Filosof pandemiyanın gələcək fəsadlarından danışdı: “İnsanlıq indiki kimi axmaq olmayıb” - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Filosof pandemiyanın gələcək fəsadlarından danışdı: “İnsanlıq indiki kimi axmaq olmayıb” - MÜSAHİBƏ

Türkiyədə yaşayan həmyerlimiz, filosof Müşfiq Şükürov koronavirus pandemiyasının bəşəriyyətə təsirlərinin fəlsəfi tərəflərini Publika.az-a müsahibəsində ətraflı şəkildə izah edib. Filosof eyni zamanda həyat fəlsəfəsinin sirlərini bölüşüb.

- Çoxları elə düşünür ki, filosoflar daha mənalı və layiqli həyat sürür. Ömrü mənalı başa vurmağın sirlərini bizimlə bölüşə bilərsiniz?

- Filosofların həyatında fərqli bir şey olmur. Həyat janrında yaşayırlar onlar da. Yəni doğulur, sevirlər, evlənirlər, dünyaya uşaq gətirirlər. Doğru saydıqları dəyərlər uğrunda mübarizə aparırlar. Yanılırlar, ağrıyırlar, sevinirlər və ölürlər, hamı kimi. Bir balaca fərq olur həyatlarında, onlar bütün bu proseslərin içərisindən hər anı mənalandırmağa çalışaraq keçirlər. Az-çox bu tələbat hər kəsdə var. Amma onlarda bu ehtiyac bir qədər daha çox olur. Və təbii ki, mənalandırma qabiliyyəti də. Həyata fəlsəfi refleksiya ilə cavab verirlər. Ona görə də filosof olmağın böyük tələbləri-filan yoxdur. Ay nə bilim məşhur olmaq, dünyanı sarsıdan kitablar yazmaq. Bu, şöhrət məsələsidir. Filosofların çoxu sağlıqlarında heç bir şöhrətə malik olmadan ölüb gedirlər. Əksinə bir çoxuna əxlaqsız, mürtəd, vətən xaini kimi damğalar vururlar. Filosof olmaq üçün yaşadıqlarına fəlsəfi refleksiyan olmalıdır. Yəni intellektual reaksiyan. Bu, səndə varsa və təbiidirsə, özünə təlqin etməmisənsə, filosofsan. Nə qədər uğur qazanacağın isə ikinci məsələdir. Necə ki, həyata poetik reaksiya verirsənsə, demək şairsən. İndi insanlar hər şeyi uğurla, şöhrətlə ölçürlər. Bu, əlbəttə ki, böyük bir yanlışlıqdır.

- Müşfiq bəy, kainatı hansısa sirli qüvvənin idarə etdiyinə dair inancımız olmasa, həyat öz mənasını itirər?

- Varlığı materiya kimi, kor maddi qurğu kimi görməkdə heç bir fəlsəfə, ilham yoxdur. Ona görə də materialistik dünya baxışı dərinləşə bilmir. Maraqsız fəlsəfədir. Ateizm də onun ən ehtiraslı qanadı kimi əsrlərlə dindarların zülmünə qarşı reaksiya kimi mövcuddur. Öz-özünə bir perspektivi yoxdur. Daha çox siyasi idrakın yaratdığıdır. Dindarlarla mübarizə alətidir. Onların səhvləri, avamlıqları, zülmləri üzərindən, onları tənqid etməkdir. Bunun cəmiyyət üçün faydası da var. Amma ateizm özü insanın məna ehtiyacını ödəməkdə acizdir. Ona görə dünya maddi bir mexanizmdir. Kor və ruhsuz. İdealistik fəlsəfə isə yanıla bilir, amma cazibəlidir. Orda məna yaradıcılığı və perspektiv var. İnsan təfəkkürü dünyanı sirli, canlı, ruhlu Varlıq kimi qavramağa meyllidir. Onun bütün ontologiyası, yaranışı ona dünyanın bir Ana kimi olduğunu aşılayır. Dünyaya gələn kimi anasının döşünü arayır insan. Və ondan əvvəl də anasının bətnində idi. Bilirsiniz, bu, çoxtəməlli bir hissdir. Sonra bu tələbat, bu axtarış sizin dediyiniz sirli, mehriban qüvvənin axtarışlarına transformasiya olunur. Bunu insanın psixikası tələb edir. Əslində, o dünyada heç nə olmadığına inansa, intihar edər. Şeir yaza bilməz, mahnı oxuya bilməz... Bütün bunlar üçün dünyanın mənasına inam lazımdır. Ona görə də bəli, dünyanın müqəddəs, sirli mənasının mövcud olduğuna inam olmasa, həyat mənasını itirər. Ona görə də dinlərin öləcəyi ilə bağlı proqnozlar əsassızdır. İnsanın təbiəti, idrakı mənaya inam tələb edir. İndi bu məna bəziləri üçün yaradan tanrı kimi ola bilər, bəzilərində ideya, məsələn, Hegeldəki kimi, bəzilərində mistik yol – dao kimi və s. Nəticədə insan üçün varlığın canlı, mehriban, mənalı bir substansiya kimi qavranılması zəruridir.

- Xüsusilə son bir neçə ayda bəşəriyyətin bir hissəsi təsəlli və təskinliyi dində tapmağa çalışır. Tanınmış ilahiyyatçılar bu bəlanı ilahi mesaj olaraq qiymətləndirsə də, birmənalı qarşılanmır. Sizcə, pandemiya qorxusu dinin rolunu artıracaqmı?

- Son minilliklərdə formalaşmış mifik və dini təfəkkür həyatı belə izah edir ki, əgər nəsə bəla gəlirsə, demək günah işlədilmişdir və əgər bu bəla qalxırsa – savab hesabına qalxar. Bu, bizim dilimizin, sözlərimizin psixologiyasında oturub, bayramlarımız, folklor, ədəbiyyat, musiqi, kino və s. ilə aşılanmış bir məna kompleksidir deyək. Odur ki, bu pandemiyanı da insan hansısa günahlarının nəticəsi olaraq qavramağa başlayır. Burda da səviyyələr var. Bəsitdən tutmuş, aliyə qədər. Ali səviyyə bu təhlilini o cümlədən elmə əsaslanaraq gerçəkləşdirəcək. Və deyəcək ki, bəli, biz çox təkəbbürləndik yer üzündə. Siçovul kimi bürüdük bütün qitələri. Heyvanat və bitki aləmini demək olar ki, məhv etdik. Özümüz özümüzə hədd qoya bilmədik. İnkişafımızı sərhədləmək istəmədik. Əksinə elmi, iqtisadi naliyyətlərimizlə öyündük. Anlamadıq ki, göyə fırladılan hər raket bir böyük meşənin qırılması deməkdir, buna sevinmək olmaz. Tikilən hər zavod havanın, suyun kirlədilməsi deməkdir. Bizi çiynində danışmağa təbiətin gücü çatmayacaq. Dayanmaq lazımdır. Və budur, indi təbiət qisasını alır. Demək, tövbə etmək, səhvlərdən arınmaq, qurbanlar vermək, yəni sevdiyimiz şeylərdən, insanlığın xeyri üçün imtina etmək və doğru yola qayıtmaq lazımdır. Ətraf aləmlə, təbiətlə və bütün bunların ali fəlsəfi ifadəsi kimi tanınan Tanrı ilə harmoniyaya qayıtmaq lazımdır. Yəni bu təmayül bəşəriyytdə indi də oyaqdır, daha nə qədər güclənəcək, bilmirəm. Bildiyim odur ki, onu insan ruhundan qazıb çıxarmaq mümkün olmayacaq.

- Dünyanın pandemiyadan sonrakı halını necə təsəvvür edirsiniz?

- Təbii ki, dəyişmələr olacaq və bu dəyişikliklər başlanıb artıq. ABŞ-Çin qarşıdurması davam edəcək. ABŞ Çini dünyada hegemon qüvvə olmasının qarşısını almağa çalışır. Bu, heyvanat aləmində mövcud olan mübarizənin insan həyatındakı təzahürüdür. Böyük heyvanlar ərazini bölüşdürür, kiçiklər sığınmağa yerlər axtarırlar. Ola bilsin ki, bu cür xəstəliklər sivilizasiyanın peşini buraxmasın, onda qloballaşma ciddi sarsıntı yaşayacaq. Ləğv olmayacaq yəqin ki, amma ciddi dəyişəcək. Beynəlxalq turizm zəifləyəcək, daxili turizm inkişaf edəcək. Daha başqa ölkələri gəzmək populyar olmayacaq. Get, gəl sonra da karantində otur və ya arayışla təyyarəyə min. Problematik olacaq. Məsafədən biznes, təhsil və elmi fəaliyyətlərin çəkisi artacaq. Bu, çox şeyi dəyişəcək. Biznes mərkəzlər mənasını itirəcək. Universitetlər transformasiya olacaq. Ölkə iqtisadiyyatları ərzaq təhlükəsizlyinə köklənəcəklər daha çox. Ölkə özünə kifayət etməyə və uzun müddət izolyasiyada yaşamağa hazır olmağa çalışacaq. Tənhalıq böyük problemə çevriləcək. Çox şey var. Yaşayaq, görərik.

- Çətinliklər insanın eybəcər tərəfləri ilə yanaşı nəcib keyfiyyətlərini də ön plana çıxarır. Bu baxımdan, pandemiya cəmiyyətimizdə insanlığın hansı keyfiyyətlərini ön plana çıxaracaq?

- Eqoizmi üzə çıxaracaq. Gəlin süni optimizmə qaçmayaq. Çətinliklərin basqısı altında yüksək mənəvi transformasiya yalnız az insanda baş verən haldır. İnsanlığa ümumən aid deyil. Leonardo Da Vinçinin bir nağılı var. Meşədə yanğın olur və hardansa cəsarətli bir simurq quşu gəlib özünü oda atır. Bir müddət sonra odun içərisindən bu quş yenilənmiş şəkildə qızıl lələkləri ilə parlayaraq uçub səmaya qalxır. Ona baxan toyuqlar bir-birinə deyirlər: “Biz ora düşsəydik, sadəcə kabab olardıq”. Ona görə də bu böhranların yaxşı şeylər aşkarlayacağına inanmıram. İnsanlıq “kabab” olacaq. İçəriyə nə yığıblarsa əsrlərlə, o da çıxacaq. Qarşılıqlı kin, absurd qəddarlıq. ABŞ-dakı protestolar və vandalizm də bunu göstərdi.

- Pandemiyadan savayı insanları bir-birindən nə ayrı salır?

- İnsan haqları uğrunda gedən mübarizələr. Paradoksal görünəcək sizə. Amma “insan haqları”, “bərabərlik” uğrunda deyilən hazırkı mübarizələr insanları getdikcə bir-birindən ayıracaq. “Feminizm”, “LGBT” haqları, “milli müstəqillik”, ksenofobiyaya, iqrçiliyə qarşı mübarizə dərinləşdikcə insanlar tənhalaşacaqlar, bir-birindən qorxacaqlar, nifrət edəcəklər. Bu mübarizələr zahirən insan uğrundadır. Əslində isə insanı daha bərbad vəziyyətə qoyacaq. Çünki bu mübarizələrin fəlsəfəsi vəhdət anlayışından çıxış etmir. Saxta bərabərlik anlayışından çıxış edir. Ədalətin əleyhinə olsa da, bərabərlik. İnsanlıq keçmişdə çox cahil olub, amma heç vaxt indiki kimi axmaq olmayıb, məncə. Bərabərçilik ideyası insanları, xalqları daha dərin yaralayacaq və ayıracaq, çünki həqiqətə əsaslanmır. Çox da dərinə getməyim.

- Demək istəyirsiniz ki, dünya ədalətli olsaydı, yumurtanın pullarını toyuğa verərdilər. Bəs, ədalət və bərabərliyi harda axtarmalıyıq? Bərabərliyin özü ən böyük ədalət deyilmi?

- Yox, dünyanın o anlamda ədalətsiz olduğunu düşünmürəm. Dünyada ədalətsizliklər var, amma toyuq yumurta məsələsini korrekt saymıram. Bərabərçilik ədalət deyil, xeyir. Məsələn, çəkisi 90 kq olan insana, çəkisi 50 kq olan insanla eyni həcmdə qida vermək, uzun adamla qısa adama eyni ölçüdə çarpayı vermək ədalətsizlikdir. Bərabərçiliyin özündən zülm törəyə bilər. Həkimlər dərmanı da insanların çəkisinə görə təyin edirlər. Bərabərçilik həmişə işləmir. Beş barmağın heç biri bərabər deyil. Amma onlar vəhdətdədirlər. Fərqlərin üzərindən vəhdətə gəlməyi öyrənmək lazımdır. Təbiətdə bərabərlik yoxdur. Amma vəhdət var. Ədalətin asan yolu yoxdur.

- İstənilən problemdə və bəlada dərin fəlsəfə axtarıb tapmaq bacarığı istedaddır? Ümumiyyətlə fəlsəfə həyatımızın hansı mərhələsində imdadımıza yetişir, onun bu günki rolu nədən ibarətdir?

- Fəlsəfə dediyim kimi, mənalandırma əməlidir. İnsan yaşadığını anlamaq istəyir. O məşhur filmdəki kimi. “İzahsız bir manat, izahlı iki manat”. Fəlsəfə həyatı izah etməkdir, şərh etməkdir. İdrakı stimullaşdırır, insani perspektiv istehsal edir həyatda. Böhran zamanlarında, həyatın əski, alışıq mənaları uçub dağılanda filosoflara ehtiyac yaranır. Yeni mənalar yaramaq üçün. Sonrakı həyat da o mənalarla hesablaşmalı olur, az-çox. Mənanın sosial-siyasi həyata təsiri böyükdür.

- Bir çoxları ilə münasibəti pozmağın ən qısa və asan yolu - onlar haqqında bütün həqiqəti üzünə söyləməkdir. Niyə biz özümüz haqqında həqiqəti başqalarının dilindən eşitməyi rədd edirik?

- Yaxşı şey deyil, insanın üzünə pis şeylər söyləmək. Mən, məsələn, mənə qarşı neqativ köklənmiş adamları bir neçə dəfədən sonra bloka atıram. Nə mən ona pis söz söyləyim, nə o mənə. İndi alınmadı münasibətimiz, uzaqlaşmaq lazımdır. İnsana səhvini dolayı yolla demək böyük takt və etika tələb edir.

İnsanın nəfsini incitmək yaxşı deyil. Konfutsi də bunu sevməzdi, Budda da. Bəzən susmaq daha yaxşı təsir edir, çox vaxt. Adam gec-tez özü anlayır səhvini. Mən o qədər səhvlərimi anlamışam ki, illər sonra. Amma üzümə deyəndə, qəzəblənmişəm, cavab qaytarmışam. Hazır deyilsə, insanı qəzəbləndirmək, qanını qaraltmaq doğru deyil. Heç zaman anlamayacaq birisindən isə uzaq durmaq lazımdır.

- İdrakın inkişafında və ruhun özünü dərk etməsində mənəvi arğıların rolu və yeri nədən ibarətdir?

- Ağrılar stimuldur özünüdərkə. Taqor deyirdi: “Dünya qəlbimi iztirabla öpüb əvəzində ona nəğmə deməyimi istədi”. Demək şairləri şair edən də ağrılardır.

İnsan səadət üçün yaranıb və səadətini pozan məqamlar üzərində dərinləşir, filosof olur.

- Bəs kədərdən zövq almaq məğlubiyyəti qəbul etmək deməkdir?

- Kədərdən zövq almaq insaniliyin dərki məqamı ilə bağlıdır. Füzulidəki kimi. Dərdin böyüklüyü, gözəlliyi, unikallığı, universallığı səni elə məst edir ki, “məni dərdimdən ayırma, ey həkim”,- deyirsən. Çünki bu həm də insanın unikal,universal, gözəl mənasının dərkidir. Məğlubiyyət deyil o zaman bu, kəşfdir.

- Ruhun dərin qatlarında görməyi arzulamadığımız ikinci bir məndən necə xilas ola bilərik? Yoxsa bu “şeytan”la ömrümüzün sonuna qədər birlikdə yaşamağa məhkumuq?

- Özünüdərk insanı sağaldır. Dərk insanı sağatmırsa, idrak yanlış yoldadır. Şərq filsofları Şeytan yoxdur deyir. O, səthilikdə mövcuddur. Daha dərinə enən insan içərisində Tanrıdan başqa birisini görmür. Bu mənada Şeytan (dediyiniz “ikinci mən”) da bizim idrakımızı stimullaşdıran fenomendir. İnsan darıxır özü üçün sonunda. Həqiqi Özü üçün.

- Alber Kamyu hesab edirdi ki, xalqı fəlsəfəsiz qoymaq məbədi kahinsiz qoymaq deməkdir. Sizcə, Azərbaycanın mövcud təhsil sistemi öz savadlı kahinlərini yetişdirə bilir?

- Filosofu təhsil sistemi yetişdirmir. Filosofların əksəriyyəti özünütəhsillə yetişirlər. Onlar inqubator deyillər ki, onları sistem yetişdirsin. Özləri yetişdirərlər özlərini. Təhsil sistemi yaxşı mütəxəssis, fəlsəfəçi yetişdirə bilər. O, fəlsəfə tarixinin bəzi səhifələrini yaxşı biləcək, qədim kitabları, dilləri biləcək, hansı filosofun hansı kitabının neçə fəsildən ibarət olmasını biləcək. Belə şeyləri. Öz fikri, öz baxışı, öz iradəsi olacaqmı onun? Təhsil sistemi artıq çoxdan bunu etmir. Təhsil müəssisələri işləmək üçün lisenziya verən təşkilatlardır. Onlar şəxsiyyət yetişdirmirlər. Elə bir vəzifələri yoxdur. Bu, ona oxşayır ki, deyəsiniz, bizim ədəbiyyat institutu şair yetişdirə bilirmi? Ədəbiyyat institutu ədəbiyyatdan başı çıxan adam yetişdirə bilər. Şair isə özü özünü yetişdirir.

Şükür Allaha, bizdə Rəhman Bədəlov, Səlahəddin Xəlilov, Ağalar Qut, Niyazi Mehdi kimi filosoflarımız var.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm