Rauf Əliyev: "İlk Avropa Oyunları azarkeşlərimizi yeni idman növləri ilə tanış etdi"
Bizi izləyin

Bakı 2015

Rauf Əliyev: "İlk Avropa Oyunları azarkeşlərimizi yeni idman növləri ilə tanış etdi"

"I Avropa Oyunlarının sayəsində azərbaycanlı azarkeşlər idman gimnastikası, triatlon, su idmanı kimi ölkəmiz üçün yeni olan idman növləri ilə tanış oldular". Bu barədə Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Gimnastika Federasiyanın İcraiyyə Komitəsinin üzvü Rauf Əliyev deyib.

O bildirib ki, azərbaycanlı azarkeşlər həm yeni idman növləri ilə tanış oldular, həm də unudulmuş idman növlərini xatırladılar:

“Su polosu, idman gimnastikası Azərbaycanda unudulmuş idman növləri idi. İdmançılarımızın bu növlərdə uğur qazanması gənc nəsli bu idmanla məşğul olmağa daha çox həvəsləndirməlidir”.

Deputat qeyd edib ki, Mehriban Əliyevanın sədrlik etdiyi Bakı 2015 I Avropa Oyunları Təşkilat Komitəsi 2 il yarım ərzində elə bir infrastruktur yaradıb ki, belə bir infrastrukturun inşası üçün digər ölkələrə 6-7 il lazım olardı:

“Bütün Olimpiya komitələrinin nümayəndələri Azərbaycanda idmanın maddi-texniki bazasından danışırlar. İki il yarım ərzində belə bir infrastruktur yaratmaq həqiqətən də böyük nailiyyətdir. Bu gün Azərbaycanda müxtəlif idman obyektləri inşa edilib ki, bu obyektlərin Avropada analoqu yoxdur. Çünki Avropada böhranın hökm sürdüyü bir vaxtda Azərbaycanda tikinti işləri aktiv şəkildə davam edirdi”.

R.Əliyev vurğulayıb ki, bütün bu işlərdə Azərbaycan Prezidenti İlham Əliyevin böyük əməyi var.

Millət vəkili qeyd edib ki, I Avropa Oyunlarını boykot etmək cəhdləri uğursuzluğa düçar oldu:

“Bunun ən gözəl sübutu isə Avropanın 50 ölkəsinin yarışlarda iştirak etməsidir. Bir çox xarici qüvvələr I Avropa Oyunlarını boykot etməyə cəhd göstərdilər. Lakin heç nə gözəl açılış mərasiminin, möhtəşəm yarışların keçirilməsinə təsir etmədi və düşünürəm ki, birinci Avropa Oyunlarının bağlanış mərasimi də gözəl təşkil olunacaq. Əminəm ki, Bakıda İlk Avropa Oyunları hamının yaddaşında qalacaq. Bəzi siyasətçilərin I Avropa Oyunlarında iştirak etməməklə bağlı çağırışlarına baxmayaraq, burada tanınmış idmançılar çıxış edirlər. Və bu gün xarici mətbuat Azərbaycanın Olimpiya Oyunlarını keçirməyə hazır olduğunu yazır. Bu isə artıq Avropa deyil, dünya səviyyəsidir. Bu da onu göstərir ki, İlk Avropa Oyunlarını boykot etmək, nüfuzdan salmaq cəhdləri müvəffəqiyyətsizliyə uğradı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm