Xüsusi
Əli yüz minlərlə azərbaycanlının qanına bulaşmış canilər - Qətliamın ŞOK FAKTLARI
6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
Son bir əsrdə Azərbaycan xalqına qarşı ermənilər və onların havadarları tərəfindən məqsədyönlü siyasət həyata keçirilməklə ölkəmizin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyi əleyhinə təcavüz cinayətləri, qədim və tarixi torpaqlarımızda bütövlükdə XX və XXI əsrlərdə yerli əhaliyə qarşı soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə və terror cinayətləri törədilib. Acı həqiqət isə bundan ibarətdir ki, bütün bu beynəlxalq hüquqazidd əməllər, terror fəaliyyəti, insanlıq əleyhinə cinayətlər Ermənistan dövləti tərəfindən bu gün də davam etdirilir.
44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbə ilə Qarabağın 30 illik erməni işğalına son qoysaq da, Ermənistan dövləti terror əməllərini bu gün fərqli formada davam etdirir. Ermənilər “Böyük Ermənistan” dövləti yaratmaq xülyaları ilə bu gün də nəinki ölkəmizin, bütövlükdə dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasına, habelə regionun digər dövlətlərinin ərazi bütövlüyünə təhdid hesab edilirlər.
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi sülh və insanlıq əleyhinə olan cinayətlərin qısa xronologiyasına nəzər salaq:
XVIII əsrin I yarısında Azərbaycan torpaqlarında erməni terrorunun əsası qoyuldu
Rusiya imperiyasının hərbi-siyasi işğal planlarında Cənubi Qafqaz, xüsusilə də Azərbaycan əraziləri mühüm yer tuturdu. Bu işğal planını həyata keçirmək üçün Rusiya imperiyasının hərbi-siyasi dairələri ermənilərdən bir ölüm aləti olaraq istifadə faktına üstünlük verdilər. XIX-XX əsrin əvvəlində çar Rusiyası Qacarlar İranı və Osmanlı imperiyası ərazilərindən Cənubi Qafqaz ərazilərinə 1 milyon 300 min nəfərdən çox erməni əhalisi köçürmüşdü. 1905-1906-cı illərdə çar Rusiyası,1918-1920-ci illərdə Sovet Rusiyası, Fransa, ABŞ və Böyük Britaniyanın, 1920-1991-ci illərdə SSRİ və 1992-2020-ci illərdə isə Qərb dövlətləri ilə yanaşı RF-nin təcavüzkar hərbi-siyasi dairələri öz iğalçı planlarını reallaşdırmaq üçün ermənilərdən bir ölüm aləti olaraq istifadə ediblər.
1918-ci il qətliamı
16 dekabr 1917-ci ildə RSFSR XKS-nin sədri V.İ.Leninin sərəncamı ilə S.G.Şaumyan Qafqazın fövqəladə və səlahiyyətli komissarı təyin edildi və ona burada öz fəaliyyətini təşkil etmək üçün 500 000 rubl qızıl pul ayrıldı. Cənubi Qafqaza gələn Şaumyan Bakıda bütün anti-Azərbaycan siyasi qüvvələrlə birləşərək hakimiyyəti ələ keçirdi. Bolşevik-daşnak hakimiyyətini burada möhkəmləndirmək üçün 13 fevral 1918-ci ildə RSFSR XKS yeni qərar qəbul etdi. Bu qərara əsasən, S.G.Şaumyanın sərəncamına 31,8 mln. rubl qızıl pul, 5 min tüfəng, 2 mln. patron, 35 pulemyot, 2 aeroplan, 2 zirehli maşın və döyüşçü dəstələri, o cümlədən Moskva Hərbi Dairəsinin 4-cü səyyar inqilabi dəstəsi göndərildi. Nəticədə 1918-ci ildə Bakı şəhəri və onun ətrafında olan ərazilərdə yaşayan azərbaycanlı əhaliyə qarşı soyqırımı törədilərək ən azı 12 mindən artıq insan məhv edildi. 1918-ci ilin martından 1921-ci ilin avqustun 1-nədək isə bütün Cənubi və Şimali Azərbaycan ərazilərində 700 000-dən çox azərbaycanlı soyqırımı cinayətlərinin qurbanı oldu. Bu cinayətlərin hansı səbəbdən törədildiyini Şaumyan RSFSR XKS-nin sədri V.İ.Leninə 13 aprel 1918-ci il tarixində ünvanladığı məktubunda yazırdı: “Əgər onlar qəbul edib gəlsəydi, Bakı Azərbaycanın paytaxtı elan edilər və bütün qeyri-müsəlman ünsürlər tərk-silah və məhv edilərdi”.
Publika.az-a danışan AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov bildirib ki, Şaumyanın I Dünya müharibəsi zamanı Osmanlı Türkiyəsinə qarşı vuruşan və 5 oktyabr 1917-ci il Ərzincan müqaviləsinə görə Qafqaz Cəbhəsindən geri qayıdan daşnaklardan istifadə edərək azərbaycanlılara qarşı soyqırımı cinayətləri törətməsi və ən başlıcası, Bakı şəhərində hakimiyyəti ələ keçirməsi Lenin tərəfindən çox böyük razılıqla qarşılanmışdı: “Şaumyanın Bakı Neft Komitəsinin sədri təyin etdiyi Saak Ter-Qabrielyan 7 ədəd neftlə doldurulmuş gəmi ilə əvvəlcə Həştərxana, sonra isə Moskvaya gələrək Leninlə görüşmüşdu. Bu görüş zamanı Lenin Şaumyanın törətdiyi cinayətlərin miqyasından heyran qaldığını söyləmişdi. 1918-ci il iyunun 5-də Lenin Saak Ter-Qabrielyana vurduğu teleqramda Şaumyanın sərəncamına əlavə olaraq 50 milyon pul ayırdığını və “nefti birinci yerə qoymaq” tapşırığını vermişdi. Lakin bununla yanaşı, 1918-ci il iyunun əvvəlində bolşevik-daşnak hakimiyyətinin məhv olacağını görən Sovet Rusiyasının rəhbəri Lenin Bakı Sovetinə vurduğu teleqramda yazırdı: “Əgər hücum baş tutarsa, mümkündürsə siz Terə (Ter-Qabrielyana - red) xəbər verəsiniz ki, o Bakını tam yandırmaq üçün tədbirlər görsün və bu barədə Bakı mətbuatında elan versin”. Yəni çar Rusiyası ermənilərin əli ilə azərbaycanlılara qarşı qətliam törədirdi”.
Bu fakt da məlumdur ki, o zaman Bakı şəhəri Sovet Rusiyasının əlində idi. Bütün bunlarla yanaşı, Şimali Azərbaycanın İrəvan, Naxçıvan və Zəngəzur bölgələrində erməni quldur dəstələrinin yerli azərbaycanlı əhaliyə qarşı talan və quldur hücumları davam edirdi. Çıxılmaz vəziyyətə düşən Azərbaycan əhalisi öz nicat yolunu Osmanlı dövlətinə müraciət etməkdə görürdü və bunu nəzərə alan Zaqafqaziya Seymində təmsil olunan azərbaycanlı deputatlar da belə bir fikrin tərəfdarı idilər.
1918-ci il may ayının 24-də Tələt paşa Batum konfransındakı Osmanlı Türkiyəsi nümayəndə heyətinin rəhbəri Xəlil bəy Menteşeyə göndərdiyi teleqramda yazırdı: “Ermənilərin bir hökumət halında təşəkkül etməsinə qətiyyən razı deyiləm. Kiçik erməni muxtariyyəti beş il sonra beş milyon əhalisi olan bir erməni dövləti halına gələcək və bütün Qafqaza hakim olaraq Şərqin Bolqarıstanına çevriləcək. İran və Amerikada olan bütün ermənilər orada toplanaraq, ingilis və fransızlardan hər cür yardım alaraq, gələcəkdə xristian gürcülərlə və çox asanlıqla birlikdə bizim əleyhimizə hərəkət edəcəklər”.
Ərazilərimizə qarşı erməni soyqırımı
C.Bəhramovun sözlərinə görə, 103 il bundan əvvəl çox müdrikliklə deyilən bu sözlər bu gün artıq öz ağır dəhşətləri ilə reallığa çevrilib. Erməni terroru, ərazi iddiaları bu gün də davam edir: “1921-ci il yanvarın 12-də Azərbaycan KP MK Siyasi və Təşkilat Bürolarının iclasında Zəngəzurun müsəlman əhalisi yaşayan hissəsinin inzibati cəhətdən təşkili haqqında qərar qəbul etdi. Zəngəzurun azərbaycanlı əhalisini sıxışdırmaqda davam edən ermənilər bununla kifayətlənməyərək sonralar bir sıra ərazilərin də ələ keçirilməsinə nail oldular. Belə ki, Zaqafqaziya MİK Rəyasət Heyətinin 1927-ci il 1 yanvar tarixli iclasında Mehri-Cəbrayıl qəzasında 24 kəndin, 1927-ci il 20 iyun tarixli iclasında isə Zəngəzur-Kürdüstan qəzasının 1.065 desyatin ərazisinin bu və ya digər qəzalara aid edilməsi məsələləri müzakirə edildi. Yenə də bu qanunverici hakimiyyət orqanının 1929-cu il fevralın 18-də M.Sxakayanın sədrliyi, Azərbaycan nümayəndələrindən isə D.Bünyatzadə, M.Bağırov və S.Yaqubovun iştirakı ilə keçirilən iclasda Mehridə erməni rayonu yaratmaq adı altında Zəngilan rayonunun üç kəndi: Nüvədi, Ernəzir və Tuğut-Ermənistan SSR-yə verildi (7, 927). Beləliklə, Zəngəzurun cənub-qərb hissəsindəki torpaqların da ermənilərə “bağışlanması” və burada Mehri rayonunun təşkili ilə Azərbaycan SSR özünün tərkib hissəsi olan Naxçıvan diyarından ayrı salındı, bu bölgə ilə əlaqə çətinləşdi. Ermənilərin sülh və insanlıq əleyhinə olan cinayətləri həm də ərazilərimizə qarşı tətbiq olundu. Onlar bizə məxsus torpaqları özününküləşdirməyə və azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti keçirməyə başaldılar”.
SSRİ-ni yaradanların Azərbaycan torpaqlarını hərraca qoyub ermənilərə verməsindən sonra bu torpaqların əsl sahibi olmuş yerli azərbaycanlılar üçün faciələrin yeni mərhələsi başlandı.
1918-ci il mayın 29-dan sonra II Dünya müharibəsinin qurtarmasına 115 gün qalmış - yəni 1945-ci il aprelin 19-da bütün ermənilərin VI katolikosu - Baş patriarxın müavini, arxiyepiskop Gevorq Çeorekçiyan SSRİ dövlətinin rəhbəri İ.V.Stalinə 11 bənddən ibarət ərizə ilə müraciət edir və onunla görüşür. Bu görüş zamanı Stalin katolikosa xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR-yə köçməyə və bundan əlavə Türkiyə Cümhuriyyətindən qondarma “Qərbi Ermənistan” adlanan torpaqların geri alınacağını söyləyir.
Ermənilərin etnik təmizləmə siyasəti
Son 100 il ərzində ermənilər ölkəmizdə təkcə milli, etnik, dini mənsubiyyətə qarşı yönəlmiş hərəkətlər, genosid və ya soyqırımı törətməklə məhdudlaşmayıb, onlar eyni zamanda insanlıq əleyhinə cinayətlərin xüsusi növü hesab olunan homosid və ya adamöldürmə, əhalinin kütləvi məhv edilməsi ilə bağlı çoxsaylı cinayətlər də törədiblər. Rəsmi məlumatlara əsasən, ermənilərin kütləvi məhvetmə və adamöldürmə cinayətləri nəticəsində Ermənistanın Azərbaycana təcavüzü zamanı 20 000 nəfər həlak olub. Bu rəqəm əhalinin genişmiqyaslı məhvi ilə, habelə müəyyən ərazidə yaşayan insanların, ailələrin və nəsillərin yer üzündən silinməsi ilə kifayət qədər geniş və sistematik bir cinayətin baş verməsini əsaslandırmağa imkan verir.
Cəbi Bəhramov qeyd edib ki, azərbaycanlıların Ermənistan SSR ərazisindəki öz tarixi-etnik torpaqlarından qovulmasının növbəti mərhələsi başlandı: “1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” adlı 4083 saylı qərar verdi: “SSRİ Nazirlər Sovetinin 1948-ci il 10 mart tarixli “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” adlı daha bir qərarı ilə bu işi həyata keçirmək üçün konkret tədbirlər planı müəyyən olundu. Bu qərara görə, 100 min nəfər azərbaycanlı 1948-1950-ci illərdə: 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min nəfər “könüllülük prinsipinə əsasən” Azərbaycan SSR ərazilərinə köçürülməsi idi. Qeyd etmək lazımdır ki, o zaman Ermənistan SSR-də 400 mindən artıq azərbaycanlı yaşayırdı. SSRİ hökumətinin qərarı ilə 1948-ci ildə Ermənistan SSR-dən deportasiya edilənlərin sayı 10 504, 1949-cu ildə 15 713 nəfər, 1950-ci ildə 12 332 nəfər, 1952-1953-cü illərdə 13 760 nəfər, 1954-1956-cı illərdə isə 5876 nəfər olub. Ümumiyyətlə, Ermənistan SSR ərazisindən deportasiya və etnik təmizləmənin bu mərhələsində 100 min nəfərdən çox azərbaycanlı zorla köçürülmüş və ya köçməyə məcbur edilmişdi. Deportasiya tədbirləri Ermənistan SSR-in 22 rayonunu əhatə etmiş və əsasən azərbaycanlıların ən qədim zamanlardan yaşadıqları ərazilərdə həyata keçirilmişdi.
1953-cü ildə Stalinin vəfatından sonra SSRİ dövləti rəhbərliyində baş verən dəyişikliyə ümid bəsləyən Erməni Qriqoryan Kilsəsi və Ermənistan SSR rəhbərliyi yenidən DQMV ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi haqqında N.S.Xruşşova müraciət etdi. 1958-ci ildə Erməni Qriqoryan Kilsəsinin başçısı II Vazgen Bakıya gəlir və o zaman Azərbaycan SSR Nazirlər Sovetinin sədri Sadıq Rəhimovla görüşür. Görüş zamanı II Vazgen Bakı şəhərində yerləşən erməni kilsəsi nəzdində erməni uşaqları üçün ruhani seminariyasının açılmasına, səhər və axşam kilsə zənginin vurulmasına icazə verilməsi və ən başlıcası Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin Ermənistan SSR-ə birləşdirilməsinə Azərbaycan SSR rəhbərliyinin razılıq verməsi təkliflərini irəli sürür. Azərbaycan SSR Nazirlər Sovetinin sədri S.Rəhimovdan çox sərt rədd cavabı alan II Vazgen SSRİ rəhbərliyinə şikayət edir, lakin mərkəzi hökumət qaldırılan məsələnin nə qədər təhlükəli olduğunu anlayaraq onu müzakirə etməkdən çəkinir və Azərbaycan SSR rəhbərliyi millətçilikdə ittiham edilərək 1959-cu ildə dəyişdirilir. V.Y.Axundov Azərbaycan SSR rəhbəri təyin edilir”.
XX əsrin 60-cı illərinin əvvəllərindən başlayaraq Ermənistan SSR-də növbəti dəfə anti-Azərbaycan təbliğatı geniş miqyas almağa başladı. 1960-cı il dekabrın əvvəlində Azərbaycan KP MK-yə ABŞ-ın Boston şəhərində erməni millətçilərinin nəşr etdikləri “Baykar” (Mübarizə) qəzetində “Sovet Azərbaycanı Prezidentinə” başlığı altında çap edilmiş müraciət daxil olur. Riyakarlıqla dolu olan bu müraciətdə Azərbaycan SSR-in iki “erməni muxtar qurumu”nun - Naxçıvan MSSR və DQMV ərazilərinin Ermənistan SSR tərkibinə verilməsi təklif olunur və bunun “əbədi erməni – Azərbaycan qardaşlığı”nın “möhkəmlənməsinə kömək edəcəyi” qeyd olunurdu.
Ardı var...
Akqabay Mıradov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə hazırlanıb.
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...