Müəllim şəhid olmuş şagirdinin həyat yolundan danışdı: “Vəsiyyət etmişdi ki...” - FOTO
Bizi izləyin

Xüsusi

Müəllim şəhid olmuş şagirdinin həyat yolundan danışdı: “Vəsiyyət etmişdi ki...” - FOTO

11 il Kənan Həsənova dərs demişəm, zahirən sakit görünsə də, daxilində böyük bir qəhrəmanlıq hünəri gizlənirdi. Tərbiyəli və çox mədəni şagird olub. Xüsusilə vətənpərvərlik mövzusunda olan ictimai tədbirlərdə çox fəal idi. Sudurqa və qıcolma xəstəliyi ilə bağlı hərbi xidmətdən azad olunsa da, özü könüllü şəkildə əsgərliyə yollandı.

Bu sözləri Publika.az-a açıqlamasında Göygöl şəhidi Kənan Həsənovun ədəbiyyat müəllimi olan Ramil Bəkirov deyib. Göygöl rayonu, Lətif Məhərrəmov adına Şəhriyar kənd tam orta məktəbinin ədəbiyyat müəllimi bildirib ki, Kənanın ən böyük arzusu hərbiçi olmaq idi:

“Kənan 1 Yanvar 2000-ci ildə Göygölün Şəhriyar kəndində dünyaya gəlib. O, Cəmşid Naxçıvanski adına hərbi lisey qəbul olmaq üçün imtahan vermişdi. Qəbul olmasa da, bu arzusundan vaz keçmək fikrində deyildi, valideynləri də Kənana bu yolda dəstək olurdu. Çox çətinliklə böyüyüb, yağ-bal içində yaşayan ailə olmayıblar. Ailənin indi də vəziyyəti yaxşı deyil. Yaxın dostlarına deyib ki, vətən və millət yolunda şəhid olmağa hazıram. Hətta dostlarına vəsiyyət edib ki, başıma bir iş gələrsə, valideynlərimlə bacılarımı öncə Allaha, sonra sizə əmanət edirəm”.

Şagirdinin qəhrəmanlığından fəxarətlə danışan müəllimi qeyd edib ki, Kənan müharibənin ilk günlərindən döyüşün ən qaynar nöqtələrində iştirak edib:

“5 rayonun alınması uğrunda gedən müharibədə döyüşüb. Oktyabrın 11-də Xocavənd döyüşlərində isə şəhidlik zirvəsinə ucalıb. “Vətən uğrunda” medalla təltif edilib, başqa medallar da verilməlidir. Ailəsini bu yaxınlarda ziyarət etmişdi, atası ilə anası belə bir qeyrətli oğul dünyaya gətirdiyi üçün onunla qürur duysa da, ürəkləri bala həsrəti ilə çırpınır. Müharibədə olduğunu da ailəsindən gizli saxlayırdı.

Kənana snayperdən atəş açılıb, güllə əvvəlcə boğazından keçib. Yaralı halda olarkən son vəsiyyətini silahdaşlarına edib. Sonra yoldaşları onu döyüş bölgəsindən aparmağa gələndə görüblər ki, gözündən də vurulub.

Keçən il başqa kəndə köçmüşdülər. Deyirdi ki, hərbidən qayıtdıqdan sonra böyük bir ev tikdirəcəm. Təəssüf ki, arzuları nakam qaldı. Kənanın xatirəsini yaşatmaq üçün təhsil müəssisəsi olaraq şagirdlərimizə onun həyat yolundan danışırıq”.

Kənanın yarım qalmış xəyallardan söz açan Ramil Bəkirov sonda qəhrəman şagirdinə yazdığı şeiri oxucular üçün bölüşüb:

Qəfildən bir evin söndü çırağı
Min evə nur saçan şəhidim oldun.
Yayıldı ay Kənan ölüm sorağın.
Min evə nur saçan şəhidim oldun.

Vətənçün can verdin bilməlisən sən.
Evə cənazətək gəlməmisən sən.
Daim yaşayacan, ölməmisən sən.
Min evə nur saçan şəhidim oldun.

Saç yolan anana min sirdaş qoydun.
Qardaşsız bacına min qardaş qoydun.
Qəhrəman balasan çox savaş qoydun.
Min evə nur saçan şəhidim oldun

Doğma vətən üçün vuruşdun, Kənan.
Öldün ölməzliyə qovuşdun, Kənan.
Sevdiyin torpağa qarışdın, Kənan.
Min evə nur saçsın şəhidim oldun.

Ramiləm od tutub yandı ciyərim.
Sevimli şagirdim, cəsur əsgərim.
İnşallah cənnətdir, ay Kənan yerin.
Min evə nur saçan şəhidim oldun.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm