Dəb ilahələrinin əvəzolumaz aksessuarı – FOTOLAR
Bizi izləyin

Dəb

Dəb ilahələrinin əvəzolumaz aksessuarı – FOTOLAR

Şərq qadınının əsas və məcburi aksessuarı olan çalmalar, yaylıqlar, türban və ya bandanalar yüksək moda dünyasına daxil olub. Çünki yaylıq istənilən obrazı ideal şəkildə vurğulayır və hər kəsdən fərqləndirir.

Ötən əsrin 30, 50-ci illərində çox məşhur olan yaylıqlar Monako knyaginyası Qreys Kellinin də ən çox sevdiyi aksessuar sayılırdı. Kelli onlardan praktik olaraq hər gün və müxtəlif formalarda istifadə edirdi. Gah boğazına dolayır, gah başının ətrafına saç lenti kimi düyünləyir, gah da çantasına bağlayırdı.

Bu gün dahi dizaynerlərin kolleksiyalarını şal və yaylıqlar olmadan təsəvvür etmək mümkün deyil.

Lakin məşhur fransız brendi “Hermes”-in yaylıqları moda tarxində əvəzolunmaz yerə malikdir. Çünki bu brendin yaylıqları sadə, yumşaq ipək, kvadrat şal deyil. “Hermes” yaylıqları həm də uzun və maraqlı tarixi olan əsl əfsanədir. Bununla yanaşı, onlar heç zaman dəbdən düşməyən aksessuar hesab olunurlar.

“Hermes”-in əfsanəvi Kare yaylıqları 1928-ci ildə yaranıb. Bir əsr bundan əvvəl yaranmış aristokratik aksessuarı həm kral ailəsinin nümayəndələri, dünya şöhrətli sənətçilər, həm də müasir modapərəstlər böyük məmnuniyyətlə taxmaqda davam edirlər. Dəb həvəskarları isə bu brendin yaylıq seriyalarının kolleksiyasını yığırlar.

Publika.az-ın “Moda inqilabları" rubrikasının bugünkü sayında biz modapərəst xanımları dəbdəbəli aksessuarın yaranma tarixi ilə daha yaxından tanış etmək qərarına gəlmişik.

Aristokratik aksessuarın yaranma tarixi

1837-ci ildən başlayaraq Tyeri Hermes cəmiyyətin imtiyazlı nümayəndələrinin at qoşunları üçün yəhər modellərinin istehsalı ilə məşğul olub. Zaman keçdikcə, o, biznesini çəkmə və interyer əşyaları, o cümlədən zərgərlik nümunələri ilə zənginləşdirib. 1920-ci ildə isə Tyerinin nəvəsi Emili “Hermes” şirkətinə yük aksessuarları xəttini əlavə edib. Lakin 1920-ci illərin əvvəllərində at nəqliyyatı tədricən öz əhəmiyyətini itirir, onu avtomobil əvəz etməyə başlayır. Maşınların hər yerdə görünməyə başladığı vaxtda Emili ailə biznesini oğlu Lui-Filippə tapşırır. Şirkətin gənc, amma özünə arxayın sahibi ailə biznesinin istehsal istiqamətini bir qədər dəyişdirmək qərarına gəlir. Beləliklə, şirkət varlı ailələrinin gənc nümayəndələri üçün aksessuar satışına başlayır.

paris

Məlum məsələdir ki, varlı və imkanlı şəxslər ova və qolf oynamağa həmişə böyük maraq göstərirlər, həmçinin gəzməyi, səyahət etməyi də sevirlər. Ona görə də onların bahalı geyimləri, avtomobilləri yaddaqalan detallarla tamamlanmalı idi. 1928-ci ildə məhz belə bir detal və ilk “Hermes” yaylıqları peyda oldu.

Debüt aksessuar Napoleonun ordusu, daha doğrusu əsgər uniformasından təsirlənərək yaradılıb. O dövrdə cəngavərlər boyunlarına özünəməxsus yaylıq taxırdılar, onlar hətta şineli də bəzəyirdi. Lui-Filipp bu ideya üzərində işləyərək onu bir az təkmilləşdirir və dəbə gətirir. Məhz buna görə “Hermes”-in ən birinci yaylıq və şərflərində dəbdəbəli fayton, at və silah şəkilləri təsvir edilmişdi. Bu yenilik moda aləmində heç kimin gözləmədiyi gurultu oyatmışdı. On il sonra onların istehsal misli görünməmiş vüsət aldı və yeni dövrün - “Hermes” şərfləri erasının başlanğıcı qoyuldu. Bu hadisə brendin tarixində dönüş nöqtəsi olmuş və onun bütün dünyada tanıdılması üçün əlverişli şərait yaratmışdı.

hermessilk2

Yeri gəlmişkən, ipək şərflər ictimaiyyətə ilk dəfə brendin 100 illik yubileyi münasibəti ilə 1937-ci ildə təntənəli şəkildə təqdim olunub. “Kare” yaylıqlarının istehsalı başlayandan sonra marka onların yaradılması üçün Fransanın Lion şəhərində ayrıca fabrik açıb.

Hazırlanma prosesi

Bu gün hər bir eksklüziv aksessuar xüsusi texnologiya əsasında hazırlanır. Bir modelin tərtibatı və işlənməsi 9-12 ay tələb edir. Orijinal ideya və fikirlərin üzərində 50-dən çox sənətkar, hətta incəsənət sahəsinin tanınmış ustaları işləyir. İpəyin diqqətlə hazırlanması prosesinə altı və ya səkkiz həftəyə qədər vaxt gedir. Məsələn, 1994-ci ildə "Celebrations of the Sun-King" üçün 35 ipək çərçivənin yaradılmasına təxminən 1 200 saat sərf olunmuşdu.

tomake

Hər şeydən əvvəl rəssamlar seçilmiş mövzuya uyğun eskizlər hazırlayır. Rəssamlar kəpənəklər və pələnglər, bürclər, vəhşi cəngəlliklər, mücərrəd naxışlar və gəmilər, dəniz dərinlikləri, qraffiti və ya etnik rəsmlərdən ilham alaraq yüzlərlə eskiz çəkirlər. Sonra isə hər süjetin yaradılması üçün “Hermes”-in art-direktoru Jan-Lui Düma ilə məsləhətləşmələr aparılır. Layihə təsdiq olunandan sonra növbə boyama mərhələsinə gəlir. Rəssamlar yaylıqların, şalların üstünə rəsmlər və printlər vurmaq üçün aylarla mürəkkəb maddələrdən boyalar hazırlayırlar. Sonrakı mərhələdə isə isidilmiş masaların üzərinə 150 metr uzunluğundakı eksklüziv Braziliya ipəyi qoyulur. Hər rəng üçün xüsusi klişe lazım gəlir, ona görə də onların yaradılması çox zəhmət tələb edir. Lakin bu aksessuarın həvəskarları yaxşı başa düşürlər ki, şalların üstündə xırda rəsmlər nə qədər çox olarsa, şal bir o qədər unikal hesab olunur.

hermes11

Çin ipəyinin keyfiyyəti isə bəzən çox yaxşı, bəzən də çox pis ola bilir. Bu səbəbdən də ipəyin Çinin hansı əyalətində yetişdirilməsindən asılı olmayaraq, ondan imtina etmək qərara alınıb. Çünki şirkətin belə riskə getməsi nüfüzunun düşməsinə gətirib çıxarar.

Gül bəzəkləri də asan məsələ deyil və bunun üzərində mütəxəssislərdən ibarət bütöv bir komanda məşğul olur. Onların palitra bazasında təxminən 75 min rəng var. Onlar müxtəlif rənglərin çalarlarını birləşdirərək yeniicadlar edirlər. Rənglər əl ilə qarışdırılır, istənilən nəticəyə nail olmaq üçün bəzən 50 dəfə təcrübə aparmaq lazım gəlir. Rəsmlər və naxışlar vurulduqdan sonra yaylıq və şalların kənarları əllə tikilir. Hər şərfin kənarlarının tikilməsinə isə 32 dəqiqə vaxt gedir.

Bütün proses başa çatandan sonra əldə edilən məmulat ciddi yoxlamadan keçirilir. Əgər səhv olsa, şalı yandırırlar, çünki keyfiyyəti təmiz olmalıdır.

Hazırda Lion fabriki həftədə 40 minə qədər yaylıq hazırlayır. Hər il iki kolleksiya buraxılır. Hər seriya 12 əsas modeldən ibarətdir, onların yarısı klassik üslubda hazırlanır. Klassik üslubda at təsvirləri, yəhər mövzuları ana xəttdir.

“Gala de Brides" seriyası şirkətin bütün tarixi ərzində ən çox satılan şərf tirajı hesab olunur. Satılan şərflərin sayı 70 000 təşkil edib. Mütləq rekord isə 1980-cı illərin sonunda əldə olunub. Həmin il “Hermes” –in 1 123 000 ədəd cürbəcür yaylıqları satılıb. Bu isə o deməkdir ki, hər 25 saniyədən bir dünyada brendin bir şalı satılıb. "Keys", "Spurs" "Feathers" kimi böyük kolleksiyalar isə daim yenilənir və təkrar satışa buraxılır.

“Hermes”-in reklam kampaniyası da bu gün dünyada ən çox diqqətçəkən reklam sayılır. Video-çarxların mövzusu adətən atlarla bağlı olur. Fransız ipək yaylıqları militari, eləcə də zərif “Burberry” trençləri, bahalı kürklər və dəri gödəkcələrlə möhtəşəm görünürlər. Xüsusi qeyd etmək lazımdır ki, aksessuar seçimində işıq palitrasını da nəzərə alınması vacibdir. Bu, yaylığın həmin şəxsin dəri rənginə uyğun olması üçün vacibdir.

Dəb ilahərinin seçimi

Bu brendin yaylıq, şal, şərf və ləçəklərin pərəstişkarları arasında müxtəlif dövrlərin tanınmış nümayəndələri var. Odri Hepbern, Jaklin Kennedi, Qrafinya Vindzorskaya, Sofi Loren, Katrin Denev və Mariya Kallas kimi dəb ilahələri məlahətli obrazlarını adətən bu aksessuarla vurğulayırdılar. Qreys Kelli də yaylıq həvəskarı idi. Üstəlik, “Life” jurnalının üz qabığına əfsanəvi “Hermes” yaylıqlarında çəkilib. İpək şərfin böyük pərəstişkarı qəza nəticəsində sındırdığı gipsli qolunu gizlətmək üçün “Hermes” yaylıqlarından istifadə etmişdi. Az keçməmiş Madonna bu aksessuardan büstqalter əvəzi taxmışdı.

celebrity

Hermes şallarının ən bahalı modeli təxminən 2500 dollardır. Ən ucuzunu isə 300 dollara almaq olar. Bir amerikalı kolleksiyaçı isə 800 cürbəcür yaylıq modellərini toplaya bilib.

“Hermes” yaylıqlarının milyonlarla saxta variantları da mövcuddur. Lakin orijinal yaylıqları bəzi xüsusiyyətlərinə görə onlardan fərqləndirmək mümkündür. Onları aşağıdakı qaydalara əsasən fərqləndirə bilərsiniz.

carres

1.Onlar yalnız 100 faiz təbii ipəkdən hazırlanır.

2. Yaylıqların kənarları mütləq əllə tikilir. Kənar tikilişdə istifadə olunan sapların rəngi rəsmlərin tematikasına uyğun seçilir.

3. İpəyin sıxlığı mütləq 18 mm. olmalıdır.

4. Astar tərəfə tikilmiş etiketdə yalnız “MADE IN FRANCE” yaxud da “MADE IN ITALY” yazılmalıdır. Məhsulun üzərində 100% ipək, habelə “yalnız quru təmizləmə" yazılmalıdır. Ən vacibi isə etiketdə heç vaxt “Hermes” brendi göstərilmir. Əslində yaylıqlara “Hermès-Paris”, rəssamın adı və yazısı qeyd olunur. Bu yazılar olaraq bir qayda yaylığa əllə toxunur.

5. Heç bir “Hermes” yaylıqlarının şəkilləirində simmetriya mərkəzi yoxdur. Aksessuarın özəlliyi də məhz bundadır. Hətta simmetriya aşkar görünən zaman küncdə və mərkəzdə olan şəkillərdə fərqlər olacaq.

6. Yaylığın rəngi o qədər dolğundur ki, şəkillər digər tərəfdən də görünürlər.

7. Hər yaylığa 250-dək barama ipəkqurdu gedir. Lakin parçanın sıxlığından asılı olaraq bu dəyişə bilər. Məsələ ondadır ki, məmulatın yaradılması prosesində parametr nə qədər yüksək göstərilibsə, deməli bir o qədər çox barama xərclənib. Bu da o deməkdir ki, yaylıq onun sahibinə baha başa gələcək.

8. Yaylıqların bəzi parametrləri dəyişməz olaraq qalır. Belə ki, “Hermes” yaylıqların ölçüsü 90x90 santimetrdir, onun çəkisi isə 65 qramdır.

hermessilk

İpək yaylıqlara qulluq qaydası

“Hermes” moda evi yalnız kimyəvi təmizləmə istifadə etməyi tövsiyə edir. Lakin təcrübədə yaylıqların ev şəraitində yuyulmasında heç bir problemə rast gəlinməyib. Yaylıqları yalnız üfüqi vəziyyətdə qurutmaq lazımdır. Əks halda rənglər axacaq və öz gözəlliyini həmişəlik itirəcək. Bundan başqa, yaylıqları həmişə astar tərəfdən ütüləmək lazımdır.

Bağlanma qaydaları

“Hermes” yaylıqlarının bağlanma üsulları da müxtəlifdir. Çoxsaylı bağlanma üsulları olan yaylıqları həm baş geyimi, həm top, həm şərf, həm kəmər, həm boyunbağı, həm palero, hətta çantanı bəzəyən aksessuar kimi istifadə etmək mümkündür. Bir yaylığı ayrı-ayrı geyimlərlə birləşdirərək ondan müxtəlif obrazlar yaratmaq olar. 2011-ci ildə moda evi bununla bağlı hətta kitab buraxıb, orada yaylıqları necə bağlamaq haqqında ətraflı məlumatlar verilir.

cards2

Sonda isə “Hermes” kare yaylıqlarının çoxsaylı variantlarını nəzərdən keçirməyi unutmayın.

cards3

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm