Azərbaycanda qadın hüquqları və gender bərabərliyi
Bizi izləyin

Xüsusi

Azərbaycanda qadın hüquqları və gender bərabərliyi

“Qadın gülərsə, bu issız mühitimiz güləcək

Sürüklənən bəşəriyyət qadınla yüklsələcək”.

Hüseyn Cavid

İstər dünyada, istərsə də Azərbaycanda gender bərabərliyi probleminin həlli BMT-nin Minilliyin İnkişaf Məqsədlərindən biridir. Gender bərabərliyi demokratik və sivil cəmiyyətin göstəricisidir. İstənilən demokratik cəmiyyətin xarakteri onun insan hüquqlarına münasibəti, xüsusilə onun tərkib hissəsi olan gender bərabərliyi, qadın hüquqlarına, uşaqların problemlərinə necə yanaşmasından asılıdır. Azərbaycanda gender bərabərliyi, kişi və qadınların hüquqlarının müdafiəsi, qadınların inkişafı, onların səlahiyyətləndirilməsi, hər cür təzyiqdən müdafiə olunması, təhlükəsiz cəmiyyətdə yaşaması üçün siyasət yürüdülür. Sağlam ailə mühitinin formalaşması üçün ilk növbədə, cəmiyyətdə qadın və kişilərin hüquqi, sosial, mənəvi baxımdan bərabər olması şərtdir. Bu bərabərlik leksikonumuza “gender bərabərliyi” şəklində daxil olub. Çağdaş dövrdə "gender bərabərliyi" mövzusu olduqca aktualdır.Cəmiyyətin diqqət mərkəzindəki məsələlərdən olan bu anlayış özündə ictimai, siyasi, mədəni və digər sahələrdə kişi-qadın bərabərliyini ehtiva edir. Əksər dünya ölkələrində bu sahədə bir çox qanunlar qəbul edilib. Hər hansı fiziki və cinsi özəlliyinə görə fərqlər qoyulmasına görə mühüm beynəlxalq sənədlər müəyyən edilib. Gender əsaslı ayrı-seçkilik demək olar ki, hər bir insan hüquqları müqaviləsində qadağandır. Qlobal miqyasda insan hüquqları, onların müdafiəsi, xüsusilə qadın hüquqları ilə bağlı aparılan tədbirlər bu gün önəmli yerlərdən birinə sahibdir.Dünyada və Azərbaycanda qadın hüquqlarının təmin edilməsində böyük irəliləyişlər əldə olunub və qadın müdafiəsi istiqamətində ardıcıl addımlar atılır, intensiv işlər həyata keçirilir. Dünya miqyasında ilk dəfə qadınlar və onun problemləri haqqında məsələ 1975-ci ildə qaldırıldı və həmin il “qadın ili” elan olundu. Elə həmin il Mexikoda Qadınların Ümumdünya konfransı çağrıldı. II Ümumdünya qadın konfansı 1980-ci ildə Danimarkada, III – 1985-ci ildə Nayrobidə, IV isə Pekində 1995-ci ildə keçirildi. Hər dörd konfransın məramı “Bərabərlik, İnkişaf və sülh” idi. Ancaq qadın və kişi hüquqlarının bərabərliyi, gender məsələləri ön plana çəkilirdi.

Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət: Azərbaycanda gender bərabərliyinin tarixi

Dünya təcrübəsində Yeni Zelandiya 1893-cü ildə qadınlara seçki hüququ verən ilk dövlət olub. Avropada qadınlara seçki hüququnu verən ölkələr sırasında ilk yerləri isə müvafiq olaraq Norveç, Finlandiya və İslandiya tutur.1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçki hüququ verən ilk respublika kimi tarixə düşüb. Həmin dövr üçün ağlasığmaz olan addım həm də Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması prosesinin uzun və şərəfli tarixə malik olmasının göstəricisidir. Azərbaycan müstəqilliyini 2-ci dəfə əldə etdikdən, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən(1993-cü il)sonra ölkəmizdə qadın problemlərinə daha böyük diqqət yetirildi. Onların hüquq bərabərliyi, cəmiyyətdəki aparıcı rolu 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda da öz əksini tapdı. Həmin il Pekində keçirilən IV Ümumdünya qadın Konfrasında iştirak etmək üçün Dövlət Milli Şurası yaradıldı. 1995-ci il Azərbaycan qadınları üçün əlamətdar olub. Çünki Ümummilli liderin fərmanı ilə Azərbaycan “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” Konvensiyasına qoşuldu.

Heydər Əliyev və gender siyasəti: Gender siyasəti Heydər Əliyevin demokratik, hüquqi dövlət və müasir cəmiyyət quruculuğunun, insan hüquqları və azadlıqlarının qorunması siyasətinin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Heydər Əliyev qəbul etdiyi qərarlarda aşağıda sadalanan istiqamətləri dövlət qadın siyasətinin əsas mahiyyəti hesab etmişdir: qadınlara münasibətdə dövlət siyasətinin əsas istiqamətlərinin, ona müvafiq proqramların hazırlanması;qadınların əmək hüququn həyata keçirilməsi üçün təşkilati,iqtisadi və hüquqi məsələlərə dair; qadınların əməyinin, onların həyatının sağlamlığının müdafiəsinin, analıq funksiyaları nəzərə alınmaqla təmin edilməsi; beynəlxalq qadın təşkilatları və respublikada fəaliyyət göstərən qeyri-dövlət cəmiyyəyləri ilə strukturlarının qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi..

Azərbaycanda gender bərabərliyinə təminat: 1998-ci ildə Heydər Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin (indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradılması,Komitə qadın hüquqlarının müdafiəsi istiqamətində əhəmiyyətli işlər görmüş, tədbirlər həyata keçirmişdir.Onlardan: BMT-nin Əhali Fondunun Dövlət Komitəsi ilə birgə hazırladığı “Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri” adlı Tədqiqat, BMTİP, BMT Əhali Fondu və Komitənin birgə layihəsi əsasında “Özəl sekorda kişilər və qadınlar: imkan və çətinliklər” mövzusunda Təhlil (2018-ci il) və s. kimi misal gətirmək olar. "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında" sərəncamları, 2000-ci ildə "Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman Heydər Əliyevin Azərbaycanda gender bərabərliyinin təminatçısı olduğunu təsdiq edir. 2006-cı ildə ölkəmizdə qəbul edilən "Gender bərabərliyinin təminatı haqqında" qanuna görə, Azərbaycanda cinsi mənsubiyyətə görə hər cür ayrı-seçkiliyi qadağan olunub.
Azərbaycanlı qadınlar XX əsrdə qısa müddət ərzində yüzilliklərə bərabər inkişaf yolu keçməyə nail olublar. Onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib. Azərbaycan müstəqillik qazandıqdan, ölkədə sabitlik bərpa edildikdən sonra qadınların siyasi, eləcə də ictimai müstəvidə rolu xeyli dərəcədə artıb. Konstitusiyamız qarşısında qadınlar və kişilər eyni hüquqlara malikdirlər.Birmənalı şəkildə demək olar ki, Azərbaycanda gender bərabərliyi dövlət tərəfindən ciddi şəkildə təmin olunur. Ölkəmiz 1995-ci ildə BMT-nin "Qadınlara Qarşı Ayrı-seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında" Konvensiyanı ratifikasiya edib. Sözügedən konvensiyada sadəcə cinsi əlamətə görə, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi nəzərdə tutulur. Müasir Azərbaycanda elə fəaliyyət sferası yoxdur ki, orada qadınlar təmsil olunmasın. Azərbaycan qadını bu gün idarəçilik, qanunvericilik, hüquq-mühafizə, ədliyyə orqanlarında təmsil olunur, məsul vəzifə daşıyır.Ötən illərlə müqayisədə dövlətin idarə olunmasında və qərarların qəbul edilməsində qadınların təmsilçiliyində irəliləyişlər əldə olunub.Dövlət Statistika Komitəsinin məlumatına görə, 2000-ci ildə qadın millət vəkilləri 10,7 faiz təşkil edirdisə, 2020-ci ildə bu göstərici 18,6 faizə yüksəlib. İnzibati rəhbər vəzifələrində çalışan 3111 nəfər dövlət qulluqçularının 7,01 faizini qadınlar təşkil edir. Qadınların 36,1 faizi, kişilərin isə 63,9 faizi ali - 3-cü təsnifatlar üzrə inzibati vəzifələri, qadınların 23,2 faizi, kişilərin isə 76,8 faizi 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələri, qadınların 40,1 faizi, kişilərin isə 59,9 faizi dövlət qulluğunun yardımçı vəzifələrini tutur. 8 qadın universitet rektoru, 15 qadın kollec, 9 qadın peşə təhsili, 1345 qadın isə ümumi təhsil müəssisələrinin direktorudur. Son illərdə bələdiyyə üzvü olan qadınların sayı 4 faizdən 39 faizə yüksəlib. Ailə, Qadın və Uşaq Problemləri, Tələbə Qəbulu üzrə Dövlət komitələrinin rəhbərləri, eləcə də İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) qadındır.Respublikada hökm sürən demokratik mühit qadınların istənilən sahədə inkişafı üçün əlverişli zəmin yaradır.

Gender ədaləti olmadan iqtisadi, sosial və ekoloji ədalət yoxdur: Qadınların iş, təhsil və səhiyyə imkanlarına çıxışı olması iqtisadiyyatda fəal iştirakı olması iqtisadi inkişafın, həm gəlir bərabərsizliyinin azaldılması, həm də sağlam-sosial mühitin formalaşmasına aparan yoldur.Buna əmin olmaq üçün Gender İnkişafları İndeksinin ilk yerlərində olan ölkələrin iqtisadi göstəricilərinə baxmaq kifayətdir. Göstəricilər qadınların tam potensialını reallaşdırması üçün lazımi islahatları nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirir. Digər maraqlı məqam da odur ki, qadınlar kişilərlə müqayisədə resurlarının uşaqlarının təhsili və sağlamlığına sərf etməyə daha meyillidir. Bu isə öz növbəsində gələcək inkişaf üçün lazım olan insan kapitalının formalaşdırılmasına vacib töhvə verir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da mülki cəmiyyətin inkişafında və müstəqil dövlətin qurulmasında qadınların rolu artmağa başlayıb. Azərbaycan bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək və konvensiyalara qoşulmaqla yanaşı, ölkə daxilində də qadınların hüquq və azadlıqlarının qorunması istiqamətində bir çox normativ hüquqi aktlar qəbul edib. “Gender (Kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “Qadın zorakılığı haqqında” Qanunları, Ailə Məcəlləsinə edilən dəyişikləri misal çəkmək olar.Bu gün dünya ölkələrinin qarşısında dayanan əsas məqsədlərdən biri cəmiyyətin inkişafında qadınların daha səmərəli fəaliyyəti üçün imkanların yaradılmasıdır. Bütün müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb 122 il bundan qabaq Bakıda yaradılıb. Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli- mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunub. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verərək bir çox stereotiplərin qırılmasına səbəb olub. Gender bərabərliyinin təmin olunmasında görülən işlər beynəlxalq qurumlar tərəfindən də diqqətdə saxlanılır. Dünya İqtisadi Forumu “Qlobal Gender Bərabərliyi” hesabatında 136 ölkəni resurs və imkanlarının kişi və qadın əhali arasında necə bölüşdürüldüyü üzrə dəyərləndirib. Hesabat dörd sahədə gender bərabərsizliyini ölçüb: iqtisadi iştirak və imkanlar, təhsil dərəcəsi, siyasi səlahiyyət, sağlamlıq və həyatdaqalma. Həmin siyahıya görə, əvvəllər 100-dən yuxarı sıralarda olan Azərbaycan hazırda 99-cu yerdədir. BMT-nin 'MAPS' - Gündəliyin daxil edilməsi, Dayanıqlı Înkişaf Məqsədləri ilə bağlı fəaliyyəti sürətləndirmə və siyasətə dəstək" - qrupu tərəfindən Azərbaycanın gender bərabərliyinin təmin edilməsi sahəsində apardığı siyasətin dayanıqlı inkişaf məqsədləri ilə 97 faizə çatdığı müəyyən edilib.

Əfsuslar olsun ki, sivilizasiyanın bu mərhələsində gender bərabərliyinin təmin edilməsi istiqamətində prossesi geriyə salan bir sıra amillər: məişət zorakılığı, cinsi ayrı-seçkilik, erkən evlilik və s. mövcuddur. Və bu, ölkəmizdən də yan keçmir. Lakin bu kontekstdə aparılan işlər gender bərabərliyinin təminatı istiqamətində davamlı həyata keçirilən effektiv və vacib institusional addımlar bu sahəsdə maarifləndirmə şəbəkələrini genişləndirmək imkanını yaradıb.Uşaq və Ailələrə Dəstək Mərkəzləri, Qadın Resurs Mərkəzləri, bələdiyyələrdə komissiyalar gender mexanizmlərinə əlçatanlığın təmin olunmasında mühüm rol oynayır.

Ayşən Rəhim

Xüsusi qeyd: yazı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Ailə, qadın və uşaq məsələləri mediada” mövzusunda keçirdiyi müsabiqə üçün təqdim edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm