“Həmas”-“Fəth” barışığı: Məcburiyyət, yoxsa İsrailə qarşı taktika?
Bizi izləyin

Dünya

“Həmas”-“Fəth” barışığı: Məcburiyyət, yoxsa İsrailə qarşı taktika?

“Həmas”-“Fəth” barışığı: Məcburiyyət, yoxsa İsrailə qarşı taktika?

“Həmas”la “Fəth” hərəkatının koalisiya höküməti təsis etmək barədə əldə etdiyi razılıq onsuz da dalana dirənən İsrail-Fələstin sülh danışıqlarının tamamilə pozulmasına gətirib çıxara bilər.

Belə ki, İsrail baş naziri Benyamin Netanyahu son yeddi ildə düşmənçilik edən “Həmas”la “Fəth”in barışmasından sonra Fələstinlə sülh danışıqlarının dayandırıldığını bəyan etdi. Həmas 1987-ci ildə yarandığı zamandan etibarən işğal edilmiş fələstin torpaqlarının azad edilməsinin yalnız hərbi yolla baş tutacağının mümkün olduğunu bildirir.

Hazırda Avropa İttifaqı və ABŞ, həmçinin İsrail “Həmas” hərəkatını terror təşkilatı hesab edir. İordan çayının qərb sahilindəki əraziləri idarə edən “Fəth”lə danışıqlar isə İsrail tamamilə qane edir. “Fəth” yəhudi dövlətinin mövcudluğunu tanıdığı halda, “Həmas” tanımır.

İki hərəkatın birləşməsi Fələstini dövlət quruluşunun yeni səviyyəsinə qaldırır. Keçən il BMT-də muxtariyyətin dövlət kimi tanınması proseduruna başlayan Mahmud Abbas yalnız İordan çayının qərb sahilinin nümayəndəsi kimi qəbul edilirdi. İki hərəkatın birləşməsindən sonra isə heç kim onun legitimliyinə etiraz etməyəcək. Bu isə İsrail üçün son dərəcə xoşagəlməz vəziyyət yaradır. Fələstin dəfələrlə bəyan edib ki, Beynəlxalq Cinayət Məhkəməsi də daxil olmaqla bir sıra BMT strukturlarına üzv olaraq İsrailin İordan çayının Qərb sahilində törətdiyi hərbi cinayətlərdən şikayət edəcək.

Təl-Əvivin “Fəth”-“Həmas” barışığından narazı qalmasının ikinci səbəbi isə ondan ibarətdir ki, qarşı tərəfin güzəşt edəcəyi barədə ehtimalları xeyli aşağı düşür. Bəzi iddialara görə, Təl-Əviv “Həmas”dan gizli şəkildə Fələstinlə bir neçə dəfə danışıq aparıb. İndiki halda isə belə bir imkan da əldən verilmiş olur.

Fələstin muxtariyyətinin lideri Mahmud Abbas iki gün əvvəl bildirib ki, əvvəlki razılığa uyğun olaraq fələstinli dustaqlarının dördüncü qrupu azad edilərsə, İsraillə danışıqlara hazırdır. Onun sözlərinə görə, fələstinlilər danışıqlar stoluna öz ölkəsinin sərhədlərinin dəqiq göstərildiyi xəritəni qoyacaqlar və üç ay ərzində ən mühüm mövzunu müzakirə edəcəklər.

“Fəth” və “Həmas”ın birləşməsinə Təl-Əviv kimi, Vaşiqntondan da mənfi reaksiya verilib. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Entoni Blinken Fələstin muxtariyyətinə hər il ödənilən 500 milyon dollar yardımın kəsilə biləcəyi barədə xəbərdarlıq edib. O, qeyd edib ki, əgər yeni hökumət İsrail tanımasa və terrorçuluqda ittiham etməkdə davam edərsə Fələstinə göstərilən yardımın dayandırılması məsələsinə baxılacaq. Bununla belə Vaşinqton “Fəth”-“Həmas” barışığından sonra sülh prosesinin yenilənməsini istəyir. Prezident Barak Obama administrasiyasının ən əhəmiyyətli məsələsinin Fələstin-İsrail sülh danışıqları olduğunu dəfələrlə qeyd edib. İndiki vəziyyəti isə Ağ Ev sülh prosesinin kəsilməsi deyil, məcburi pauza adlandırır.

Lakin istisna edilmir ki, Vaşinqtonun Fələstinlə bağlı ritorikasının yumşalması daha bir amillə bağlıdır: Çox az adam “Fəth”-“Həmas” barışığının uzun ömürlüyünə inanır. “Fəth” və “Həmas” ən yeni tarixdə dəfələrlə sülh bağlayıb. Sonuncu dəfə bu Misirin himayəsi altında - 2011-ci ildə baş verib. Vasitəçi isə hazırda həbsxanada olan Misirin keçmiş prezidenti Məhəmməd Mursi idi. Lakin iki hərəkat arasında sülh çox az vaxtda davam etdi.

Eyni zamanda Yaxın Şərqdə baş verən və sürətli istiqamətini dəyişən proseslərə də diqqət yetirmək lazımdır. Suriya hadisələrinə qədər Dəməşq və Tehrandan yardım alan “Həmas” 2011-ci ildə sünni monarxiyalarının müvəffəqiyyətləri fonunda Qətərə tərəf istiqamətini dəyişdi. Hərəkətın ofisi isə Dəməşqdən İstambula köçürüldü. “Həmas” Qətərin dəstəklədiyi “Müsəlman Qardaşları” Təşkilatına yaxınlaşdı. Amma 2013-cü ilin iyulunda Mursinin hakimiyyətdən devirilməsi ilə Fələstinin blokadası gücləndirildi, Misirdən Fələstinə uzanan tunellər dağıdıldı.

Artıq bu ilin əvvəllərindən “Həmas” İranla münasibətləri bərpa etməyə başladı. İstisna edilmir ki, “Həmas” üçün ambisiyalarını bir kənara qoymaq və “Fəth”lə sülh bağlamaqdan başqa çıxış yolu yoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm