• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ülvi Quliyev: “Ermənistan görsün ki, nə qədər uduzub, geri qalıb” – MÜSAHİBƏ – FOTOLAR

Ülvi Quliyev: “Ermənistan görsün ki, nə qədər uduzub, geri qalıb” – MÜSAHİBƏ – FOTOLAR

Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, Avropa və dünya çempionu, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Ülvi Quliyevin Publika.az-a müsahibəsi:

“Azərbaycan xalqı hər şeyi gözəl bilir”

– Bakı-2015 Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı müxtəlif qarayaxma kampaniyaları aparılır. Bununla bağlı nə deyə bilərsiz?

– Bir Azərbaycan vətəndaşı kimi təəssüf hissi keçirirəm ki, ölkəmiz uğurlar qazananda, hər hansı möhtəşəm tədbirlərə ev sahibliyi edəndə buna qarşı çıxan qüvvələr və insanlar tapılır. Onlar xarici qruplara qoşulurlar, oradan idarə olunurlar, milli və dövlət maraqları əleyhinə müxtəlif işlər həyata keçirirlər. Hər bir vətəndaş üçün milli və dövlət maraqları ən ön sırada olmalıdır. Əgər hər hansı vətəndaş bunu etmirsə, təbii ki, bu, böyük təəssüf hissi doğurur. Dövlətini və millətini sevən adam üçün də ən böyük missiya Azərbaycana və xalqına fayda gətirən işlər görməsidir.

Bakı Avropa Oyunları çox böyük və tarixi idman hadisəsidir. Buna sevinmək və yüksək səviyyədə qarşılamaq lazımdır. Avropa Olimpiya Komitəsi bu barədə qərarı 2012-ci ildə imzalayıb. Təbii ki, Prezident İlham Əliyevin böyük təşəbbüsü olub ki, Avropa Oyunları ilk dəfə Bakıda yüksək səviyyədə keçirilsin.

Digər tərəfdən isə bu tədbir ona görə vacibdir ki, Azərbaycanın qazandığı hər bir uğura daim kölgə salmaq istəyən ayrı-ayrı qruplar və dairələr mövcuddur. Çox təəssüf ki, həmin qruplara adı azərbaycanlı olan ayrı-ayrı şəxslər də qoşulurlar və Azərbaycan dövləti əleyhinə aparılan kampaniyalarda fəal iştirak etməyə çalışırlar. Ancaq bütün bunlar göz qabağındadır və Azərbaycan xalqı hər şeyi gözəl bilir.

Əgər xatırlayırsınızsa, 2012-ci ildə Bakıda keçirilən “Eurovision” beynəlxalq mahnı yarışması ərəfəsində də Azərbaycana qarşı bu cür kampaniyalar həyata keçirilirdi. Ancaq son nəticədə həmin şər qüvvələrin düşündüyü və planlaşdırdığı heç bir addım həyata keçmədi.

Mən bir məsələni də xüsusi qeyd etmək istəyirəm ki, Bakı-2015 Avropa Oyunları Azərbaycanın dünyada daha da tanınması üçün mühüm rol oynayır. Çünki Azərbaycanın təbliğatına hər zaman ehtiyac var.

Son vaxtlar Azərbaycanın Qarabağ həqiqətləri, Xocalı soyqırımı və digər məsələlərlə bağlı dünyada tanıtdırdığı və qəbul etdirdiyi qərarlar məhz ölkəmizin geniş təbliğatı nəticəsində mümkün olub. Beynəlxalq tədbirlər sayəsində Azərbaycan həqiqətlərini də dünyada geniş təbliğ etmək imkanları yaranır. Ona görə də Bakı Avropa Oyunları Azərbaycan tarixinin, mədəniyyətinin, adət-ənənələrinin və regionlarının dünyada tanıdılması üçün mühüm rol oynayır. Dünya ictimaiyyəti bu yarışma sayəsində Azərbaycan haqqında daha geniş məlumatlara malik olacaq. Azərbaycanın dünyada tanıdılması isə ölkəmizin turizm imkanlarını genişləndirir. Yəni, bura gələn insanlar arasında yenidən Azərbaycana gəlmək istəyən insanlar da olacaq.

Digər vacib məqam odur ki, Azərbaycan öz vətəndaşları üçün idman infrastrukturu yaradır, yeni idman-sağlamlıq mərkəzləri yaradır, ölkə əhalisinə sağlam həyat tərzi aşılayır.

Bilirsiniz ki, artıq 2017-ci ildə də Bakıda 4-cü İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bütün bu cür beynəlxalq yarışların keçirilməsi üçün artıq Azərbaycanda böyük işlər görülüb, yeni və müasir idman infrastrukturu yaradılıb. Ona görə də azərbaycanlılar və Azərbaycan vətəndaşları olaraq hər birimiz Bakı Avropa Oyunlarının vacibliyi barədə fəal işlər görməliyik, bu yarışa qarşı olanlarla da mübarizə aparılmalıdır. Çox sevindirici haldır ki, bu gün Bakı Avropa Oyunlarına qarşı olanlarla bağlı geniş müzakirələr və fikir mübadiləsi aparılır, Azərbaycanın uğurlarına sevinməyən qüvvələr və şəxslər qətiyyətlə pislənilir. Bu gün Azərbaycan milləti və dövlətinin milli maraqları naminə ölkə vətəndaşları tərəfindən Bakı Avropa Oyunları dəstəklənir və bundan sonra da dəstəklənəcək.

“Bakı Avropa Oyunları ilə bağlı düşüncə və əhvali-ruhiyyə olduqca yaxşıdır”

– Xarici səfərlərdə tez-tez olursunuz. Xarici ölkələrdə Bakı-2015 Avropa Oyunları ilə bağlı hansı fikirləri eşidirsiniz?

– Dünya karate yarışlarında bizi təmsil edən baş məşqçilərimiz və idmançılarımız da şahid olur ki, Bakı Avropa Oyunları ilə bağlı düşüncə və əhvali-ruhiyyə olduqca yaxşıdır. Bu yaxınlarda İtaliya, Rusiya və Türkiyədən karate ictimaiyyətinin nümayəndələri Bakıda mənimlə bir yerdə idilər. Həmin vaxtı mən onların Bakı Avropa Oyunları ilə bağlı fikir və düşüncələrini öyrəndim. Onlar yenidən Bakıya gəlməyi, Azərbaycanı görməyi və burada keçiriləcək Avropa Oyunlarında iştirak etməyi çox istəyirdilər.

– Karate idman növü ilk dəfə Bakı Avropa Oyunlarında da təmsil olunacaq.

– Bildiyiniz kimi, mən həm də Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının rəhbəriyəm. Karate qeyri-olimpiya idman növü olmasına baxmayaraq, Bakı-2015 Avropa Oyunlarında ilk dəfə olaraq təmsil olunacaq. Mən Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının rəhbəri kimi ölkəmizin milli karateçiləri adından cənab Prezident İlham Əliyevə minnətdaram. Eyni zamanda dünya karate idman ailəsinin də Azərbaycan Prezidentinə sonsuz təşəkkürü var. Çünki indiyədək karate idman növü dünya olimpiya oyunlarında təmsil olunmaq üçün namizəd olub. Ancaq bu günədək bu namizədlik dəstəklənməyib. Cənab Prezidentin təşəbbüsü ilə Bakı Avropa Oyunlarında karate idman növünün də ilk dəfə təmsil olunması yaxın gələcəkdə dünya olimpiya oyunlarında karatenin də salınmasına stimul və təkan yaradacaq. Düşünürəm ki, bu təkan məhz cənab Prezident İlham Əliyev tərəfindən olduğu üçün dünya karate ailəsi də Azərbaycan Prezidentinə hər zaman minnətdar olacaq.

“50-ci Avropa Çempionatında yaxşı nəticələrimiz olub”

– Avropa Oyunlarında milli karateçilərimizdən hansı nailiyyətləri gözləyirsiniz?

– Ümidlərimiz böyükdür, çünki bu yaxınlarda İstanbulda keçirilən 50-ci Avropa Çempionatında yaxşı nəticələrimiz olub. Bu oyunlarda Rafael Ağayev və Niyazi Əliyev 2 qızıl, Ağaxan Mamayev gümüş medal olmaqla milli komandamız 3-cü yeri tutmuşdu. Bu, bizim üçün böyük nailiyyət idi. Komanda üzvləri Avropa Oyunlarında da qələbə əzmi ilə bu uğurları davam etdirəcək. Bunun üçün əhvali-ruhiyyələri də daha yüksəkdir. Hazırda təlim-məşq toplanışları davam edir. Biz Avropa Oyunlarında da yüksək nəticə əldə etməliyik.

– Milli komanda üzvləri arasında xüsusi güvəndiyiniz idmançılar var?

– Var, bunlardan Rafael Ağayev, Niyazi Əliyev, Ağaxan Mamayevin adını çəkmək olar. Bu idmançılara ümidimiz böyükdür. Ümumiyyətlə, yığma komandada 5-6 idmançıya böyük ümid bəsləyirik.

– Nə qədər medal gözləyirsiniz?

– Bu məsələlərlə bağlı idmanda proqnoz vermək çətindir. Ancaq karate idman növü üzrə 2-3 medala ümidimiz var.

İdmançılarla hər gün görüşməsəm də, ancaq baş məşqçilərlə mütəmadi əlaqə saxlayıram. Hərdən özüm də gedib onlarla bir yerdə məşqlər edirəm. Məşqdən sonra da çay içib söhbətlər edirik. Təbii ki, bütün bunlar da indiki gün üçün idmançılarımıza çox vacibdir. Komandanın baş məşqçisi Rəhman Hətəmovdur, onun köməkçiləri isə Rəşad və Seymur Hüseynovlardır.

Düşünürəm ki, güləş, boks, taekvondoda da yaxşı nəticələr gözlənilir. Yəqin ki, belə də olacaq.

“Avropa Oyunlarında mütləq gedib iştirak edəcəm”

– Bakı 2015 Avropa Oyunlarını izləməyə gedəcəksiniz?

– Əlbəttə, mütləq gedib izləyəcəyəm. Hələlik bilet almamışam. Ancaq bilirəm ki, karate və taekvondo döyüş növləri üzrə yarışlar əsasən “Baku Crystal Hall” mərkəzində keçiriləcək. Avropa Oyunlarının açılışından sonra ilk yarışlar da məhz bu döyüş növləri ilə bağlı olacaq. İnanıram ki, ilk qələbələr də bu idman növlərindən olacaq və bunun uğurlu davam olacaq.

– Azərbaycanda karate idman növü üzrə mövcud infrastrukturun vəziyyəti necədir?

– Çox yaxşıdır, hər şey yüksək səviyyədədir. Cənab Prezident tapşırıq verib ki, olimpiya idman növləri ilə yanaşı, qeyri-olimpiya idman növlərinə də ciddi diqqət ayrılsın. Azərbaycan Beynəlxalq Bankı da bizə hər zaman dəstək olub və hazırda da davam edir. Azərbaycanda karate idman növü üzrə xüsusi məşq zalları yaradılıb və onların hər biri lazımı avadanlıqlarla təmin olunub. Çox yüksək səviyyədə məşq zalımız var. Komanda daim orada məşqlərini keçirir. Bu yaxınlarda da idmançılarımız xüsusi hazırlıq üçün Qəbələdə təlimlər keçiblər. Yəni, idmançılarımız üçün dövlət bütün şəraiti yaradıb. İndi isə idmançılarımızdan qələbə gözləyirik. Ümid edirəm ki, idmançılarımız bu etimadı doğruldacaqlar.

Mən birinci xanım Mehriban Əliyevaya da minnətdarlıq edirəm ki, 2015-Bakı Avropa Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik etdiyi 2 il ərzində çox müasir və gözəl, ən yüksək səviyyədə hazırlıq işləri görülüb. İnşa edilən yeni idman mərkəzləri öz müasirliyi və gözəlliyi ilə də göz oxşayır. Bütün bunlar isə Azərbaycanın adına uğur gətirən məqamlardır. Yəqin ki, bura gələn xarici idmançılar da Azərbaycan gördükləri mənzərəni və müsbət fərqliliyi öz ölkələri ilə müqayisə edəcək və nəticə çıxaracaqlar. İstənilən halda bu oyunlar Azərbaycanın dünyada tanınmasında müsbət rol oynayacaq. Mən hörmətli gənclər və idman naziri Azad Rəhimovla da görüşüb bu barədə söhbətlər edirəm və düşünürəm ki, Avropa Oyunları yüksək təşkilatçılıq baxımından Yay Olimpiya Oyunlarından geri qalmayacaq və hətta yüksək olacaq.

“Ermənistan xalqı bizimlə dost mövqeyi tutsaydı, bu gün ermənilər yaxşı yaşayardı”

– Bakı Avropa Oyunlarında Ermənistan komandasının da iştirakı nəzərdə tutulur. Ermənilərin Bakıya gəlməsi barədə xəbər ilk dəfə yayılanda, bu, birmənalı qarşılanmamışdı. Sizin buna münasibətiniz necədir?

– Bu idmandır, bundan əvvəl biz başqa idman növləri üzrə yarışlar keçirmişik və həmin yarışlara ermənilər də qatılıblar. Ermənilərin də Bakı Avropa Oyunlarında gəlib iştirak etməsini istəyirik. Çünki onlar buradakı böyük inkişafı gəlib gözləri ilə görüb, sonra gedib öz ölkələri ilə müqayisə etsinlər, görsünlər ki, Ermənistan nə qədər uduzub, nə qədər geri qalıb.

Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib, ölkəmizdə bütün sahələrdə, o cümlədən idmanda da böyük nailiyyətlər əldə olunur, hər gün inkişafa imza atılır. Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü qətiyyətli və uğurlu siyasətin nəticəsidir.

Bu gün Azərbaycan xalqı cənab İlham Əliyevin rəhbərlik etdiyi sabit ölkədə yaşayır və bununla hər birimiz fəxr edirik. Ancaq Azərbaycana qarşı 20 ildən çoxdur ki, işğalçılıq siyasəti yürüdən Ermənistan hakimiyyəti hər gün geriləyir, hər gün süquta daha da yaxınlaşır.

İndi Ermənistanda nəinki inkişaf dayanıb, hətta işğalçı ölkə vətəndaşları yoxsulluq və səfalətdən yaxa qurtarmaq üçün xaricə qaçırlar. Bu gün Ermənistan xalqı firavan deyil, Azərbaycanda gedən sürətli inkişafa həsəd aparırlar. Bunu onlar dəfələrlə etiraf ediblər. Ermənistan Azərbaycanın iştirakı ilə regionda həyata keçirilən böyük layihələrdən kənarda qalıb. Təbii ki, bütün bunların günahkarı işğalçı Ermənistan rejimidir. Ermənistan hakimiyyəti öz xalqını yoxsulluğa, aclığa sürükləyir. İstəmir ki, erməni xalqı regionda həyata keçirilən inkişaf proseslərinə qatılsın. Əlbəttə ki, bütün bunlara görə Ermənistan ilk növbədə işğalçılıq siyasətindən əl çəkməlidir. Əgər vaxtında Ermənistan xalqı işğalçılıq siyasətlərinə qarşı çıxıb bizimlə dost mövqeyi tutsaydı, bu gün ermənilər də yaxşı yaşayardı, ölkələri inkişaf edərdi. Bu baxımdan da hesab edirəm ki, ermənilərin Bakıya gəlməsinin bizim üçün siyasi əhəmiyyəti də var. Buna da inanıram ki, Azərbaycan idmançıları əksər idman növlərində ermənilərdən qat-qat üstündürlər. Biz bunu Avropa Oyunlarında da bir daha sübut edəcəyik. Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə, bütün sahələr paralel olaraq inkişaf edir. Təbii ki, bu inkişaf idmana da aiddir.

Mən bir daha deyirəm və bu, mənim şəxsi fikrimdir ki, ermənilər gəlib Azərbaycanda gedən prosesləri, inkişafı görsələr, bəlkə də sonra gedib öz ölkələrində hökumətlərinə qarşı etiraz edəcəklər. Çünki Ermənistan Azərbaycan iqtisadiyyatı yanında çox cılızdır. Digər tərəfdən isə, bizim idmançılar istər karate, istərsə də digər idman növlərində ermənilərdən çox yüksək səviyyədədirlər.

“İdman insanın bütün mənfi cəhətlərini atır”

– Azərbaycan gəncliyinə hər hansı bir tövsiyəniz var?

– Biz çox istəyirik ki, Azərbaycan gəncliyi hər zaman vətənpərvər olsun. Təbii ki, karate və digər Şərq döyüş növləri ilə məşğul olmaq insanı mübarizə aparmağa, güclü, iradəli və vətənə bağlı olmağa vadar edir. Ümumiyyətlə isə idmanla məşğul olmaq, bayrağı dalğalandırmaq, himni səsləndirmək və o sədaları duymaq hissləri hansı insana nəsib olursa, əlbəttə ki, bu böyük şərəf və fəxrdir. Bütün bunlar isə insanı daha da vətənpərvər ruhda böyüdür. Bu baxımdan da çox istərdim ki, bütün Azərbaycan gəncləri peşəkar idmanla məşğul olmasa belə, ən azı idmanla məşğul olmalıdır. Çünki idman sağlam ruhdur. Mən öz təcrübəmdən deyirəm ki, səhər idman edib işlə məşğul olan insanla idman etməyən adam arasında çox böyük fərq var. İdman insanın bütün mənfi cəhətlərini atır, tamamilə müsbət enerjiyə kökləyir. Bu nöqteyi-nəzərindən də arzum odur ki, hər bir Azərbaycan vətəndaşı idmanla məşğul olsa daha yaxşı olar.

Digər tərəfdən isə Azərbaycan gəncliyinin idmanla məşğul olması gələcəkdə bizim problemlərimizin aradan qaldırılması üçün faydalı olar. Vaxtilə bizim döyüş növləri ilə məşğul olan və torpaqlarımızın azadlığı uğurunda şəhid olmuş kifayət qədər milli qəhrəmanlarımız var. Çünki onlar bu döyüş növlərində mübarizliyi və vətənə bağlılığı öyrəniblər, ona görə də onlar milli qəhrəman olublar.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR