General iki oğlunu Qarabağda itirən ananın evinə gəldi və... - TƏSİRLİ ANLAR/REPORTAJ
Bizi izləyin

Xüsusi

General iki oğlunu Qarabağda itirən ananın evinə gəldi və... - TƏSİRLİ ANLAR/REPORTAJ

- Nənə, əmilər bu bayram da gəlməyəcək?

- Yox, Natiqim. Bu bayram da alınmadı...

- Bəs qoz-fındıq alacaqsan? Fəziyə söz vermişəm, fokus göstərəcəm ona.

- Səbirli ol, dövlət baba pulumuzu göndərib. İndi çıxıram bayram bazarlığına. Sən də mənə köməyə gələrsən.

- Axı sənin torbalarına mənim gücüm çatmır.

...

(Amma əmilərin olsaydı, onların gücü çatardı. Heç məni qoymazdılar kandara addımımı atım. Azər yaşasaydı, cüssəsi heç bu qapıdan keçə bilməzdi. Natiq olsaydı, asfalt həyətimizdə qoz-fındığın bağı var idi...)

***

(Qapı döyülür)

- Lətifə ana, ay Lətifə ana. Evdəsən?

- Gəl, ay bala, nə olub? Niyə tövşüyürsən?

- Dövlət baba gəlib ee. (Sevincək) sənin “dövlət baban”... Səni axtarır.

***

Lətifə ana ağ saçlarını kəlağayısının altında gizlədirdi ki, içəri hərbi formada bir nəfər girir. Ardınca da bir dəstə adam. Natiq gözlərindəki gələnlərin kim olduğunun marağı ilə qonaqları qarşılayan atasının qucağına qaçır. Qonaqlardan bəzilərinin forması əmilərinin forması rəngindədir. Əmilərini ancaq şəkildə görüb. Elə formalarını da. Amma tanıyır. Bilir ki, kimdirsə, həmin əmilərdəndir. Bəlkə elə əmilərin özüdür? Bəlkə onlar əmiləri gətirib? Ya da onlardan bir xəbər?.. Amma onları mütləq tanıyır. Çünki onların formalarından Murovun əzəmətli soyuqluğu vurur adamın üzünə. O Murov ki, nənəsinin həm and, həm qarğış, həm həsrət, həm qürur, həm də incik yeridir.

- General-leytenant Arzu Rəhimov. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi.

İçəri ilk daxil olan qonaq Lətifə ananın əlini sıxaraq, eyni zamanda, ayaqqabılarını soyunmağa cəhd edir. Ev sakinlərinin üzündə təəccüb, gözündə maraq, əllərində təşviş, ürəyində isə sevinc var. Elə bil, Novruz bayramı bu il düz üç gün tez gəldi bu evə. Bayaqdan hava da düz üç dəfə dəyişib. Gah göz qırpdırmayan külək qalxıb. Gah gözqamaşdıran gün çıxıb. Gah da heç bir məna kəsb etməyən bir sazaq. Bu sazağı isə bir az ceyran peçi, bir az da generalın üzündə, ədalarındakı doğmalıq hissi sındırır.

- Vətənin övladlarına olan təşəkkürünü gətirməyə gəlmişəm, Lətifə ana.

Nəhayət, bu darısqal evin ürəyi geniş sakinlərini salamlayan general sözə başlayır. Bu xudmanı evin ab-havası generalın öz doğma yurdunun, uşaqlıq xatirələrinin və bəlkə də ən qayğısız günlərinin kadrlarını canlandırır gözündə:

“Biz Naxçıvanda yaşayanda 72 kvadratlıq evimiz vardı. Bir qonaq gələndə nəinki süfrə başında, elə yatanda da 11-12 nəfərə yer tapılırdı. Amma insanların içində səmimiyyət vardı. İndi 300 kvadratlıq evə iki nəfər sığışmır. Deyirlər, darısqallıqdır. Bilmirsən bunların havası çatmır, ya nəyisə... İndi hər şey çox dəyişib. Bizim çox yox, 20 il öncə yaşadığımız mühitdən, şəraitdən indikilərin xəbəri belə yoxdur? Görəsən niyə?”

General əyləşənləri çox haqlı bir sualla qarşı-qarşıya qoyur:

“Bizim bu ziyarətimizin səbəbi çox müqəddəsdir. İndikilərin çox şeydən xəbəri olmasa da, biz sizdən xəbər tutmağa gəlmişik. Ölkə başçımız bütün vətəndaşlarına hər cür şəraiti yaradıb. Yaşamaq istəyirsən? Qollarını çırmala, işlə, yaşa. İş də var, şərait də var, imkan da var. Bilirsiniz, sözü deyib sonra çəkilib kənarda durmaq lazım deyil. Çox, çox üzr istəyirəm, cənab prezident elə dünənlərdə vicdansızın birini əfv edib həbsdən buraxdı. Qoy onun kimi vicdansızlar olsun yüz nəfər. Ağzına gələnləri danışan insanlar hər zaman var. Amma bu gün cənab prezidenti dəstəkləyən milyonlarla insan var. Bax, bu insanlar da danışıb həmin vicdansızların ağzını bağlamalıdır ki, o? dünənini yadına salsın. Kim olduğunu xatırlasın. O adamlar dünən vətəndaşlarımızın başına nə oyun açırdı?”

General arabir duzlu zarafatlarını da Novruz şirniləri düzülmüş süfrədən əksik etmirdi:

“Bizimlə birgə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun rəhbəri də sizi ziyarətə gəlib. Doğrudur, indi bizimlə gənclər arasına yaş səddi qoyublar. Deyirlər, guya artıq biz gənc deyilik (gülür). Amma hər halda, onlar mənim ən böyük ordumdur. Biz Gənclər Fondu ilə birgə müxtəlif layihələr həyata keçiririk. Onların tariximizlə, qəhrəmanlarımızla, kimliyimizlə yaxından və dərindən tanış olmasına şərait yaratmaq üçün. Şanlı yaddaşımızı gənclərə aşılmaq lazımdır”.

Bayaqdan qonaqları diqqətlə dinləyən Lətifə ananın nəhayət ki, dilini söz kəsir:

“Elə indicə müdafiə nazirinin cəbhədə əsgərlərlə görüşünü verirdilər efirdə. Nazir adamdır, amma gənc əsgərlərlə bir süfrədə oturub yemək yeyir. Onların valideynləri ilə tanış olur. Nə vaxt baxırsan, səngərdədir, cəbhədədir. Qoy belə könül açan şeylərdən göstərsin televiziyalar. Qoy prezidentin, nazirlərin, məmurların xalqın yanında, ocağının başında olduğunu göstərsin. Efirlərdə vətənpərvərliyə yer ayırılsın. Bu şou, əyləncə bir az azalsın...Heç olmasa, ayda bir dəfə vətənpərvərlikə bağlı veriliş hazırlansın. Milli qəhrəmanlarımız, generallarımız iştirak etsin orada...”

Gənclər Fondunun sədri Fərid Cəfərov 2 şəhid anasının sözünü balla kəsib söhbətə başlayır:

“Elə mən də sözü ona gətirəcəkdim. Planlarımız artıq hazırdır. Biz ayda bir dəfə yox, həftədə bir dəfə belə verilişlər təşkil edəcəyik. Bilirsiniz, bəzi televiziya kanallarının rəhbərliyi dəyişdirildi. Buna görə də televiziyaların yanaşması dəyişib. Milli-mənəvi dəyərlərin qorunması, aşılanması üçün addımlar atılır. Əxlaqi dəyərlərimizə zidd olan verilişlərin də ömrü çox deyil. Onlar çox yaxın günlərdə hərbi-vətənpərvərlik mövzusunda proqramlarla əvəzlənəcək”.

Arzu Rəhimov da sədrin sözlərinə qüvvət verir:

“Heç darıxmayın. Hər şey yaxşılığa doğru dəyişir. Onların da ömrünə az qalıb”.

Elə bu sözləri deyərkən gözləri bayaqdan bəri pərdənin arxasında gizlənən balaca Natiqə ilişir. Onu bir generala xas olmayan şəfqətli səsi ilə yanına çağırır və dizində oturdur:

- Adın nədir, balaca?

- Novruzov Natiq.

- Maşallah. Məktəbə gedirsən? Neçənci sinifdə oxuyursan?

- 4-cü sinifdə.

- Afərin. Böyüyəndə nə olacaqsan?

- Hərbçi.

- Niyə?

- Ermənilərdən şəhidlərimizin qanını almaq üçün...

General həm təəccüblənir, həm gülümsəyir:

- İnşallah, böyüyüb yekə kişi olasan. Vətəninə layiqli vətəndaş, ailənə layiqli övlad olasan. Böyüklərinə layiqli insan olasan. Gələcəkdə adın zirvələrdə daşınsın. Hərbçi olmaq üçün çox çalışmaq lazımdır. Ancaq biz çalışacağıq ki, bu işi sənin böyüyəcəyin zamana qədər saxlamayaq. Allah qoysa, tezliklə hər şey öz yoluna düşəcək. Özün də bir az yemək ye. Güclü ol, mərd ol.

***

Qonaqlar şəhid Azər və Natiq Novruzovların həyat tarixçəsi, keçdiyi döyüş yolu və şəhidlik zirvəsinə ucaldıqları məqamlarla bağlı analarının söhbətini dinləyir. Həmin hekayələri dinləyən 47 il orduda xidmət etmiş Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri Məmmədhüseyn Sarıyevin, 4 il Qarabağ müharibəsində döyüşən Milli Qəhrəman Vahid Quliyevin gözlərində tankların lüləsindən çıxan tüstünü, minaların darmadağın etdiyi döyüş yoldaşlarının parçalanmış bədənini görmək, dinc sakinlərin haray-təşvişini, müharibənin nə qədər dəhşətli bir faciə olduğunu anlamaq çox da çətin deyildi...

***

Kim təsəvvür edərdi ki, bir bayram günü qapın döyüləcək və içəri oğullarının uğrunda son damla ümidinə qədər, bəzən əli yalın, bəzən ayağı yalın vuruşduğu ordunun Ali Baş Komandanının nümayəndələri gələcək? Lətifə anaya da bu uzaq xəyal kimi gəlirdi. Amma prezident onun bu xəyallarının bir addımlığına gətirdi. Kəlbəcərin ətəyində, buz tutmuş çayın içində zəhərli snayperlə vurulan oğullarının nəfəsi onların generallarının ovcunda gəlmişdi evinə. Bir şəhid anası üçün bundan daha qürurlu, bundan daha təsəlli nə ola bilər?

***

Ürəyində Ali Baş Komandanına olan minnətdarlıq, təşəkkür hissini sözlərlə ifadə edə bilməyən ana generalını da oğullarını könüllü şəkildə hərbi xidmətə göndərdiyi qapıdan, el həmin şəfqətlə, elə həmin qürurla yola salır... Bir daha qarşılamaq ümidilə...

***

Səhərdən bəri qoz-fındıq arzulayan balaca Natiq isə generalın bayram sovqatının arasında az qala başını itirir, hansı şirnidən, hansı meyvədən və çərəzdən birinci yapışacağına qərar verə bilmir...

Zümrüd Kərimova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm