• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Pekin, London, Bakı: Azərbaycan nə qazanacaq?

Pekin, London, Bakı: Azərbaycan nə qazanacaq?

I Avropa Oyunlarına artıq 35 gün zaman qalır. Zaman yaxınlaşdıqca Azərbaycanın qazanacağı iqtisadi dividentlər daha çox müzakirə mövzusu olur. Belə ki, I Avropa Oyunları ölkəyə turist axınını çoxaltmaqla bərabər təbii şəraitlə, infrastrukturla tanış olan investorların marağını artacaq. Yeni-yeni sərmayələrə yol açacaq. Bundan əlavə valyuta axınını şərtləndirəcək. Pərakəndə ticarət şəbəkələrində, xidmət sektorundakı xərcləmələr yüksələcək. Hansı ki bu da nəticədə qeyri-neft sektorundan büdcəyə daxilolmaların artmasında özünü göstərəcək.

Pekin və London Olimpiadasından az pul xərcləmişik

Publika.az-a açıqlama verən Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib ki , I Avropa Oyunları Azərbaycana çox şey verəcək. Bunu sadəcə görmək istəyində olmaq lazımdır: “ I Avropa Oyunları özünün xarakterinə və statusuna görə yay Olimpiya Oyunları səviyyəsindədir. Bu oyunlarda 2008-ci ilin Pekin və 2012-ci ilin London olimpiadalarının hər birində iştirak etmiş atletlərin 2/3-si qədər idmançı iştirak edəcək. Pekin Olimpiadasının təşkilinə 42 milyard ABŞ dolları sərf olunub. London Olimpiadasında isə xərclər 18 milyard dollar təşkil edib. Hər iki ölkənin yüz illərlə formalaşmış dövlətçilik ənənələri var. Onların hökumətləri də hər hansı bir tədbirə xərcləri proqnozlaşdırarkən nadir hallarda səhvlərə yol verə bilərlər. Lakin buna baxmayaraq, bu ölkələrin hər birində Olimpiadanın təşkilinə əvvəlcədən nəzərdə tutulmuş xərclərdən bir neçə dəfə artıq vəsait sərf olunub”.

İqtisadçı bildirib ki, Pekin Olimpiadasının təşkilinə ilkin olaraq 14,3 milyard ABŞ dolları nəzərdə tutulsa da, sonda bu xərclər 42,0 milyard dollara çatdı. London Olimpiadasında isə xərclər 4,6 milyard dollar planlaşdırılsa da, nəticədə İngiltərə hökumətinin xərci 18,2 milyard dollara qədər yüksəldi: “Bir sözlə, hər iki ölkədə yay Olimpiya Oyunlarının keçirilməsinə ilkin olaraq nəzərdə tutulduğundan 3-4 dəfə çox vəsait sərf edildi. Amma buna görə kimsə onları tənqid atəşinə tutmadı, ittihamlar səsləndirmədi, çəkilən xərclər “lüzumsuz sərfiyyat” kimi qiymətləndirilmədi. Bilirsinizmi niyə? Çünki həm Çin, həm də İngilətə vətəndaşları bu oyunların onların ölkəsi üçün əhəmiyyətini dəqiq bilirdilər və bunu qiymətləndirməyi bacarırdılar. Bəs gəlin görək olimpiya xarakterli I Avropa Oyunlarının təşkilinə biz nə qədər vəsait xərcləmişik? Bu oyunların keçirilməsinə Azərbaycan hökumətinin çəkdiyi xərclər barədə son aylar ərzində mətbuatda müxtəlif rəqəmlər səsləndirilib. Əvvəlcə bəzi “ekspertlər” xərclərin 8 milyard manat təşkil etdiyini yazdılar. Sonra bu rəqəmi 2 dəfə azaldaraq 4 milyard manata endirdilər və nəhayət, sonda gəlib dayandılar 3,5 milyard manatda. Təbii ki, sonuncu rəqəm də özündən əvvəlkilər kimi real deyil. Xərclərin qat-qat az olduğu rəsmi şəkildə açıqlanıb. Lakin I Avropa Oyunlarının xərclərini həmin hay-küyçü ekspertlərin idda etdiyi 3,5 milyard manat qəbul etsək belə, əslində həmin məbləğ belə mötəbər idman yarışları üçün çox az bir sərfiyatdır. Əgər bu oyunlarda iştirakçıların sayını əsas kriteriya kimi götürüb (hər bir yarışın böyüklüyü-kiçikliyi onda iştirak edən idmançıların sayı ilə müəyyən edilir) Azərbaycanda keçiriləcək oyunları Pekin Olimpiadası ilə müqayisə etsək, onda həmin məntiqlə biz bu yarışların keçirilməsinə təqribən 24 milyard ABŞ dolları xərcləməli idik. Yox əgər anoloji müqaisəni London Olimpiadası ilə aparsaq, bu halda bizim xərclərimiz 10 milyard dollardan çox olmalı idi”.

I Avropa Oyunları ölkəyə hansı dividentlər gətirəcək?

F.Yusifzadə deyir ki, Çində və İngiltərədə keçirilmiş oyunların bu ölkələrin iqtisadiyyatına verdiyi dividentlər böyük olub: “İngiltərənin Ticarət və İnvestisiyalar Nazirliyinin ekspertləri hesablayıblar ki, 2012-ci ilin yay Olimpiya Oyunları keçirildikdən bir il sonra Böyük Britaniya iqtisadiyyatı 15,0 milyard ABŞ dolları civarında divident əldə edib. Bu, əsasən yeni kontraktların imzalanması, ölkəyə investisiya axını, ticarət dövriyyəsinin genişlənməsi, turist axınının artması hesabına baş verib. Bu isə o deməkdir ki, İngiltərə hökuməti Olimpiadaya qoyduğu pulu cəmi bir ilə çıxara bilib. Nazirliyin ekspertlərinin digər hesablamaları isə ortaya daha maraqlı faktları qoyur. Belə ki, bu hesablamalara görə, məhz Olimpiada nəticəsində cəlb olunmuş investisiyaların hesabına İngiltərə iqtisadiyyatı 2020-ci ilə qədər 60,0 milyard ABŞ dollarından artıq divident əldə eədə biləcəkdir. Heç şübhə yoxdur ki, Pekin Olimpiadası Çin iqtisadiyyatına bundan daha çox dividentlər gətirib və bundan sonra da gətirəcəkdir. Bunun belə olduğu artıq bütün səviyyələrdə dəfələrlə təsdiqlənib. Göründüyü kimi, I Avropa Oyunları Azərbaycan üçün iqtisadi perspektivlər baxımından olduqca əhəmiyyətli tədbirdir və ölkəmizə bütün hallarda ciddi dividentlər vəd edir. Kimsə iddia etmir və edə də bilməz ki, bu oyunlar ölkəmizə qısa müddətdə milyardlar qazandıracaq. Azərbaycan milyardlarla ölçüləcək dividentlərə aparan yola qədəm qoyub. Biz belə bir mötəbər yarışları təşkil etməklə əslində Azərbaycanın gələcəyinə sərmayə qoymuş oluruq. Bu oyunların ölkə iqtisadiyyatına verəcəyi dividentlər uzunmüddətlidir. Əgər bu səviyyədə olan Oyunlar iqtisadi perspektivlər vəd etməsəydi, onları öz ölkəsində keçirmək uğrunda dövlət başçıları səviyyəsində mübarizə aparılmazdı. Bu səviyyədə Oyunlardan ölkənin qazancını yalnız yarışlara bilet satışında görənlər isə iqtisadçı yox, ancaq diletant ola bilərlər".

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR