Bayramov-Mirzoyan görüşünün pərdəarxası: hansı razılıq əldə olundu? - Politoloq DETALLARI AÇDI
Bizi izləyin

Xüsusi

Bayramov-Mirzoyan görüşünün pərdəarxası: hansı razılıq əldə olundu? - Politoloq DETALLARI AÇDI

10 noyabr 2021-ci il tarixində YUNESKO-nun Baş Konfransında iştirak məqsədilə Parisə səfəri çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Bris Rökföy və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub.

Görüş mətbuat nümayəndələri üçün qapalı keçirilib. Ona görə də detallar haqqında məlumat yoxdur. Bəs ATƏT-in təşkil etdiyi bu görüşün pərdəarxası məqamları nələr ola bilər?

Politoloq Qabil Hüseynli Publika.az-a müsahibəsində söyləyib ki, hazırda tərəflər arasında ciddi razlaşmalar var.

Politoloqun müsahibəsini təqdim edirik:

- Qabil bəy, Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin ATƏT-in vasitəçiliyilə baş tutan görüşündən hansısa nəticə gözləməyə dəyərmi? Yoxsa protokol xatirinə bir görüş idi?

- Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun ermənistanlı həmkarı ilə bir araya gəlməsini formal görüş adlandırmazdım. Çünki qarşıda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşü gözlənilir. Bu görüş ərəfəsində iki ölkənin xarici işlər nazirlərinin bir araya gəlməsi heç zaman formal və ya protokol xatirinə baş tutan görüşlərə bənzəməməlidir. Bunun da səbəbi var; hazırda müəyyən xəttlərlə mətbuata açıq olmayan danışıqlar prosesi gedir. Bu danışıqlar həm də Azərbaycan və Ermənistan arasındakı sərhədlərin delimitasiyası, demarkasiyası ilə bağlıdır. Burada kommunikasiya xətlərinin açılması məsələsi də əsas müzakirə mövzularındandır. Xüsusilə kommunikasiya xətlərinin açılması ilə bağlı baş nazirlərinin müavinləri səviyyəsində çox ciddi razılaşmalar əldə edilib.

- Bəs bu razılaşmalar nə zaman qüvvəyə minəcək?

- Bu razılaşmalar o zaman qüvvəyə minəcək ki, həmin razılaşmalar ölkənin siyasi liderləri tərəfindən təsdiqlənmiş və ya qəbul edilmiş olsun. Bundan başqa sərhədlərin müəyyənləşdirilməsinin hansı xəritələr əsasında aparılacağı məsələsi də ciddi müzakirə mövzusudur. Çünki Rusiya Federasiyasının prezidenti Vladimir Putin sərhədlərin demarkasiyası prosesinin 1920-ci illərin, həmçinin hərbi xəritələrin əsasında aparılacağı barədə bəyanatla çıxış etmişdi. Bizim üçün də 1920-23-cü illərdə baş verən hadisələr fonunda sovetlər birliyinin, SSRİ-nin yaradılmasına qədərki xəritələrin əsasında xəritələrin müəyyənləşdirilməsi prinsipial əhəmiyyətə malikdir. Çünki həmin dövrdə, xüsusən də SSRİ-nin yaradıldığı 30 dekabr 1922-ci ildən etibarən Azərbaycanın Zəngəzur bölgəsindən, bundan sonra Mehri rayonu, ardınca Dərələyəz və Göyçə mahallarının ərazilərindən kəsilərək Ermənistana verilib. Hələ mən 80-ci illərin əvvəllərində, 1984-cü ildə Qazaxdan zorla qoparılan 2 min hektarlıq otlaq sahələrini demirəm. Yəni, xəritələr vicdanla, baş verən hadisələrin dəqiq ardıcıllıqla verilməsi ilə aparılsa, o zaman sovet hakimiyyəti illərində “proletariat beynəlmiləlçiliyi” adı altında, erməni lobbisinin təsirilə Kremlin nə qədər Azərbaycan torpaqlarının ermənilərə pay verməsinin mənzərəsi üzə çıxa bilər. Ona görə də xarici işlər nazirlərinin görüşündə həm bu xəritələr məsələsi, həm də sərhədlərin müəyyənləşdirilməsi əsas müzakirə mövzusu olub. Yəqin ki, onlar birinci növbədə diqqəti kommunikasiya xəttlərinin açılmasına yönəldəcəklər.

- Yəni İrəvan Zəngəzur dəhlizinin açılmasına “hə” deyir?

- Bəli, belə məlum olur ki, dünənə qədər nazlanan, dünənə qədər Zəngəzur dəhlizinin açılmasına müxtəlif adlar verən Ermənistan indi razılaşır. Mən həmişə demişəm ki, bu layihə Ermənistan üçün həyati əhəmiyyətə malikdir. Azərbaycan Zəngəzur dəhlizi olmadan da müəyyən müddətə qədər keçinə bilər. Amma bu layihə Ermənistana hava və su kimi lazımdır. Ola bilsin ki, kommunikasiya xətlərinin açılması ilə bağlı prinsipial razılaşma əldə edilə bilər. Amma sərhədlərin demarkasiyası - müəyyənləşdirilməsi, həm də delimitasiyası – təsdiqlənməsi məsələsi vaxt aparacaq bir prosesdir. Mən belə düşünürəm.

- Bu görüşü ATƏT təşkil etmişdi, necə düşünürsünüz, ATƏT-in bu fəallığı nəyə hesablanıb? Minsk qrupu yenidən bölgəyə qayıdacaqmı?

- Mən bir Azərbaycan vətəndaşı olaraq ATƏT-in Minsk qrupunun post-müharibə dövründəki prosesə müdaxiləsini əlverişli hesab etmirəm. Bu məsələdə Rusiyanın ikibaşlı oynaması da nəticələrə təsir göstərir. Yəni, Valday konfransından çıxış edən Rusiya prezidenti bildirmişdi ki, sərhədlərin müəyyənləşdirilməsində moderator rolunu Kreml oynayacaq. Rusiyanın rəhbəri söyləyirdi ki, biz üçlükdə bu məsələni həll edəcəyik, kiminsə bu prosesə qoşulmasına ehtiyac yoxdur. Vladimir Putinin bu sözləri deməsindən heç on gün keçməyib. İndi isə dövrəyə ATƏT-in Minsk qrupunun daxil edilməsi anlaşılan deyil. İki ölkənin xarici işlər nazirinin görüşünü təşkil etmək o qədər də çətin deyil. Onsuz da müharibə qurtarıb. Proseslər nisbətən hamar yola çıxıb. Kiminsə vasitəçiliyilə görüşlərin keçirilməsi vacibdir. Amma Azərbaycan ATƏT-in Minsk qrupunun bu proseslərə qoşulmasını arzu etmir. Çünki Minsk qrupunda təmsil olunan dövlətlərinin hamısı, hətta Amerika Birləşmiş Ştatlarının özü də ermənipərəst mövqe tutub. Onlardan münaqişəni həll edə biləcək tərəfsiz moderator yaratmaq mümkün deyil.

- Niyə? Səbəbi nədir?

- Onların hamısı öz ideya cəbhəxanalarını ortaya qoymuş ölkələrdir. Artıq həmin dövlətlərin hamısı birmənalı qaydada bildirib ki, onlar Azərbaycan-Ermənistan məsələsində ən ağrılı yer kimi Qarabağın dağlıq hissəsinin həllindədir. Yəni problemin həllini bunda görürlər. Onu etiraf ediblər. Başa düşmürlər ki, onların özləri də bu məsələdə ciddi ziddiyət içərisindədir. BMT-nin Təhlükəsizlik Şurası, NATO-nun Parlament Assambleyası, Avropa Birliyinin parlamenti, Avropa Şurasının parlament Assambleyası səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar. İndi həmin ərazidəki separatçı qüvvələri, mərkəzi hakimiyyətə silahlı və qiyamçı müqavimət göstərmiş qeyri-qanuni qüvvələrə birdən-birə, heç bir arqument gətirmədən dəstək verməyə başlayırlar. Bunların hamısı həm ATƏT-in Minsk qruupuna etimadı sarsıdıb, həm də bu ölkələrin siyasi xəttindəki ziddiyətləri açıb ortaya qoyur. Özlərini mədəni dünya adlandıran, özlərini Qərb demokratiyasının banisi hesab edən bu ölkələr sadə bir məsələdə ikiüzlü, ikili standartlara söykənən və kifayət qədər mübahisəli, açıq-aşkar riyakar mövqe sərgiləyirlər. Belə bir şəraitdə obyektiv moderator rolunu oynamaq mümkün deyil. Əksinə, onlar Azərbaycanın ərazi bütövlüyünü pozan qərarlara da imza atmağa hazır olan dövlətlər kimi görünürlər. Əlbəttə, bütün bunların hamısı boş şeylərdir. Azərbaycan onların müxtəlif əsaslandırmalarını, heç nəyə söykənməyən əqli nəticələrini qətiyyən qəbul etməyəcək.

- Ümumiyyətlə, xarici işlər nazirlərinin görüşü davamlı olacaqmı? Yoxsa bu görüş tərəflərdən “kəlbətinlə qoparılmış” bir görüş idi?

- Əgər söhbət sülhyaratma prosesindən gedirsə, görüşlər davamlı olmalıdır. Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərpa edilməsindən söhbət gedirsə, məsələnin çözülməsi bu cür də olmalıdır, çünki müharibə qurtarıb. Onun nəticələri də sülh sazişi ilə təsdiq edilməlidir. Sülh sazişinin təsdiq edilməsi iki ölkənin liderləri səviyyəsində həllini tapacaqsa, ona qədər müəyyən hazırlıq işlərini Xarici İşlər Nazirliyinin müvafiq strukturları və xarici işlər nazirlərinin özləri aparırlar. Ona görə də mən XİN rəhbərlərinin bir araya gəlməsini yüksək səviyyəli görüşlərə hazırlıq hesab edirəm. Bu tipli görüşlərin mütəmadi keçirilməsinin zəruri olacağını düşünürəm. Nə dərəcədə mütəmadi olacağını isə indidən söyləmək çətindir.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm