmək olar. Xalqın ictimai ideallarından da çıxış etməklə göstərmək olar. Əlbəttə, belə filmlərin olmaması təəssüf doğurur. Problemimiz odur ki, kino sahəsində peşəkar insanlar çoxdur, yaxşı ssenari yazarları, rejissorlar var, amma məhsul yoxdur. Onu maliyyələşdirəcək məbləğ yoxdur. Ona görə də bu sahədə qıtlığımız var.
- Ümumilikdə, ən uğurlu təbliğat vasitəsi kimi nələri məsləhət görürsünüz?
- İlk növbədə, hadisələr real şəkildə çatdırılmalıdır. Hadisə bütün şaxələri, detalları ilə göstərilməlidir. Həmin dövrün mühiti, havası, prosesləri olduğu kimi təsvir olunmalıdır. Çünki 20 Yanvar xalq yaddaşında çox nadir hadisələrdəndir ki, insanlar kütləvi şəkildə öz hüquqları, heysiyyəti, milli azadlıq idealı uğrunda mübarizə aparıb. Bir başqa dövlətə icazə verməyib ki, onu aşağılasın, ərazi bütövlüyünü pozsun. Bunun uğrunda mübarizəyə qalxıb. Yoxsa, bu hadisələri “biz qalxdıq, ruslar gəlib bizi qırdı” formasında təbliğ etmək olmaz. Özümüzü bu dərəcədə yazıq, miskin, zəif göstərə bilmərik. Çünki bu, gələcək nəslə mənfi təsir göstərir. Reallıq ondan ibarət idi ki, insanlar əliyalın idi, amma onların ən böyük silahı ürəklərindəki inam idi. 20 Yanvar bizim müstəqilliyə gedən yolumuzu xeyli qısaltdı. O mənada ki, o hadisələrdən sonra yeni mərhələ başladı. Xalqın azadlıq hərəkatı genişləndi və təxminən, bir ildən sonra öz müstəqilliyimizə nail olduq. Bax, bunu bir panoram şəklində təsvir etmək lazımdır. 20 Yanvarın mahiyyətini təhrif etmək düzgün deyil. Tamamilə ağlaşma, hüzn günü kimi də təqdim etmək olmaz. Mən televiziyada işlədiyim müddətdə canlı yayımlarda çalışırdım ki, bu məqamları qabardım. İndi nə o reportajlar var, nə canlı yayımlar var, nə də insanların ruhunu diri saxlayan vizual ekran materialları. Televiziyalar özləri də təşəbbüskar olmalıdır. Ekran tamaşaları çəkilməlidir. Böyük seriallar çəkməyə imkan yoxdursa, ən azından birhissəli materiallar, səhnəciklər çəkmək olar. Lakin əlbəttə, sentimental yox, ictimai motivlərlə bunu xalqa təqdim etmək lazımdır.
Zümrüd
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”