"Bank of Azerbaijan” ilin sonuna qalacaqmı?
Bizi izləyin

Banklar

"Bank of Azerbaijan” ilin sonuna qalacaqmı?

Əmanətçilər pullarını niyə geri çəkir? - Araşdırma

Əmanətçilər pullarını niyə geri çəkir? - Araşdırma

Son iki gündür, "Bank of Azerbaijan" ASC-nin müflis olması, işçilərinin ixtisar edilməsi, filiallarının bağlanması barədə məlumatlar mediada dərc edilir. Düzdür, bank özü bu xəbəri təkzib edir.Lakin nəzərə alsaq ki, sözügedən kommersiya bankının uzun müddətdir maliyyə problemlərinin məngənəsində olduğu deyilir və bu bankın maliyyə göstəricilərində özünü göstərməsə də, xidmətlərinin azlığı, kölgəyə çəkilməsi bir çox məsələlərdən xəbər verir.

"Bank of Azerbaijan”ın satışı

İlk öncə qeyd edək ki, "Bank of Azerbaijan”da əl dəyişdirilməsi 2013-cü ildə reallaşıb. Həmin ilin yanvarında keçmiş "ZQAN Holding" "Bank of Azerbaijan"nın səhmdar kapitalında öz payını satıb. Bu, təsadüfü deyildi. Mərhum “Royal Bank” ASC ilə bağlı ittihamlar ”Bank of Azerbaijan”a qədər gedib çıxırdı. Hər iki bank maliyyə tərəfdaşı kimi bir çox məsələlərdə əməkdaşlıq etmişdilər. Hətta “Royal Bank”ın adı lisenziyası ləğv edilməzdən bir qədər əvvələdək “ZQAN Holdinq”in maliyyə bölümündə yer alırdı. Hazırda “Garant”a daxil olan biznes qurumunda “Royal” ("Royal İsteyt" MMC) sözü boşuna deyil. “Royal Bank” "Royal İsteyt" MMC ilə holdinqdə qrup şəklində fəaliyyət göstərirdi. Bundan əlavə, bankın filialları "Bank of Azerbaijan”ın filialları ilə daim qonşuluqda yerləşirdi.

Sadəcə, bankın adının çirkli pulların yuyulmasında iştirakda hallandırılması və İranla əlaqələrdə günahlandırılmasının ardından holdinq yaxasını geri çəkdi. Bir neçə ay sonra “Bank of Azerbaijan”dan imtina etdi. Bununla da maliyyə sektorundakı fəaliyyətinə qismən son qoyaraq “Bank of Azerbaijan”ı ortaqlarına satdı. Belə ki, hələ o zaman "ZQAN Holding”in İdarə Heyətinin sədri Vaqif Həsənov bildirmişdi ki, "Bank of Azerbaijan"dakı pay tərəfdaşa, yəni digər səhmdara satılıb. Bu səhmdarlar isə “Bağlan Group”un rəhbəri, "Hafka" ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovun oğlanları Kənan və Sənan Məmmədovlara aid olub. Hazırda bankın səhm kapitalında K.Məmmədovun payı 43.63% (21,817.500 AZN ), S,Məmmədovun payı 43.63% -dir (21,817.500 AZN). Digər səhmdarlara Məmmədov Mübariz Məcid oğluna 12,07 faiz, “NEM Holdinq”ə 0,67 faiz pay düşür. Bankın Müşahidə Şurasının sədri isə ata Məmmədov, yəni Hafiz Məmmədovdur. Onu da qeyd edək ki, keçmiş “ZQAN Holding” "Bank of Azerbaijan"nın səhmdarları sırasında olmayıb. Bankın əsas səhmdarı holdinqin direktorlar şurasının sədri Anar Məmmədov idi. Yəni bankın səhm kapitalında A.Məmmədov - 81%, M.Məmmədov - 18%, “NEM Holding” - 1% ilə təmsil olunurdu.

Bank ilin sonuna qalacaqmı?

5 il əvvəl bank sektorunda birinciliyə iddia edən "Bank of Azerbaijan”ın hazırkı maliyyə göstəriciləri diqqət çəkir. Məsələn, ötən ilin dekabrına bankın məcmu kapitalı 43827,50714 min manat olub.

Bu, o deməkdir ki, Mərkəzi Bank banklara məcmu kapitalın 50 milyon manata çatdırılması ilə bağlı tələbinin vaxtını 1 il uzatmasaydı, bank maliyyə sekrotu ilə vidalaşacaqdı. O başqa məsələdir ki, bu sahədə "Bank of Azerbaijan”dan da pis vəziyyətdə olan banklar var. Lakin diqqət çəkən məqam bankın bağlanacağı və ya digər bankla birləşdiriləcəyi halda əhalinin yerləşdirdiyi əmanətlərin taleyinin necə olacağı idi. Xatırladaq ki, ötən ilin iyun ayına olan məlumata görə, əhalinin əmanətlərinin həcmi 85.2 mln. manat olub. İlin sonuna qədər bankın nizamnamə kapitalının həcmini MB-nın tələb etdiyi həddə çatdırıb-catdırmayacağı sual olaraq qalır. Xüsusilə son günlər mətbuatda "Bank of Azerbaijan"nın maliyyə problemləri ilə üzləşməsi yönündə xəbərlərin intensivliyinin artması şəraitində bu, şübhə doğurur. Çünki xəbərlərdən ajiotaja düşən əhali hesablardan pullarını çəkməyə başlayıblar...

Məhdud xidmətlər

Əslində xəbərlərin nə dərəcədə doğru və ya yalan olduğunu söyləmək çətindir. Sadəcə, bir həqiqət var o da bank sektorunda bazar payına görə ilk 15-liyə daxil olan "Bank of Azerbaijan”ın son iki ildə kölgəyə çəkilməsi, sektordakı innovasiyalardan kənarda qalmasıdır. Bankın bir zamanlar kütləvi informasiya vasitələrini, dayanacaqları bəzəyən reklam rolikləri də artıq arxiv olub. Rəsmi internet ünvanında belə bankın fəaliyyəti ilə bağlı məlumatlar 2013-cü ili əks etdirir.

Banka müraciət əsasında öyrəndik ki, qurum funksiyalarını icra edir. Kredit xətti açır, əmanət yerləşdirir. Məsələn, bank 300-7000 manat arası nağd krediti minimum 26, maksimum 32 faizlə təqdim edir. 35 min manatlıq avtomobil kreditini isə 18 ay - 17%, 24 ay - 17,5% 36 ay - 18% faizlə verir. Sual doğuran faizlərin, şərtlərin ağır olmadığı şəraitdə bankın kredit portfelinin həcminin yüksək faizlə kredit təklif edən banklarla müqayisədə aşağı olmasıdır. Belə ki, 2013-cü ilin iyun ayında bankın kredit portfeli 296.9 mln. manat təşkil edib. Nağd kreditləri daha yüksək faizlərlə - 28-30 faizlə təklif edən “Bank of Baku”nun kredit portfelinin həcmi 500 mln manata yaxın olub. Bankın əmanət cəlbinə gəlincə, cəmi iki xətt üzrə "Proqressiv" və "Depozit Plus" əmanət cəlb edir. "Proqressiv" əmanətlərin faiz dərəcəsi 13 dərəcəyə qədərdir.

Nəzərə alsaq ki, Əmanətlərin Sığortalanması Fondu 10 faizdən yüksək faizlə yerləşdirilməyən əmanətləri sığortalayır. 13 faizlə əmanət cəlbi böyük risk deməkdir. Başqa məsələdir ki, digər banklardan fərqli olaraq "Bank of Azerbaijan”nın təklif etdiyi əmanət növünün sayı azdır. Ümumiyyətlə, bankın xidmətləri məhduddur.

Araşdırmalar göstərir ki, "Bank of Azerbaijan” bütün fəaliyyətini avtomobil kreditlərinin verilməsinə yönəldib. Bu yöndə üc xətt üzrə kredit təklif edilir. Birinciyə yeni avtomobillərin, ikinciyə KİA avtomobillərinin, üçüncüyə işlənmiş avtomobillərin alınması üçün təklif olunan kreditlər daxildir. Hər üç xətt üzrə maksimum kredit faizləri 18 faizdir. Kifayət qədər aşağı və cəlbedici faiz şərtlərdir. Lakin görünür, Mərkəzi Bankın avtomobil kreditlərinin verilişini dayandırması ilə bağlı qərarı bankın gəlirlərinə təsirsiz ötüşməyib. Maliyyə problemləri də məhz buradan qaynaqlanır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm