“Bu şəhər indi özünə qayıdır” – Nəriman Həsənzadənin ŞUŞA təəssüratları
Bizi izləyin

Xüsusi

“Bu şəhər indi özünə qayıdır” – Nəriman Həsənzadənin ŞUŞA təəssüratları

Avqustun 30-da dahi Azərbaycan şairi, Qarabağ xanının vəziri, eşikağası Molla Pənah Vaqifin məqbərəsinin açılışı oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışa qatıldı. Şairlər saz tutub söz qoşdular, təblər cuşa gəldi. İşğaldan sonra Şuşada ilk poeziya bayramı baş tutdu.

Şuşadakı Vaqif Poeziya Günləri ilə bağlı 90 yaşlı Xalq şairi Nəriman Həsənzadənin təəssüratlarını öyrənməyə çalışdıq. Xalq şairi Publika.az-a açıqlamasında söylədi ki, Şuşa indi özünün yeni intibah çağını yaşayır.

- Nəriman müəllim, necə keçir Şuşalı günlər? İndi haradan danışırsınız? Vaqif Poeziya Günləri ilə bağlı təəssüratlarınızı öyrənmək istərdik...

- Vaqifin məqbərəsinin qarşısından sizinlə danışıram, oğlum. Artıq festival başa çatdı. İndi fasilədir. Bir azdan simpozium başlayacaq. Şuşaya 29 il sonra qayıtmışıq. Mən birinci Şuşa görüşündə də olmuşdum. 1982-ci ilin yanvar ayı idi. Qar yağırdı. O zaman Ulu öndər Heydər Əliyev Vaqifin məqbərəsinin açılışını etdi. Cənab Prezidentimiz cavan oğlan idi, 20 yaşı ancaq olardı. O zaman Ulu öndərimiz mənə də söz verdi. Qışın oğlan çağı olsa da, çox böyük isti əhval-ruhiyyə var idi. Mən Vaqifin heykəlinin qarşısında şeir oxudum. Şuşa ilə bağlı təəssüratlarım əvəzsizdir. Onu sözlə ifadə etmək o qədər də asan deyil. Tale rəhm elədi, yenidən Şuşa ilə görüşdük. Yenə də mən burada cənab Prezidentimizin qarşısında çıxış elədim. Böyük sərkərdəmiz, böyük qəhrəmanımız, Ali Baş Komandanımızın rəhbərliyi altında biz Şuşanı yağılardan təmizlədik. Yenidən Şuşaya qayıtdıq. Şuşanın azad olunması doğrudan da böyük hadisədir. Dünyanın hərb tarixinə düşüb.

- Şuşa 40 il ərzində çoxmu dəyişib? 1982-ci ilin Şuşası ilə indiki mədəniyyət paytaxtımız arasında çoxmu fərq var?

- Əlbəttə, dəyişib. Erməni haradan keçibsə, orada “izini” qoyub gedib. Dağıntılar çoxdur. Buna baxmayaraq, Şuşa işğal altında ola-ola özündə Azərbaycan ruhunu, bizim ruhumuzu qoruyub saxlaya bilib. Şuşa o qədər doğmadır ki... Şuşanın özü öz dili ilə hər kəsə deyir ki, mən Azərbaycan torpağıyam. Şuşanın hər daşı, qayası, tarixi, hamısı... Hətta buradakı ağaclar belə Azərbaycan dilində danışır. Şuşa bizim kübar şəhərimizdir. Tariximizin özüdür. Şuşa tarixi və taleyi olan torpaqdır, şəhərdir. Qarabağ Azərbaycandır! – dedi cənab Prezidentimiz. Bu, böyük sözdür. Şuşada olmaq ürəyin dağa dönməsi deməkdir. Şuşa ilə dərdləşirik burada...

- Azərbaycan Yazıçılar Birliyinin qurultayının Şuşada keçirilməsi ilə bağlı fikirlərinizi öyrənmək istərdim...

- Buranın elə gözəl hotelləri var ki. Qurultay keçirmək üçün indi Şuşada hər cür şərait yaradılıb. Əvəzsiz hotellər tikilib. Şuşa dünyanın ən müasir və gözəl şəhərlərindən geri qalmır. Səmimi deyirəm, inanın ki, belədir. Şuşa bizim əvəzsiz şəhərimizdir. Bu saat biz oyanış, intibah dövrü keçiririk. Mənə elə gəlir ki, Şuşadan hər şey görünür.

- Prezidentlə görüşünüz necə keçdi? Təəssüratlarınızı öyrənmək istərdik...

- Bizim Şuşadakı, buradakı poeziya günlərinin açılışını cənab Prezident etdi. Geniş nitq söylədi. Özü də bir qəhrəman, Ali Baş Komandan kimi çıxış etdi. Şuşa ilə bağlı hər şeyi danışdı. Maraqlı bir məqamı da xatırlatdı. Söylədi ki, atam da burada tədbiri 59 yaşında keçirdi, indi mənim də 59 yaşım var. Fikir verirsinizmi, görünür, bu, bir taledir. Bu, bir qismətdir. Görünür, bu insanlar bu millətin taleyi üçün gəliblər. Gözəl bir tədbir keçdi. Hər kəsin əhval-ruhiyyəsi çox yüksək idi. Vaqif Poeziya Günləri davam edir və bu əhval-ruhiyyə yenə də var. Şuşanın özü insanda böyük ruh yüksəkliyi, əhval-ruhiyyə yaradır. Şuşadan, Cıdır düzündən baxanda hər şey ayağının altında görünür. Şuşa bizim ən doğma yerimizdir. Baxırsan ki, doğmalıq Şuşanın qoruduğu ruhundadır. Biz bu şəhərə necə yad ola bilərik?! Burada dəqiqələrimiz çox böyük əhval-ruhiyyədə keçir.

- Hazırda Şuşada erməni vandalizminin izləri görünürmü? Yoxsa yenidənqurma işləri erməni vəhşiliyini unutdurub?

- Təbii ki, erməni vandalizmi görünür. Biz yol boyu gəldikcə, erməni vandalizminin izlərini görüb dəhşətə gəldik. Dağıdılan evləri gördük. Amma indi Şuşada böyük quruculuq işləri aparılır. Şuşanın sabahı indidən görünür. Şuşada indi dan sökülüb, günəş çıxıb. Sürətli tikinti işləri gedir. Yeni binalar, bir-birindən gözəl yaşayış yerləri, hotellər tikilir. Nizami Cəfərov da yanımdadır, o da bu yenilikləri görür. Abidələr yenidən qurulur, təmir olunur. Yəni Şuşa özünə qayıdır. Çox gözəldir. Hotelləri möhtəşəmdir. Bu gün şuşalı gəlib Şuşada, öz doğma şəhərində çörək bişirir. Çox maraqlıdır. Tezliklə şuşalıların hamısı öz evlərinə qayıdacaq, o gün uzaqda deyil.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm