Məşəl qədim Bərdə şəhərində - FOTOLAR
Bizi izləyin

Bakı 2015

Məşəl qədim Bərdə şəhərində - FOTOLAR

Birinci Avropa Oyunlarının məşəli mayın 13-də Yevlaxdan Nüşabə yurduna - Aran Qarabağın qədim şəhəri Bərdəyə gətirilib.

Bərdə şəhərinin girişindəki Dövlət Bayrağı meydanında birinci Avropa Oyunlarının məşəlinin təntənəli qarşılanma mərasimi oldu. Bərdə şəhər 1 nömrəli incəsənət məktəbinin müəllimi Səxavət İsmayılov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi.

Məşəlçilər yol boyu düzülən insanların alqışları ilə məşəli bir-birinə ötürərək şəhərin Nüşabə küçəsi və Heydər Əliyev prospektindən keçməklə, Bərdə türbəsinə, sonra isə mərkəzi meydana gəldilər. Rayonun fəal gənclərindən olan Fuad Ağayev səhnəyə qalxaraq, birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. Oyunların sonuna qədər şəhərdə qalacaq çıraq rayon ictimaiyyətinə təqdim edildi.

Əsl xalq bayramına çevrilən Alov festivalında birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Tanınmış incəsənət ustalarının və rayon musiqiçilərinin konsert proqramı bərdəlilərin bayram sevincini daha da artırdı. 50 min nəfərə yaxın insanın izlədiyi festival, o cümlədən idmançıların nümunəvi çıxışları, təqdim olunan mahnı və rəqslər, Alov şousu bərdəlilərdə xoş ovqat yaratdı.

Məşəl yürüşündə iştirak edən sonuncu məşəlçi Fuad Ağayev təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək dedi: “Birinci Avropa Oyunlarının məşəlini daşıyanlardan biri də mən olduğum üçün qürur hissi keçirirəm. İlk Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin dünyada qazandığı nüfuzdan xəbər verir. Bu əlamətdar hadisə Azərbaycanın tarixinə parlaq səhifə kimi həkk olunacaq. Birinci Avropa Oyunları ölkəmizin dünyada tanıdılmasına, milli mədəniyyətimizin nümayişinə şərait yaradacaq, bütün dünya Azərbaycanı izləyəcək. Birinci Avropa Oyunlarının alovu bütün insanları, bütün dünyanı birliyə, həmrəyliyə, dostluğa çağırır”.

Məşəl yürüşü mərasiminin sevincini yaşayan Mirzalıbəyli kənd tam orta məktəbinin müəllimi Nizami Quliyev fikirlərini belə ifadə etdi: “Bu gün kiçikdən böyüyə minlərlə Bərdə sakini “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlini qarşılamaq üçün meydana toplaşıb. Siz insanların çöhrəsindəki sevinc və bayram coşqusuna baxın. Bunu görmək çox gözəldir. İnanırıq ki, idman sülh və dostluq elçisi kimi Azərbaycan həqiqətlərini, xalqımızın arzu və istəklərini bütün dünyaya çatdıracaq. Qoy, Azərbaycan qalib gəlsin”.

Budo döyüş növü üzrə dördqat dünya çempionu Anar Süleymanov isə dedi: “Alov festivalında ikiqat sevinclə iştirak edirəm. Bu böyük bayrama bir neçə gün əvvəl İtaliyada keçirilən dünya miqyaslı yarışdan qazandığım birinciliyin qələbə sevinci ilə qatılmışam. Çox ölkələrdə idman yarışlarında olmuşam. Həmişə arzum olub ki, belə yarışlar Azərbaycanda da keçirilsin. Artıq bu arzum da reallaşır. Doğma rayonumda bu cür möhtəşəm festivalın keçirilməsinə, Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsinə görə sevincimin həddi-hüdudu yoxdur. Yarışlarda iştirak edən idmançılarımıza uğurlar arzulayıram”.

Alov festivalı atəşfəşanlıqla başa çatdı.

Mayın 14-də məşəl karvanı Goranboy və Naftalana yollanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm