Bakı 2015
Prezident İlham Əliyev: Azərbaycan Avropa Oyunlarına tam hazırdır
Aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində
əlamətdar hadisə baş verdi. Bakıda birinci Avropa Oyunlarının
məşəli alovlandırıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, birinci
Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə
üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki
mərasimdə iştirak ediblər.
Ölkəmizin müstəqillik tarixində ev sahibliyi edəcəyi mötəbər tədbir
- birinci Avropa Oyunları beynəlxalq idman ictimaiyyətinin diqqət
mərkəzindədir.
Aprelin 26-sı isə ilk Avropa Oyunlarının həyəcanının başlanğıc günü
kimi tarixə düşür. Olimpiya ənənəsinə uyğun olaraq, estafet qədim
od məbədi olan Atəşgahdan başlayır. Birinci Avropa Oyunlarının
məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini
gəzib-dolaşaraq, Oyunların açılış mərasimində Bakı Olimpiya
Stadionuna gətiriləcək.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edərək dedi:
“2012-ci ilin sonunda Avropa Olimpiya Komitəsi birinci Avropa
Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul etmişdir.
Bu, tarixi bir qərar idi. Çünki başqa qitə oyunlarından fərqli
olaraq, Avropada Oyunlar heç vaxt keçirilməmişdir. Bu, Azərbaycana
Avropa Olimpiya ailəsi tərəfindən göstərilmiş böyük etimad idi. Bu
qərara görə Avropa Olimpiya Komitəsinə və onun prezidenti cənab
Patrik Hikkiyə Azərbaycan xalqı adından minnətdarlığımı bildirmək
istəyirəm.
Bu qərar bizi çox sevindirdi, Azərbaycan xalqını sevindirdi. Bu,
bizim üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Vaxtımız
məhdud idi. Ona görə biz dərhal işə başladıq, Təşkilat Komitəsi
yaradıldı. Bu müddət ərzində Təşkilat Komitəsi çox fəal və böyük
uğurla işlədi”.
İlham Əliyevin sözlərinə görə, bu gün artıq Azərbaycan və Bakı
şəhəri bu Oyunların keçirilməsi üçün tam hazırdır: “Təşkilat
Komitəsinə bu yüksək fəaliyyətə görə minnətdarlığımı bildirmək
istəyirəm. Eyni zamanda, beynəlxalq və yerli mütəxəssislərdən
ibarət beynəlxalq Əməliyyat Komitəsinə də minnətdarlığımı
bildirirəm. Onların da fəaliyyəti təqdirəlayiqdir. Əlbəttə, biz
daim Avropa Olimpiya Komitəsinin dəstəyini hiss edirdik, bu gün də
bunu hiss edirik. Beləliklə, Oyunların hazırlanması üçün bütün
məsələlər öz həllini tapmışdır.
Şəxsən mən hesab edirəm ki, bu Oyunların Bakıda keçirilməsi
haqqında qəbul edilmiş qərar bir neçə amillə bağlıdır. İlk növbədə,
bunu idmançılarımızın uğurlu çıxışı mümkün etmişdir. Son Yay
Olimpiya Oyunlarında Azərbaycan komandası 30-cu yerə layiq
görülmüşdür. Avropa ölkələri arasında isə biz 15-ci yerə
yüksəlmişik. Eyni zamanda, Azərbaycanda gözəl gənc nəsil yetişir.
Gənc idmançılarımız da bizi sevindirir. Keçən il yeniyetmələrin
Olimpiya Oyunlarında Azərbaycan komandası 10-cu yerə yüksələ
bilmişdir. Bu, tarixi nailiyyətdir”.
Dövlət başçısı qeyd edib ki, bununla bərabər, son illər ərzində
Azərbaycanda müasir idman infrastrukturu yaradılmışdır:
“Azərbaycanın bölgələrində 40-dan çox Olimpiya İdman Mərkəzi
yaradılmışdır. Bakı şəhərində yaradılan və əsaslı şəkildə təmir
edilən bütün idman obyektlərimiz ən yüksək standartlara cavab
verir. Şəxsən mən hesab edirəm ki, bundan yüksək standart mümkün
deyil.
Nəqliyyat infrastrukturumuz yeniləşib, müasirləşib və bu gün bizim
tələblərimizə tam cavab verir. Xidmət infrastrukturu yaradılır.
Bakıda bütün aparıcı brend otellər fəaliyyət göstərir, öz
fəaliyyətini genişləndirir”.
İlham Əliyev bildirib ki, beynəlxalq yarışların keçirilməsi üçün
Azərbaycanın kifayət qədər geniş təcrübəsi var: “Son illər ərzində
Azərbaycanda çoxsaylı dünya və Avropa çempionatları keçirilmişdir.
Azərbaycanın sürətli iqtisadi inkişafı əlbəttə ki, bu qərarın
qəbulunda öz rolunu oynamışdır. Hesab edirəm, önəmli məsələ ondan
ibarətdir ki, Azərbaycan əhalisi bu qərarı böyük sevinclə və qürur
hissi ilə qarşılamışdır.
Beləliklə, bu gün biz tam məsuliyyətlə deyə bilərik ki, iki il
yarım ərzində görülmüş işlər ən yüksək səviyyədədir. Əminəm ki, biz
bu gözəl idman bayramını yüksək səviyyədə keçirəcəyik.
Onu da qeyd etməliyəm ki, iki ildən sonra Bakıda İslam Həmrəylik
Oyunları keçiriləcəkdir. Yəni, bu idman bayramı davam edir. Bu,
əslində Azərbaycanın dünyada oynadığı nadir rolu əyani şəkildə
ifadə edir. 2015-ci ildə Avropa Oyunları, 2017-ci ildə isə İslam
Həmrəylik Oyunları Bakıda keçiriləcəkdir”.
Prezident çıxışında qeyd edib ki, Azərbaycan əsrlər boyu
sivilizasiyalararası, millətlərarası, dinlərarası dialoqun
aparılması üçün öz imkanlarını ortaya qoyur: “Azərbaycanda bütün
xalqların, bütün dinlərin nümayəndələrinin birgə yaşaması, bir ailə
kimi yaşaması nadir təcrübədir. Beləliklə, Azərbaycan Avropa ilə
Asiyanı, sivilizasiyaları birləşdirir, qarşılıqlı anlaşmanın
bərqərar olması üçün səylərini göstərməkdədir.
Mən əminəm ki, bizim idman bayramlarımıza gələn xarici qonaqlar,
idmançılar, məşqçilər Bakıdan öz vətənlərinə ən xoş təəssüratla
qayıdacaqlar. Azərbaycan gənc müstəqil dövlətdir. Ancaq bizim çox
böyük və zəngin tarixi və mədəni irsimiz var. Azərbaycanın zəngin
tarixi, mədəniyyəti bizim qürur mənbəyimizdir. Azərbaycanda qədim
tarixi memarlıq abidələri bizim qürur mənbəyimizdir.
Bu gün biz qədim Atəşgah məbədinin önündə toplaşmışıq. Bu gün
birinci Avropa Oyunlarının məşəli Atəşgah məbədində
alovlandırılacaqdır. Bu məşəl ölkəmizin bütün şəhərlərinə
gətiriləcək, bütün ölkəmizi dolaşacaq ki, Azərbaycan xalqı bu gözəl
idman və dostluq bayramını qeyd etsin.
Mən birinci Avropa Oyunlarında iştirak edəcək bütün idmançılara
uğurlar arzulayıram. Qoy, güclü qalib gəlsin! Yaşasın
Azərbaycan!”
Daha sonra Prezident İlham Əliyev ilk Avropa Oyunlarının Təşkilat
Komitəsinin sədri, birinci xanım Mehriban Əliyevanın və Avropa
Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin müşayiəti ilə
Oyunların məşəlini alovlandırdı.
Dövlətimizin başçısı məşəli “Bakı-2015” Avropa Oyunlarının ilk
məşəlçisi, Olimpiya çempionu Rəfiqə Şabanovaya verdi.
Beləliklə də, Birinci Avropa Oyunlarının məşəlinin səyahəti
başladı. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər
regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer
üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu,
suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də
paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.
İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya
gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660
millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer
alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar
formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin
sayını təmsil edir.
Sonra birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması
münasibətilə ziyafət təşkil olundu.
Daha sonra birinci Avropa Oyunlarının məşəli ilə xatirə şəkilləri
çəkdirildi.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO