Nizami Gəncəvinin oğlu ilə bağlı MARAQLI FAKT: Məhəmməd atasından xahiş edir ki...
Bizi izləyin

Xüsusi

Nizami Gəncəvinin oğlu ilə bağlı MARAQLI FAKT: Məhəmməd atasından xahiş edir ki...

6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin sözlərinə görə, 2021-ci ilin “Nizami ili” adlandırılması görkəmli şair və mütəfəkkirin Azərbaycan və dünyaya yenidən tanıdılması sahəsində mühüm addımların atılmasına, ciddi dönüşün baş verməsinə şərait yaratdı.

Akademik Publika.az-a müsahibəsində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bu istiqamətdə həyata keçirdiyi işlər barədə ətraflı məlumat verib.

- İsa bəy, “Nizami ili”nin qeyd olunmasının əhəmiyyətini necə dəyərləndirirsiniz? Ədəbiyyat İnstitutu buna necə hazırlaşdı?

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ili “Nizami ili” elan etməsi ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi xüsusi diqqətin və böyük qayğının əməli ifadəsidir. Bu həm də Prezidentin Azərbaycan tarixinə, mədəniyyətinə və ədəbiyyatına, adlı-sanlı ədəbi-tarixi şəxsiyyətlərimizə yenidən qayıdış istiqamətində apardığı ardıcıl siyasətin növbəti təzahürüdür. Cənab İlham Əliyevin 2021-ci ili “Nizami ili” bəyan etməsi haqqındakı sərəncamı ölkənin digər elm və təhsil müəssisələrində, mədəniyyət ocaqlarında olduğu kimi, Milli Elmlər Akademiyasında da qeyd olundu. Ardıcıl olaraq bu illə əlaqədar tədbirlər həyata keçirilməkdədir. Bir neçə istiqamətdə geniş iş aparılır.

Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Nizamişünaslıq şöbəsi Nizami Gəncəvi ensiklopediyasının üzərində işə başlayıb. Nizaminin hər poeması, Azərbaycanda və dünyada nə qədər əlyazması varsa, sətirbəsətir bir-birilə müqayisə olunur, ən dəqiq variant müəyyənləşdirilir və nəhayət ən yekun variant çap olunur. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda da Nizami Gəncəvinin “Xəmsə”yə daxil olan poemasının elmi-tənqidi mətni hazırlanır. Bu mətnin hazırlanması böyük həcmli bir işdir. Dünyanın müxtəlif ölkələrinin kitabxanalarında və muzeylərində saxlanılan əlyazmaların alınıb gətirilməsi, onların kataloqlaşdırılması, müqayisəli tədqiqi, nəşri ayrıca bir elmi qurumun fəaliyyət göstərməsi zərurətini meydana çıxardı. Odur ki, Azərbaycan Respublikasının Rəyasət Heyəti bu günlərdə Əlyazmalar İnstitutunun tərkibində Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsini yaratdı. Bu da təşkilati və struktur bölmələrin yaradılması cəhətdən yeniliklərdən biridir. Bundan sonra həmin şöbədə olan əməkdaşlar dünyanın hər yerində toplanan və saxlanılan əlyazmalarını əldə edəcək və onlar üzərində iş aparacaqlar. Onların ölkəmizə gətirilməsi işləri ilə məşğul olacaq, eyni zamanda dünya arxiv muzeylərinə ezam olunacaqlar. Bu, çox ciddi məsələdir.

Akademiyanın humanitar və ictimai elmlər bölməsinə daxil olan 15 elmi qurumun hamısı 2021-ci ilin bu ayına qədər Nizami Gəncəvi yaradıcılığının ən müxtəlif aspektlərinə aid elmi konfranslar keçiriblər.

Bu günlərdə “Nizami Gəncəvinin irsi miniatürlərdə və əlyazmalarda” adlı beynəlxalq konfrans keçiriləcək. Mədəniyyət və İncəsənət Universiteti mədəniyyət, Ədəbiyyat İnstitutu ədəbiyyat, Dilçilik İnstitutu dilçilik, Fəlsəfə İnstitutu isə fəlsəfə aspektindən Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş konfranslar keçirir. Bu konfranslarda Nizami Gəncəvi kompleks şəkildə təhlil olunur. Yaradıcılığının fəlsəfi, hətta iqtisadi və mədəniyyət problemləri, dili və üslubu, poetikası və s. məsələlər konfransların başlıca müzakirə mövzusu olur.

- Pandemiya dövründə İnstitutun elmi-tədqiqat şöbələri fəaliyyətlərini necə davam etdirdi?

- Əksər konfranslar onlayn rejimdə keçirildi, son zamanlarda canlı ünsiyyət əsasında keçirilən konfranslar da var. Konfranslarda Avropadan, Rusiyadan, Türkiyədən, Orta Asiyadan olan çoxlu alimlər təmsil olunur. Biz onlayn konfransların tribunasından Nizami Gəncəvinin dünyaya Azərbaycan şairi kimi tanıtmaq məqsədini izləyirik. Sirr deyil ki, Nizami Gəncəviyə sahib çıxmaq istəyənlər və onun tərcümeyi-halı haqqında bəzi mübahisəli məsələləri ortaya qoyanlar hələ də var.

- Bu cür absurd iddialara alimlərimizin verə biləcəyi tutarlı cavablar varmı?

- Buna ehtiyac olmasa da, alimlərimiz faktlarla isbat ediblər ki, şairin babası Zəki Müəyyədin də, anası Rəisə xanım da Azərbaycan türklərindəndir. Gəncə şəhəri oğuz türklərinin və qədim türklərin əsas mərkəzlərindən biridir. “Nizami ili”ndə onlayn konfranslarda çıxış edərkən onu Azərbaycan şairi kimi təqdim edirik. Onun yaradıcılığında Bərdə, Gəncə və s. şəhərlər haqqında geniş məlumatlar var, biz bu məqamları vurğulamağa çalışırıq. Hesab edirik ki, Nizami Gəncəvinin Bərdənin tərifi şeiri elə Azərbaycanın tərifi deməkdir. Biz beynəlxalq konfranslarda Nizamini həm dünya ədəbiyyatının görkəmli nümayəndəsi, həm də Şərqdə renesans ədəbiyyatının yaradıcılarından biri və böyük Azərbaycan şairi kimi təqdim edirik. Bu istiqamətdə apardığımız təqdimatın məqsədi dünyada ictimai rəyin yaradılmasıdır və bu, öz təsirini göstərməkdədir.

- Özbəkistanda və digər ölkələrdə Nizami adına araşdırma mərkəzləri, universitetlər var. Bəs biz onun adını kifayət qədər yaşada bilirikmi?

- 2021-ci ildə AMEA-da Nizami Gəncəvi haqqında 22 kitab çap olunub. Bu kitabların böyük bir qismi N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda yazılıb, eyni zamanda kitab müəllifləri içərisində N.Gəncəvi adına Ədəbiyyat Muzeyinin, fəlsəfə, şərqşünaslıq və digər institutlarda çalışan əməkdaşların da kitabları var. Onlar arasında Nizami Gəncəvi və türk poeziyası, akademik Teymur Kərimlinin “Nizami və tarix”, akademik Ramiz Mehdiyevin “Azərbaycançılıq və milli dəyərlər kontekstində”, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirovun “Nizami Gəncəvinin elmi dünyagörüşü” əsərləri əhəmiyyətli və yeni materiallar əsasında yazılan kitablardandır.

Bu yaxınlarda şairin həyat və yaradıcılığı haqqında yeni bir kitabı çapa təqdim edəcəyik. İndiyə qədər Nizami Gəncəvinin həyatı və yaradıcılığı adlı ümumiləşmiş kitab çap olunmamışdı. Bu kitab Nizami həyatına və yaradıcılığının müxtəlif problemlərinə həsr olunub. Nizamişünaslıq şöbəsinin hazırladığı Nizami Gəncəvinin həyat və yaradıcılıq bioqrafiyasına həsr olunmuş monoqrafik tədqiqat birinci fundamental elmi-tədqiqat əsəridir. Daxili auditoriya üçün ciddi mənbələrə əsaslanan fundamental və böyükhəcmli tədqiqatımız artıq başa çatıb. Onun üzərində 3 ildir iş gedirdi.

- Nizaminin dünyada tanıdılması istiqamətində hansı işlər görülür?

- Nizamişünaslıq şöbəsində Nizaminin həyat və yaradıcılıq bioqrafiyasına həsr olunmuş 1000 səhifəlik kitab daxili auditoriya üçündür. Dünyaya tanıtmaq üçün Nizami Gəncəvi haqqında nisbətən daha yığcam, daha elmi-populyar üslubda yazılan və xarici dillərə tərcümə olunmuş kitablara ehtiyac var. Artıq 10 dildə kitab çap olunub, onda ən zəruri və elmi məlumatlar öz əksini tapıb. Məqsədimiz Nizami Gəncəvini bu yolla dünyaya Azərbaycan şairi kimi tanıtmağa xidmət etməkdən ibarətdir. Bu kitabları səfirlərə, bizimlə əməkdaşlıq edən müxtəlif dünya ölkələrinin akademiyalarına göndərəcəyik ki, şairin bu istiqamətdə təbliğatı gedə bilsin.

- Nizami Gəncəvinin Azərbaycan şairi kimi təbliğatında Türkiyə hansı dəstəyi verdi?

- Qardaş Türkiyədə də indiyə qədər Nizami Gəncəvi haqqında ümumiləşmiş və yığcam populyar kitab çap olunmayıb. Bunu nəzərə alaraq biz Türkiyədə artıq ilk kitabın çapına başladıq, oktyabr ayının sonuna qədər çap olunacaq. Avrasiya Yazarlar Birliyinin orqanı olan “Qardaş qələmlər” jurnalının iyun sayı tamamilə Nizami Gəncəviyə həsr olunmuşdu. 40-dan çox ölkəyə yayılan jurnalda gedən məqalələrin hamısını Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimləri yazıb. Eyni zamanda əməkdaşlarımızın Rusiyada, Belarusda, Polşada, Bolqarıstanda, Ukraynada və Orta Asiyada məqalələri çap olunub. Xarici ölkələrdə çap olunan nəşrlərdə iştirak etməyə davam edirik, çünki Nizami Gəncəvini dünyaya olduğu kimi bütün idealları, sənətinin gücü və möhtəşəmliyi ilə tanıtmaq azərbaycanlıların vəzifəsidir.

Dünyanın müxtəlif ölkələrində Nizami Gəncəvi öyrənilir, 19-cu əsrdən bu tərəfə geniş bir yol keçib, buna baxmayaraq, dünya Nizamişünaslığının mərkəzi Azərbaycandır. Bu günə qədər də müxtəlif illərdə yubileylərinin keçirilməsi, əsərlərinin tədqiqi, dissertasiyaların müdafiə olunması işi baxımından Azərbaycan bütün dünya ölkələrindən öndə idi. Təbiidir, çünki bura şairin vətənidir. Azərbaycan Nizamişünaslığın mərkəzi olma funksiyasını məsuliyyətlə dərk edir və ləyaqətlə yerinə yetirir. Cənab Prezident 2021-ci ili “Nizami ili” elan etməklə qarşımızda Azərbaycan Nizamişünaslıq elmini dünyaya tanıtmaq kimi mühüm vəzifələr qoydu. Bununla yanaşı, onu dərindən tədqiq edib indiyə qədər öyrənilməmiş və diqqətdən kənarda qalan sahələrini öyrənmək vəzifəsi qarşımızda durur.

İnamla deyə bilərəm ki, Nizaminin indiyə qədər keçirilən yubileylərinin hər biri Nizamişünaslığın inkişafına öz töhfəsini verib, haqqında kitablar çıxıb, amma builki qədər kitab çap olunmamışdı. Artıq 22 kitab çap olunub. Müzakirə və çap prosesində olan kitabları da nəzərə alsaq, bu ilin sonuna qədər 30-dan çox ciddi, fundamental elmi tədqiqatın nəticəsi olan kitablar işıq üzü görəcək. Azərbaycan Nizamişünaslıq elmini dünya miqyasına, beynəlxalq aləmə çıxarmaq baxımdan da əhəmiyyətli addımlar atdı.

- Nizami Gəncəvinin dünyada təbliğ olunması yolunda hansı maneələrlə qarşılaşdınız və müasir oxucuların görkəmli mütəfəkkirin əsərlərinə marağını necə qiymətləndirmək olar?

- Dünya Nizamini 200 ildir oxuyur, şərqşünaslıq elmində mühüm yer tutur. Ən böyük problemlərdən biri əsərlərinin dünya dillərinə tərcümə olunması idi. Müstəqil Azərbaycanın reallıqları baxımından əsərlərinin tərcüməsinə yenidən qayıtmağa ehtiyac var. Sovet dövründə olan tərcümələrdə bir çox məsələlər nəzərə alınmayıb. Klassik poema yaradıcılığına uyğun olaraq Nizaminin 5 poemasının 5-də də Allaha və peyğəmbərə müraciətləri var. Sovet dövründə ateist mühit geniş yayıldığı üçün həmin müraciətlər ya tərcümə olunmayıb, ya da böyük ixtisarla təqdim edilib. Onun əsərlərində sovet dövlətinin idealları ilə uyğun gəlməyən məlumatlar var ki, ixtisar olunub. Onlara bu gün yenidən qayıtmaq lazımdır.

2021-ci ildə Azərbaycanın müxtəlif səfirliklərinin şairin mövcud olan tərcümələrini toplayıb sistemləşdirməsi, qeydlər və izahatlar yazmaq şəraiti yarandı. Hesab edirəm ki, Nizami Gəncəvini əvvəlki illərlə müqayisədə daha artıq təbliğ edə bildik.

- Nizami əsərlərində oğlu Məhəmməd barəsində danışıb. Oğlunun sonrakı taleyi araşdırılırmı?

- Ailə həyatı haqqında əlimizdə yetəri qədər məlumat var və müxtəlif tədqiqatlarımızda araşdırılıb. Amma “Nizami ili”ndə bir qədər dərinə getmək mümkün oldu. Əsərlərində oğlu Məhəmməd haqqında məlumat verib, həm “Xosrov və Şirin”də oğlu Məhəmmədə müraciəti var, həm də “Leyli Məcnun”da. Şirvanşahlar hökmdarı Axsitan Nizami Gəncəviyə “Leyli Məcnun”u fars dilində yazmağı təklif edəndə onu xoş qarşılamayıb, yazmaq istəməyib. Sonradan oğlunun xahişi ilə yazıb. Nizaminin oğlu da şair olmaq istəyib. Nizami oğluna nəsihətində “Şeirdən ucalıq umma dünyada, çünki Nizami ilə qurtardı o da” misraları ilə müraciət edib və həkim olmağı məsləhət görüb. Alimlərimiz elmi-tədqiqi araşdırmalarında Məhəmmədin də şeirlər yazdığını tapıblar, hətta ondan bəzi misraları əldə ediblər. Onun şair kimi tərcümeyi-halını öyrənmək işi Azərbaycan nizamişünaslarının əldə etdiyi yeniliklər sırasındadır. AMEA-nın Gəncə bölməsinin Nizamişünaslıq elmi şöbəsinin müdiri professor Xəlil Yusifovun bu istiqamətdəki araşdırmalarını xüsusi qeyd etmək istəyirəm.

- Sizcə, Nizami dövrünün şahlarına qalib gələrək fars dilində yox, türk dilində yaza bilərdimi?

- O dövrdə fars dilində şeir yazmaq ədəbi ənənə idi. Hindistanda da Əmir Xosrov Dəhləvi farsca yazırdı. Özbəkistanda, Tacikistanda da farsca yazırdılar. Avropada da bir vaxtlar tanınmaq və geniş dairələrdə oxunmaq üçün əsərlər latın dilində yazılırdı. Şərqdə də 11-12-ci əsrlərdə fars dilində yazıb yaradırdılar. Fars dilində yazdıqları üçün farsdilli məkanlarda onlar oxunurdu. Bu yazıçı və şairlərin əsərləri Çinə və Orta Asiyaya qədər oxunmaq imkanı qazanıb, müsbət tərəfləri də olub.

- Nizaminin türkcə divanının olduğu deyilirdi, rəhbərlik etdiyiniz institut bununla bağlı araşdırma apardımı?

- Onun türkcə şeirlər yazdığı haqqında məlumat var. 15-ci əsrdə Dövlətşah Səmərqəndi yazırdı ki, Nizaminin bir divan əmələ gətirəcək qədər türkcə şeirləri var. Divan üçün ən az 200 şeir tələb olunur. Demək ki, şairin azərbaycan dilində yazdığı şeirləri olub. Təəssüf ki, onlar dövrümüzə qədər gəlib çıxa bilməyib. Alimlər bunu axtarırlar. 10-15 il əvvəl başqa versiya meydana çıxdı, dedilər ki, türkcə şeirlər divanı Misirin bir kitabxanasından tapılıb. Sonra məlumat yayıldı ki, bu, bizim Nizami Gəncəviyə yox, Nizami Qaramanlı adlı başqa bir türk şairinə aid olan şeirlərdir. Odur ki, məsələ bağlandı. Hesab edirəm ki, bu mövzuya yenidən qayıtmaq lazımdır. Tədqiqatlar bu barədə daha dəqiq nəticə əldə etməyə imkan verəcək, əlavə axtarışlar aparmağa ehtiyac var. Düşünürəm ki, Misirdən tapılan əlyazmalarda Nizami təxəllüsü ilə yazılan başqa şairlərin şeirləri olduğu kimi, Nizami Gəncəviyə aid şeirlər də var. Nizamiyə aid edilən şeirlərin çap olunmuş nüsxəsini oxumuşam və həqiqətən də şairə aid olan şeirlər az deyil. Birmənalı şəkildə ona yox deməyimiz tədqiqatın qapısını bağlamaq deməkdir, bu qapını açıq qoymalıyıq. Tədqiqatçıları düşündürməyə ehtiyac var. Nizamiyə aid olduğu ehtimal olunan şeirləri müəyyən edib, ortaq nəticələrə gəlmək lazımdır.

İndi dünya arxivlərinə çıxmaq asanlaşıb. Artıq bizim dünya kitabxanalarında və muzeylərində Nizami Gəncəvinin əsərlərini tapmaq imkanlarımız genişlənib. Odur ki, Nizami Gəncəvinin türkcə əlyazmalarını tapmaq üçün araşdırmalarımız davam edir.

- Nizami Gəncəvi adına Qızıl medala bu il kimlər layiq görülə bilər?

- Bu, ölkə Prezidenti tərəfindən təsis olunur. Namizədlərin müəyyən olunması, akademiyanın Rəyasət Heyətinə həvalə olunur, bu günə qədər dünyanın bir çox görkəmli elm və mədəniyyət xadimlərinə mükafatlar təqdim olunub. İsgəndəriyyə kitabxanasının müdiri, alim və ictimai xadim İsmayıl Seragəldin, Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqa da o mükafatı alanlar sırasındadır.

Bu ilin yekununda yəqin ki, Nizami medalının yeni laureatları da olacaq. Sadəcə bu il mükafatı almağa namizədlərimiz çoxdur. İl ərzində tədqiqatlar aparan, beynəlxalq miqyasda məqalələr çap etdirən, yazılarla çıxış edən, konfranslarda fəallıq göstərən alimlərimiz var ki, ən yaxşılarının bu medala layiq görüləcəyini düşünürəm. Bundan başqa, dünyada Nizamişünaslığa xidmət edən, dünyanın müxtəlif ölkələrində yaşayan və Nizaminin Azərbaycan şairi kimi tanıdılmasına, irsinin öyrənilməsinə, təbliğinə və təşviqinə əhəmiyyət verən alim və ictimai xadimlərimiz içərisindən də seçilə bilər. Öncədən konkret olaraq kimə veriləcəyini demək olmaz. Bu, ciddi araşdırmalar nəticəsində müəyyənləşdirilə bilər. Bu siyahı ilin sonunda açıqlana bilər.

- İsa bəy, yekunda ədəbiyyatımızın gələcəyi barədə fikirlərinizi öyrənmək istərdik.

- Çox təəssüf ki, ictimai rəydə iştirak edən elm adamları, bəzi saytlar ədəbiyyatda gedən proseslərə daha dərindən nüfuz etmədən bəzən nikbin olmayan proqnozlar verirlər. Ədəbiyyat İnstitutunda gedən proseslərin içərisində olan nümayəndə kimi məsuliyyətlə deyirəm ki, Azərbaycanda artıq müstəqilik dövrünün öz ədəbiyyatı yaranıb, yeni simaları meydana çıxıb. Müstəqillik dövrünün ədəbiyyata gətirdiyi yeni mövzular və problemlər müəyyən olunub. Ədəbiyyatımızın 90-cı ildən başlayaraq indiyə qədər çətin yollar keçdiyini, nəhayət ki, sözün əsl mənasında bir ölkənin və xalqın taleyini bütün yönləri ilə göstərmək səviyyəsinə gəlib çatdığını görürəm. Müstəqilliyimizin ilk illərində ədəbiyyatda müəyyən qədər məyusluq, bədbinlik halları və çaşqınlıq meylləri öz əksini tapırdı. Birinci Qarabağ savaşı şair və yazıçılarımızı ölkəmizin mövcud durumu və gələcəyi haqqında heç də nikbin olmayan şeirlər yazmasına gətirib çıxarmışdı. Lakin Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə Qarabağda atəşkəsə nail olunması, ölkənin iqtisadi böhrandan çıxarılması nəticəsində yeni həyatın başlanması ədəbiyyatın da ruhunu dəyişdi.

90-cı illərin ikinci yarısından sonra bədbin notlar aradan qalxdı, ədəbiyyatda artıq dövlətə, cəmiyyətə, daxildə gedən proseslərə, gələcəyə inam hissləri güclənməyə başladı. Odur ki, ədəbiyyat özünə gəldi və inkişaf edən templərlə genişləndi. Müstəqillik dövründə sosializmin və realizmin birmetodlu ədəbiyyatından xilas olması ilə çoxmetodlu ədəbiyyat yarandı. Postmodern ədəbiyyat və magik realizm inkişaf etməyə başladı. İsa Hüseynovun, Yusif Səmədoğlunun, Mövlud Süleymanlının yaradıcılığı tamam yeni bir istiqamətdə irəlilədi. Eyni zamanda neorealizm də öz sözünü deyir. Hətta yeni yazıçılar nəsli də meydana gəlib - intellektual ədəbiyyatçılar. Elmi fəaliyyətlə məşğul olan alimlər var ki, həm də bədii yaradıcılıqla məşğul olurlar. Saydığım cərəyanlar içərisində akademizm cərəyanını da görürəm. İntellektual ədəbiyyat akademizm cərəyanını da formalaşdırmaqdadır. Əsərlərində yeni baxışlarını ortaya qoyan layiqli yazıçılarımız çoxdur.

Qarabağda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi zəfər ədəbiyyatda yüksək səviyyədə ən müxtəlif janrlarda yazılan şeirlərlə, hekayələrlə, romanlarla və publisist yazılarla dərk olunur, dəyərləndirilir. Ölkəmizdə yeni ədəbiyyat təfəkkürü formalaşıb, yeni ədəbiyyatşünas təfəkkürü ilə bunlara qiymət verən alimlər nəslimiz yetişir. Azərbaycançılıq, millilik, vətənpərvərlik, ölkə dəyərləri, dünyəvilik bu yazıçıların yaradıcılığında standart və qəliblənmiş formalarda yox, daha sərbəst və yaradıcı şəkildə əks etdirilir. Azərbaycan ədəbiyyatı indi dünyada SRRİ dövründə olduğundan daha çox tanınır. Ədəbiyyatımızın bu gününə inanır, sabahına isə nikbin baxıram.

Aytən Məftun,

Foto: Ceyhun Rəhimov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm