Prezidentdən Qubadlıda yeni MÜHARİBƏ ANONSU - DETALLAR
Bizi izləyin

Xüsusi

Prezidentdən Qubadlıda yeni MÜHARİBƏ ANONSU - DETALLAR

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilməsinin birinci ildönümündə Qubadlıya səfər etdi. Ölkə başçısı Qubadlıda yenidənqurma işlərindən bəhs etdi. Nəzərdə tutulan işlərdən danışdı. Amma ölkə başçısının bir cümləsi xüsusilə diqqət çəkdi: "Müharibə başa çatıb və düzdür, bizi hələ döyüşməyə məcbur edirlər, biz də hazırıq. İstənilən formada, necə deyərlər, meydançada - istər siyasi meydanda, istər hərbi meydanda".

Bu ifadənin kulisində nələr var? Ümumiyyətlə, danışıqlar prosesində nələr baş verir?

Üstəlik, bu arada Müdafiə Nazirliyi hərbi vəzifəliləri toplanışa çağırdı. Rəsmi Kremldən isə Azərbaycan və Ermənistan liderlərinin noyabrın ilk on günlüyündə görüşünün nəzərdə tutulduğu açıqlandı.

İndi sual yaranır, nəticə olmasa, rəsmi Bakı İrəvanı böyük sülhə məcbur etmək üçün qısamüddətli hərbi əməliyyatlara başlaya bilərmi?

Bütün bunları politoloq Qabil Hüseynli ilə müzakirə etdik.

O, Publika.az-a müsahibəsində söylədi ki, yeni müharibə ehtimalı istisna deyil.

- Qabil bəy, Prezidentin "Bizi hələ döyüşməyə məcbur edirlər, biz də hazırıq. İstənilən formada, necə deyərlər, meydançada - istər siyasi meydanda, istər hərbi meydanda" ismarışının arxasında nələr dayanır?

- Sözsüz ki, Prezident hər şeyi açıq şəkildə deyə bilməz. Amma ölkə başçısının bu ismarışında çox ciddi eyhamlar var. Bu eyhamlar onu göstərir ki, Azərbaycana qarşı ciddi təzyiqlər mövcuddur. Həmin təzyiqləri biz də hiss edirik. Görürük ki, Azərbaycan öz ərazi bütövlüyünün tanınması məsələsini irəli sürür. Bakı bu məsələni ön plana çəkir. Məhz bundan sonra sərhədlərin demarkasiya və delimitasiya prosesi başlamalıdır. Amma qarşı tərəfdəkilər ərazi bütövlüyü məsələsinin üstünü vurmurlar. Bu məsələdə Moskvanın da İrəvana pas ötürməsini görməmək mümkün deyil. Xüsusilə Rusiya rəsmilərinin bu mövzuda aforizmlərlə danışması müşahidə olunur. Rusiya Prezidenti Vladimir Putin deyir ki, ən pis sülh ən yaxşı müharibədən daha yaxşıdır. Rusiya rəhbəri Qarabağ məsələsindən söz açarkən xüsusi vurğulayır ki, kompromislər mütləq olmalıdır. İndidən belə görünür ki, hər şeyi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin "statusu" ətrafında çevirmək istəyirlər. Məhz buna görə də ərazi bütövlüyü ilə bağlı Azərbaycan tərəfinin israrlı təkidləri bir nəticə vermir. Azərbaycan isə öz sərhədlərində Dağlıq Qarabağ adlı ərazi vahidinin artıq olmadığını bəyan edir.

- 9-10 noyabrda Azərbaycan və Ermənistan rəsmilərinin Moskvadakı görüşü ilə bağlı rus mediasında məlumatların yayılması, Kremlin bunu təsdiq etməsi nədən xəbər verir?

- Açıq demək lazımdır ki, Rusiya 9 və ya 10 noyabrda Ermənistan və Azərbaycan rəsmiləri arasında görüşü keçirməklə öz məqsədlərinə nail olmağa çalışacaq. Moskva iddia edir ki, bu tarixdə görüşün keçirilməsi müharibənin bitməsinin birinci ildönümünə həsr olunacaq. Digər tərəfdən, Rusiya yaxşı başa düşür ki, Azərbaycan dövləti 9-10 noyabr günlərində 44 günlük Vətən müharibəsində qazandığı zəfəri bayram etməyə hazırlaşır. Həmin gün Azərbaycan Prezidentinin Ali Baş Komandan kimi ölkədə olması çox vacibdir. Çünki Prezident həm də bu qələbənin qazanılmasının əsas səbəbkarlarından biridir. Amma Rusiya bu məsələdə təkid edir. Kreml eyni zamanda vurğulayır ki, sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Azərbaycan, Ermənistan və bir də mən, başqa heç kim lazım deyil. Bir sözlə, Rusiya özünü bu bölgənin ağası kimi aparır. Bütün məsələlərdə sərəncamverici hüquqa malik olduğunu göstərməyə çalışır. Açıq surətdə görünür ki, Moskva İrəvana – təcavüzkar tərəfə heç bir təzyiq göstərmir. Əksinə, Kremlin təzyiqləri təcavüzə məruz qalan tərəfə - Bakıyadır.

- Zəngəzur dəhlizinin açılmasında Rusiya Ermənistana təzyiq göstərəcəkmi?

- Ortada yalnız Rusiyanın təklifi və təhriki ilə Zəngəzur dəhlizinin açılması məsələsi var. Bu dəhlizin açılması bizdən çox Rusiyaya lazımdır. Eyni zamanda daha çox Ermənistanın özü üçün bu dəhlizin açılıb istifadəyə verilməsi gərəkdir. Bu vaxta qədər Ermənistan Zəngəzur dəhlizinin açılmasını bir təzyiq aləti kimi saxlayırdı. Ona görə də indiyə kimi "hə" demirdilər. Bundan sonra Zəngəzur dəhlizinin açılışına razılıq verməklə Moskva və İrəvan bunun əvəzində rəsmi Bakıdan nələrisə qoparmağa çalışır.

- Moskva və İrəvan sülhyaratma prosesində süni düyünləri çoxaldarsa, biz nələr etməliyik?

- Mən belə fikirləşirəm ki, hazırda sülhyaratma prosesi ən məsul və ən çətin bir dövrə qədəm qoyub. Xalqımız anlamalıdır ki, ölkə Prezidenti çox çətin şəraitdə mübarizə aparır.

- Bəs indiki "düyün" mərhələsində proses dalana dirənərsə, yeni lokal müharibə ola bilərmi? Yeri gəlmişkən, ehtiyatda olan hərbi vəzifəlilərin də toplanışı başlayıb...

- Hazırda açıq-aydın görünür ki, Azərbaycana elə şərtlər irəli sürürlər ki, qalib, bölgənin lideri olan Azərbaycan bunu qəbul edə bilməz. Həmin şərtlərin ümumiyyətlə, qəbul edilməsi mümkün deyil.

Hərbi vəzifəlilərin yenidən toplanışa çağırılması, onların səfərbər olunmaları onu göstərir ki, birincisi, bu, qarşı tərəfə bir ismarışdır. Yəni Bakı bununla onu demək istəyir ki, əgər siz bu cür hərəkətlər etməyə çalışsanız, mən müharibə yolunu seçəcəyəm. İkincisi, bu, həm Ermənistana, həm də Rusiyaya təzyiqdir. Zənnimcə, Rusiya artıq bu proseslərdə bir sıra məqamlarda öz diktəsini göstərməyə çalışır. Əvvəla, Kreml Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlıların ömrünü uzatmağa çalışır. Onları Qarabağdan çıxarmaq istəmir. İkincisi, Dağlıq Qarabağın "statusu" məsələsində əl altından işlər görür. ATƏT-in Minsk qrupuna üzv olan dövlətlər vasitəsilə bu "statusu" gündəmə gətirmək istəyir. Bütün bunlar çox təhlükəli proseslərdir. Eyni zamanda baş verənlər Azərbaycanın heysiyyatına toxunur. Ona görə də Azərbaycan öz ordusunu yenidən hazırlıq vəziyyətinə gətirirsə, müdafiə naziri Kəlbəcər-Laçın istiqamətində ordunun hazırlıqlarını yoxlayırsa, ordumuz işğaldan azad olunan ərazilərdə təlimlər keçirirsə, Prezidentin özü Cəbrayıl istiqamətində sərhəd qoşunlarının hazırlıq vəziyyətini nəzarətdə saxlayırsa, deməli, boş dayanmaq niyyətində deyil. Yəni Azərbaycan tərəfi digər variantlar üçün də öz hazırlığını görür. Rusiyanın kütləvi informasiya vasitələrində erməni lobbisinin dəstəyi ilə Qarabağın dağlıq hissəsinin "statusu" problemi yenidən qabardılır. Ölkə Prezidentinin də söylədiyi kimi, artıq "status" məsələsi o dünyaya gedib. Kim istəyirsə, öz ölkəsində ermənilərə həmin statusu versin.

- Bizim bütün bunlara cavabımız nədir?

- Prezident də buna ciddi müqavimət göstərir. Ciddi siyasi iradə ortaya qoyur. Eyni zamanda Azərbaycan öz ordusunu yeni müharibə ehtimalına hazırlayır. Zənnimcə, yeni müharibə ehtimalı var. Ordunun müharibəyə hazırlanması həm də diplomatiyanın əlini gücləndirmək məqsədi daşıyır. Eyni zamanda bu, real müharibəyə hazırlıqdır.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzulidədir. Cənab Ərdoğanın Füzulidən Qarabağ ismarışı ola bilərmi?

- Mütləq olacaq. Çünki Ərdoğan da vəziyyəti yaxşı bilir. Türkiyə Prezidenti Ərdoğanla ölkə başçısı İlham Əliyev daimi təmasdadır. Üstəlik, Ərdoğanın Füzuli səfərinə cavab olaraq İlham Əliyev də Türkiyəyə rəsmi səfərə hazırlaşır. Onu da demək istərdim ki, indi meydan isti müharibənin olduğu dövrlərdən daha çox qızışıb. Bu cür məsələləri Türkiyənin köməyi olmadan çözmək elə də asan deyil. Bununla bağlı Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında da bəyanat verəcək. Eyni zamanda bundan sonra hər iki tərəf Ankarada görüşərək bu məsələlərin daha ətraflı şəkildə müzakirə edilməsini həyata keçirəcək.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm