Kremlin baş təbliğatçısı “Putinin Ordeni”nə daxil olur: Bəs sonra?
Bizi izləyin

Dünya

Kremlin baş təbliğatçısı “Putinin Ordeni”nə daxil olur: Bəs sonra?

Kremlin baş təbliğatçısı “Putinin Ordeni”nə daxil olur: Bəs sonra?

Kremlə bağlı rusiyalı politoloq, prezident Vladimir Putinin “yeni SSRİ” adlandırılan Avrasiya İttifaqı layihəsinin baş təbliğatçısı olan Aleksandr Duqini tanımayan çoz az adam var. Onun Ukrayna hadisələrindən sonra Azərbaycana qarşı verdiyi təcavüzkar bəyanatlar da onun hansı məqsədlərə xidmət etdiyini açıq şəkildə ortaya qoydu.

Onun bu bəyanatları Qərbdə də diqqətlə izlənilir.

Publika.az – ın verdiyi xəbərə görə, Fransa mətbuatı rusiyalı politoloq barəsində yazı dərc edib. Vensan Joverin müəllifi olduğu “Duqin Putinin Rasputinidir” başlıqlı yazını təqdim edirik.

Rusiya liderinin “beyni”

Ultramillətçi Aleksandr Duqin panslavyanizm faşizminin vaizidir və Vladimir Putinin gizli məsləhətçisidir. Onun hədəfi nədir? Ukraynanın bir hissəsini zəbt etmək və Rusiya imperiyasını bərpa etmək. O, Rusiyanı çoxdan Ukraynanı zəbt etməyə çağırır. O, mərkəzi Moskva olan “Avrasiya imperiyasını” yaratmaq istəyir. İntellektual-ultramillətçi Duqini 2012-ci ildə Vladimir Putinin Kremlə ikinci qayıdışından sonra daim KİV-lərə dəvət edirlər. O, rejimin əsas təbliğatçılarından biri olub. ABŞ-ın “Foreign Affairs” jurnalı da onun Rusiya liderinin “beyni” olduğunu iddia edir.

O, Putinin Rasputinidir? “Məlum deyil, onlar tez-tez görüşürlər, ya yox? Amma Duqinin təsiri, xüsusilə son bir neçə ayda əhəmiyyətli dərəcədə artıb. Prezident son çıxışlarında onun fikirlərindən, hətta frazeologiyasından istifadə edir. Bu qorxudur”, - Kremlik keçmiş məsləhətçisi Marat Gelman deyir.

“Mənim bütün ideyalarım qalib gəldi”

Duqinin (o rəsmən Moskva Dövlət Universitetinin sosiologiya fakultəsinin beynəlxalq sosioloji münasibətlər kafedrasının rəhbəridir) özü deyir ki, hakimiyyət nümayəndələri ilə həftədə nadir hallarda bir dəfədən çox görüşür. Onun sözlərinə görə, o, Kremldə yüksək postlardan dəfələrlə imtina edib, çünki bürokratiyaya nifrət edir.

Biz ilk dəfə 2008-ci ilin sentyabrında, Rusiya-Gürcüstan müharibəsindən sonra onunla görüşdük. O, həmin vaxt Putinə “imperiyanı bərpa etmək üçün sonuna kimi cəsarət etmədiyi” üçün qəzəbini gizlətmirdi. “Putin qəti qərar vermək, Amerikaya qarşı çıxış etmək istəmir”, - Duqin deyirdi. O, həmin vaxt Ukraynaya müdaxilədən təkrar-təkrar danışırdı və bildirirdi ki, radikal millətçi inqilab Rusiya hakimiyyətini Qərb ideyalarından xilas edə bilər. Məhz həmin vaxt onun Ukraynaya girişi qadağan edilmişdi.

Amma üç il gözləmək lazım gəldi. 10 Dekabr 2011-ci ildə liberal müxalifət Moskvada Vladimir Putinə qarşı kütləvi etiraz aksiyası təşkil etdi. Əhali ilk dəfə tələb etdi ki, Hüsnü Mübarək kimi getsin. Bu “milli lider” üçün zərbə oldu. Putin 2012-ci ildə yenidən prezident oldu və ultramillətçilər kölgədən çıxdılar. Və tezliklə müvəffəqiyyət qazandılar. Bir neçə siyasi klub formalaşdırıldı. “İzborski kruq” onlardan ən məşhuru idi. Onu Duqinlə dostu yazıçı-antisemit Aleksandr Proxanov yaratmışdı. Birinci iclasda klub proqramı qəbul edildi. Proqramda qeyd edilirdi ki, indiki tarixi mərhələdə Rusiyanın ideologiyası Avrasiya imperiyasının qurulması olmalıdır. İl yarım sonra isə Krım zəbt edildi.

A.Duqinin fikrincə, bu inqilabi geosiyasi addım, eyni zamanda Qərb sisteminin məğlubiyyəti oldu. Amma o, daha uzaq getmək istəyir: Ukraynanın cənub-şərqini zəbt etmək.

Sovet imperiyası

“Hamıdan yaxşı olardı ki, Rusiya ordusu Ukrayna sərhədini keçsin. Nə vaxt? Bütün şərtlər yaradılan kimi”, - Duqin deyir. O, qeyd edir ki, Putin “imperiya əxlaqına qayıtmağa başladı”. Duqin 2008-ci ildə açıq şəkildə deyirdi: “Sovet imperiyası müxtəlif vasitələrlə bərpa ediləcək: güc, diplomatiya, iqtisadi təzyiq... Hər şey yerdən və vaxtdan asılı olacaq”.

O, səmimi şəkildə təəssüflənir ki, Stalində Qərbi Avropaya müdaxilə üçün hərbi resurslar yox idi. Bu gün o, Avropanı neytrallaşdırmaq, qitəni ABŞ-dan ayırmaq istəyir. Necə? Avropada ultrasağçı partiyaların hakimiyyətə gəlməsinə kömək etmək və ya ən azından mövcud hökumətlərin stabilliyini pozmaq: “Biz gələcək iqtisadi və ictimai böhranda xalqların qiyamını dəstəkləyəcəyik”.

“Beşinci kolonna”

Amma onun mübarizəsində əsas yeri əlbəttə ki, Rusiya tutur. Kreml yaxın vaxtlarda ölkədə mədəni müharibə elan etdi. Gənc mədəniyyət naziri Vladimir Medinski mədəni cəmiyyətin ipini yığmaq istəyir. O, Krımın Rusiyaya birləşməsindən sonra artistlərdən Rusiya prezidentinə dəstək bəyanatı imzalamağı tələb etdi. Çoxları razılaşdılar. “Bəziləri könüllü imza atdı. Amma başqaları dövlət maliyyələşməsindən məhrum olmaq qorxusundan bunu etdilər”, - yazıçı Lyudmila Uliskaya bildirir. Onun özü Krımın zəbt edilməsinə qarşı keçirilən etiraz aksiyasında iştirak etdi.

Qəlblərə qorxu yenidən qayıdır. Ukrayna ilə müharibənin rəqibləri satqın və “beşinci kolonna” adlandırılır. “Amerikameylli liberallarla qurtarmaq lazımdır, onlar bizim düşmənlərimizdir”, - A.Duqin ifadə edir. O, artıq KİV-də “antiruslar”ın tam siyahısını elan edib. Siyahının ilk sıralarında ölkədə nadir sayılan müstəqil informasiya saytları dayanır. “Kreml azadlığın son pəncərələrini də bağlamağa çalışır”, - politoloq Liliya Şevsova deyir.

“Qorxu və senzura atmosferində hansısa bir başqa milli ideyanı təklif etmək çətindir”,- “Vətəndaş Platforması” liberal müxalifət partiyasının lideri İrina Proxorov bildirir. Onun qardaşı milyarder Mixail Proxorov son prezident seçkilərində 7 fazi səs toplayıb. O, sentyabr ayında Moskva Dumasına seçkilərdə iştirak etmək istəyir. Kreml onu planlardan imtina etməyə məcbur etmək üçün hər şey edir. “Bütün bu təşəbbüslərin hədəfi nədir? “Putinin tac qoymasını hazırlıq”, - Lyudmila Uliskaya söyləyir.

Amma Duqin əmindir ki, xalq ondan Sezar olmağı xahiş edir. Onun fikrincə, Rusiya lideri hakimiyyətinin uzadılması üçün tezliklə dövlət islahatlarına başlayacaq. Hansı islahatlar? Ən sadə üsul konstitusiyanı dəyişdirməkdir. Bundan başqa o, düşünür ki, Kreml mason lojası kimi “Putinin Ordenini” yaradılacaq. Oraya məfkurə cəhətdən yoxlanılmış xadimlər daxil ola biləcək. “Milli lider”in varisinin hazırlanması onların məsələsi olacaq. Əgər belə bir orden həqiqətən yaradacaqsa, Duqin onun üzvü olmaq istəyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm