• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Deputatlar Avropa Oyunlarına bilet alıbmı?

Deputatlar Avropa Oyunlarına bilet alıbmı?

Bakıda keçiriləcək Avropa Oyunlarına sayılı günlər qalır. İyunun 12-dən başlayacaq yarışmanın açılış mərasiminə biletlər artıq satışdadır. Ölkənin tanınmışları da bu tədbirdə iştiraka hazırlaşır. Bəs, deputatlar necə, Avropa Oyunlarına bilet alıblarmı?

Axar.az bununla bağlı deputatlar arasında apardığı sorğunu təqdim edir:

Aqil Abbas: “Açılış mərasimində iştirak etmək fikrim var. Ümumiyyətlə, çalışacam iştirak edim. Ailə üzvlərindən İradə xanımın idmana elə də marağı olmadığı üçün inanmıram getsin. Ancaq övladlarımın ikisi də orada olacaq, izləyici kimi yox. Təhlükəsizlik işçisi kimi. Özümün isə xüsusilə güləş üzrə keçirilən yarışlara getmək fikrim var. Gəncliyimdə də güləşlə bir balaca məşğul olmuşam. Amma elə də güclü güləşçi olmamışam. Ümumiyyətlə, güləşi sevdiyim üçün mütləq izləyəcəm həmin yarışları”.

Fazil Mustafa: “Əlbəttə, bu tədbirdə iştirak etməyi düşünürəm. Bu günlərdə yəqin ki, marağımı çəkən yarışları izləmək üçün bilet alacağam. Ailə üzvlərimin iştirak etməsini isə hələ dəqiqləşdirməmişəm”.

Sabir Rüstəmxanlı: “Belə düşünürəm ki, açılış mərasiminə millət vəkillərini dəvət edəcəklər. Ancaq dəvət olmasa belə, şübhəsiz ki, açılış mərasimində iştirak edəcəyəm. Bu bir tarixi hadisədir, orada olmamaq, iştirak etməmək mümkün deyil. “Avroviziya” müsabiqəsi Bakıda keçirilən zaman da açılış mərasimində iştirak etmişdim və böyük zövq almışdım. İnanıram ki, bu mötəbər yarışın açılış mərasimi daha da möhtəşəm olacaq. Xüsusi maraqlandığım idman növü yoxdur, ancaq idman yarışlarını izləməyi çox sevirəm. Azərbaycan idmançılarının yarışdığı bütün idman yarışlarını izləməyə çalışacağam. Ailə üzvlərimdən isə kiminsə getdib-getməyəcəyi barədə məlumatsızam”.

Zahid Oruc: “Bəli, üç bilet almışam. Belə mühüm tədbirin ölkəmiz üçün əhəmiyyəti ilə yanaşı, hər bir azərbaycanlının həyatında əlamətdar hadisə olacağına inanaraq, yarışları canlı izləməyə çalışacağam. Ölkəmizin beynəlxalq məkana təkcə neft-qaz resusrları üzərindən deyil, həm də mədəniyyət, idman və digər platformalar vasitəsilə çıxmağa çalışmasına necə biganə qalmaq olar? Ona görə cəmiyyətimizdə hökm sürən aparıcı düşüncələrə təsir edəcək Avropa Oyunlarına yalnız bir baxış bucağından yanaşılmasını qəbul etmək olmaz. Belə ki, qitə miqyaslı tədbir hər bir azərbaycanlı obrazının dünyaya yeni təqdimatı demək olacaq, iddialı bir millət kimi sivil münasibətlərə layiq olduğumuzu sübuta yetirəcək. Ona görə aldığımız biletlər konkret yarışı izləməkdən daha çox, bizim dünya ilə münasibətlərə dair vəsiqəmizdir, şansımızdır. Oyunların keçrildiyi günlər ərzində seçim imkanlarımızın artacağını nəzərə alaraq, həmçinin qalibiyyəti gözlənilən azərbaycanlıların yer aldığı idman növlərinə uyğun yeni biletlərin alınmasına qərar verəcəyik. Açılış mərasimində iştirak edəcəyəm və övladımla birgə tamaşaçıların arasında olacağam. Əslində, qəbul etməliyk ki, tutacağı yerdən asılı olmayaraq, Azərbaycan pyedestalın ən yüksək zirvəsinə qalxacaq. Çünki yüksək hazırlıq, sabit bir müsəlman ölkəsi, Avropa dəyərlərinə canatım və sair hamımızın nailiyyətinə çevriləcəkdir”.

Fəzail Ağamalı: “Avropa Oyunlarını izləməyə mütləq gedəcəyəm. Xüsusilə sevdiyim idman növləri var ki, onları izləmək üçün mütləq bilet alacağam. “Kristal Hall”da baş tutacaq açılış mərasimində də iştirak edəcəyəm. Xüsusilə gimnastika və güləş idman növlərini izləməyə gedəcəyəm. Millət vəkillərindən kimlərin gedəcəyindən məlumatsızam. Ancaq ailə üzvlərimdən oğlanlarım və nəvələrimlə birlikdə gedəcəyəm. Özüm gəncliyimdə təxminən 4 ilə yaxın güləşlə məşğul olmuşam, həvəskar voleybolçu olmuşam. İdmana olan həvəsim də buradan qaynaqlanır”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR