• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Sabah “Soyuq müharibə”nin qayıtması rəsmiləşə bilər

  • Dünya
  • 16 Aprel 2014 15:06
  • 810 Baxış
Sabah “Soyuq müharibə”nin qayıtması rəsmiləşə bilər

Ukraynadakı vəziyyətlə bağlı sabah Cenevrədə keçiriləcək dördtərəfli danışıqlar bir çox məsələlərə aydınlıq gətirə bilər. Danışıqlarda Avropa Birliyi, ABŞ, Rusiya və Ukrayna nümayəndələri iştirak edəcək.

Maraqlıdır ki, tərəflərin danışıqlara hazırlaşdığı bir vaxtda ABŞ və Avropa İttifaqı (Aİ) Rusiya məmurlarının adlarının yer aldığı “qara siyahı”nı genişləndirməyə hazırlaşır. Amma hələ ki diplomatiyaya şans vermək üçün sanksiyaların üçüncü mərhələsi təxirə salınıb. “Qara siyahı”ya edilə biləcək mümkün dəyişiklər həm də sabah keçiriləcək dördtərəfli danışıqların nəticəsindən birbaşa asılı olacaq.

Bazar ertəsi Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Barak Obama ilə telefon söhbəti edib. ABŞ prezidenti Putini böhranın diplomatik həllinə çağıraraq Ukraynanın cənub-şərqində baş verən hadisələrin danışıqların ruhuna zidd olduğunu bildirdi. Vaşinqton əvvəlki kimi Ukraynanın şərqində baş verənlərdə Moskvanın əlinin olduğuna inanır. Ukraynanın Donetsk, Luqansk və Xarkov vilayətlərində son iki gün ərzində baş verənlər də göstərir ki, iki lider telefon danışığında anlaşa bilməyib. “Prezident separatçıların Rusiya hökuməti tərəfindən dəstəklənməsi ilə bağlı narahatlığını ifadə edib”, - Ağ Evin bəyanatında deyilir. V.Putin isə bütün ittihamları rədd edib. “Rusiya prezidenti qeyd etdi ki, bu cür iddialar mötəbər olmayan mənbələrə əsaslanıb”, - Kremlin saytında deyilir.

Ağ Evin “qara siyahı”sına daxil ediləcək növbəti adlara gəlincə, Rusiyanın “Nezavisimaya gazeta” nəşri sanksiyaların V.Putinə yaxın olan ən azından bir müəssisəyə tətbiq ediləcəyini yazıb. Yuxarıda da deyildiyi ki, siyahının genişlənib-genişlənməyəcəyi sabah keçiriləcək Cenevrə danışıqlarının nəticələrindən asıl olacaq. Bununla belə, Vaşinqton Rusiya iqtisadiyyatının ayrı-ayrı sektorlarına zərər vura biləcək daha sərt sanksiyalar tətbiq etməyi planlaşdırmır. ABŞ-ın “New York Times” qəzeti yazır ki, Vaşinqton Rusiya ordusunun Ukraynanın cənub-şərq regionlarını girəcəyi halda ağır cəzalara əl ata bilər. ABŞ böhranın həlli üçün hərbi ssenari müzakirə etmir. Aİ ölkələrinin müdafiə nazirləri ilə görüşən NATO baş katibi Anders Foq Rasmussen “Biz hərbi ssenarini müzakirə etmirik. İnanırıq ki, düzgün yol siyasi və diplomatik həllin axtarışıdır” deyib.

Bununla belə NATO-nun planlaşdırdığı bir sıra tədbirlər də var. Bu addımların üç istiqamət üzrə atılacağı bildirilir: Müdafiənin gücləndirilməsi, hərbi təlimlərin genişləndirilməsi və həri güclərin yeni ərazilərdə yerləşdirilməsi. Hərbi alyansdakı mənbə “Nezavisimaya gazeta”ya bildirib ki, atılacaq addımlardan biri də Baltikyanı ölkələrində NATO hava güclərinin artırılması olacaq. Plana görə, NATO üç Baltikyanı ölkəyə avqust ayında 12 qırıcı verəcək. Bununla da Baltikyanı ölkələrdə hərbi təyyarələrinin sayı 18-ə qədər artacaq. NATO qırıcıları Baltikyanı ölkələrdən yalnız Litvadadır və hazırda Estoniyada ikinci təyyarə bazasının yaradılması variantına baxılır. Yeni bazada Danimarkanın 4 “F-16” qırıcısının yerləşdirilməsi nəzərdə tutulub.

Bundan başqa, NATO uzaq radiolokasiya və idarə sistemi ilə təchiz edilmiş təyyarələrin köməyi ilə Ukraynada müşahidəni gücləndirəcək. Hazırda 17 təyyarə gün ərzində iki dəfə Rumınıya və Polşa üzərində kəşfiyyat uçuşları həyata keçirir. NATO-nun Qara dənizdə də gücləndirilməsi nəzərdə tutulub.

Daha bir addım, NATO-nun Avropadakı baş komandanı, amerikalı general Filipp Bridlovun sözlərinə görə, Şərqi Avropa ölkələri ərazisində ABŞ qoşunlarının yerləşdirilməsi ola bilər. NATO-nun Şərqi Avropa ərazisində atacağı addımların böyük bir hissəsinin də Cenevrə danışıqlarının nəticələrindən asılı olacağı bildirilir.

Moskva isə NATO-nun Rusiya sərhədlərinə yaxın ərazidə hərbi qüvvələr yerləşdirəcəyi halda, öz təhlükəsizliyinin təminatı üçün cavab tədbirləri görəcəyini bildirib. “Rusiya “soyuq müharibə” dövrünə qayıtmağa hazırlaşmır. Bununla belə, biz NATO güclərinin konfiqurasiyasında ediləcək mümkün dəyişiklikləri nəzərə alacağıq”,- Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko deyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR