Xüsusi
Sənan Şəfizadə: Bakıda bilet uğrunda mübarizə gedəcək
Tanınmış idman jurnalisti, televiziya aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənan Şəfizadə gələn ay Bakıda tarixi matçların keçiriləcəyini deyib.
Publika.az-a müsahibəsində ekspert ölkəmizdə keçiriləcək "Formula 1"in və futbol üzrə Avropa çempionatının əhəmiyyətindən söz açıb.
- Bir qayda olaraq, müharibə aparan ölkələrdə genişmiqyaslı layihələr və mötəbər tədbirlər keçirilmir. İkinci Qarabağ müharibəsindən 6 ay keçməsinə baxmayaraq, Azərbaycan artıq iki böyük yarışa ev sahibliyi edir. Necə düşünürsünüz yetəri qədər turist cəlb edə biləcəyik?
- Ötən gün Almaniyanın ARD kanalının müxbiri də mənə bu mövzu ilə bağlı müraciət etmişdi. Belə bir sual ünvanladılar ki, Bakıya gələcək turistlər və futbol azarkeşləri müharibənin hər hansı əlamətlərini görə bilərmi? Müharibədən cəmi 6 ay sonra Azərbaycanın dünya əhəmiyyətli yarışa ev sahibliyi edə bilməsi ölkəmizin çevik toparlanma qabiliyyətini bir daha ortaya qoyur. Azərbaycan Ordusunun böyük qələbəsindən qısa müddət sonra, ötən ilin sonlarından başlayaraq işğaldan azad olunmuş torpaqlarımızda abadlıq və quruculuq işlərinə start verildi. Eyni zamanda, nəqliyyat infrastrukturunun yenidən qurulması və hava limanının tikilməsi də əsas prioritetlərdəndir. Hava limanlarından birinin açılış mərasimi gözlənilir. Bir sözlə, işlər yüksək templə gedir. Bütün bunlar ondan xəbər verir ki, Bakıda və digər rayonlarımızda həyat öz axarına qayıdır, sözügedən yarışların keçirilməsi də dediklərimizin sübutudur.
"Formula 1" və Avropa çempionatından əlavə, Azərbaycan keçən ay bədii gimnastika üzrə Dünya Kubokuna, aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarına, eyni zamanda aerobika gimnastikası üzrə Dünya Çempionatına ev sahibliyi etdi. Bədii gimnastika üzrə Dünya Kubokunda 35-dən çox ölkə iştirak edib, həm də bu yarış Tokio Olimpiadasına lisenziya xarakteri daşıyır. Ötən həftə yekunlaşan aerobika gimnastikası üzrə Dünya Çempionatında 25-ə yaxın ölkə var idi. Hər ölkədən 20-dən çox nümayəndə heyətinin gəldiyini və ən azı bir həftə Bakıda qaldığını nəzərə alsaq, böyük rəqəmlərdir.
"Formula 1" və Avropa çempionatının izləyici sayı təbii ki, daha çoxdur. "Formula 1"in bu il azarkeşləri olmasa da, artıq Bakıya 2500-dən çox əcnəbi gəlib. Bir maşının yürüşdə iştirakı üçün qarajda 100-dən çox adam çalışır.
Həmçinin Azərbaycan azarkeşinə tarixdə ilk dəfə şans verilir ki, Avropa çempionatının 4 oyununu doğma Bakıda izləsin, tarixi matçlar olacaq. Bu oyunları gedib xaricdə izləməyə hər kəsin imkanı olmur. Üstəlik qardaş Türkiyənin millisi ən azı iki matçını Bakıda oynayacaq. Ola bilsin ki, “play-off”da da Türkiyə komandasının oyunu bizim şəhərimizdə olsun. Azərbaycan bu oyunları keçirmək üçün illərdir çalışıb, stadion tikib, lazımi şərtləri yerinə yetirib. UEFA hər bir ölkə üçün belə bir şərait yaratmır, hər bir şəhərin qarşısında çox böyük tələblər qoyulur. Məlumdur ki, UEFA onun tələblərinə cavab verməyən Dublində matçların baş tutmasına icazə vermədi. İspaniyanın Bilbao şəhəri də eyni səbəbdən ev sahibliyindən məhrum edildi. Bilbaoda keçirilməsi nəzərdə tutulan oyunlar Sevilyada olacaq.
Futbol üzrə Avropa çempionatının hər oyunu 50-dən çox ölkədə canlı yayımlanacaq. Videoyazılar 120-dən çox ölkədə nümayiş olunacaq. Hər bir ölkədə Bakının görüntüləri göstəriləcək, şəhər haqqında məlumatlar veriləcək. Bakıdakı oyunları 50% azarkeşin izləməsinə icazə verilib. Bilirik ki, pandemiya dövründə ölkə iqtisadiyyatı, xüsusilə də turizm sektoru ciddi zərər çəkdi. 35 min azarkeşin Bakıya gəlməsi post-pandemiya dövründə turizmin, iqtisadiyyatın inkişaf etdirilməsinə də təkan verəcək. Bu yarışların ölkəmizdə təşkili pandemiya dövründə zəifləyən hotel biznesinin dirçəldilməsi üçün vacibdir. Bu mənada Nazirlər Kabineti yanında Operativ Qərargah da müəyyən qərarlar qəbul edib. Turistlər üçün bu məqamlar əhəmiyyət kəsb edir.
- Bu oyunların ölkəmizdə keçirilməsinə dair razılığın əldə olunması dünya ölkələrinin və ya beynəlxalq qurumların Azərbaycanın gücünə və turizm potensialına etibar etdiyini göstərir?
- Birincisi, sözügedən hər iki yarışın ölkəmizdə keçirilməsi Azərbaycanın artıq elit idman ölkəsi kimi tanınmasını bildirir. İkincisi, Azərbaycanda yüksək səviyyədə yarışların keçirilməsi üçün yüksək infrastruktur var. Üçüncüsü, Azərbaycanda bu cür səviyyədə keçirilən yarışlarda işləyən personal var. Hər iki yarışmada kifayət qədər gənclər çalışır. Ən əsası isə bütün bu layihələr həm də onu göstərir ki, ölkəmizdə sabitlik hökm sürür. İstənilən beynəlxalq yarışmanı keçirmək üçün federasiyanın vacib şərti var: ölkədə təhlükəsizlik olmalıdır ki, turist rahatlıqla gəzə və əylənə bilsin. Bu, çox önəmli faktordur. Azərbaycanda və digər rayonlarda təhlükəsizliklə bağlı problem olsaydı, o yarışların keçirilməsinə heç vaxt icazə verilməzdi.
- Pandemiyadan əvvəl Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edib, o cümlədən dünya səviyyəli idman yarışlarını uğurla keçirib. Bu illər ərzində idman mədəniyyətinin yüksəldiyini müşahidə etmisiniz?
- 2015-ci ildə Birinci Avropa Oyunları Bakıda keçiriləndə bizdə təcrübəli işçi heyəti az idi, mütəxəssislər digər ölkələrdən dəvət olunmuşdu. İdman mədəniyyəti ilə yanaşı, artıq yüksək səviyyəli peşəkar kadrların yaranmasını müşahidə edirik. Bu kadrlar xarici ölkələrdə keçirilən yarışlarda iştirak etməyə başlayıb. Pandemiya səbəbilə gediş-gəliş az olduğundan Avropa çempionatına UEFA-dan çox az sayda nümayəndə gələcək, digər işçilərin hamısı azərbaycanlılardır. Həmçinin "Formula 1"də də marşalların çoxu özümüzünkülərdir.
Bundan başqa, bu yarışlar Azərbaycan mediası üçün də böyük bir təcrübədir, jurnalistlərimiz yarışlarda iştirak etmək təcrübəsi qazanır. Bu, idman jurnalistikası üçün də bir məktəbdir, Avropa üzrə futbol çempionatını kütləvi izləmək və reportaj hazırlamaq imkanı qazanır. Ölkənin təbliğatı üçün bu cür yarışların keçirilməsinə hər zaman ehtiyac var. Oyunlardan əvvəl şəhərin gəzməli və görməli yerləri barədə videoçarxlar yayımlanacaq. Bu mənzərələrlə tanış olan əcnəbilərdə şəhərlə bağlı müəyyən təsəvvürlər formalaşır və gəlib ziyarət etmək istədikləri yerlərin siyahısına daxil olurlar.
"Formula 1"in həm TV-də, həm də sosial mediada izləyici sayı çoxdur. Dünyada ən çox izlənilən idman yarışları arasında ilk üçlükdədir. Futbol üzrə Avropa çempionatı tamamilə fantastikadır, futbol bayramıdır. Çempionat bitəcək, amma oyunların lent yazıları sosial şəbəkə və kanallarda dəfələrlə nümayiş olunacaq, müzakirə olunacaq.
- Yarışların hazırlıq prosesi haqqında nə deyə bilərsiniz?
- Hazırlıqlar yekunlaşmaq üzrədir, 5-ci gün yoxlama yürüşü olacaq. Artıq şəhərdə yarışda iştirak edəcək əcnəbi idmançıları, xariciləri görmək olur. Avropa çempionatının da hazırlıqları demək olar ki, yekunlaşıb, bilet satışları davam edir. Hesab edirəm ki, birinci oyundan sonra Türkiyənin oyunlarına maraq daha da artacaq. Pandemiya səbəbilə ancaq Bakıda keçirilən oyunların azarkeşləri gələ bilər.
Təəssüf ki, azərkeşlər üçün fan-zona, ulduz futbolçuların iştirakı ilə yoldaşlıq matçı yoxdur. Hətta Avropa Çempionatının kubok turu çox məhdud çərçivədə keçirildi. Bununla belə, futbolsevərlər üçün çox böyük bir bayram olacaq. Çox maraqlı bir festival görəcəyik. Ən böyük bayram isə dörddə bir finalında olacaq. Türkiyə komandası "play-off"a qədər irəliləsə, yenidən Bakıda oynaya bilər. 1/4 finalda çox güclü komandalar Bakıya gələcək. Bundestim - Almaniya millisi Bakıda oynayarsa, paytaxtda bilet uğrunda dəhşət mübarizə gedəcək. Odur ki, Almaniya millisi Bakını indidən diqqətdə saxlayır. Yeri gəlmişkən, Almaniya, Rusiya və İspaniya jurnalistləri reportajlar hazırlamaq üçün indidən Azərbaycana ezam olunurlar.
Aytən Məftun
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO