• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Azərbaycan yeni tarix yazmağa çox yaxındır”

“Azərbaycan yeni tarix yazmağa çox yaxındır”

Bakı 2015 I Avropa Oyunları ərəfəsində Dünya Güləş Birliyi Avropa Şurasının illik konfransı təşkil olunub.

Publika.az xəbər verir ki, yeni vəzifələrin müəyyən olunması istiqamətində bu tədbirin əhəmiyyətini yüksək qiymətləndirən Dünya Güləş Birliyi Avropa Şurasının prezidenti Tseno Tsenov ev sahibliyinə görə Azərbaycana öz təşəkkürünü bildirib. O, Azərbaycanın yeni tarix yazacağını bildirib:

"Azərbaycan dünya idmanında yeni tarix yazmağa çox yaxındır. Belə ki, bir gün sonra tarixdə ilk dəfə təşkil olunacaq Avropa Oyunlarının açılış mərasimi keçiriləcək. Birinci Avropa Oyunlarında qitənin ən güclü güləşçiləri mübarizə aparacaq. Çox xoşbəxtəm ki, Birinci Avropa Oyunlarının güləş yarışlarını canlı izləmək imkanım olacaq".

Tseno Tsenov deyib ki, Avropa qitəsi Dünya Güləş Birliyində mühüm rol oynayır. Belə ki, bu qitədən güclü güləşçilər mötəbər yarışların mükafatçıları sırasında yer alır. Məhz bu konfrans çərçivəsində qurulacaq əməkdaşlıqlar növbəti uğurlara töhfə verəcək və müvəffəqiyyətli nəticələrə gətirib çıxaracaq.

İyunda Bakının dünya idmanının mərkəzinə çevriləcəyini bildirən Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb.

Bildirib ki, birinci Avropa Oyunlarında idmanın 20 növü üzrə yarışlarda 6 mindən artıq atlet birincilik uğrunda mübarizə aparacaq. “Bakı 2015”-in güləş yarışlarında qitənin ən güclü 450-dək pəhləvanı medallar uğrunda gücünü sınayacaq. Ümid edirəm ki, Birinci Avropa Oyunları da əvvəllər ölkəmizdə təşkil olunan tədbirlər kimi yüksək səviyyədə keçiriləcək.

Dünya Güləş Birliyinin baş katibi Mişel Dusson birinci Avropa Oyunlarının güləşin inkişafına və kütləviləşməsinə göstərəcək təsirindən, Azərbaycan pəhləvanlarının beynəlxalq arenalarda qazandığı nailiyyətlərdən və ölkəmizin yüksək səviyyədə təşkilatçılıq bacarığından danışıb.

Sonra video bağlantı ilə Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç konfrans iştirakçılarını salamlayaraq onlara işlərində uğurlar arzulayıb.

Konfransın gündəliyinə uyğun olaraq ötən il Finlandiyanın Vantaa şəhərində qəbul olunan protokol ətrafında fikir mübadiləsi aparılıb. Təşkilatın yeni loqosunun, embleminin dəyişdirilməsi barədə müzakirələr aparılıb. Uzun müzakirələrdən sonra qurumun yeni loqosu və emblemi qəbul olunub.

Sonra Avropada güləşin inkişafı istiqamətində müzakirələr aparılıb və qarşıdakı illərdə Avropa qitəsində güləşin inkişaf proqramı təqdim olunub, 2016-cı ildə Avropa çempionatlarının keçiriləcəyi ölkələrin hazırladığı təqdimatlar izlənilib.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR