Xüsusi
İŞİD-in öldürməyə çalışdığı, Əsədlə görüşən məşhur SİRLƏRİ AÇDI: Azərbaycanı günahlandırırdı ki... - ÖZƏL
“Suriya prezidentinə heç kimin yaxın dura bilmədiyi dövrdə onunla müsahibə etdim, hətta bəzi məqamlarda ona provokativ suallar verməkdən çəkinmədim”.
Bu sözləri Publika.az-a müsahibəsində dünya şöhrətli jurnalist Həsən Heydər Diab bildirib.
- Cənab Diab, bu günlərdə Şuşaya səfər etdiniz. Nə hiss etdiniz?
- Şuşa tarixi əhəmiyyətli mədəniyyət mərkəzidir. Şəhərin vəhşicəsinə dağıdılması məni çox kədərləndirdi. Bunu ancaq sivilizasiyadan xəbərsiz barbarlar edə bilərdi. Bir şəhərin mədəniyyətini talan qoymağın bir adı var - ermənilik. Bosniyanın qədim Mostar şəhərini yer üzündən silməyə çalışanlar Haaqa Beynəlxalq Məhkəməsinin qərarı ilə 20 il azadlıqdan məhrum ediliblər. Təəssüf ki, Şuşanın qatilləri qanun qarşısında hələ ki, məsuliyyətə cəlb olunmayıblar. Təbii ki, ən önəmlisi odur ki, Şuşa artıq azad olunub. Əminəm ki, o, işğaldan əvvəlki dövrdən də gözəl olacaq. Avtomagistrallar, yollar salınır. Xalqınızın hər bir üzvü Şuşaya xüsusi həssaslıq və məhəbbətlə yanaşır. Mən hərbi jurnalistəm, müharibə bölgələrində çox oluram. Bəzi ölkələr 20 ildir ki, savaşdan çıxıb. Amma yenidənqurma və bərpa işləri hələ də görülməyib. Şuşaya səfərim mənim üçün çox önəmli idi. Elə orada olanda söz verdim ki, ölkəmə qayıdandan sonra bəyənsələr də, xoşlarına gəlməsə də, yenə həqiqəti dünyaya yayacam.
- Təşəkkür edirəm. Bu günlərdə “TÜRKSOY Media Mükafatı” ilə təltif olundunuz. Təbrikimi qəbul edin və təbii ki, təəssüratlarınızı öyrənmək istəyirəm...
- Jurnalist vicdanlı olmalıdır. Gördüyünü yalansız çatdırmalıdır. Sözün açığı, jurnalist kimi Qarabağ mövzusu məni xüsusi maraqlandırmayıb. Çünki əsas maraq dairəm Yaxın Şərqdir. Amma xarici mətbuatda Azərbaycan barədə neqativ məqalələri oxuduqca sanki bu haqsızlığa dur demək istədim. Ermənilər bu müharibəyə xristian-müsəlman savaşı adı verərək beynəlxalq ictimaiyyətin fikrini yanlış yöndə istiqamətləndirdikcə jurnalist missiyamı yerinə yetirməyə borclu olduğumu anladım. Xatırlayırsınızsa, bəzi mətbuat orqanları Azərbaycanı cihadda günahlandırırdı. Əslində isə Azərbaycan öz torpağını 30 illik işğaldan azad etməyə çalışırdı və buna nail oldu. Çünki beynəlxalq qanunla buna haqqı çatırdı. Çünki tək həqiqət budur. Necə ki, Xorvatiya serblərin işğalı altında olan ərazisini azad etməli idi. Xorvatiyanın ən çox reytinqə sahib olan media orqanları ilə əməkdaşlıq edirəm. Bu gün dünya mətbuatının söz azadlığı problemi var. Hər dəfə Azərbaycanla bağlı xəbərlər paylaşdıqca Balkanlarda fəaliyyət göstərən erməni icmaları baş redaktoruma şikayətlər ünvanlayırdılar. Hətta bəziləri məni təhdid edirdilər. Mən peşəmə sadiq insanam. Heç vaxt qərəzli xəbər paylaşmamışam, bundan sonra da paylaşmayacam. Axı necə susa bilərəm? Qarabağın ölüləri də məzarda rahat uyuya bilmirlər. Erməni barbarları hətta qəbirləri dağıdıb ölülərin sümüklərini ətrafa töküblər. Kəllə sümüklərinin, insan skeletlərinin yanında addımlamaq böyük dəhşət idi. Düşünürəm ki, bu, nəinki İslama görə, bütün inanclara görə ağır günahdır. İnanın ki, şokda idim. Nigaranlıq və ağrıdan başqa heç nə hiss etmirdim.
- Cənab Diab, Suriya prezidenti ilə məşhur müsahibənizdən danışa bilərik?
- Jurnalistika inad deməkdir. Ruhdan düşməyə haqqın yoxdur. Ümumiyyətlə, jurnalistikada “yox” anlayışı yoxdur. Müsahibimdən razılıq alanadək ruhdan düşmürəm. Suriya Prezidenti Bəşər Əsədlə də eyni hal baş verdi. İki ilə yaxın prezidentin elektron ünvanına məktublar yazmağa davam elədim. Bu müddətdə heç yorulmadım, istəyimdən dönmədim. Müharibədən 3 ay sonra Suriyaya səfər edən ilk əcnəbi jurnalistlər siyahısında idim. Heç vaxt müharibə haqda yanlış məlumat paylaşmamışdım. Bəşər Əsədin komandasında çalışan hər kəs məni yaxşı tanıyırdı. Suriya prezidentinə heç kimin yaxın dura bilmədiyi dövrdə onunla müsahibə etdiyim, hətta bəzi məqamlarda ona provokativ suallar verməkdən çəkinmədiyim üçün özümlə qürur duyuram. Müsahibəni dünyanın 180 ölkəsinin nəhəng informasiya agentlikləri də yayımladı. Tanınmış jurnalist Kristian Amanpur Ağ Evin önündə müsahibəmi oxuyub şərh edirdi. Emmanuel Makron da daxil olmaqla bir sıra dünya liderləri Əsədlə söhbətimiz haqda fikirlərini bölüşməyə başladılar. Amma bundan sonra zərrə qədər də dəyişmədim. Yenə eyni həssaslıq və inadla yeni həmsöhbətlər qazanıram. Ən sadə vətəndaşdan dünya liderlərinədək eyni həssaslıqla yanaşıram. Jurnalistikanın xarakteristikası da budur.
- Növbəti sualım da bununla bağlı idi. Məni qabaqladınız. Jurnalistikanın tərifi, yaxud vacib məqamları varmı?
- Həyati təhlükən də olsa belə, hadisələrə obyektiv yanaşmalısan. Mən Livanın Beyrut şəhərində anadan olmuşam. 2006-cı ildə Livanla İsrail arasında müharibə başladı. Sonra İsrail ordusu Beyrutu bombalarla atəşə tutdu. Doğma şəhərimi tərk etmədən emosiyalarımı kənara qoyub obyektiv məlumat yaymağa başladım. Bəzi həmkarlarım buna görə məndən inciyirdilər. Lakin bildirdim ki, heç bir tərəfin yanında olmadan qərəzsiz xəbər paylaşmalıyam. Bəli, bütün reportajlardan sonra bir kənara çəkilib ağlayırdım. Doğulub böyüdüyüm şəhərim darmadağın edilmişdi. Amma bu, mənim şəxsi kədərim idi. Obyektivliyimə görə İŞİD-in terrorçuları məni ölümlə hədələyirdilər. Mənimlə də kifayətlənməyib, ailəmi təhdid edirdilər. Məhz buna görə 4 il polis nəzarətində yaşadım. Amma qorxum vicdanımı üstələmədi. Jurnalist həkimdir. Dostunu da, düşmənini də səhih informasiya ilə sağaldıb sülhə dəvət etməlidir.
- Ümumiyyətlə, dünyanın qaynar nöqtələrinə səfər edirsiniz, qlobal problemlərə toxunursunuz. Əfqanıstanda baş verənlərə dəfələrlə münasibət bildirmisiniz. Bu mövzuya da toxunmağınızı istərdim.
- Demək olar ki, bütün müharibə nöqtələrində olmuşam. Əfqanıstana gələndə isə şübhəsiz, ABŞ və NATO üçün böyük zərbə oldu. Hələ 2001-ci ildə ABŞ-ın prezidenti olmuş Corc Buş “Əl-Qaidə”nin törətdiyi terrordan sonra Əfqanıstandakı taliblərə qarşı hərəkətə keçdi. Müharibəyə 2 trilyon dollar xərclədi. Minlərlə günahsız insan bu müharibənin qurbanı oldu. Həmin dövrdən 20 il vaxt keçib. “Taliban” və “Əl-Qaidə”ni məhv etmək əvəzinə, dünya üstəlik İŞİD-lə də mübarizə aparır. ABŞ Əfqanıstanı tərk edərkən dəhşətli mənzərələrə şahid olduq. İllərdir demokratiyaya ümid edib çarəsizliyin son həddinə çatan əfqan xalqı ölkəsindən qaçmaq üçün hər yola əl atmağa başladı. Həyatı bahasına təyyarənin təkərlərinə sarılıb Əfqanıstandan çıxanların faciəvi ölümünü izlədik. Demokratik dünya sivilizasiyasının ən böyük utancı bilirsiniz nədir? “Taliban”ın qələbəsini qəbul edib onlarla danışıq masasına oturmaq. Yaxşı, gəlin, görək, müasir dünya İraq və Suriyada sülhə nail oldumu? Əlbəttə, yox! Artıq dünya anlamalıdır ki, silah gücünə sülhə nail olmaq mümkün deyil. Demokratiya hər bir millətin özünün qərar verəcəyi anlayışdır. Bəzi həmkarlarım deyir ki, Ben Laden sağ olsaydı, Amerikanın bu çarəsizliyinə sevinərdi. Bilmirəm. Ağır məqamdır.
- Gözəl ölkəniz barədə bizə məlumat versəniz, sevinərəm.
- 40 ildir ki, Xorvatiyada yaşayıram. Dünyanın ən gözəl adaları, dənizi burada yerləşir. Ən məşhur ulduzlar istirahət üçün Xorvatiyanın Dubrovik şəhərini seçirlər. İnsanları, dağları, çayları... Bu möcüzələr haqda uzun danışmaq istəmirəm. Çünki elə söhbətimiz boyu sizə subyektiv fikirlərdən qaçdığımı bildirirəm. Ölkəmi yaxından tanımaq istəyənləri həmişə dəvət edirəm ki, gəlib gözləri ilə görsünlər.
Leyla Sarabi
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...