"Dərviş Band": Niyaməddin Musayevi tanımırdıq - VİDEO
Bizi izləyin

Xüsusi

"Dərviş Band": Niyaməddin Musayevi tanımırdıq - VİDEO

"Dünya sənin, dünya mənim, dünya heç kimin" mahnısını bu qədər ürəkdən oxumaq üçün hələ çox gənc görünsələr də, qəlbimizin ən həssas nöqtələrinə toxunub, orda bir taxt qurdular və bizə dönə-dönə bu dünyanın fani olduğunu xatırlatdılar.

Publika.az Xalq artisti Niyaməddin Musayevin "Dünya sənin, dünya mənim" mahnısına yeni nəfəs verən "Dərviş Band" qrupu ilə müsahibəni təqdim edir. Cavablar qrup üzvlərinin ümumi fikirləridir.

- Qrupun yaranma ideyasından danışaq. Bir-birinizi necə tapdınız?

- Qrup 80-ci illərdə yaransa da, gördüyünüz hazırki üzvləri 8-10 ilə yaxındır ki, bir yerdə fəaliyyət göstərir. Qrupun rəhbəri Zaur Şihbabayev əvvəlki “Dərviş Band”-in vaxtından qrup üzvüdü. Bizi də bir yerə o yığıb.

- Qrup üzvləri arasında fikir ayrılıqları yarananda necə həll edirsiniz?

- Hər bir ailədə və cəmiyyətdə olduğu kimi, bizim qrupda da zaman-zaman fikir ayrılıqları yaşanır. Bütün fikirləri dəyərləndirib ortaq bir məxrəcə gəlmək asan olmasa da, bunu bacarırıq. Hər halda uğur əldə edə biliriksə, deməli, birlikdə müzakirə apara və ən yaxşı qərarı verə bilirik.

- Niyaməddin Musayevin məşhur mahnısı sayənizdə daha da dillər əzbəri oldu. Sizi bu kompozisiyaya müraciət etməyə nə məcbur etdi?

- İlk növbədə Niyaməddin Musayevin repertuarına və şəxsiyyətinə olan sevgimiz və hörmətimiz. Məmməd Araz yazdığı sözlər isə hər zamankı kimi bizim dövrdə də aktualdır, həm də gənc nəsildə maraq doğura biləcəyinə şübhə etmirdik. Bu tandemdə yazılmış bir əsəri yenidən, yeni janrda aranjeman etmək ideyası bizi çox həvəsləndirirdi.

- Təqdim etdiyiniz ifanın təsiri elə güclüdür ki, bizi tamam başqa bir dünyaya aparır. Bəzən həqiqətən hər kəs başını da götürüb bu dünyadan qaçmağa ehtiyac duyur...

- Bu cür geridönüşləri eşitmək və şahidi olmaq çox sevindirici haldır, dinləyicinin qəlbinə toxunmaq, hisslərini anlamaq və müsbət yöndə təsir etmək arzusu hər bir musiqiçinin arzusudur. Buna nail ola bilmək təsiredici və qürurvericidir. Biz də bütün dinləyicilərimizi sevirik, onları daima sevindirməyə çalışacağıq.

- Maraqlıdır ki, gerçək həyatda sizi dünyadan "soyudan" səbəblər nə olur, həyat eşqinizi əlinizdən nə alır? Bu get-gəlli dünya ilə necə başa çıxa bilirsiniz?

- Bəzən insnanların həyata münasibəti çox üzücü gəlir. İnsanların bir-biri ilə münasibəti də get-gedə müəyyən edilmiş “standartlar” əsasında qurulur. Bunlar hamısı çox hallarda dünyaya bağlılıq, eqoizm və həyatın rutinləşməsi ilə nəticəlınir. Dünyada, insanların qəlbində və şüurunda bu cür dəyişikliklərin şahidi olduğumuz üçün bəzən kədər və ruh düşkünlüyü kimi hisslər önə keçir. Amma bu o demək deyil ki, həyat elə bu anlardan ibarətdir. Həyatda, cəmiyyətdə çox sevindirici və ürəkaçan məqamlar da mövcuddur. Məhz xoşbəxt anlar və məqamlar, xoşbəxtlik hissi bizə yaradıcılıqla məşğul olmağa daha da həvəsləndirir.

- Bəs düşünmürsünüz ki, bu qədər ürəkdən "Dünya sənin, dünya mənim, dünya heç kimin" oxumaq, nəticə etibarilə dünyanın fani olduğu qənaətinə gəlmək üçün hələ çox gəncsiniz?

- Həyata fəlsəfi yanaşma əzəldən dərvişlərin gündəlik həyat tərzinin bir hissəsi idi. Biz təsadüfən bir araya gəlmiş musiqiçilər deyilik. Həyata, dünyaya baxışlarımız eynidir. Buna görə biz “Dervish Band” qrupun üzvləriyik. Həyat doğurdan da fanidir. Və duyumu olan insan gənc yaşında da bunu görə bilər. Sadəcə baxmaq lazımdır.

- Niyaməddin bəy sizə dayaq oldu, dəstəklədi. Bu mahnı ilə bağlı ondan nə cür münasibət gözləyirdiniz?

- Hər cür münasibət gözləyirdik. Niyaməddin Musayevi tanımırdıq, necə insan olduğunu bilmirdik. Tanınmış müğənni Elnarə Xəlilovanın dəstəyi ilə Niyaməddin bəyi studiyamıza dəvət etdik, tanış olduq və mahnını göstərdik. Bu qədər sadə, gəncləri sevən və dəstək olan insan olduğunun şahidi olduq və çox dostlaşdıq. Niyaməddin bəy bizi çox bəyəndi və bizimlə ifa etməyi də şərəflə qəbul etdi. Elnarə Xəlilovaya və Niyaməddin bəyə hər zaman minnətdarıq.

- Tarixən dərvişlər öz inandığı həqiqətləri təbliğ etməyə çalışıblar, həm də onlar tamam fərqli həyat və düşüncə tərzinə malik olublar. Dövrümüzün müasir dərvişləri olaraq cəmiyyəti nəyə səsləyirsiniz?

- Sadəlik və həqiqət kimi anlayışları əldə rəhbər tutmaq. Bu iki amil ruhumuzu qidalandırır və həyatımıza rəng qatır. Doğru olun, dostlar.

- Hər hansı layihə və mahnı üzərində işləyərkən canınızda reytinq qorxusu olur?

- Ümumiyyətlə bu haqqda düşünmürük. Bizə vacib olan yaratdığımız musiqidi, doğru olmağıdı.

- Bəs uğur insana verilən ilahi bir nemətdir, ya onu özümüz tapmalıyıq?

- Hər bir işdə qismət var. Amma insan qismətini gözləyib bir iş görməsə, uğura çatmaz. Qismətdirsə, çoxlu çalışıb çatmaq olur uğura. Bizimlə məhz belə oldu.

- Rok musiqisini Azərbaycanda geniş auditoriyaya sevdirmək mümkündür?

- Son günlərin təcrübəsi onu göstərdi ki, mümkündür. Biz bunun üzərində çalışacağıq və rok musiqisi geniş auditoriyada seviləcək.

- Yaradıcılığınızı elə şəkildə sevdirdiniz ki, insanlar artıq sizdən daha çoxunu gözləyəcək. Bu, sizdə əlavə gərginlik yaratmır?

- Qəti. Biz çətinlikləri sevirik. Çətinliklərin öhtəsindən gələrək daha da güclü oluruq. Dinləyicilərimizi hər zaman sevindirəcəyik.

- Gələcək planlarınız haqda nə dəyə bilərsiniz?

- Yeni mahnılar, layihələr inşallah tez bir zamanda həyata keçirəcəyimiz, açıqlamaq istəmədiyimiz sürprizlər də var. Bizi izləyin...

- Azərbaycan gənclərini nə cür görmək istəyirsiniz?

- Olduğu kimi. Bizim gənclər millətimizin fəxridir. Bunun hər zaman şahidi olmuşuq. Gələcək gənclərimizin əlindədir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm