Şəhid analarının üzərinə məcburi missiyalar qoyulur, ancaq onların heç biri... - Şəhla İsmayıl
Bizi izləyin

Xüsusi

Şəhid analarının üzərinə məcburi missiyalar qoyulur, ancaq onların heç biri... - Şəhla İsmayıl

“Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayılın Publika.az-a müsahibəsi:

- Şəhla xanım, bu gün dünyanın harasında qadın olmaq çətindir?

- Dünyanın heç bir yerində qadın olmaq asan deyil. Müsəlman ölkələrində isə xüsusi olaraq çətindir. Yaşam şəraiti ağır olan Afrika ölkələrində də sosial-iqtisadi vəziyyətlə əlaqədar qadınların yükü bir qədər çətinləşir. Heç bir ölkədə gender bərabərliyi tam olaraq bərqərar olmayıb. Dünya İqtisadi Forumunun Qlobal Gender Fərqi İndeksində COVID-ə qədərki nəticə ondan ibarət idi ki, əgər dünya bu sürətlə gedərsə, kişi ilə qadının həqiqi bərabərliyinə yalnız 99.5 ildən sonra çatmaq olar. Pandemiyanın birinci ilində isə bu nəticə 36 il artdı. Azərbaycanla başqa ölkələr arasında fərqlər var, hər yerdə bərabər deyil. İkinci il meyarları sonra hazır olacaq, güman edirik ki, bu uçurum bir qədər də böyüyüb.

- “Taliban” hakimiyyətə gələndə söz vermişdi ki, qadınlarla bağlı sərt qərarlar olmayacaq. Ancaq ötən ilin avqustundan bəri Əfqanıstanda qadınlarla bağlı amansız qərarlar tətbiq olunur. Ən son qadın aparıcıların efirə üzləri bağlı şəkildə çıxmaları tapşırılmışdı. Bu cür qaydalar digər müsəlman ölkələrinə necə təsir edə bilər?

- Əfqanıstanda baş verənlər digər müsəlman ölkələrinə də təsir edəcək. Çünki mənfi tendensiyaların çoxalması ehtimalı müsbətdən daha yüksəkdir. Təcrübə də bunu göstərir ki, impressiv qanunlardan tutmuş repressiv qaydalara qədər bir ölkədə baş verənlər qonşu ölkələrə də təsir edir. “Taliban”ın bu yanaşması diqqət mərkəzindədir. Müsəlman dünyasında baş verənlər böyük birlikləri o qədər də maraqlandırmır. Təəssüf ki, bir sıra siyasi maraqlar öndədir, məsələn, bu gün Rusiya-Ukrayna savaşı gündəmdədir, nəinki bir neçə nəsli bədbəxt edən qayda və qanun dəyişikliyi. Həmçinin, bir çox müsəlman ölkələrinə ikili standartlarla yanaşılır. Sanki dünya birliyi hər kəsə bərabər yanaşma tətbiq edir, ancaq reallıqda biz bunu görmürük. Eyni hadisələr Aİ ölkələrindən birində, və ya xristian dinli başqa dövlətlərdə olsaydı, buna beynəlxalq birliklər, ayrı-ayrı qurumların sərt reaksiyası olardı və qarşısını almaq üçün səylər göstərərdilər. Bu gün Əfqanıstanda baş verənlər ən yaxşı halda BMT səviyyəsində bir neçə icmalda dinləniləcək, tövsiyə veriləcək, cəza mexanizmi olmadığı üçün elə tövsiyə səviyyəsində də qalacaq. Hazırda müsəlman dövlətləri üçün daha işlək mexanizmlər o qədər də funksional deyil.

- Şərqdə gender bərabərliyini niyə istəmirlər? Bəlkə dünya gücləri “Taliban”dan çəkinir?

- Dünyanın müsəlman cameəsinə hər zaman ikili standartlar tətbiq olunur. Bu, idarəetmə, demokratiya, korrupsiya, insan haqları kimi və perspektivlərlə bağlı məsələlərin hər birində mövcuddur. Nəinki Əfqanıstan, ərəb ölkələri, hətta Şərq Tərəfdaşlığı ölkələri arasında yeganə müsəlman dövləti Azərbaycandır ki, biz digər 6 ölkədən özümüzü tamam fərqli hiss edirik. Yanaşmada, siyasətdə, proqramlarda, maliyyənin ayrılmasında bilavasitə bizə qarşı diskriminativ yanaşma mövcuddur. Əfqanıstanda da təhlükəsizlik, terror və daha böyük məsələlər bunun qarşısını alır.

src="/storage/files/upload/272efa9e7c1c859260c9bf64096d4a468aeb353a.jpg" style="width: 434px; height: 289.333px;" class="fr-fic fr-dib fr-fil">

- Türkmənistanda da qadınların gözəllik məsələləri ilə bağlı bir sıra sərt qaydaların tətbiq olunması məsələsi gündəmdədir. Saç boyamaq, botoks etdirmək, avtomobildə ön yerdə əyləşmək və s. qadağaları. Mərkəzi Asiyanın türk ölkəsində belə bir qaydanın olması nə ilə əlaqədardır?

- Türkmənistan Mərkəzi Asiya ölkələri arasında qadınlar üçün əlverişsiz vəziyyət yaradan dövlətlərdən biridir. Bu ölkə digər beşlikdən hər zaman gender bərabərliyi, əlverişli mühit, insan haqları və azadlıq baxımından geridə gəlir və bu məsələlər orada daim pozulur. Qazaxıstan istisna olmaqla, digər Mərkəzi Asiya ölkələrində də patriarxal yanaşmalar qadınları geridə saxlayıb. Türkmənistan onların içərisində bir qədər aşağıdır. Məişət zorakılığı, diskriminativ yanaşma, gender rollarının qeyri-bərabər paylanması, gender əsaslı streotiplərin çox güclü olması bir sıra çətinliklər yaradır ki, qadınlar onların öhdəsindən gələ bilmir. Məsələn, sərbəst işləmək, ailə qurmaqla bağlı çətinliklər yaşanır, erkən nikah, qız qaçırma fenomeni geniş yayılıb. Türkmənistanda COVID-lə əlaqədar bağlanan sərhədlər hələ də açılmayıb. Qapalı mühitdə cəmiyyəti saxlamaq oranı idarə etmək üçün daha sərfəlidir. Türkmənistan yeganə dövlətdir ki, biz tədbirimizə oradan iştirakçı dəvət edə bilmirik. Onlar hazırda ölkədən çıxmaq hüququna malik deyillər. Qaydaların hətta qeyri-rəsmi olaraq gündəmə gəlməsi “od olmasa, tüstü olmaz” yanaşması ilə bağlıdır. İstənilən repressiv qaydanı qanunlaşdırmadan öncə onu ortaya atırlar və cəmiyyətin reaksiyanı yoxlayırlar. Sərt münasibət yoxdursa, tədricən reallaşdırırlar. Bu qaydalar hamısı 21-ci əsr, müasir, digitallaşan dünya üçün çox gülüncdür. Hansı zəkaya malik olmalısan ki, müasir dünyada öz cəmiyyətini inteqrasiya etdirmək əvəzinə, onları təcrid edirsən. Sabah o qaydalar qanuniləşsə, heç təəccüblənmərəm. Çünki adətən cəmiyyətdən reaksiya gəlməyəndə belə olur. Bir türk dövləti olaraq bu qaydalar Türkiyədə yoxdursa, niyə Türkmənistanda olmalıdır ki?! Əslində bu cür ifrat qapanma demokratiyanın olmaması, insanların basqı altında olması inkişafdan geri qalma anlamında qadınlara ancaq reproduktiv maşın kimi baxmaq deməkdir.

- Niyə hədəfdə məhz qadın gözəlliyidir? Gözəlliyə aid qaydalar nəyə yönəlik ola bilər?

- Bu, qadının baxımsız qalması, özgüvən hissinin azalmasına yönəlib. Bu da olandan sonra böyük ehtimalla qadının cəmiyyətə çıxması, karyera arxasınca getməsi və inkişaf istəkləri zədələnəcək. Qadın əsrlər öncə necə ki, cəmiyyətdə ailəyə xidmət edən və ana olmaq funksiyası ilə tanınıdı, yəqin ki, indi də buna qaytarmaq istəyirlər. Lakin bu, Türkmənistan üçün böyük faciə olacaq. Leqallaşana qədər cəmiyyət ciddi reaksiya göstərsə, bunun qarşısını alma mümkündür.

- Bu yaxınlarda Belarus yazıçısı Svetlana Alekseyeviçin eyniadlı əsəri əsasında “Müharibənin qadın üzü yoxdur” video-tamaşası hazırlandı. Sizcə, doğrudanmı, belədir? Yazıçı bununla nə demək istəyir?

- Müharibədə kişilər döyüşçü olduqları üçün qadınlar mənəvi dəstək verən tərəf olaraq arxa cəbhədə qalır. Qadınlar müharibədə həm maddi və mənəvi, həm də fiziki olaraq çox əziyyət çəkirlər. Əsərin bütün məqsədi müharibədə qadın və kişinin bərabər olduğuna yönəlikdir. Biri ön cəbhədə, digəri arxa cəbhədə savaşır, heç kim isbat edə bilməz ki, hansı hansından daha çətindir. Arxa cəbhədə olmaq bütün ailənin yükünü, ön cəbhədə olanların dərdini çəkmək, ailəni maddi olaraq təmin etmək və əgər sənə ölüm xəbəri gələrsə, heç nə olmamış kimi mərd durmaq, göz yaşı axıtmamaq deməkdir və sanki qadının üzərinə belə missiya qoyulur. Məsələn, şəhid xəbəri alsan belə elə mərd durmalısan, sanki bu sənin az qala arzun olub. Müharibə zamanı qadının rolunu kiçik göstərmək tendensiyası mövcuddur. Svetlana Alekseyeviçin əsəri ilə razıyam, həqiqətən də müharibənin qadın və ya kişi siması yoxdur, hər kəs öz üzərinə düşən ağır bir yükü daşıyır.

src="/storage/files/upload/cc8c245c881de833d066fc84b4fc0e57026d430e.jpg" style="width: 400px; height: 266.667px;" class="fr-fic fr-dib fr-fil">

- Yəni hesab edirsiniz ki, müharibə zamanı qadının üzərinə məcburi missiyalar qoyulur.

- Müharibənin stresi, qaziliyi var, kişilər yarımcan qayıda bilərlər, qadınların onun stressini çəkməklə yanaşı, travmalı insanı bütün ömrü boyu daşımamaq, gileylənməmək kimi yazılmamış öhdəliyi var. Bu gün Azərbaycanda 3 ailədən 1-i dağılır. Boşanma halı əgər bir qazi ailəsində baş verərsə, orada hər kəs səbəbi soruşmadan gözüyumulu qadını günahlandıracaq. Qəhrəmanlıq sindromu qadınların hüquqlarını bir neçə il də arxaya atır. Çünki kişilər qəhrəman, qalib kimi və zəfərlə qayıdıblar. Onlar üçün istənilən məsələdə yaşıl işıqdır. Təbii ki, bunu hamıya şamil etmək olmaz. Qadının üzərinə elə bir mənəvi yük və məsuliyyət qoyurlar ki, o artıq ailə üzvünün hər bir zorakı halına dözməyə məcburdur. Çünki cəmiyyət onu qınayacaq. Ölkəmizdə əksər hallarda boşanan qadınlar qınanılırdı, amma məhz müharibə iştirakçılarının ailələrində bu baş verəndə qınaq 10 dəfə artır. Qadının üzərinə missiya qoyulur ki, o artıq qazinin həyat yoldaşıdır və onun etiraz etməyə, boşanmağa haqqı yoxdur.

- Bəs, həyat yoldaşları heç müharibədən qayıtmırsa?

- Burada qadının həyatı tamamilə bitmiş olur və onlardan böyük missiya umurlar. Qadınların hər zaman boynuna qoymağa çalışırlar ki, onun ən böyük arzusu oğlunun şəhid olması deməkdir. Əgər övladın şəhid olursa, sən bunu mərdliklə qəbul etməlisən, sevinməlisən, çünki şəhidlik bir zirvədir. Bəlkə də bu fikrimə görə məni tənqid edəcəklər. Ancaq burada söhbət nə vətənpərvərlikdən və cəsarətdən, nə də milliyyətçilikdən gedir. Biz xanımlarımızın cəsarətini, həmrəyliyini illər boyu görmüşük, son iki müharibə zamanı da gördük. Amma qadın can verəndir, can alan deyil, onun təbiəti müharibəyə, zorakılığa qarşıdır. Bunu zorakı formada boynuna qoymaq ki, “sənin missiyan həm də oğlunun toyunu, uğurunu görməkdənsə, şəhidlik zirvəsinə ucalmasını görməkdir”, bu, pafos və ya hansısa status üçün deyilə bilər. Amma oğlu şəhid olan qadının işığı sönür, o, heç vaxt xoşbəxt ola bilməz. Ana övladı üçün onumu arzulayırdı? Əsla! Heç bir qadın övladını dünyaya gətirəndə arzulamır ki, o şəhid olsun. Hər kəs sülh və əmin-amanlıq istəyir. Düzdür, olanda olur, ancaq zorla qadının üzərinə o missiyanı qoymaq ki, “sən şəhid anasısan, qürurlu ol, başını dik saxla” demək onun üzərinə əlavə bir mənəviyyat yükü gətirir.

Ardı var...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm